Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-782/2025 17.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK ilə Bakı şəhər İcra Hakimiyyəti arasında bağlanmış 20 lyul 2005-ci il tarixli 0552 saylı torpaq icarə müqaviləsinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri İcra hakimiyyəti Başçısının 11 Dekabr 2004-cü il tarixli sərəncamı, 03 May 2005-ci il tarixli 11703 saylı inşaat pasportu əsasında İddiaçı MTK ilə Bakı Şəhəri İcra hakimiyyəti arasında Bakı şəhəri Binəqədi rayonu C.Xəndan küçəsi 3203-cü məhəllədə çoxmənzilli yaşayış binalarının tikintisi üçün 12 500 kv.m. torpaq sahəsinin icarəyə verilməsi barədə 20 lyul 2005-ci il tarixli 0552 saylı torpaq icarə müqaviləsi bağlanıb. İcarəyə verilmiş sahədə çoxmənzilli yaşayış binaları tikilib, 12 Dekabr 2019-cu ildə istismara qəbul edilib, sakinlərlə məskunlaşıb, mənzillərə sakinlərin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb. İddiaçı MTK tikilib istismara qəbul edilmiş, sakinlərlə məskunlaşmış, sahə mülkiyyətçiləri olan binaların idarəedicisi təyin olunmayıb. Binaların yerləşdiyi torpaq sahəsi sahə mülkiyyətçiləri olan sakinlərin əvəzsiz istifadəsindədir. 20 lyul 2005-ci il tarixli 0552 sayli torpaq icarə müqaviləsinin 1.1 və 1.3-cü bəndlərində qeyd olunub ki, torpaq sahəsi yaşayış evinin tikintisi üçün verilir və icarə müddəti 49 il təşkil edir. İddiaçı 21 May 2024-cü ildə cavabdehə bildiriş göndərərək 20 İyul 2005-ci il tarixli 0552 saylı torpaq icarə müqaviləsinin ləğv edilmiş hesab olunmasını xahiş edib. Cavabdeh aldığı həmin bildirişə heç bir cavab verməyib. Buna görə də iddiaçı ilə cavabdeh arasında bağlanmış 20 lyul 2005-ci il tarixli 0552 saylı torpaq icarə müqaviləsi bildirişin göndərildiyi 21 May 2024-cü il tarixdən ləğv edilmiş hesab olunmalıdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı MTK arasında xx.xx.2005-ci il tarixli 0552 saylı torpaq icarə müqaviləsi bağlanmışdır.
9. Müqaviləyə əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 295 saylı, xx.xx.2004-cü il tarixli sərəncamı ilə Binəqədi rayonu, C.Xəndan küçəsindəki 3203-cü məhəllədə ayrılmış sahəsi 12.500 kv.m. olan torpaq sahəsi 49 il müddətinə icarəyə verilmişdir.
10. İcarə müqaviləsinin 1.3-cü bəndinə əsasən torpaq sahəsi çoxmərtəbəli yaşayış binasının tikintisi üçün verilir.
11. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli çoxmənzilli yaşayış binasının istismarına icazə sənədindən məlum olur ki, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3203-cü məhəllə, 5 ədəd, 1 girişli, 3 səviyyəli zirzəmili 16 mərtəbəli yaşayış binalarının istismarına icazə verilmişdir.
12. Eyni zamanda iş materiallarına əlavə edilmiş çıxarışlardan məlum olur ki, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3203.-cü məhəllədə yerləşən yaşayış binalarından qeyri-yaşayış və yaşayış sahələri müxtəlif şəxslərin mülkiyyətinə verilmişdir.
13. İş materiallarına əlavə edilmiş Bakı şəhəri İcra Hakimiyyətinə göndərilmiş bildirişdən məlum olur ki, İddiaçı MTK xx.xx.2005-ci il tarixli 0552 saylı torpaq icarə müqaviləsinin 12 dekabr 2019-cu ildən ləğv edilmiş hesab olunmasını xahiş etmişdir.
14. Hazırda iddiaçı cavabdeh tərəfindən bildirişə heç bir cavab verilmədiyini bildirərək, icarə müqaviləsinin ləğv edilmiş hesab olunmasını xahiş edir.
15. Məhkəmə xüsusilə qeyd edir ki, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya etiraz etməmişdir.
16. Məhkəmə qeyd edir ki, iddia tələbinin hüquqi əsası isə aşağıdakı qaydada müəyyən olunmalıdır.
17. İddiaçı könüllü olaraq torpaq sahəsindən imtina etdiyinə və bu barədə məktubun cavabdehə göndərdiyinə əsaslanaraq hazırkı iddianı irəli sürmüş və öz iddiasının hüquqi əsası kimi Torpaq Məcəlləsinin müddəalarına istinad etmişdir.
18. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsində torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilməsi əsasları göstərilmiş və həmin əsaslardan biri kimi torpaq sahəsindən könüllü imtina müəyyən edilmişdir.
19. Həmin Məcəllənin 75-ci maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verir.
20. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin və 75-ci maddəsinin 2ci hissəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.1 və 719.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsi, 75-ci maddəsinin 2-ci hissəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.1 və 719.4-cü maddələrinin torpaq icarəsi müqaviləsi üzrə torpaq hüquq münasibətlərinə xitam verilməsi barədə müddəaları arasında mövcud olan kolliziya bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 75-ci maddəsinin 6-cı hissəsi tətbiq edilməklə həll olunmalıdır.
21. Torpaq Məcəlləsinin 75-ci maddəsinin 6-cı hissəsində təsbit olunmuşdur ki, torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Mülki Məcəllə ilə müəyyən edilir.
22. Torpaq üzərində hüquqlara xitam verilmə qaydası isə həmin Məcəllənin 75-ci maddəsinin 2-ci hissəsində göstərilmişdir. Belə ki, həmin maddədə qeyd edilmişdir ki, qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verir.
23. Göründüyü kimi, hazırkı mübahisə üzrə həlledici olan sonuncu maddədə torpaq sahəsi üzərində icarə hüququnun xitamının məhz torpaq icarəçisinin torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etməsi və bu barədə müvafiq ərizə verməsi ilə baş verdiyi qeyd olunmuşdur.
24. Hazırkı işin halları da ondan ibarətdir ki, icarə müqaviləsi üzrə torpaq sahəsi məhz yaşayış binalarının tikintisi məqsədi üçün verilmiş, həmin məqsədə çatılmış və yaşayış binası tikilib istismarına icazə verilmiş, habelə sakinlərin mülkiyyətinə verilmişdir. Göründüyü kimi, iddiaçı artıq icarə müqaviləsində nəzərdə tutulmuş torpaq sahəsindən icarə müqaviləsi ilə müəyyən edilmiş həddə istifadə etmək hüququnu həyata keçirmiş, eləcə də icarəyə götürülmüş torpaq sahəsindən təyinatı üzrə istifadə etmək vəzifəsini yerinə yetirmişdir.
25. Hazırda həmin torpaq sahələrinin iddiaçının icarəsində qalmasını zəruri edən hər hansı əsas mövcud deyildir.
26. Məhkəmə qeyd edir ki, çoxmənzilli yaşayış binasının inşa edilməsi məqsədi ilə torpaq sahəsinin icarəyə götürülməsi barədə müqavilər digər məqsədlər üçün torpaq sahəsinin icarəyə götürülməsi barədə müqavilələrdən fərqlənir. Çünki digər icarə müqavilələrindən fərqli olaraq, çoxmənzilli yaşayış binası inşa edildikdən və yaşayış mənzilləri müxtəlif şəxslərin mülkiyyətinə keçdikdən sonra, üzərində yaşayış binası inşa edilmiş (icarəyə götürülmüş) torpaq sahəsi tikintini aparan fiziki və ya hüquqi şəxsin deyil, yaşayış mənzillərinin mülkiyyətçilərinin istifadəsinə keçir. Belə olan halda müqavilə tərəfləri arasında icarə münasibətləri bitmiş olur. Ona görə də icarəyə götürən Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş hüquqlarından istifadə etməkdə haqlıdır.
27. Məhkəmə qeyd edir ki, müqavilənin ləğv edilməsi müqaviləyə xitam verilməsinin tərkibinə daxil olan xüsusi bir hal olmaqla, müqavilədən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir.
28. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 0552 Saylı icarə müqaviləsi ləğv edilmiş hesab edilməlidir
29. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
V. Nəticə:
30. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 0552 saylı icarə müqaviləsi ləğv edilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov