Məhkəmə qərarları › İş №e-2-2(113)-79/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-79/2023

06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-79/2023 06.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı "xxxx" Bank ASC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2, Müstəqil tələb irəli sürməyən İİİ şəxs X2 iştirakları ilə, İddiaçı "xxxx" Bank ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC "xxxx" Bankı Cavabdeh qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, AR ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat, **********79-06302 reyestr nömrəli Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışa əsasən banka mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 16 100,50 kv.m təşkil edən əmlak komplesinin 1-ci mərtəbəsindəki 70 kv.m. qeyri-yaşayış sahəsi Cavabdeh qanunsuz sahibliyindən alınaraq mövcud olan 309,93 (üç yüz səkkiz manat 93 qəpik) manat məbləğində icarə haqqı üzrə borc və icarə müqaviləsinə xitam verildiyi xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək həmin qeyri-yaşayış sahəsindən faktiki istifadəyə görə 2.890,73 (iki min səkkiz yüz doxsan manat 73 qəpik) manat məbləğində pul vəsaiti olmaqla, cəmi 3.199,66 (üç min yüz doxsan doqquz manat 66 qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq ASC "xxxx" Bankına verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə ASC "xxxx" Bankı ilə Cavabdeh arasında “Qeyri-yaşayış sahəsinin icarəsi haqqında” Müqavilə bağlanmış və AR ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat, **********79-06302 reyestr nömrəli Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən Arayışa əsasən Bankın mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 16 100,50 kv.m. təşkil edən əmlak kompleksinin 1-ci mərtəbəsindəki 70 kv.m. sahə iddiaçı tərəfindən cavabdehə aptekin yerləşdirilməsi üçün icarəyə verilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən Qeyriyaşayış sahəsinin icarəsi üzrə aylıq icarə haqqı ƏDV daxil olmaqla 331 (üç yüz otuz bir) manat məbləğində müəyyən edilmişdir. İcarə müqaviləsinin 5.1-ci bəndinə əsasən, müqavilə üzrə icarə müddəti qeyri-yaşayış sahəsinin icarəçiyə təhvil verildiyi tarixdən 3 (üç) ay müddətinə müəyyən edilir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən isə müqavilə müddətinin başa çatmasına 15 (on beş) gün qalmış tərəflərdən biri digərini müqaviləyə xitam vermək barədə xəbərdar etməzsə, müqavilə hər dəfə eyni şərtlərlə növbəti 3 (üç) ay müddətinə uzadılmış hesab edilir. Həmin müqavilənin 2.3.14-cü bəndinə əsasən, icarəçi müqavilənin müddəti qurtardıqdan sonra və ya müqavilə vaxtından əvvəl ləğv edildiyi təqdirdə qeyri-yaşayış sahəsini, onun normal istismarı üçün yararlı olan vəziyyətdə müqaviləyə xitam verildiyi tarixdən 7 (yeddi) gün müddətində icarəyə verənə qaytarmalıdır. Bank tərəfindən Cavabdehə xx.xx.2021-ci il tarixli 2062 №-li Xəbərdarlıq məktubu göndərilərək Müqavilənin 5.2-ci bəndinə əsasən müqavilə müddətinin uzadılmayacağı və müqaviləyə onun müddətinin bitməsi tarixində xitam veriləcəyi bilidrilmiş və icarə obyekti olan qeyri-yaşayış sahəsinin boşaldılaraq Banka təhvil verilməsi tələb edilmişdir. Lakin Müqaviləyə 28 yanvar 2022-ci il tarixdə xitam verilməsinə baxmayaraq İcarəçi bugünədək Qeyri-yaşayış sahəsini boşaltmamış və Banka təhvil verməmiş, bununla da İddiaçının mülkiyyət hüququnu pozmaqla həmin əmlaka sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə mane olmuşdur. Tərəflər arasında bağlanmış icarə müqaviləsinə 28 yanvar 2022-ci il tarixindən etibarən xitam verilməsinə baxmayaraq cavabdeh tərəfindən icarə obyekti olan Qeyri-yaşayış sahəsi bugünə qədər faktiki olaraq istifadə edilməkdədir. Belə olduğu təqdirdə Cavabdeh tərəfindən icarə obyekti olan Qeyri-yaşayış sahəsinin bugünə qədər istifadə edildiyini nəzərə alaraq icarə haqqı üzrə borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Bank ASC-nin nümayəndəsi Nümayəndə1 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən İİİ şəxs X5 iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı iddianı şərti olaraq 3 hissəyə bölmək olar. Bunlardan birincisi qeyri-yaşayış sahəsinin Cavabdeh qanunsuz sahibliyindən alınaraq "xxxx" Bank ASC-yə verilməsi; ikincisi 309,93 manat məbləğində icarə haqqı borcu tələbi; üçüncü isə icarə müqaviləsinə xitam verildiyi xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək həmin qeyri-yaşayış sahəsindən faktiki istifadəyə görə 2.890,73 manat məbləğində pulun tələb edilməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, iddianın qanuni əsası kimi aşağıdakı normalar nəzərdən keçirilə bilər. Mülki Məcəllənin 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Mübahisənin həlli baxımından hazırki iş üzrə müəyyən edilməli olan ilk məqam tərəflər arasında müqavilə hüquq münasibətlərinin yaranıb-yaranması və icarə sahəsinin Cavabdeh verilib-verilməməsidir. İddiaçı tərəf Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə icarə müqaviləsinin bağlandığını və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 16 100,50 kv.m təşkil edən əmlak komplesinin 1-ci mərtəbəsindəki 70 kv.m. qeyri-yaşayış sahəsini sonuncuya icarəyə verdiyini və bir neçə dəfə icarə haqqı ödənildiyini, sonradan isə heç bir ödənişin olmadığını bildirmişdir. Cavabdeh tərəf isə buna etiraz edərək Bankla Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə icarə müqaviləsinin imzalandığını təsdiqləsə də, qeyri-yaşayış sahəsinin ümumiyyətlə Cavabdeh verilmədiyini, bir neçə ay müqavilə üzrə icarə haqqını ödəsə də, sonradan icarə sahəsi verilmədiyindən icarə haqqını ödəmədiyini bildirmişdir. Göründüyü kimi tərəflərin xx.xx.2021-ci il tarixli icarə müqaviləsini imzalaması işin mübahisələndirilməyən halıdır. İşdə olan AR ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat, **********79-06302 reyestr nömrəli Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrinin arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 16 100,50 kv.m təşkil edən əmlak kompleksi "xxxx" ASC-yə məxsusdur. İşə əlavə edilmiş xx.xx.2012-ci il tarixli müqavilədən görünür ki, ünvan 1 ünvanında yerləşən MARS-M firmasına məxsus obyektin 1-ci mərtəbəsində olan 70 kv.m mağaza X1. Məmmədov Qalib isə "xxxx" MMC ilə icarə müqaviləsi bağlayaraq qeyri-yaşayış sahəsini sonuncuya icarəyə vermişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi xx.xx.2018-ci il tarixdə "xxxx" MMC-yə xüsusi lisenziya verərək ünvan 1 ünvanında yerləşən sahədə dərman vasitələrinin pərakəndə satışına icazə vermişdir. Qeyd edilən halların aydınlaşdırılması üçün X4 və "xxxx" MMC müstəqil tələb irəli sürməyən İİİ şəxs kimi işə cəlb edilmişlər. İş materiallarında olan sənədlərdən və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından müəyyən olunur ki, Bankın MARS-M firmasına qarşı borcun tutulması və s. tələbinə dair iddiası qismən təmin edilmiş və borcun tutulması ünvan 1 ünvanında yerləşən sahəsi 16.100,50 kv.m təşkil edən əmlak komplesinə yönəldilmişdir. Qeyd edilən mübahisəyə dair yekun qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı olmuşdur. Bundan sonra əmlak hərraca çıxarılmış və əmlakı hərracdan Bank qəbul etmiş və buna dair Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış əldə edilmişdir. "xxxx" MMC-nin məhkəməyə ünvanlamış olduğu xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, "xxxx" MMC ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin birinci mərtəbəsində 70 kv.m qeyri-yaşayış sahəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli lisenziya əsasında və X4 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 4M-274 reyestr nömrəli və xx.xx.2019-cu il tarixli, 3 M-29 reyestr nömrəli icarə müqavilələri əsasında fəaliyyət göstərir. Həmçinin iş materiallarından da görünür ki, X4 ilə "xxxx" MMC xx.xx.2016-cı il tarixdə əmək müqaviləsi bağlanmış və əczaçı vəzifəsində çalışır. Məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə əqdlərin real və konsensual əqdlərə bölünməsi ilə bağlı təsnifat nəzərdə tutulmasa da, mülki hüquq nəzəriyyəsində və Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında bu və ya digər müqavilənin hüquqi qüvvəyə minmə meyarı üzrə real və konsensual müqavilələrə bölünməsi nəzərdə tutulmuşdur. Yəni real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir, konsensual müqavilələr üzrə isə hüquq və öhdəliklər bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur. Yuxarıda qeyd edilmiş normaların məzmunundan göründüyü kimi, icarə müqaviləsi konsensual müqavilədir. Ona görə də, ilk növbədə icarəçinin icarə haqqını ödəmək vəzifəsi, icarəyə verən tərəfindən əmlakın ona təqdim edildiyi vaxtdan sonra yaranmış olur. Hazırkı halda isə işin müəyyən olunmuş hallarından görünür ki, icarəyə verən "xxxx" Bank ASC icarə müqaviləsində nəzərdə tutulmuş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 16 100,50 kv.m təşkil edən əmlak komplesinin 1-ci mərtəbəsindəki 70 kv.m. qeyriyaşayış sahəsini ümumiyyətlə Cavabdeh təhvil verməmişdir və qeyd edilən yaşayış sahəsi də, xx.xx.2014-cü il tarixdən faktiki olaraq X4 ilə bağlanmış icarə müqaviləsi əsasında "xxxx" MMC-nin istifadəsindədir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, “müqavilənin bağlanmamış hesab edilməsi” ilə, “müqavilənin ləğv edilmiş hesab edilməsi” anlayışları bir-biri ilə qarışdırılmamalıdır. Belə ki, müqavilənin bağlanmamış hesab edilməsinə onun etibarlılıq şərtlərinə və müqavilənin real və ya konsensual xarakteri nəzərə alınmaqla qiymət verilməli olduğu halda, müqavilənin ləğv edilmiş hesab edilməsinə Mülki Məcəllənin 421.3cü maddəsinin tələbləri baxımından qiymət verilməlidir. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Mülki Məcəllənin 677.1.4-ci maddəsinə əsasən əgər kirayəçi kirayəyə götürdüyü əşyanı tamamilə və ya qismən müqavilə üzrə istifadəyə müəyyənləşdirilmiş müddətdə almırsa və ya əşya ondan götürülürsə və ya əhəmiyyətli dərəcədə pisləşirsə, kirayəyə verən isə gecikdirməyə yol verirsə, kirayəçi xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. İstifadəyə əhəmiyyətsiz maneə və ya istifadədən məhrumetmə nəticəsində müqavilənin ləğvinə yalnız o halda yol verilir ki, kirayəçinin xüsusi mənafeləri buna haqq qazandırsın. Əgər kirayəyə verən əşyanı vaxtında istifadəyə verdiyinə və ya qüsuru müəyyənləşdirilmiş müddət bitənədək aradan qaldırdığına əsaslanaraq müqavilənin ləğvinə yol verilə bilməsi barədə mübahisə edirsə, o bunları sübut etməlidir. Yaşayış otağının kirayəsi üzrə hüquq münasibətlərində müqaviləni ləğv etmək hüququnu istisna edən və ya məhdudlaşdıran razılaşmanın qüvvəsi yoxdur. Hazırkı işin müəyyən olumuş hallarından da göründüyü kimi, müqavinin predmeti olan qeri-yaşayış sahəsi icarəçi tərəfindən bir neçə dəfə icarə haqqı ödənilməsinə baxmayaraq icarəyə verən tərəfindən ona təhvil verilməmiş və icarəçi də, icarə haqqını əmlakın verilməməsi səbəbindən dayandırmışdır. Ona görə də, yuxarıda sadalanmış normaların tələbləri baxımından tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsi ləğv edilmiş sayılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə qeyri-yaşayış sahəsi ümumiyyələ icarəçiyə verilmədiyindən "xxxx" Bank ASC-nin icarə haqqı borcunun, əmlakın qaytarılması və faktiki istifadəyə dair tələbi əsassızdır. Ona görə də, iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Bank ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi və s.” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar