Məhkəmə qərarları › İş №e-2-2(113)-78/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-78/2025

13.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-78/2025 13.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (ləğv prosesinədədir) qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: subroqasiya qaydasında pulun tutulması) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azərsığota” Dövlət Sığorta Kommersiya Şirkətindən 1.882,80 manat yolnəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 39,23 manat dövlət rüsumu, ümumilikdə 1.922,03 manat tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixində X6 “AzərSığorta” DSKŞ-də PDS ********** nömrəli icbari sığorta şəhadətnaməsi ilə sığortalanmış “X13” markalı, ** TV *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Babək prospekti ilə hərəkət edən zaman ara məsafəsini düzgün seçməmiş, nəticədə onun avtomobili "xxxx" ASC-də “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış “Kia Rio” markalı, ** SV *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və yolnəqliyyat hadisəsi baş vermişdir. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Nizami RPİ tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli qərarla “X13” markalı, ** TV *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Rio” markalı, ** SV *** dövlət qeydiyyat nişanlı avtomobilə 3472, 80 (üç min dörd yüz yetmiş iki manat, səksən qəpik) manat məbləğində maddi zərər dəymişdir. MİB ******* saylı sığorta şəhadətnaməsinə və AKS190244 saylı, xx.xx.2019-cu il tarixli Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən cəmi 3222, 80 (üç min iki yüz iyirmi iki manat, səksən qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Müvafiq sığorta hadisəsi araşdırılan zaman müəyyən edilmişdir ki, “X13” markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilin “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası “AzərSığorta” DSKŞ-də olmuşdur. “İcbari Sığortalar haqqında” AR Qanununun 56.1.2-ci maddəsinin tələbinə əsasən, ödənilmiş 3222,80 (üç min iki yüz iyirmi iki manat, səksən qəpik) manat məbləğin subroqasiya hüququ əsasında ödənilməsi üçün “AzərSığorta” DSKŞ-yə müraciət edilmiş və müvafiq sığorta şirkətindən sığorta hadisəsi üzrə 1340 (bir min üç yüz qırx) manat ödəniş həyata keçirilmişdir. Lakin “AzərSığorta” DSKŞ tərəfindən həmin məbləğdən qalan 1882,80 (bir min səkkiz yüz səksən iki manat, səksən qəpik) manat məbləğ ödənilməmişdir. Bu səbəbdəndir ki, Cəmiyyətin əməkdaşları tərəfindən həmin məbləğin ödənilməsi üçün bir neçə dəfə “Azərsığorta” DSKŞ-ya pretenziya xarakterli müraciət olunmuşdur. Lakin həmin müraciətlərə baxmayaraq “Azərsığorta” DSKŞ tərəfindən ödənişlə bağlı hər hansı tədbir həyata keçirilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X10 iddiaya etiraz edərək, rədd edilməsini məhkəmədən xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. - 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. - 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. - 922.3-cü maddəsinə əsasən sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. - 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. - 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. - 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. - 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

7. İş müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, X15 markalı, 10TV109 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2005 olan avtonəqliyyat vasitəsi Azərbaycan Respublikası Dövlət Siğorta Kommersiya Şirkəti tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək icbari qaydada sığortalanmışdır.

8. İş materiallarından görünür ki, “Kia Rio” markalı, ** SV *** dövlət nömrə nişanlı avtomobil İddiaçı ASC tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixə kimi tam sığortalanmışdır.

9. Qeyd edilmiş nəqliyyat vasitəsilərinin iştirakı ilə xx.xx.2019-cu il tarixdə yolnəqliyyat hadisəsi baş vermişdir.

10. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli ******* nömrəli İnzibati Xəta haqqında Protokoldan görünür ki, yol-nəqliyyat hadisəsinin baş verməsinə görə X15 markalı, 10TV109 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2005 olan avtonəqliyyat vasitəsinin sürücüsü X1 Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən məsuliyyətə cəlb edilmişdir.

11. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli Siğorta ödənişi aktına əsasən xx.xx.2019-cu il tarixdə baş vermiş siğorta hadisəsi zamanı dəymiş zərərin məbləği 3.472,80 manat, siğorta ödənişinin məbləği 3.222,80 manat müəyyən olunmuşdur.

12. İş materiallarına cavabdeh tərəfindən əlavə edilmiş xx.xx.2019-cu il tarixli dəymiş zərərin hesablanması aktından görünür ki, Kia Rio minik markalı 99SV913 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 1.340 manat təşkil edir.

13. Hazırki işin mübahisələndirilməyən digər halı ondan ibarətdir ki, AR X7 Şirkəti tərəfindən xx.xx.2020-ci il tarixdə İddiaçı ASC-yə icbari siğorta müqaviləsi üzrə 1.340 manat məbləğində ödəniş edilmişdir.

14. İşdən həmçinin görünür ki, xx.xx.2019-cu il tarixdə İddiaçı ASC tərəfindən 3.222,8 manat məbləğində sığorta ödənişi sığortalı olan X2 ödənilmişdir.

15. İddiaçı tərəf, sığortalıya ödəmiş olduğu və cavabdeh tərəfindən verilməyən 1.882,8 (3.222,80-1.340) manat məbləğində pulun iddiaçının xeyrinə tutulmasını məhkəmədən xahiş edir.

16. Cavabdeh tərəf isə iddiaya etiraz edərək, 2019-cu ildə mübahisənin həll olunduğunu, razılaşdırılmış məbləğin ödənildiyini, tərəfindən aparılmış qiymətləndirmə nəticəsində zərərin 1340 manat təşkil etdiyinin müəyyən olunduğunu, həmin məbləğin ödənildiyini və iddiaçının da buna etiraz etmədiyini bildirir və iddia müddətinin keçdiyini qeyd edərək, iddianın rədd edilməsini xahiş edir.

17. Hazırki mübahisənin həlli baxımından müəyyən edilməli məqam başvermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərərin müəyyən edilməsidir.

18. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3046 nömrəli rəyinə əsasən, “Kia” markalı “Rio” model **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərcləri təxminən 3.472 manat müəyyən edilmişdir.

19. Bundan başqa iş materiallarında olan xx.xx.2025-ci il tarixli Qiymətləndirmə və Consulting Mərkəzi MMC tərəfindən verilmiş rəydən görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində Kia Rio minik markalı 99SV913 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün 4.005 manat məbləğində vəsait tələb olunur.

20. Məhkəmə hesab edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyində hesablanmış olan zərərin məbləği ağlabatandır.

21. Ona görə də, Məhkəmə hesab edir ki, 1.882 (3.472-250(azadolma məbləği)- 1.340) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

22. Məhkəmə cavabdehin iddia müddətinin keçməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, subroqasiya qaydasında pulun tutulması tələblərinə ümumi iddia müddəti (10 il) şamil edildiyindən, iddia müddəti keçməmişdir.

23. Bundan başqa Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 39,23 manat məbləğində pul da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

24. Məhkəmə həmçinin qeyd edir ki, işdən də göründüyü kimi, məhkəməəmtəəşünaslıq ekspertizasının keçirilməsi xərci 50 manat təşkil edir.

25. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 50 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənməlidir.

26. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

27. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. 1.882 (bir min səkkiz yüz səksən iki) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 39 (otuz doqquz) manat 23 (iyirmi üç) qəpik məbləğində pul Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspetiza xərcinin əvəzi olaraq 50 (əlli) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq AZ41NABZ******************** hesabı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar