Məhkəmə qərarları › İş №e-2-2(113)-779/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-779/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-779/2025 03.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, borcun ödənilməsi, icranın gecikdirilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Şəhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələblərə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 15801,17 manat (on beş min səkkiz yüz bir manat on yeddi qəpik) borc olmaqla – bundan 8896,71 manat (səkkiz min səkkiz yüz doxsan altı manat yetmiş bir qəpik) əsas, 6356,38 manat (altı min üç yüz əlli altı manat otuz səkkiz qəpik) faiz, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 548,08 manat (beş yüz qırx səkkiz manat səkkiz qəpik) faiz borcunun və iş üzrə ödənilmiş 137,7 manat (bir yüz otuz yeddi manat yetmiş qəpik) məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 25 dekabr 2019-cu il tarixli, 10/0173/KBK saylı kredit müqaviləsinə əsasən borcalana 36 (otuz altı) ay müddətinə illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Borcalan Cavabdeh2 kredit verilərkən Cavabdeh3 və Cavabdeh1 ilə bank arasında 25 dekabr 2019-cu il tarixli, 10/0173/KBK saylı zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 3.1.4-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə 12-5/2-Q-21-1125/2024 saylı, xx.xx.2024-cü il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixinə Cavabdeh2 kredit üzrə cəmi borcu 15801,17 manat (on beş min səkkiz yüz bir manat on yeddi qəpik) təşkil edir. 3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445, 445.2.1, 445.2.2, 445.3, 448.1, 449.1, 449.4, 470.1, 472.2, 474.2, 739.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdehlər tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır.

5. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilmədiklərini qeyd etmiş və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iddiaçının nümayəndəsi və cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019cu il tarixli, 10/0173/KBK nömrəli kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən bank müqavilənin 2.1 və ya 4.2-ci bəndlərində göstərilən məbləğdə və faizlə krediti birdəfəlik və yaxud kredit xətti çərçivəsində hissə-hissə kredit alanın mülkiyyətinə verir və kredit alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilə üzrə kreditin ümumi məbləği 10000 manat təşkil edir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən kredit üzrə faizlər borc yarandığı tarixdən başlayır və kredit borcunun tam ödənildiyi tarixdə başa çatır. Həmin müqavilənin 4.2-ci maddəsinə əsasən kreditdən istifadəyə görə kredit alan tərəfindən banka illik 25% olmaqla faiz ödənilir. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən müqavilənin şərtlərinin pozulmasında təqsirli olan tərəf öz hərəkəti ilə digər tərəfə vurduğu zərəri ödəməlidir. Həmin müqavilənin 6.10-cu maddəsinə əsasən müqavilə qüvvəyə mindikdən sonra 36 ay müddətinə qüvvədədir. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri, müqavilənin həmin müddət qurtaranadək yol verilmiş pozuntulara görə məsuliyyətdən azad etmir. Müqavilə tərəflərin imzası və ləğv prosesində olan İddiaçı ASC-nin möhürü ilə təsdiq edilmişdir.

7. xx.xx.2019-cu il tarixli, 10/0173/KBK saylı “müddətli öhdəçilik” adlı sənədin məzmunundan müəyyən olunur ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixinə qədər hissə-hissə ödənilməsi şərtilə 10000 manat kredit verilmişdir. Sənəd Cavabdeh2 tərəfindən imzalanmışdır.

8. Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 10/0173/KBK nömrəli zaminlik müqaviləsinin məzmunundan müəyyən olunur ki, Cavabdeh3 və Cavabdeh1 Cavabdeh2 ləğv prosesində olan İddiaçı ASC qarşısında 10/0173/KBK saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etməməsi və ya lazımınca icra etməməsinə görə öz üzərinə məsuliyyət götürmüşdür.

9. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, **********569 nömrəli maliyyə arayışından müəyyən olunur ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 10/0173/KBK saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə yaranmış əsas borc 8896,71 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz məbləği 6356,38 manat, gecikdirilmiş vaxt üçün illik 5%lə hesablanmış faiz məbləği 548,08 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borcun məbləği 15801,17 manat təşkil edir.

10. İddiaçı tərəfindən iş materiallarına ödəniş qrafiki (Əlavə 1) və hesabdan çıxarış əlavə edilmişdir.

11. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müqavilə üzrə yaranmış 15801,17 manat borcun 3 gün müddətində ödənilməsi təələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2- 3(103)-131/2020 nömrəli qərarından görünür ki, İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/10666 saylı ekspert rəyindən müəyyən olunur ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 10/0173/KBK saylı kredit müqaviləsinin şərtləri üzrə Cavabdeh2 ləğv prosesində olan İddiaçı ASC-yə olan borcu xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin sonuna) əsas borc üzrə 8896,72 manat, faiz borcu üzrə 6056,29 manat, xx.xx.2024-cü il tarixinə (maliyyə arayışının tərtib olunduğu tarixə) əsas borc üzrə 8896,72 manat, faiz borcu üzrə 6056,29 manat, illik 5%-lə hesablanan fazi borcu üzrə 537,51 manat təşkil edir. Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi

16. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli, 10/0173/KBK nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh2 bank tərəfindən 36 (otuz altı) ay müddətinə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Cavabdeh2 bank qarşınıdakı öhdəliyinin təminatı kimi ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh3 və Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən zaminlər borclu Cavabdeh2 ləğv prosesində olan İddiaçı ASC qarşısında öhədliklərini yerinə yetirməsinə görə öz üzərinə məsuliyyət götürmüşdür. Ləğv prosesində olan İddiaçı ASC müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdehlər (borcalan və zaminlər) öz öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə iddiaçıya borcları yaranmışdır.

17. İddia tələbinin bir hissəsini cavabdеhlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2019-cu il tarixli, 10/0173/KBK nömrəli kredit müqaviləsi üzrə 8896,71 manat əsas, 6356,38 manat faiz bоrcunun tutulması təşkil edir.

18. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, ekspert rəyini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, MPM-in 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcu hissəsində tam (tələbə uyğun) və faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, Cavabdeh2 xx.xx.2019-cu il tarixli, 10/0173/KBK nömrəli kredit müqaviləsi üzrə 8896,71 manat (səkkiz min səkkiz yüz doxsan altı manat yetmiş bir qəpik) əsas borc, 6056,29 manat (altı min əlli altı manat iyirmi doqquz qəpik) faiz borcu iddiaçının xeyrinə tutulmalı, faiz borcunun tutulması hissəsində iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/10666 saylı ekspert rəyində ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 10/0173/KBK saylı kredit müqaviləsi üzrə Cavabdeh2 müqavilə müddətinin sonuna banka olan faiz borcunun 6056,29 manat təşkil etdiyi qeyd olunmuşdur.

19. İddiaçı eyni zamanda ödənişinin gecikdirilməsinə görə xx.xx.2019-cu il tarixli, 10/0173/KBK nömrəli kredit müqaviləsi üzrə müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 548,08 manat məbləğin cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etmişdir. Məhkəmə qanunvericilik normalarını əsas götürərək hesab edir ki, iddiaçı gecikdirilmiş əsas məbləğə illik beş faizin ödənilməsini cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır və xx.xx.2019-cu il tarixli, 10/0173/KBK nömrəli kredit müqaviləsi üzrə 537,51 manat (beş yüz otuz yeddi manat əlli bir qəpik) məbləğində pul vəsaiti Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/10666 saylı ekspert rəyində xx.xx.2024-cü il tarixə (maliyyə arayışında qeyd olunan tarix) müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış məbləğin 537,51 manat təşkil etdiyi qeyd edilmişdir.

20. Borc məbləğinin zamin olan Cavabdeh3 və Cavabdeh1 tutulmasına münasibətdə məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbləri əsas götürülməlidir. Belə ki, həmin maddənin tələbinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kredit müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. İddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Göründüyü kimi, qanunla müəyyən edilmiş müddətlər keçdiyi, zaminliyə xitam verildiyi üçün cavabdeh – zaminlərə münasibətdə iddia təmin olunmamalıdır.

21. Eləcə də, iddiaçı məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 137,7 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.

22. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 134,7 manat (yüz otuz dörd manat yetmiş qəpik) məbləğində pul vəsaiti Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır.

23. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun 98 manat (doxsan səkkiz manat) hissəsi Cavabdeh2, 2 manat (iki manat) hissəsi ləğv prosesində olan İddiaçı Açıq Şəhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 8896,71 manat (səkkiz min səkkiz yüz doxsan altı manat yetmiş bir qəpik) əsas borc, 6056,29 manat (altı min əlli altı manat iyirmi doqquz qəpik) faiz borcu, 537,51 manat (beş yüz otuz yeddi manat əlli bir qəpik) illik 5%-lə hesablanmış faiz məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 134,7 manat (yüz otuz dörd manat yetmiş qəpik) olmaqla, ümumilikdə 15625,21 manat (on beş min altı yüz iyirmi beş manat iyirmi bir qəpik) məbləğində pul vəsaiti ləğv prosesində olan İddiaçı Açıq Şəhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddia Cavabdeh3 və Cavabdeh1 münasibətdə təmin olunmasın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun 98 manat (doxsan səkkiz manat) hissəsi Cavabdeh2, 2 manat (iki manat) hissəsi ləğv prosesində olan İddiaçı Açıq Şəhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar