Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-783/2023 31.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Məhkəmə iclas katibi İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC (ləğv prosesindədir) cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 2.008,93 manat - bundan 694,61 manat əsas, 325,19 manat faiz, 890,83 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 98,30 manat faiz borcu və iş üzrə mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 manat məbləğində mediasiyaya dair xərcin Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xırdalan filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsi üzrə cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 23 faiz dərəcəsi ilə 1.500 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh3 ilə Bank arasında 480005466/ZM nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. ********* nömrəli xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsi və D/T 841/041 AZN saylı, 03 noyabr 2014-cü il tarixli Dəmir Taksit Kredit kartı Müqaviləsi üzrə öhdəliklərin birləşdirilməsinə, digər əlavə və dəyişikliklərə dair 01 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Saziş bağlanmışdır. X6 üzrə Borcalanın Kreditor qarşısında kredit öhdəliklərinin əsas borc məbləğlərinin qalıqları cəmi (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 1622.01 AZN təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 16 (on altı) % ödənilməli idi. Zamin Cavabdeh3 ilə Bank arasında bağlanmış ZM2/036T09170054 nömrəli xx.xx.2017-ci il tarixli Zaminlik Müqaviləsinə əsasən kreditin məbləği 1622,01 manat təşkil etmişdir. Kreditin qaytarılma müddəti 28 (iyirmi səkkiz) ay müəyyən edilmiş, kredit üzrə ödəniləcək illik faiz dərəcəsi isə 16 (on altı) faiz təyin edilmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Məhkəmənin iclasında iştirak etmiş iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xırdalan filialı ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixdə ********* saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən Borc verən (İddiaçı ASC) borcalana (Cavabdeh2) 1.500 manat məbləğində pulu, 24 (iyirmi dörd) ay müddətinə, illik 23 faiz olmaqla verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə 1 nömrəli Əlavə ilə kreditin şərtləri, ödəniş cədvəli ilə isə aylıq ödəniş haqları tərəflər arasında razılaşdırılmışdır. Müqavilə, ona 1 saylı Əlavə və ödəniş cədvəli tərəflərin imzası və bankı möhürü ilə təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən məlum olur ki, 1.500 manat məbləğində pul vəsaiti İddiaçı ASC tərəfindən Cavabdeh2 ödənilmişdir. xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə Cavabdeh3 ilə xx.xx.2015-ci il tarixli 480005466/ZM saylı zaminlik müqaviləsi bağlanılmışdır. Zaminlik müqaviləsinə 1 saylı Əlavə ilə kreditin şərtləri kreditor, borcalan və zamin arasında razılaşdırılmışdır. Zaminlik müqaviləsi və ona 1 saylı Əlavə hər üç tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. Tərəflər arasında bağlanılan xx.xx.2017-ci il tarixli 1 nömrəli Əlavə sazişə əsasən borcalanın kreditor qarşısında ********* saylı, 14 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 1021.69 manat təşkil edən əsas borc, D/T 841/041 saylı, 03 noyabr 2014-cü il tarixli Dəmir Taksit Kredit kartı müqaviləsi 600,32 manat təşkil edən əsas borc məbləğlərinin qalıqları birləşdirilmişdir. Sazişin 1.2-ci bəndinə əsasən borcalanın kreditor qarşısında olan kredit öhdəliklərinin əsas borc məbləğlərinin qalıqları cəmi 1.622,01 manat müəyyən edilmişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılır. Müqavilənin 1.3-cü bəndində əsasən restrukturizasiya edilmiş kredit üzrə borclalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 16 faiz ödənilir. Müqavilə tərəflərin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. xx.xx.2017-ci il tarixli 036T09170054 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə Cavabdeh3 ilə xx.xx.2017-ci il tarixli ZM2/036T09170054 saylı zaminlik müqaviləsi bağlanılmışdır. Müqavilə ilə 28 ay müddətinə qaytarılma müddətli, illik faiz dərəcəsi 16 faiz təşkil edən 1.622 manat məbləğində kredit zaminliklə təmin edilmişdir. Zaminlik müqaviləsinə 1 saylı Əlavə ilə kreditin şərtləri tərəflər arasında razılaşdırılmışdır. Müqavilə və ona 1 saylı Əlavə kreditorun, borcalanın və zaminin imzası, bankın möhürü ilə təsdiq edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir. X3 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, kredit müqaviləsi bağlanmış, Bank tərəfindən Cavabdeh2 kredit verilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışı və hesabdan çıxarışın müqayisəli şəkildə təhlilindən o nəticəyə gəlinir ki, Cavabdeh2 öz üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır. Qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsas və faiz borcunun tələb edilməsi hissəsində əsaslıdır və əsas borc üzrə 694,61 manat, faiz borcu üzrə 325,19 manat məbləğində pul Cavabdeh2 bankın xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, tutulmalı olan borc məbləği ancaq Cavabdeh2 tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 04 sentyabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir”. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır… Zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir… Kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər... Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir.» Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, zaminliyə xitam verilməsinin əsasları Mülki Məcəllənin 477-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin normaya əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli ZM2/036T09170054 saylı zaminlik müqaviləsinin 5-ci bəndində zaminliyə xitam verilməsinin əsasları nəzərdə tutulmuşdur. Belə ki, 5.1.4-cü bəndə əsasən zaminliyə onun təmin edildiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 (bir) il ərzində kreditorun zaminə və zaminlərə qarşı iddia irəli sürülmədiyi halda zaminliyə xitam verilməsi müəyyən olunmuşdur. Zaminlik müqaviləsinə 1 nömrəli Əlavədə kreditin son ödəmə tarixi xx.xx.2020-ci il müəyyən olunmuş və zaminə qarşı iddia irəli sürmək müddəti xx.xx.2021-ci il tarixində bitmişdir. Hazırkı halda isə iddiaçı tərəf xx.xx.2022-ci il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, Məhkəməyə isə xx.xx.2023-cü il tarixdə müraciət edilmişdir. Göründüyü kimi, zaminə qarşı qanunda nəzərdə tutulmuş 1 illik müddət keçmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia borcun zamin Cavabdeh3 tutulması hissəsində təmin edilə bilməz. Məhkəmə hesab edir ki, iddia dəbbə borcunun tələb edilməsi hissəsində qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin 694,61 manat əsas borcuna münasibətdə iddiaçı 890,83 manat cərimə hesablayıb tələb etmişdir və məhkəmənin qənaətinə görə həmin məbləğ əsas borca mütənasib deyildir və cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 40 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Məhkəmə iddianın gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 98,30 manat məbləğində pulun tələb edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, müqavilənin müddətinin xx.xx.2020-ci il tarixində bitməsi və iddianın isə məhkəməyə xx.xx.2023-cü il tarixdə verilməsi və iddiaçının özünün məhz 98,3 manat tələb etməsi nəzərə alındığında görünür ki, öhdəliyin icrası təxmini 35 ay gecikmişdir. Ona görə də, əsas borca illik 5 faiz hesablanmaqla tutulmalı olan məbləğ 98,3 (694,61x5/100=34,73 (1 il üçün), 34,73/12=2,894 (1 ay üçün), 2,894 x35 =101,29 (35 ay üçün) manat təşkil edir. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 60 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, "xxxx" ASC-nin (ləğv prosesindədir) ləğvedici X1 tərəfindən 60 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Belə olan halda, hazırkı hissədə iddia təmin edilməli, 60 manat məbləğində pul da Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borc üzrə 694 (altı yüz doxsan dörd) manat 61 (altmış bir) qəpik, faiz bоrcu üzrə 325 (üç yüz iyirmi beş) manat 19 (on doqquz) qəpik, cərimə borcu üzrə 40 (qırx) manat olmaqla, cəmi 1.059 (bir min əlli doqquz) manat 80 (səksən) qəpik məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (ləğv prosesindədir) ödənilsin. Əsas borca illik 5 faiz hesablanmaqla 98 (doxsan səkkiz) manat 30 (otuz) qəpik məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (ləğv prosesindədir) ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (ləğv prosesindədir) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-783/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-783/2023
31.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver