Məhkəmə qərarları › İş №e-2-2(113)-79/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-79/2024

06.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-79/2024 06.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “ekvayrinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: ekvayrinq müqaviləsi, uğursuz əməliyyat, cavab kodu) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “ekvayrinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair ("xxxx" Açıq Səhmdar Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə 135 019,19 manat, habelə gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 3938 manat və dövlət rüsumu kimi ödənilmiş 429,52 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra ABB) ilə İddiaçı (bundan sonra İddiaçı MMC) arasında xx.xx.2019-cu il tarixində PBD1030 №-li ekvayrinq xidmətinin göstərilməsi ilə bağlı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci maddəsinə əsasən beynəlxalq kart təşkilatlarının ekvayrinq lisenziyanın sahibi kimi müvafiq hüquq və səlahiyyətlərə malik olan cavabdeh iddiaçını vəkil etmişdir ki, ödəniş kartlarını malların və xidmətlərin dəyərini ödəmək üçün cavabdehə məxsus POSterminallar vasitəsilə qəbul etsin. Cavabdeh ödəniş kartları ilə aparılmış əməliyyatların məbləğini yuxarıda qeyd edilən müqaviləyə əsasən komisyon haqlarını çıxdıqdan sonra iddiaçının bank hesabına köçürməlidir. 2.2. Lakin ABB-yə məxsus POS-terminallar vasitəsilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aparılan 2064 əməliyyat üzrə məbləğlər POS-terminallardan çıxan qəbz üzərində “Təsdiq edilmişdir” sözlərinin yazılmasına baxmayaraq, iddiaçının bank hesabına köçürülməmişdir. Bu barədə ABB-nin nümayəndələrinə elektron poçt vasitəsilə dəfələrlə müraciət olunmasına baxmayaraq, müraciətlərə zamanında aidiyyəti üzrə heç bir münasibət bildirilməmiş, yalnız 2022-ci il iyul ayının əvvələrində cavabdehin əməkdaşları və iddiaçının əməkdaşları arasında görüş təşkil edilmiş və həmin görüş zamanı terminalda qüsur olduğu onlara bildirilmiş və müraciətlərin nəticəsi olaraq mağazalardaki cavabdehə məxsus POS-terminallardaki qüsur cavabdehin əməkdaşları tərəfindən aradan qaldırılmışdır. 2022-ci il avqust ayının axırlarında isə hissə-hissə olmaqla 1000 ədəd yeni POS-terminal iddiaçıya təhvil verilmiş və əvvəlki POS-terminallar təhvil alınmışdır. 2.3. Nəticə etibarilə cavabdehə məxsus POS-terminallar vasitəsilə aparılan bəzi əməliyyatlar üzrə məbləğlərin iddiaçının bank hesabına köçürülməsi tələbi ilə əlaqədar cavabdehin əməkdaşları ilə görüş təşkil edilmiş və həmin əməkdaşlar tərəfindən bildirilmişdir ki, aparılmış əməliyyatlar üzrə məbləğlər ödənilməyəcəkdir. İddiaçının bank hesabına köçürülməyən məbləğlərin ümumi miqdarı 135 019,19 manatdır. Bu barədə qəbzlər elektron poçt vasitəsilə cavabdehin əməkdaşlarına təqdim edilmiş, onlar tərəfindən təsdiq edilmişdir. 2.4. Azərbaycan Respublikası Mərkəzi Bankının 10 iyul 2012-ci il tarixli № 16/3 Qərarı ilə təsdiq edilmiş “Ödəniş kartlarının emissiyası və istifadə Qaydalarının 6.2-ci maddəsinə əsasən Bankomat, POS-terminal və digər ödəniş terminalları vasitəsilə aparılan əməliyyatları (pul köçürmələri istisna olmaqla) təsdiq edən sənədlərdə ən azı aşağıdakılar göstərilməlidir (bu məlumatların Azərbaycan Respublikasının dövlət dilində göstərilməsi təmin olunmaqla): 6.2.1. ekvayeri və təsərrüfat subyektini (POS-terminal və ya digər ödəniş terminalları təsərrüfat subyektində quraşdırıldıqda) eyniləşdirməyə imkan verən rekvizitlər; 6.2.2. sənədin nömrəsi; 6.2.3. əməliyyatın tarixi (gün, ay, il) və vaxtı (saat, dəqiqə); 6.2.4. xidmət mərkəzinin adı; 6.2.5. ödəniş terminalının kodu; 6.2.6. ödənişin məbləği və valyutası; 6.2.7. kartın kart təşkilatının təhlükəsizlik tələbləri çərçivəsində icazə verilən rekvizitləri; 6.2.8. avtorizasiya kodu; 6.2.9. xidmət haqqı tutulduğu halda onun məbləği. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”nın 5.3-cü maddəsinə müvafiq olaraq POS-terminal vasitəsilə ödənişin qəbul edilməsi zamanı kart istifadəçisinə elektron və ya kağız daşıyıcıda özündə ən azı aşağıdakı məcburi rekvizitləri əks etdirən qəbzin (məlumatın) təqdim edilməsi təmin edilir və ya qəbzin (məlumatın) asanlıqla əldə edilməsi imkanı yaradılır: 5.3.1. bank ekvayerin və (və ya) xidmət mərkəzinin adı; 5.3.2. sifarişçinin adı və VÖEN-i; 5.3.3. qəbzin nömrəsi; 5.3.4. əməliyyatın tarixi (gün, ay, il) və vaxtı (saat, dəqiqə); 5.3.5. POS-terminalın kodu; 5.3.6. ödənişin məbləği və valyutası; 5.3.7. kartın təhlükəsizlik tələbləri çərçivəsində icazə verilən rekvizitləri; 5.3.8. avtorizasiya kodu. ABB tərəfindən iddiaçıya ödənilməyən qəbzlərin üzərində aparılmış əməliyyatlarda müvafiq olaraq yuxarıda qeyd edilən məlumatların hamısı öz əksini tapmışdır və qəbzlər iddia ərizəsinə əlavə edilmişdir. 2.5. Cavabdeh tərəfindən 135 019,19 manat məbləğin xx.xx.2022-ci il tarixinədək iddiaçıya ödənilməsi barədə xx.xx.2022-ci il tarixli pretenziya ünvanlanmış və borc məbləği ödənilmədiyi təqdirdə, məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. Cavabdeh tərəfindən pretenziyanın qəbul edilməsinə baxmayaraq, nəticə etibarilə iddiaçıya heç bir ödəniş edilmədiyi üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq ilkin mediasiya sessiyasında tərəflər iştirak etmiş və müvafiq prosesin davam etdirilə bilməməsi barədə Bakı 9 saylı mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli MŞB\9\2023-00251 nömrəli arayışı hər iki tərəfə təqdim edilmişdir. Mediasiya sessiyasının məbləği 400 manat təşkil etmiş və iddiaçı tərəfindən tam həcmdə ödənilmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 443, 448.1, 445.7,1099.1-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndələri Nümayəndə1, X5 iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişlər. Əlavə olaraq bildirmişlər ki, əməliyyatların həyata keçirilməsindən uzun müddət keçdiyi üçün bəzi qəbzlərin rekvizitləri tam oxunmur. Rekvizitlərinin oxunması mümkün olan qəbz sayısı 1941 ədəddir. Dəyəri cavabdeh tərəfindən ödənilməyən əməliyyatlar üzrə cavabdehə dəfələrlə müraciət olunmuş, lakin nəticə olmamışdır. Məhkəmənin suallarına cavab olaraq bildirmişlər ki, qəbzlərdə cavab kodunun “01” olması əməliyyatın baş tutmaması nəticəsinə gəlməyə əsas vermir. Belə ki, bütün qəbzlərdə “təsdiqlənib” ifadəsi əks olunmuşdur. Bu isə əməliyyatın uğurlu olmasını göstərir. Hətta POS-terminallara müdaxilə imkanı olmuşdursa belə, bunda iddiaçının təqsiri yoxdur. POS-terminal hər hansı müdaxiləyə imkan verirsə, bu, həmin POSterminallarla iddiaçını təmin edən cavabdehin təqsirli olduğunu göstərir. Qəbzlərdə qeyd olunan əməliyyatlara görə iddiaçı alıcılara malları təqdim etmişdir, ona görə də cavabdeh həmin qəbzlərin dəyərini təşkil edən pul məbləğini iddiaçıya ödəməlidir. İddiaçı tərəfindən öz əməkdaşları ilə bağlı araşdırma aparılmamışdır.

6. Cavabdehin nümayəndəsi Nümayəndə2 iddiaya etiraz edərək rədd olunmasını məhkəmədən xahiş etmişdir. İzahatında bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin tələblərinə əsasən ABB bütün əməliyyatlar üzrə yox, yalnız uğurlu (etibarlı) əməliyyatlar üzrə ödənişləri İddiaçı MMC-yə ötürməyi (komisyon haqq tutulduqdan sonra) öhdəsinə götürmüşdür. Əgər əməliyyat uğurlu olmayıbsa və ABB-yə həmin əməliyyata görə emitent bankdan pul gəlməyibsə, onda ABB tərəfindən iddiaçıya hansısa ödənişin edilməsindən söhbət gedə bilməz. ABB-nin iddiaçıya təqdim etdiyi POS-terminal üzrə təlimata əsasən, qəbzlərdə “01” cavab kodu kartı buraxan bank tərəfindən yaranmış problemi, “00” cavab kodu isə əməliyyatın uğurlu olduğu təsdiq edən koddur. İddiaçı POS-terminal üzrə təlimatla işçilərini tanış etməli, qəbzlərdə əks olunan kodun nəyi ifadə etdiyini onlara izah etməli idi. İddiaçının təqdim etdiyi qəbzlərdən görünür ki, rekvizitləri oxunması mümkün olan qəbzlərin sayı 1771 ədəddir və qəbzlərdə cavab kodları “01”-dir. İş materiallarında olan həm cavabdeh, həm də üçüncü şəxslər ”Azərikard” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) və "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" MMC) tərəfindən təqdim edilmiş sübutların təhlilindən də aydın olur ki, əksər əməliyyatlar uğursuz olmuşdur. Buna görə də iddiaçının əməkdaşları əməliyyat uğursuz əməliyyatlar üzrə malları təqdim etməməli idi. Uğurlu olmuş, o cümlədən uğursuz olsa da, sonradan emitent bank tərəfindən ödənilmiş əməliyyatlar üzrə cavabdeh öz komisyon haqlarını tutduqdan sonra müvafiq ödənişləri iddiaçının bank hesabına köçürmüşdür. Bundan başqa, iddiaçı məhkəməyə sübut qismində yalnız POS-terminaldan çıxarışları əlavə etmişdir. Halbuki qanunvericiliyə əsasən POS-terminal çıxarışları pərakəndə alqı-satqını təsdiq edən sənədlər qismində çıxış etmirlər. Bu cür əməliyyatları təsdiq etməli olan mötəbər sübut qismində nəzarət-kassa aparatının çeki çıxış edir. İddiaçı tərəfindən POS-terminal çıxarışlarındakı məbləğlərə əsasən müvafiq alqı-satqını təsdiq edən heç bir nəzarət-kassa aparatının çeki məhkəməyə təqdim edilməmişdir. Beləliklə, müvafiq əməliyyatların həqiqətən də baş tutması faktı iddiaçı tərəfindən sübut edilməmişdir. Təqdim olunan qəbzlərə nəzər yetirildikdə aydın olur ki, bütün uğursuz əməliyyatlar üzrə təsdiq kodu kimi 123456 daxil edilmiş, bütün əməliyyatlar 80 kart üzrə aparılmış, əməliyyatlar eyni kartlarla qısa fasilələrlə aparılmış və əməliyyatların 100 manatadək olmuşdur. 100 manatadək əməliyyatın edilməsi “PİN” kod daxil edilmədən əməliyyatın aparılmasına icazə verir. Məhkəməyə təqdim olunan 28 nömrəli xx.xx.2023cü il tarixli arayışdan bəlli olur ki, müvafiq əməliyyatların aparılması müəyyən ardıcıllıq əsasında olmuşdur, yəni bu ardıcıllıq mülki dövriyyənin orta statistik (adi) müştərilərinə bəlli olmayan (onlar üçün çətin olan) bir ardıcıllıq olmuşdur və hətta bu, onlara məlum olsa belə, iddiaçının kassirlərinin həmin ardıcıllığı aparmaq üçün POS-terminalı müştəriyə təqdim etmək səlahiyyəti olmamışdır. Bütün bunlar bir qrup şəxs tərəfindən POSterminallara müdaxilə edilərək hüquqazidd əməliyyatlar aparıldığını ehtimal etməyə əsas verir. Bundan başqa, iddiaçı problem yaranan zaman hansı qəbzlər üzrə problemi bildirib, müraciət ediblərsə bank dərhal prosessinq mərkəzinə müraqciət edib.

7. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X9 izahatında və məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, cavabdehə prosessinq xidmətlərini "xxxx" MMC göstərir. POS-terminal vasitəsi ilə əməliyyatlar beynəlxalq ödəniş sistemləri tərəfindən müəyyən olunan qaydalara əsasən aparılmalıdır. Həmin qaydaların tələblərinə əsasən POS-terminalda əməliyyat aparan zaman sorğu ekvayer bank tərəfindən emitent banka çatdırılmalı, emitent bank əməliyyatın aparılmasına icazə verib-vermədiyini müəyyən etdikdən sonra buna uyğun olaraq sorğuya cavab kodu təqdim etməli, əməliyyatın uğurlu olub-olmaması həmin təsdiq kodu əsasında müəyyən edilməlidir. Qəbzlərdə “Təsdiqlənib” ifadəsinin əks olunması sorğunun tsiklinin təsdiqlənməsidir. Bu, o deməkdir ki, ekvayer bank tərəfindən öz prosessinq mərkəzi vasitəsilə emitent banka sorğu ünvanlaması və sorğuya eyni qaydada cavab təqdim edilməsi mümkün olmuşdur, yəni cavab kodu gəlmişdir. Əməliyyat təsdiqləndikdə də qəbzdə “Təsdiqlənib” sözü yazılır. Lakin belə olan halda sorğuya cavab kodu olaraq “00” kodu qeyd olunmalıdır. Əməliyyatın uğurlu olmasını təsdiq edən cavab kodudur. Belə ki, “00” cavab kodundan başqa hər hansı cavab kodu əməliyyatın uğursuz olduğunu göstərir. “01” cavab kodunun açıqlaması “emitent bank ilə əlaqə saxlayın” deməkdir. “01” cavab olduqda müəssisə tərəfindən ekvayer banka müraciət olunmalı və ekvayer bank həmin məlumatları emitent banka ötürülməlidir. Bundan sonra emitent bank əməliyyatın icra olunub-olunmamasına öz razılığını bildirməlidir. Əgər razılıq verilməzsə, ekvayer bank tərəfindən müəssisəyə məlumat verilməli, müştəriyə mal təqdim olunmamalıdır. Emitent bank əməliyyatın aparılmasına razılıq verdiyi halda isə 6 rəqəmli təsdiq kodu ekvayer banka təqdim edilməli, ekvayer bank isə həmin təsdiq kodunu müəssisəyə təqdim etməli və kassir həmin kodu post-terminala daxil etməlidir. Bu halda təsdiqlənib yazısı və “01” cavab kodu ilə qəbz çıxır. Hazırkı iş üzrə əməliyyatların əksəriyyəti uğursuzdur. Ona görə ki, “Bank”a və "xxxx" prosessinq mərkəzinə bununla bağlı məlumat daxil edilməyib. Mexaniki olaraq 6 rəqəmli kodun yığılması ilə qəbzlərin əldə olunmasının məqsədi “fraud” əməliyyatı ola bilər. Cavabdehin təqdim etdiyi siyahıda “01” cavab kodu qeyd olunan əməliyyatlar üzrə köçürülən məbləğlər avtorizasiya sorğusu əsasında yox, ekvayer bankın (ABB) sorğusu əsasında həyata keçirilən silinmələr əsasında aparılmışdır. Belə ki, ekvayer bankın sorğusu əsasında "xxxx" MMC təhlil aparır, silinmələrin aparılması barədə emitent banka məlumat verir və silinməli olan fayl X2 göndərilir. Həmin mərkəz təqdim olunan fayl əsasında emintet bankın (hazırkı halda "xxxx" ASC) hesabından avtomatik silinmə aparıb ekvayer bankın (hazırkı halda ABB) hesabına köçürməni həyata keçirir. Pul silindikdən sonra emitent bank X2 etiraz yerləşdirə, bunun əsasında araşdırma aparıla bilər. Bu artıq emitent və ekvayer bank arasında olan məsələdir.

8. Üçüncü şəxs "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə həmin üçüncü şəxsin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Ekvayrinq müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

12. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı MMC (“Təsərrüfat subyekti” qismində) ilə ABB (“Bank” qismində) arasında xx.xx.2019-cu il tarixdə PBD1030 saylı müqavilə bağlanmış, müqaviləyə əsasən beynəlxalq kart təşkilatlarının ekvayrinq lisenziyanın sahibi kimi müvafiq hüquq və səlahiyyətlərə malik olan cavabdeh iddiaçını vəkil etmişdir ki, ödəniş kartlarını malların və xidmətlərin dəyərini ödəmək üçün qəbul edir, ödəniş kartları ilə aparılmış əməliyyatların məbləğini müqavilədə qeyd edilən komisyon haqlarını çıxdıqdan sonra iddiaçının müvafiq bank hesabına köçürür.

13. İddiaçı bildirir ki, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə aparılmış 2064 əməliyyat üzrə məbləğlər POS-terminallardan çıxan qəbz üzərində “Təsdiqlənib” sözlərinin yazılmasına baxmayaraq, iddiaçının bank hesabına köçürülməmiş. Rekvizitlərinin oxunması mümkün olan qəbz sayı 1941 ədəddir. 2064 əməliyyat üzrə iddiaçının bank hesabına köçürülməyən məbləğlərin ümumi miqdarı 135 019,19 manat təşkil edir. Ona görə də həmin məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş edir.

14. Cavabdeh bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin tələblərinə əsasən ABB bütün əməliyyatlar üzrə yox, yalnız uğurlu (etibarlı) əməliyyatlar üzrə ödənişləri İddiaçı MMC-yə ötürməyi (komisyon haqq tutulduqdan sonra) öhdəsinə götürmüşdür. Əməliyyat uğurlu olmamışdırsa və həmin əməliyyata görə ABB-yə emitent bankdan pul köçürülməmişdirsə, ABB tərəfindən iddiaçıya pul köçürülmür. Uğurlu olmuş, o cümlədən uğursuz olsa da, sonradan pul köçürülmüş əməliyyatlar üzrə cavabdeh öz komisyon haqlarını tutduqdan sonra müvafiq ödənişləri iddiaçının bank hesabına köçürmüşdür. İddiaçı tərəfindən təqdim olunan qəbzlərdən 1771 ədədinin rekvizitlərinin oxunması mümkündür və qəbzlərdə cavab kodu “01”dir, bu isə əməliyyatların uğursuz olduğunu göstərir. Dəyəri ödənilməyən əməliyyatlar üzrə cavabdehə emitent bankdan pul daxil olmamış, ona görə də köçürmə həyata keçirilməmişdir. İddiaçı hansı problemli əməliyyat ilə bağlı cavabdehə müraciət etmişdirsə, cavabdeh dərhal prosessinq mərkəzinə sorğu ünvanlamış, əməliyyat üzrə gələn pulu da iddiaçının hesabına köçürmüşdür. Belə ki, iddiaçının təqdim etdiyi qəbzlərdən rekvizitləri oxunması mümkün olan qəbzlərin dəyərinin bir hissəsi iddiaçının hesabına köçürülmüşdür.

15. Üçüncü şəxs "xxxx" MMC bildirir ki, cavabdehə prosessinq xidmətlərini "xxxx" MMC göstərir. Qəbzdə “00” cavab kodundan başqa hər hansı cavab kodu əməliyyatın uğursuz olduğunu göstərir. “01” cavab kodunun açıqlaması “emitent bank ilə əlaqə saxlayın” deməkdir. “01” cavab kodu olduqda müəssisə tərəfindən ekvayer banka müraciət olunmalı və ekvayer bank həmin məlumatları emitent banka ötürülməlidir. Bundan sonra emitent bank əməliyyatın icra olunub-olunmamasına öz razılığını bildirməlidir. Əgər razılıq verilməzsə, ekvayer bank tərəfindən müəssisəyə məlumat verilməli, müştəriyə mal təqdim olunmamalıdır. Emitent bank əməliyyatın aparılmasına razılıq verdiyi halda isə 6 rəqəmli təsdiq kodu ekvayer banka təqdim edilməli, ekvayer bank isə həmin təsdiq kodunu müəssisəyə təqdim etməli və kassir həmin kodu postterminala daxil etməlidir. Bu halda təsdiqlənib yazısı və “01” cavab kodu ilə qəbz çıxır. Mübahisənin predmetini təşkil edən əməliyyatların əksəriyyəti uğursuz olmuşdur. Cavabdehin təqdim etdiyi siyahıda “01” cavab kodu qeyd olunan əməliyyatlar üzrə köçürülən məbləğlər avtorizasiya sorğusu əsasında yox, ekvayer bankın (ABB) sorğusu əsasında həyata keçirilən silinmələr əsasında aparılmışdır. Cavabdehin sorğusu əsasında "xxxx" MMC təhlil aparmış, silinmələrin aparılması barədə emitent banka məlumat verərək silinməli olan fayl X2 göndərilmişdir. Həmin mərkəz təqdim olunan fayl əsasında emintet bankın (hazırkı halda "xxxx" ASC) hesabından avtomatik silinmə aparıb ekvayer bankın (hazırkı halda ABB) hesabına köçürməni həyata keçirmişdir.

16. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

17. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mərkəzi X4 10 iyul 2012-ci il tarixli 16/3 nömrəli Qərarı ilə (xx.xx.2024-cü il tarixdə ləğv edilərək yeni Qaydalar təsdiqlənmişdir) təsdiq edilmiş “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”na (bundan sonra Qaydalar) əsasən, ekvayer, ekvayrinq xidmətini həyata keçirən hüquqi şəxsdir (2.1.4). Ekvayrinq, təsərrüfat subyekti və ya dövlət orqanı (qurumu) ilə bağlanmış müqavilə əsasında müvafiq olaraq ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması və ya vergilərin və dövlət orqanları tərəfindən göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqların ödənilməsi və ya kart istifadəçisinə nağd pul vəsaitinin verilməsi üzrə göstərilən xidmətdir (2.1.5). Ekvayrinq xidməti ekvayerlə təsərrüfat subyekti və ya müvafiq hallarda dövlət orqanı (qurumu) arasında bağlanmış müqavilə əsasında həyata keçirilir (3.10).

20. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış 25 oktyabr 2019-cu il tarixli PBD1030 nömrəli müqavilənin şərtlərinə nəzər saldıqda aydın olur ki, müqavilə ekvayrinq müqaviləsi olub, ekvayrinq xidmətini həyata keçirən cavabdeh bankla təsərrüfat subyekti olan İddiaçı MMC arasında iddiaçı tərəfindən ticarət xidmətlərininin göstərilməsi zamanı müştərilərlə hesablaşmalarının aparılması üzrə cavabdeh tərəfindən göstərilən xidməti özündə ehtiva edir.

21. Məhkəmə Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən qeyd edir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Tərəflər arasında bağlanmış 25 oktyabr 2019-cu il tarixli PBD1030 nömrəli müqavilə mahiyyət etibarilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.

22. Qanunun tələbindən görünür ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.

23. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında da qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.

24. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.

25. Tərəflər arasında bağlanmış 25 oktyabr 2019-cu il tarixli müqavilənin şərtlərindən görünür ki, cavabdeh iddiaçını zəruri olan avadanlıqla təmin etməyi (2.1.2), aparılmış kart əməliyyatları barədə məlumat iddiaçı tərəfindən POS-terminal vasitəsilə və ya hesab vasitəsilə kart təşkilatına verildiyi tarixdən etibarən 7 iş günü ərzində, kartlarla aparılmış əməliyyatların məbləğini bu müqavilədə qeyd edilən komisyon haqlarını çıxdıqdan sonra iddiaçının hesabına köçürməyi (2.1.1) öhdəsinə götürmüşdür. İddiaçı isə satılan mallar (göstərilən xidmətlər) müqabilində kart istifadəçisindən kartları qəbul edərək, digər tədiyyə vasitələri ilə, o cümlədən nağd pula satılan qiymətlərə bərabər olaraq, kartlarla ödənişlərin aparılmasını təmin etmək və kart sahiblərinin üzərinə heç bir əlavə xərc qoymamağı (2.3.1), kartlarla əməliyyatları cavabdeh tərəfindən müəyyən edilmiş qaydalara uyğun surətdə aparmağı və hesablarda əks etdirilən məlumatın düzgünlüyü üçün məsuliyyət daşımağı (2.3.2), əməliyyatın aparıldığı tarixdən etibarən 7 iş günündən gec olmayaraq, hesabları doldurulmuş toplu hesabla birlikdə cavabdehə təqdim etməyi və ya POSterminal vasitəsi ilə (gün sonu (Zet) çıxarmaqla) göndərməyi (2.3.5), aldığı avadanlıqları başqa şəxslərə verməməyi və cavabdehin razılığı olmadan digər şəxslərin cavabdehdən alınmış ləvazimatlardan istifadə etməsinə imkan verməməyi, bu tələbin pozulması nəticəsində dəyən zərərin məbləğini cavabdehə ödəməyi (2.3.11), işə götürdüyü əməkdaşların fəaliyyətlərinə görə məsuliyyət daşımağı (2.3.33) öhdəsinə götürmüşdür.

26. Göründüyü kimi, cavabdeh iddiaçını zəruri olan avadanlıqla təmin etməyi və kartlarla aparılmış əməliyyatların məbləğini komisyon haqlarını çıxdıqdan sonra iddiaçının hesabına köçürməyi öhdəsinə götürmüş, iddiaçı isə kartlarla əməliyyatları cavabdeh tərəfindən müəyyən edilmiş qaydalara uyğun surətdə aparmağı, aldığı avadanlıqları başqa şəxslərə verməməyi, cavabdehin razılığı olmadan digər şəxslərin cavabdehdən alınmış ləvazimatlardan istifadə etməsinə imkan verməməyi və işə götürdüyü əməkdaşların fəaliyyətlərinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.

27. Cavabdeh tərəfindən iddiaçıya təqdim olunan “Plastik kartlar vasitəsi ilə əməliyyat aparmaq üçün nəzərdə tutulmuş müvafiq elektron avadanlıq GPRS tipli posterminal üzrə Təlimat”ın 5-ci bəndinə əsasən, POS-terminal üzrə düzgün olmayan əməliyyat aparılan zaman ilk öncə ekranda bu barədə xəbərdaredici məlumat verilir və qəbz çıxan zaman “CAVAB KOD”-da uğursuz əməliyyat barəsində kod öz əksini tapır. 5.1ci bənddə qeyd olunmuşdur ki, “CAVAB KOD”-da çıxan istənilən kodun mənasını aşağıdakı “kodların açıqlaması” ilə dəqiqləşdirin: 01- kartı buraxan bank tərəfindən yaranmış problem.

28. İddiaçının təqdim etdiyi qəbzlərdən (iş materiallarının 2, 3, 4-cü cildləri) görünür ki, xx.xx.2022-ci il tarixli, RRN: **********58 kodlu, 7051 nömrəli (3-cü cild 20-ci vərəq), xx.xx.2022-ci il tarixli, RRN: **********49 kodlu, 7178 nömrəli (3-cü cild 81-ci vərəq), xx.xx.2022-ci il tarixli, RRN: **********97 kodlu, 7800 nömrəli (3-cü cild 147-ci vərəq) qəbzlərdə cavab kodu “00”, qalan bütün qəbzlərdə cavab kodu “01”dir.

29. Həmçinin təqdim olunan qəbzlərdən və tərəflərin təqdim etdiyi qəbzlər üzrə əməliyyatlara dair məlumatların əks olundunduğu siyahıları (elektron iş materialları 134-cü (cavabdehin təqdim etdiyi) və 179-cu (iddiaçının təqdim etdiyi) sənədləri müqayisəli təhlil etdikdə aydın olur ki, əməliyyatlar ilk 4 rəqəmi “4169”, “4127”, “4098”, “5169” olan kartlarla aparılmışdır. Həmçinin müəyyən olunur ki, ilk 4 rəqəmi “4127” olan 1 kartla (4127....0890) 1 əməliyyat, “4098” olan 2 kartla (4098....3083, 4098....5063) ümumilikdə 2 əməliyyat, “5169” (5169....0508) olan 1 kartla 1 əməliyyat aparılmış, həmin kartlarla aparılmış 4 əməliyyat üzrə pul vəsaitləri cavabdeh tərəfindən iddiaçının hesabına köçürülmüş, qalan bütün əməliyyatlar ilk 4 rəqəmi “4169” olan kartla aparılmışdır.

30. Məhkəmənin sorğusuna "xxxx" ASC-nin 05 iyul 2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ilk 4 rəqəmi “4169” ilə başlayan plastik kartlar yalnız "xxxx" ASC-yə məxsusdur.

31. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-79/2024 nömrəli qərardadı ilə "xxxx" ASC-dən təqdim olunan siyahı üzrə RRN nömrələri qeyd edilmiş əməliyyatların (nömrələri qeyd edilmiş müvafiq plastik kartlar üzrə) uğurlu əməliyyat olub-olmaması barədə məlumatların, RRN nömrələri qeyd edilmiş əməliyyatların (nömrələri qeyd edilmiş müvafiq plastik kartlar üzrə) uğurlu əməliyyat olmaması müəyyən edilərsə, bunun səbəbləri (məsələn həmin anda kartda kifayət qədər vəsaitin olmaması səbəbinə görə və s. səbəbə görə) barədə məlumatların, RRN nömrələri qeyd edilmiş əməliyyatlar (nömrələri qeyd edilmiş müvafiq plastik kartlar üzrə) uğurlu olmuşdursa, bu vəsaitlərin cavabdehə köçürülməsi barədə (nə vaxt, necə (hansı formada) məlumatların məhkəməyə təqdim edilməsi tələb edilmiş, qəbzlər üzrə əməliyyatlara dair məlumatların əks olundunduğu iddiaçının və cavabdehin təqdim etdiyi siyahılar "xxxx" ASC-yə təqdim olunmuşdur.

32. "xxxx" ASC məhkəmənin qərardadı ilə tələb olunan məlumatlarla bağlı məhkəməyə xx.xx.2024-cü il tarixli 2024/111/19114 nömrəli məktub ünvanlayaraq siyahıda təqdim edilən əməliyyatların plastik kartların statusunun “declared” (qeyri-aktiv) olması səbəbilə uğursuz nəticələndiyi qeyd olunmuşdur.

33. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi qəbzlərdən cəmi 3 qəbz üzrə “00”, yəni uğurlu əməliyyat üzrə cavab kodu olmuş, qalan qəbzlərdə əməliyyatın cavab kodu “01”, yəni kartı buraxan bank tərəfindən yaranmış problemi əks etdirən cavab kodu olmuşdur. Həmçinin əməliyyatların həyata keçirildiyi plastik kartlardan ilk 4 rəqəmi “4127” olan 1 ədəd, “4098” olan 2 ədəd, “5169” olan 1 ədəd olmaqla 4 plastik kart üzrə aparılan və dəyəri ödənilən cəmi 4 əməliyyat istisna olmaqla, qalan bütün əməliyyatlar ilk 4 rəqəmi “4169” ilə başlayan plastik kartlarla aparılmış, həmin kartlar isə yalnız "xxxx" ASC-yə məxsus olmuş, "xxxx" ASC isə qəbzlər üzrə əməliyyatlara dair məlumatların əks olundunduğu tərəflərin təqdim etdiyi siyahılarda əks olunan əməliyyatların plastik kartların statusunun “declared” (qeyriaktiv) olması səbəbilə uğursuz nəticələndiyi qeyd etmişdir.

34. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış prosessinq xidmətinin göstərilməsinə dair xx.xx.2020-ci il tarixli xidmət müqaviləsindən görünür ki, cavabdehin emissiya etdiyi və şəbəkəsi çərçivəsində xidmət göstərdiyi yerli (lokal) və beynəlxalq ödəniş kartları ilə bağlı, lakin bununla məhdudlaşmayaraq bütün ödəniş vasitələri və sistemləri üzrə bütün prosessinq işlərinin və əməliyyatlarının göstərilməsini, o cümlədən cavabdehə məxsus olan xidmət şəbəkəsi (ekvayer şəbəkəsi) avadanlıqlarını və sair tətbiqlərini öz prosessinq mərkəzinə qoşmaq, xidmətə açıq olmasını təmin etmək və bundan irəli gələn bütün işləri görmək öhdəliyini "xxxx" MMC öz üzərinə götürmüşdür.

35. Cavabdehin məhkəməyə təqdim etdiyi "xxxx" MMC-nin cavabdehə ünvanladığı cavab məktubu və ona əlavə olunan siyahıdan (elektron iş materiallarında 134-cü sənəd) görünür ki, cavabdehin rekvizitlərinin oxunduğunu qeyd etdiyi 1771 ədəd qəbzdən ekvayer banka (cavabdehə) vəsait daxil olan qəbzlərin sayı (ilk 4 rəqəmi “4127”, “4098”, “5169” olan 4 kartla aparılan 4 əməliyyatı əks etdirən qəbzlər də daxil olmaqla) 101 ədəddir (23 ədəd yaşıl sətrdə əks olunan, 78 ədəd sarı sətrdə əks olunan), qalan qəbzlər üzrə ekvayer banka (cavabdehə) vəsait daxil olmamış, səbəbi isə emitent bankdan 00 (uğurlu) deyil, 01 cavab kodunun daxil olması olmuşdur.

36. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, həmin siyahıda ekvayer banka (cavabdehə) vəsait daxil olan qəbzlər kimi qeyd olunan 101 ədəd qəbzdən siyahının 14, 111, 340, 552, 795, 863, 864, 1571, 1572, 1669, 1671-ci sətrində qeyd olunan qəbzlər başqa təsərrüfat subyektinə aid olmuş, yanlışlıqla iddiaçıya aid qəbzlərin siyahısında əks olunmuş, həmin əməliyyatlar üzrə vəsaitlər aid olduqları təsərrüfat subyektlərinin hesabına köçürülmüşdür. Beləliklə, ekvayer banka (cavabdehə) vəsait daxil olan qəbzlərin sayının 90 ədəd (“00” cavab kodlular da daxil olmaqla) olduğu müəyyən olunmuşdur.

37. Məhkəmə iclasında mütəxəssis qismində Azərbaycan Respublikasının Mərkəzi Bankının Ödəniş xidmətləri və ödəniş sistemlərinin inkişafı və siyasəti şöbəsinin rəisi X6 izahatında bildirmişdir ki, əməliyyat edilən zaman POS-terminaldan əldə olunan qəbzlərdə “00” cavab kodu əməliyyatın təsdiqləndiyini, “01” cavab kodu isə əməliyyatdan imtina olunduğunu göstərən koddur. Əməliyyat edilən zaman kart məlumatları emitent banka (hazırkı halda "xxxx" ASC) ötürülür. Kartda hər hansı problem olmazsa, “00” cavab kodu qeyd olunur, emitent bank əməliyyat üzrə vəsaiti ekvayer banka (hazırkı halda ABB) köçürməyi öhdəsinə götürür. Emitent bank əməliyyatdan imtina edərsə, qəbzdə cavab kodu “01” kimi qeyd olunur, bu zaman “əməliyyatdan imtina edilmişdir”, “əməliyyat uğursuzdur” kimi izah mətnləri çıxır.

38. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi (Kart və terminal texnologiyaları departamentinin direktoru) X9 izahatında bildirmişdir ki, POS-terminal vasitəsi ilə əməliyyatlar beynəlxalq ödəniş sistemləri tərəfindən müəyyən olunan qaydalara əsasən aparılmalıdır. Həmin qaydaların tələblərinə əsasən POS-terminalda əməliyyat aparan zaman sorğu ekvayer bank tərəfindən emitent banka çatdırılmalı, emitent bank əməliyyatın aparılmasına icazə verib-vermədiyini müəyyən etdikdən sonra buna uyğun olaraq sorğuya cavab kodu təqdim etməli, əməliyyatın uğurlu olub-olmaması həmin təsdiq kodu əsasında müəyyən edilməlidir. Qəbzlərdə “Təsdiqlənib” ifadəsinin əks olunması sorğunun tsiklinin təsdiqlənməsidir. Bu, o deməkdir ki, ekvayer bank tərəfindən öz prosessinq mərkəzi vasitəsilə emitent banka sorğu ünvanlaması və sorğuya eyni qaydada cavab təqdim edilməsi mümkün olmuşdur. Əməliyyat təsdiqləndikdə də qəbzdə “Təsdiqlənib” sözü yazılır. Lakin belə olan halda sorğuya cavab kodu olaraq “00” kodu qeyd olunmalıdır. Əsas cavab kodudur. Belə ki, “00” cavab kodundan başqa hər hansı cavab kodu əməliyyatın uğursuz olduğunu göstərir. Cavabdehin təqdim etdiyi siyahıda “01” cavab kodu qeyd olunan əməliyyatlar üzrə köçürülən məbləğlər avtorizasiya sorğusu əsasında yox, ekvayer bankın (ABB) sorğusu əsasında həyata keçirilən silinmələr əsasında aparılmışdır. Belə ki, ekvayer bankın sorğusu əsasında "xxxx" MMC təhlil aparır, silinmələrin aparılması barədə emitent banka məlumat verir və silinməli olan fayl X2 göndərilir. Həmin mərkəz təqdim olunan fayl əsasında emintet bankın (hazırkı halda "xxxx" ASC) hesabından avtomatik silinmə aparıb ekvayer bankın (hazırkı halda ABB) hesabına köçürməni həyata keçirir.

39. Cavabdehin təqdim etdiyi (elektron iş materiallarının 210, 241, 245, 259-cu sənədləri) hesabdan çıxarış məlumatlarından görünür ki, "xxxx" MMC-nin cavabdehə ünvanladığı cavab məktubu və ona əlavə olunan siyahıda qeyd olunan ekvayer banka (cavabdehə) vəsait daxil olan 90 ədəd qəbz üzrə məbləğlərin cavabdeh tərəfindən iddiaçının hesabına köçürüldüyü müəyyən olunmuşdur.

40. Göründüyü kimi, iddiaçının iddiasının əsası kimi istinad etdiyi qəbzlərdən yalnız 3 ədəd qəbzdə cavab kodu “00”, yəni uğurlu əməliyyat olmuş, qalan qəbzlərdə “01”, yəni kartı buraxan bank tərəfindən yaranmış problemi və uğursuz əməliyyatı əks etdirən cavab kodu olmuşdur. Cavabdehin təqdim etdiyi sübutlar əsasında isə ekvayer bank kimi ona cəmi 90 ədəd əməliyyat üzrə (cavab kodu “00” olan qəbzlər də daxil) vəsait daxil olduğu, həmin vəsaitlərin də iddiaçının hesabına köçürüldüyü təsdiqini tapmışdır. Həmin 90 ədəd qəbzdən cavab kodu “00” olan qəbzlər istisna olmaqla, qalan qəbzlər üzrə vəsait avtorizasiya sorğusu əsasında yox, ekvayer bankın (ABB) sorğusu əsasında həyata keçirilən silinmələr əsasında prosessinq mərkəzi ("xxxx" MMC) tərəfindən aparılmışdır. Belə ki, ABB-nin sorğusu əsasında "xxxx" MMC silinməli olan faylı X2 göndərmiş, həmin mərkəz təqdim olunan fayl əsasında emintet bankın (hazırkı halda "xxxx" ASC) hesabından avtomatik silinmə aparıb ekvayer bankın (hazırkı halda ABB) hesabına köçürməni həyata keçirmişdir.

41. Həmçinin "xxxx" MMC-nin nümayəndəsi X9 cavab kodu “01” olan qəbzlərdə “təsdiqlənib” qeydinin əməliyyatın təsdiqləndiyini deyil, sorğunun tsiklinin təsdiqləndiyini ifadə etdiyini, bunun ekvayer bank tərəfindən öz prosessinq mərkəzi vasitəsilə emitent banka sorğu ünvanlaması (hazırkı halda ABB-nin "xxxx" MMC vasitəsi ilə emitent bank "xxxx" ASC-yə) və sorğuya eyni qaydada cavab təqdim edilməsinin mümkün olduğunu ifadə etdiyini izah etmiş, əməliyyatın təsdiqlənib-təsdiqlənməməsinin cavab kodu ilə müəyyən olunduğunu bildirmişdir.

42. İddiaçının təqdim etdiyi tərəflərin əməkdaşları arasında aparılan yazışmalardan (iddia ərizəsinə əlavə şəklində və “disk”də) görünür ki, iddiaçının hesabına vəsait köçürülməyən 7 ədəd qəbz cavabdehə göndərilmiş, iddiaçı tərəfindən 334 manat, 80 manat, 99,9 manatlıq əməliyyatlar üzrə vəsaitin köçürülməsi cavabdehdən xahiş olunmuş, xx.xx.2022-ci il tarixdə bəzi müştərilərin kartlarından məbləğlərin sonradan çəkilməsi və müştərilərin narazılığına səbəb olması göstərilərək bu halın "xxxx" ASC-yə məxsus kartlarda olduğu bildirilmiş, cavabdeh tərəf müraciətlərdəki əməliyyatlar üzrə araşdırmalar aparıldığını ayrı-ayrı cavab məktublarında qeyd etmiş, xx.xx.2022-ci il tarixdə ABB-nin əməkdaşı iddiaçının əməkdaşlarına cavab məktubunda “əgər POS terminal çeki üzərində CAVAB KODU “01” əks olunarsa, bu əməliyyatın uğursuz olduğunu bildirir (CAVAB KOD “00” isə uğurlu olduğunu). Zəhmət olmasa bu məqam ilə bağlı bütün mağazalara məlumat təqdim edəsiz, bu hal ilə rastlaşan zaman məlumat mərkəzinə zəng edərək əməliyyatın statusunu dəqiqləşdirsinlər” məzmunda müraciət ünvanlamışdır.

43. İddiaçının təqdim etdiyi daxili yazışmalarından görünür ki, Aytac Esedova adlı şəxs xx.xx.2022-ci il tarixdə “mailto:Aytac.Esedova@almarket.azElektron ünvan 1“ elektron poçt ünvanından əməkdaşlarına müraciət edərək “Salam,hörmətli Əməkdaşlar, Al Market mağazalarında iki aydır yaşanan problemli ödənişlərlə bağlı müştəri kartlarını aşağıda nəzərinizə çatdırıram. Qeyd olunan bu kartlar vasitəsi ilə 20-yə yaxın Al market mağazalarında əksəriyyəti yüksək tutarda olan ödənişlər edilmişdir, lakin bu ödənişlərin heç biri Al market hesabına köçməmişdir. Problemin hansı səbəbdən sırf bu kartlarda yaşandığının (nəzərə alsaq ki bir kartla bir çox müştəri kartıları ilə ödəniş olunur, lakin onlarda problem yaşanmır) araşdırılmasını xahiş edirik. Ehtimal edirik ki, bu müştəri kartları problemli kartlardır. Zəhmət olmasa məsələyə aydınlıq gətirilməsində bizə yardımçı olasınız. 4169***5161-ən çox satış edilən, 4169***1742-ən çox satış edilən, 4169***6631-ən çox satış edilən, 4169***8792. Qeyd:Aşağıdakı şəkildə 4169***1742 kodlu kartın xx.xx.2022 tarixində 3081/3733/3781 mağazalarından alış-veriş etdiyini görə bilərsiniz,onu da qeyd edim ki,bunlar sadəcə bir nüsxədir,eyni gündə eyni kartdan bir neçə məbləğ çəkilib.” qeyd etmiş, Sabri Alp adlı şəxs “mailto:Sabri.Alp@almarket.azElektron ünvan 2“ elektron poçt ünvanından cavab olaraq “Aytaç hanım, Bu kartlara ait mağaza bazlı detaylı (Magaza no,Tarih,saat,tutar göstermeli) alışveriş listesini göndermenizi rica ederim. Ayrıca banka tarafında bu tutarlar görünmuyorsa neden bizim pos cihazları onay veriyor? Bu kartları bankaya bildirip bloklattırmak gerekir. Satış Müdürü arkadaşlar, Gelecek listeye göre detaylı inceleme yapalım. Kartları kullanan aynı kişimi? Kamera kayıtlarına bakalım. Bu kişiler gerekirse polise bildirilmelidir. Gereğini rica ederim” bildirmişdir.

44. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıya “Plastik kartlar vasitəsi ilə əməliyyat aparmaq üçün nəzərdə tutulmuş müvafiq elektron avadanlıq GPRS tipli pos-terminal üzrə Təlimat” təqdim etmiş, tərəflər arasında bağlanmış müqavilənin tələbinə əsasən kartlarla əməliyyatları cavabdeh tərəfindən müəyyən edilmiş qaydalara uyğun surətdə aparmaq, hesablarda əks etdirilən məlumatın düzgünlüyü üçün məsuliyyət daşımaq, aldığı avadanlıqları başqa şəxslərə verməmək, işə götürdüyü əməkdaşların fəaliyyətlərinə görə məsuliyyət daşımaq iddiaçının vəzifəsi olmuşdur. Təlimatda POS-terminal üzrə düzgün olmayan əməliyyat aparılan zaman ilk öncə ekranda bu barədə xəbərdaredici məlumat verilməsi, qəbz çıxan zaman cavab kodda uğursuz əməliyyat barəsində kodun öz əksini tapması, cavab kodda çıxan istənilən kodun mənasının nə olduğu açıq-aydın qeyd olunmuşdur. İddiaçının təqdim etdiyi qəbzlərdə də əks olunmuş “01” cavab kodunun açıqlamasının “kartı buraxan bank tərəfindən yaranmış problem” olduğu təsbit olunmuşdur.

45. Tərəflər arasında və iddiaçının öz əməkdaşları arasında aparılan yazışmalardan da aydın olur ki, mübahisəli əməliyyatların aparıldığı dövrdə ABB-nin əməkdaşı iddiaçının əməkdaşlarına qəbz üzərində cavab kodu “01” əks olunarsa, bu əməliyyatın uğursuz olduğunu bildirməsi, “00” cavab kodunun əməliyyatın uğurlu olduğunu göstərməsi barədə yenidən məlumat vermiş, bu məqam ilə bağlı bütün mağazalara məlumat təqdim edilməsini, bu hal ilə rastlaşan zaman məlumat mərkəzinə zəng edərək əməliyyatın statusunun dəqiqləşdirilməsini xahiş etmiş, iddiaçının əməkdaşları öz aralarında apardıqları yazışmalarda şübhəli kartlar və əməliyyatlar barədə məlumat mübadiləsi aparmışlar. Bu isə onu deməyə əsas verir ki, iddiaçı müxtəlif satış nöqtələrində aparılan uğursuz əməliyyatlarla bağlı lazımi diqqət və sayıqlıq göstərməmiş, əməkdaşlarımı POSterminaldan istifadə qaydaları ilə bağlı lazımi qaydada məlumatlandırmamış və ya nəzarət həyata keçirməmişdir.

46. Həmçinin məhkəmə dəyəri tələb olunan qəbzlər üzrə ticarət əməliyyatlarının həyata keçirilməsini təsdiq edən sübutların (nəzarət-kassa aparatlarının qəbzlərinin və s.) təqdim edilməsini iddiaçıya təklif etmiş, qeyd olunan sübutlar təqdim edilməmişdir.

47. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

48. Yuxarıda qeyd olunlardan göründüyü kimi, cavabdeh tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklərini icra etmiş, iddiaçıya məxsus təsərrüfat subyektlərində aparılmış əməliyyatlardan uğurlu (“00” cavab kodlu) əməliyyatlar və iddiaçının müraciəti əsasında prosessinq mərkəzi tərəfindən emitent bankın hesabından tutularaq onun hesabına köçürülən pul vəsaitlərini iddiaçının hesabına köçürmüşdür. İddiaçı isə POSterminaldan istifadə qaydaları üzrə təlimatın tələblərinə əməl etməmiş, buna rəğmən “01” cavab kodlu qəbzlər üzrə pulun tutulması tələbini irəli sürmüşdür. Halbuki müqavilə üzrə cavabdeh əməliyyatlar üzrə kartların məxsus olduğu emitent bank tərəfindən köçürülən vəsaitlərin təsərrüfat subyektinin hesabına köçürmək öhdəliyi daşımışdır.

49. Qeyd olunanlara əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz.

b) Məhkəmə xərcləri ilə bağlı

50. İddiaçı ödənilmiş dövlət rüsumunun, mediasiya xərcinin cavabdehdən tutulmasını xahiş edir.

51. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərindən görünür ki, xx.xx.2023-cü il tarixli 9/5860 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 200 manat, xx.xx.2023-cü il tarixli 9/7917 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 100 manat təşkil edir.

52. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

53. Həmin Məcəllənin 115.0 və 115.0.4-cü maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir.

54. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

55. Məhkəmə iddia tələbinin təmin edilmədiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərcləri özünə aid edilməli, ekspertiza xərcinin əvəzi olaraq 300 manat məbləğində pul iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir.

V. Nəticə:

56. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “ekvayrinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza xərci olaraq İddiaçındən 300 (üç yüz) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar