Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-785/2025 13.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı2 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi, akt) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı2 Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı2 (bundan sonra – iddiaçı) Cavabdeh İB-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən qəbul olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı aktın etibarsız edilməsi, həmin akt əsasında hesablanmış 4428 manat borcun iddiaçıya məxsus **********00095 saylı abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi yerləşən “Gəncə” təndiri adı ilə fəaliyyət göstərən qeyri-yaşayış sahəsinə baxış keçirilmişdir. Qaz sayğacına baxış keçirilən zaman təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Digər bir əsas məqam isə qaz sayğac fərdi yaşayış evi daxilində deyil evin həyətindən kənardan hasara bərkidilmiş bir formadadır. Həmin akt tərtib edilərkən iddiaçının iştirakı olmamışdır. Ancaq akta qeyd edilmişdir ki, guya iddiaçı akta imza etməkdən imtina etmişdir. Bütün bu göstərilənlər qəbul olunmuş bu aktı qanunsuz, əsasız və qeyri-obyektiv olmasına dəlalət edir. Əvvəla sayğacda hər hansı bir maneə olsaydı bu hal açıq surətdə adi gözlə özünü büruzə verərdi. Bunu isə hər ay sayğaca baxış keçirən Azəriqaz əməkdaşları bilərdilər. Sayğac tam qaydasındadır, elektron göstərici ilə mexaniki göstərici arasında fərqliliklər yoxdur, yivli birləşmələr normal vəziyyətdədir. Plombun rəngi və vizual görünüşlə müəyyən edilən əlamətləridə hər hansı bir dəyişiklik yoxdur. Sayğacın klapanı işləkdir. Qayka plombu üçün nəzərdə tutulmuş qulacıq yerindədir. İddiaçı tərəfindən mənşəyi məlum olmayan plomp olardısa bu çox qısa zaman kəsiyi ərizində sayğaca baxış keçirən əməkdaşlar tərəfindən bilinərdi. Ən əsas odur ki, sayğaca kənar müdaxilə olunmamışdır. Eyni zamanda qeyri-qanuni şəkildə çəkilən sayğacdan əlavə qaz xətləri aşkar olunmamışdır.
3. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək cavabdeh tərəfindən hesablanmış 4428 manat borcun iddiaçıya məxsus **********00095 saylı abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi V.Abdullayev iddia ərizəsinə etiraz edib iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, aparılmış yoxlama reyestrdə qeydə alınmış, yoxlama zamanı iddiaçının sayğacının yalnız 10 kub metrə qədər qaz sərfiyyatını qeydə ala bildiyini, iddiaçının istifadə etdiyi qaz sayğacı tərəfindən sərfiyyat tam qeydə alınmadığı üçün iddiaçıya yoxlamadan əvvəlki 180 gün üçün əlavə 4428 manat borc hesablanmışdır. III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 19.09.024-cü il tarixli, KY242163827 nömrəli çıxarışa görə iddiaçıya məxsus qeyri-yaşayış sahəsində cavabdeh tərəfindən xx.xx.2024-xx.xx.2024 tarixlərində aparılacaq yoxlama reyestrdə qeydə alınmışdır.
8. Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında 19 sentyabr 2024-cü il tarixli, ******* nömrəli akt tərtib olunmuşdur.
9. İddiaçıya məxsus abonent saldosundan görünür ki, 2024-cü ilin sentyabr ayında iddiaçıya 4428 manat məbləğində akt üzrə borc hesablanmışdır.
10. Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbanməyə görə 19 sentyabr 2024-cü il tarixli, ******* nömrəli akt əsasında iddiaçıya 17712 kub metr əlavə qaz sərfiyyatı hesablanmışdır.
11. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli yoxlama aktına əsasən iddiaçıya məxsus qaz sayğacına və qaz qurğularına baxış keçirilmiş, yoxlama zamanı sahədə istifadə olunan qaz qurğularının ümumi qaz sərfinin sayğacın maksimal ölçmə həddindən çox olduğu müəyyən edilmişdir.
12. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli inventar aktına əsasən iddiaçının istifadə etdiyi qaz qurğularının ümumi qaz sərfi sayğacın maksimal ölçmə həddindən çoxdur.
13. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2024-cü il tarixdə cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus G-6 markalı sayğaca baxış keçirilmiş, baxış nəticəsində sahədə istifadə olunan qaz qurğularının ümumi qaz sərfinin sayğacın maksimal ölçmə həddindən çox olduğu müəyyən edilmiş, iddiaçıya yoxlamadan əvvəlki 180 gün üçün əlavə olaraq 4428 manat borc hesablanmışdır.
14. Məhkəmə hesab edir ki, cavabdehin göstərilən aktda istinad etdiyi hallar borcun hesablanmasının düzgün hesab edilməsi üçün əsas vermir.
15. Belə ki, Mülki Məcəllənin 443.7-cü maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.
16. Həmin maddənin məzmunundan göründüyü kimi, tərəflər arasında müqavilədə ayrı qayda nəzərdə tutulduğu hallar istisna olmaqla, öhdəliyin icra edilməməsi ilə əlaqədar yaranmış zərərə görə məsuliyyət yalnız o zaman borclunun üzərinə qoyula bilər ki, həmin zərər borclunun qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində yaranmış olsun, başqa sözlə desək, borclu həmin zərərin yaranmasında təqsirli olsun.
17. Məhkəmə həmçinin qeyd edir ki, “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə görə bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.
18. Materiallarda olan abonent saldosundan görünür ki, aktda göstərilən müddət üçün iddiaçıya sayğac göstəricilərinə əsasən hər ay borc hesablanmış və həmin borclar iddiaçı tərəfindən ödənilmişdir. Belə olan halda istehlakçının təqsiri olmadan düzgün hesablanmamış qazın dəyərinin yenidən hesablanaraq istehlakçıdan tələb edilməsi “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə və tərəflər arasında bağlanmış müqavilənin tələblərinə ziddir.
19. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya məxsus qeyriyaşayış sahəsində quraşdırılmış sayğacın nasazlığının istehlakçının təqsiri üzündən yaranması materiallar ilə təsdiqlənmədiyindən, eyni zamanda həmin borcun hesablandığı müddət üçün iddiaçıya “Qazdan istifadə qaydaları” və müqavilənin tələblərinə əsasən istifadə edilmiş qaza görə hesablanmış borc iddiaçı tərəfindən ödənildiyindən iddiaçıya cavabdeh tərəfindən həmin müddət üçün əlavə borcun hesablanması qanunsuz və əsassızdır.
20. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya əsassız olaraq hesablanmış 4428 manat borcun silinməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 64,28 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
23. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı2 əsassız olaraq hesablanmış 4428 (dörd min dörd yüz iyirmi səkkiz) manat borcun silinməsi öhdəliyi Cavabdeh İB-yə həvalə edilsin. İddia ərizəsi verilərkən ödənilmiş 64,28 (altmış dörd manat iyirmi səkkiz) manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq İddiaçı2 ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova