Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-787/2025 10.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X13, X9, Cavabdeh6, Cavabdeh5 qarşı “pulun tutulması və faydalı modeldən istifadənin qadağan edilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: faydalı model) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, Cavabdeh X7 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh X4 nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər X13, X9, Cavabdeh6, Cavabdeh5 qarşı “pulun tutulması və faydalı modeldən istifadənin qadağan edilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər X13, X9, Cavabdeh6, Cavabdeh5 qarşı “pulun tutulması və faydalı modeldən istifadənin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, patent sahibi olduğu “Yeməkləri közdə və odda bişirmək üçün çoxfunksiyalı manqal” faydalı modelindən qanunsuz istifadəyə görə: cavabdeh X9 tərəfindən vurulmuş maddi ziyanın əvəzi olaraq 41,244 manat məbləğində pulun, cavabdeh X13 tərəfindən vurulmuş maddi ziyanın əvəzi olaraq 44,904 manat məbləğində pulun, cavabdeh X10 tərəfindən vurulmuş maddi ziyanın əvəzi olaraq 26,280 manat məbləğində pulun, Cavabdeh6 tərəfindən vurulmuş maddi ziyanın əvəzi olaraq 19,716 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi və patent sahibi olduğu faydalı modeldən istifadənin cavabdehlərə qadağan olunmasına dair barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, patent sahibi X12 ilə iddiaçı arasında “faydalı model patentinə dair hüquqların verilməsi” barədə razılığa gəlinmiş və patent sahibinin “yeməkləri közdə və odda bişirmək üçün çoxfunksiyalı manqal” faydalı modelinə dair bütün hüquqları bütövlüklə iddiaçıya verilmişdir. Yəni, hazırda “yeməkləri közdə və odda bişirmək üçün çoxfunksiyalı manqal” faydalı modeli patent hüququ ilə iddiaçıya məxsusdur. Qeyd edilir ki, müəyyən araşdırmalar nəticəsində məlum olmuşdur ki, cavabdehlərə məxsus müxtəlif qeyri-yaşayış sahələrində (ticarət obyektlərində) qanunsuz və icazəsiz faydalı modeldən istifadə olunur. İlkin olaraq cavabdeh X4 istifadəsində və sahibliyində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində cavabdeh tərəfindən faydalı modeldən qanunsuz istifadə olunur və iddia ərizəsinə əlavə olunan qiymətləndirmə rəyindən görünür ki, həmin istifadəyə görə 1 ay ərzində ortalama 3437 manat olmaqla, 1 ilərzində 41,244 manat məbləğində gəlir əldə edilmişdir. Hazırkı dövrədək həmin qeyri-yaşayış sahəsi fəaliyyətini davam etdirir və oradan gəlir əldə edir. Həmin faydalı modeldən istifadəyə görə keçmiş 5 il ərzində iddiaçı külli miqdarda qazanc əldə edə bilərdi. Eyni zamanda hesab edilir ki, həmin qazanc sayəsində işlər görə və yeni gəlirlər də əldə edə bilərdi. Digər cavabdeh X1 və istifadəsində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsində də eyni qanun pozuntusuna rast gəlinmiş və faydalı modeldən istifadəyə görə 1 ay ərzində ortalama 2190 manat olmaqla, 1 il ərzində 26,280 manat məbləğində gəlir əldə edilmişdir. Hazırkı dövrədək həmin qeyri-yaşayış sahəsi fəaliyyətini davam etdirir və oradan gəlir əldə edir. Bununla da iddiaçıya külli miqdarda ziyan vurmaqla bərabər hüquqlarını pozmuş olur. Digər Cavabdeh6 sahibliyində və istifadəsində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsində cavabdeh tərəfindən faydalı modeldən istifadəyə görə 1 ay ərzində ortalama 1643 manat olmaqla, 1 il ərzində 19,716 manat məbləğində gəlir əldə edilmişdir. Hazırkı dövrədək həmin qeyriyaşayış sahəsi fəaliyyətini davam etdirir, yeni filiallar açmış və oradan iddiaçıya məxsus faydalı modeldən istifadəyə görə külli miqdarda gəlirlər əldə edir. Qeyd olunan qeyriyaşayış sahəsindən başqa cavabdehə məxsus digər filial sahələri də nəzərə alınsa, keçmiş 5 il ərzində iddiaçı külli miqdarda qazanc əldə edə bilərdi və bu qazancından əsassız yerə məhrum olmuşdur. Digər cavabdeh Nağıyev Vasifin sahibliyində və istifadəsində olan Bakı şəhəri, Xətai rayonu, M.Mehdizadə və A.İsmayılov küçələrinin kəsişməsində yerləşən “Korsar Dönər” adlı qeyri-yaşayış sahəsində cavabdeh tərəfindən faydalı modeldən istifadəyə görə 1 ay ərzində ortalama 3742 manat olmaqla, 1 il ərzində 44,904 manat məbləğində gəlir əldə edilmişdir. Hazırkı dövrədək həmin qeyri-yaşayış sahəsi fəaliyyətini davam etdirir və oradan külli miqdarda qazanc əldə edir. Faydalı modeldən istifadəyə görə keçmiş 5 il arzində iddiaçı külli miqdarda gəlir əldə edə bilərdi. Eyni zamanda hesab edilir ki, həmin qazancı sayəsində yeni işlər görə və gəlirlər əldə edə bilərdi. Hesab edilir ki, faydalı modeldən istifadəyə görə əldə edilmiş gəlirlər iddiaçıya dəyən zərərin əvəzi olaraq cavabdehlərdən tutularaq ona ödənilməlidir. Qeyd edilir ki, cavabdehlərə məxsus qeyri-yaşayış sahələrində (ticarət obyektlərində) “Yeməklərin közdə və odda bişirmək üçün çoxfunksiyalı manqal” faydalı model aparatından istifadə olunur ki, məhz həmin aparata dair iddiaçının hüquqları Azərbaycan Respublikası “Patent və X14” X19 tərəfindən qeydə alınmışdır. İddiaçının razılığ olmadan, eyni zamanda faydalı modeldən istifadəyə görə ödəniş olunmadan cavabdehlər tərəfindən hüquqdan sui-istifadə edilmiş və əlavə gəlir əldə etmişlər. Həmin faydalı modeldən istifadə edilərkən iddiaçının hüquqları pozulmuşdur. Əlavə olaraq iddiaçı məhkəmədən əvvəl cavabdehlərin hər birinə pretenziya qaydasında müraciət edərək, qanunla nəzərdə tutulmuş qaydada hərəkətlərinə son qoyulması, vurulmuş maddi zərərin ödənilməsi və faydalı modeldən istifadənin dayandırılmasını bildirsə də, cavabdehlər buna məhəl qoymadan öz fəaliyyətlərini davam etdirmişlər. Hesab edilir ki, mübahisənin həlli yalnız məhkəmə qaydasında mümkündür.
3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Yeməkləri közdə və odda bişirmək üçün çoxfunksiyalı manqal” faydalı modelindən xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilədək olan dövrdə qanunsuz istifadəyə görə, cavabdeh X9 tərəfindən vurulmuş maddi ziyanın əvəzi olaraq 41,244 manat məbləğində pulun X2, cavabdeh X13 tərəfindən vurulmuş maddi ziyanın əvəzi olaraq 44,904 manat məbləğində pulun X6, cavabdeh X10 tərəfindən vurulmuş maddi ziyanın əvəzi olaraq 26,280 manat məbləğində pulun X3, Cavabdeh6 tərəfindən vurulmuş maddi ziyanın əvəzi olaraq 19,716 manat məbləğində pulun Cavabdeh6 tutularaq iddiaçıya ödənilməsi, “Yeməkləri közdə və odda bişirmək üçün çoxfunksiyalı manqal” faydalı modelindən istifadənin cavabdehlərə qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh X13 iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
5. Etiraz onunla əsaslandırılmışdır ki, tərəflər arasında Bakı şəhəri Yasamal rayon Məhkəməsində eyni mübahisə və iddia predmeti üzrə işə baxılmışdır. İddia tərəfi həmin iş üzə məlumatları və məhkəmə aktlarını hazırki iş üzrə Məhkəməyə təqdim etməyərək Məhkəməni yanıltmağa çalışmaqdadır. X11 aid ictimai iaşə obyektində istifadə olunan manqal fərqli bir qurğu və modeldir. İddiaçının qeyd etdiyi “yeməkləri közdə və odda bişirmək üçün çoxfunsiyalı manqal” faydalı modeli ilə eynilik təşkil etmir. Bu barədə patent sahibi məlumatlıdır. Odur ki, hazırki işdə X13 cavabdeh kimi qoyula bilməz. İddia iddiaya cavab verməli olmayan şəxsə qarşı verilmişdir.
6. İddiaçı X13 qarşılıqlı iddia ərizəsi verərək, ilkin iddianın rədd edilməsi, “Yeməkləri közdə və odda bişirmək üçün çoxfunksiyalı manqal” faydalı model patentindən istifadə üçün məcburi lisenziya verilməsi vəzifəsinin İddiaçı üzərinə qoyulması, mənəvi zərərə və işgüzar nüfuza vurulmuş zərərə görə 3000 manat pulun İddiaçı tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-787/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmışdır.
II. Tərəflərin mövqeləri:
8. Məhkəmə iclasında cavabdeh X7 nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında cavabdeh X4 nümayəndəsi və vəkili Vəkil3 iddia ərizəsinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi.
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş, digər cavabdehlər məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı məlumat verməmişlər.
11. Məhkəmə iclasının iddiaçının və digər cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
13. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Hüquq, Apellyasiya və Sənaye Mülkiyyəti Obyektlərinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli bildirişə görə X8 məxsus faydalı model patentinə (F 2018 0016) hüquqlar patent sahibi tərəfindən bütövlükdə İddiaçı verilmiş və xx.xx.2024-cü il tarixdə dövlət reyestrində qeydə alınmışdır.
14. Azərbaycan Respublikası Patent və X14 X19 tərəfindən verilmiş şəhadətnamədə “yeməkləri közdə və odda bişirmək üçün çoxfunksiyalı manqal” faydalı modelinin (F 2018 0016) təsviri və əsas keyfiyyətləri göstərilmişdir.
15. X12 (hüquqları verən tərəf) ilə İddiaçı (hüquqları alan tərəf) arasında bağlanmış hüquqların bütövlükdə digər fiziki şəxsə verilməsi barədə 2024/F-01 nömrəli müqavilə ilə F 2018 0016 faydalı model patentinə dair hüquqlar İddiaçı verilmişdir.
16. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Hüquq, Apellyasiya və Sənaye Mülkiyyəti Obyektlərinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli bildirişə görə X8 məxsus faydalı model patentinin (F 2018 0016) qüvvədə olma müddəti xx.xx.2024-cü il tarixə qədər uzadılmışdır.
17. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Hüquq, Apellyasiya və Sənaye Mülkiyyəti Obyektlərinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli bildirişə görə İddiaçı məxsus faydalı model patentinin (F 2018 0016) qüvvədə olma müddəti xx.xx.2025-ci il tarixə qədər uzadılmışdır.
18. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 1194 nömrəli ekspert rəyinin nəticə hissəsinə görə ünvan 4 ünvanında yerləşən “50 Qəpik” restoranında, ünvan 5 ünvanında yerləşən “X20” restoranında və Bakı şəhəri, Xətai rayonu, M.Mehdizadə və A.İsmayılov küçələrinin kəsişməsində yerləşən “Korsar” restoranında istifadə olunan manqal qurğularının ölçü və quruluşlarının fərqli olmasını, həmçinin qurğuların hərəkə edən hissələrinin (şişin və sairə) əl ilə hərəkət etdirilməklə hər hansı elektrik ötürücüsü ilə təmin edilmədiyini nəzərə alaraq, həmin qurğuların texniki göstəricilərinin F 2018 0016 nömrəli patent şəhadətnaməsindəki yeməkləri közdə və odda bişirmək üçün çoxfunksiyalı manqal” faydalı model ilə eynilik təşkil etmədiyi müəyyən edilir.
19. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.
20. Belə ki, “Patent haqqında” Aərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə patent dedikdə ixtira, faydalı model və sənaye nümunəsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən verilən mühafizə sənədi başa düşülür.
21. Həmin Qanunun 3-cü maddəsinə görə ixtira, faydalı model və sənaye nümunələrinə hüquqlar dövlət tərəfindən qorunur və patentlə təsdiq edilir. Patent, ixtira, faydalı model və sənaye nümunəsinə müəllifliyi və ilkinliyi təsdiq edir və onlardan istifadə etmək üçün müstəsna hüquq verir. Kommersiya məqsədləri üçün istifadəsi ictimai mənafeyə, humanizm və əxlaqi prinsiplərə zidd olan, insanların, heyvanların həyat və sağlamlıqlarına, bitkilərin mühafizəsinə, ətraf mühitə ciddi ziyan vuran ixtira, faydalı model və sənaye nümunəsi patentlə mühafizə edilmir və onun istifadəsi qadağandır.
22. Həmin Qanunun 19-cu maddəsinin 1-ci hissəsinə görə patent sahibi olmayan istənilən hüquqi və ya fiziki şəxs ixtira, faydalı model və sənaye nümunəsindən yalnız patent sahibinin razılığı ilə, lisenziya müqaviləsi əsasında istifadə edə bilər.
23. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən patent sahibi patentə görə aşağıdakı müstəsna hüquqlara malikdir: a) patentin obyekti məhsul (məmulat) olduqda, patent sahibinin razılığı olmadan üçüncü şəxs tərəfindən onun icazəsiz istehsalının, istifadəsinin, satış üçün təklif olunmasının, satışının və bu məqsədlər üçün idxalının qarşısını almaq; b) patentin obyekti üsul olduqda, patent sahibinin razılığı olmadan üçüncü şəxs tərəfindən bu üsulun tətbiqi ilə bağlı hərəkətlərin, habelə bilavasitə bu üsulla alınan məhsuldan istifadənin, məhsulun satışının, satış üçün təklif olunmasının və ya bu məqsədlər üçün idxalının qarşısını almaq.
24. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, patent sahibi X12 ilə iddiaçı arasında “faydalı model patentinə dair hüquqların verilməsi” barədə razılığa gəlinmiş və patent sahibinin “yeməkləri közdə və odda bişirmək üçün çoxfunksiyalı manqal” faydalı modelinə dair bütün hüquqları bütövlüklə iddiaçıya verilmişdir.
25. İddiaçı iddia ərizəsində göstərmişdir ki, müəyyən araşdırmalar nəticəsində ona məlum olmuşdur ki, cavabdehlərə məxsus müxtəlif qeyri-yaşayış sahələrində (ticarət obyektlərində) qanunsuz və icazəsiz faydalı modeldən istifadə olunur. Belə ki, cavabdeh X4 istifadəsində və sahibliyində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində, cavabdeh X1 və istifadəsində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsində, Cavabdeh6 sahibliyində və istifadəsində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsində, cavabdeh Nağıyev Vasifin sahibliyində və istifadəsində olan Bakı şəhəri, Xətai rayonu, M.Mehdizadə və A.İsmayılov küçələrinin kəsişməsində yerləşən “Korsar Dönər” adlı qeyri-yaşayış sahəsində faydalı modeldən istifadə edilir.
26. Belə ki, iddiaçı iddia ərizəsində faydalı modeldən istifadənin cavabdehlərə qadağan edilməsini xahiş etsə də, məhkəməyə ümumiyyətlə hazırda həmin faydalı modeldən cavabdehlər tərəfindən istifadə edildiyini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.
27. İddiaçı tərəfindən məhkəməyə iddiasının əsası kimi istinad etdiyi halların təsdiqi kimi yalnız xx.xx.2018-ci il tarixli “MBA Consulting Group” tərəfindən verilmiş mütəxəssis rəyi təqdim edilmişdir.
28. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş həmin rəy cavabdehlər tərəfindən faydalı modeldən istifadə edilməsini təsdiq edən mötəbər sübut qismində qəbul edilə bilməz.
29. Belə ki, həmin rəy xx.xx.2018-ci il tarixdə hazırlanmış, rəydə müştəri qismində obyektlərin ziyarət edildiyi, tədqiqi aparılan faydalı modeldən istifadə edildiyinin aşkar edildiyi göstərilmişdir.
30. Belə ki, rəydə aşkar edilən yemək bişirmə avadanlıqlarının məhz iddiaçıya məxsus olan faydalı modellə eynilik təşkil edildiyinin necə müəyyən edilməsi, ümumiyyətlə həmin qeyri-yaşayış sahələrinin məhz cavabdehlərə məxsus olmasının necə müəyyən edilməsi göstərilməmişdir.
31. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin mütəxəssis rəyi hazırkı iş üzrə ümumiyyətlə cavabdehlər tərəfindən iddiaçıya məxsus faydalı modeldən istifadə edildiyini, habelə bununla da gəlir əldə edildiyini sübut edən mötəbər və təkzibedilməz sübut qismində qəbul edilə bilməz.
32. İddiaçı tərəfindən məhkəməyə başqa sübut təqdim edilməmişdir.
33. Cavabdehlər tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 1194 nömrəli ekspert rəyinin nəticə hissəsinə görə ünvan 4 ünvanında yerləşən “50 Qəpik” restoranında, ünvan 5 ünvanında yerləşən “X20” restoranında və Bakı şəhəri, Xətai rayonu, M.Mehdizadə və A.İsmayılov küçələrinin kəsişməsində yerləşən “Korsar” restoranında istifadə olunan manqal qurğularının ölçü və quruluşlarının fərqli olmasını, həmçinin qurğuların hərəkət edən hissələrinin (şişin və sairə) əl ilə hərəkət etdirilməklə hər hansı elektrik ötürücüsü ilə təmin edilmədiyini nəzərə alaraq, həmin qurğuların texniki göstəricilərinin F 2018 0016 nömrəli patent şəhadətnaməsindəki yeməkləri közdə və odda bişirmək üçün çoxfunksiyalı manqal” faydalı model ilə eynilik təşkil etmədiyi müəyyən edilir.
34. Belə ki, həmin rəydə iddia ərizəsində adı çəkilən qeyri-yaşayış sahələrinə baxış keçirilmiş, baxış zamanı manqal qurğularının ölçüləri və sairə, işləmə mexanizmi müəyyən edilmiş, iddiaçıya məxsus olan faydalı modellə eynilik təşkil etmədiyi ekspert tərəfindən müəyyən edilmişdir.
35. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı cavabdehlər tərəfindən ona məxsus olan “yeməkləri közdə və odda bişirmək üçün çoxfunksiyalı manqal” faydalı modelindən istifadə edildiyini sübut edə bilmədiyindən iddia ərizəsi (faydalı modeldən istifadənin qadağan edilməsi, qanunsuz istifadə ilə əlaqədar olaraq zərərin ödənilməsi) təmin edilə bilməz.
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
37. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
38. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
39. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
40. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.
41. Bundan əlavə, məlum olduğu kimi, Mülki Məcəllə zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).
42. Mülki Məcəllə daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.
43. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
44. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
45. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.
46. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.
47. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Həmin Məcəllənin 78.1-ci maddəsinə müvafiq olaraq sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
49. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).
50. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehlərin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onların iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.
51. Hazırkı halda iddiaçı cavabdehlərin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, MM-in 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi əsassızdır və təmin edilməməlidir.
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
53. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 422 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
54. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddiaçı cavabdehlər X13, X9, Cavabdeh6, Cavabdeh5 qarşı “pulun tutulması və faydalı modeldən istifadənin qadağan edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 422 (dörd yüz iyirmi iki) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova