Məhkəmə qərarları › İş №e-2-2(113)-791/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-791/2024

29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-791/2024 29.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nümayəndə Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh1 MMC-nin nümayəndəsi olan Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 birgə qaydada DC00340165-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 32357,95 manat əsas borc, 1814,88 manat faiz borcu, 270,46 manat cərimə borcu olmaqla, cəmi 34443,29 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh1 MMC (bundan sonra “Borcalan”) arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-cu il tarixli 1.0.3 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə OnGTC-04617LE/2019 saylı Razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X3 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2022-ci il tarixli DC00340165-06 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 38480 manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir. Borcalan Cavabdeh1 MMC Bank qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Bank ilə Cavabdeh2 arasında DC00340165- 06 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2022-ci il tarixli DG**********866 saylı zaminlik müqaviləsi bağlanmışdır. Hazırda Borcalanın xx.xx.2023-ci il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri DC00340165-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 32357,95 manat əsas borc, 1814,88 manat faiz borcu, 270,46 manat cərimə borcu olmaqla, cəmi 34443,29 manat təşkil edir, gecikmə günlərinin sayı 182 gün. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Bundan başqa tərəfimizdən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında mediasiya təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı ASC mediasiya prosesi üzrə 200 manat məbləğində xidmət haqqı ödəmişdir. X4 4cü bölümünün 3.11-ci bəndinə əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək tələbin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi olan Cavabdeh2 izahatında əsas borc hissəsində iddia tələbi ilə razı olduğunu, lakin faiz və cərimə tələbi hissəsində iddianı qəbul etmədiyini bildirmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli DC00340165-06 saylı Maliyyələşdirmə üçün ərizədən görünür ki, Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 38480 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. xx.xx.2022-ci il tarixli DG**********866 saylı zaminlik müqaviləsindən görünür ki, bank ilə borcalan arasında müqavilənin 2.1-ci bəndində göstərilən öhdəlik əsasında borcalana veriləcək müqavilənin 2.2 bəndində göstərilən məbləğdə kredit xətti ilə əlaqədar olaraq borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. xx.xx.2023-cü il tarixli İddiaçı ASC tərəfindən tərtib olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri DC00340165-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 32357,95 manat əsas borc, 1814,88 manat faiz borcu, 270,46 manat cərimə borcu olmaqla, cəmi 34443,29 manat təşkil edir. Gecikmə günü 182 gündür xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ASC Bakı şəhəri 9 saylı mediasiya təşkilatına 200 manat məbləğində mediasiya xərci ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1, 386.1, 467-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə İş materiallarından da göründüyü kimi iddiaçı və cavabdeh arasında qanunvericiliyə uyğun olaraq kredit və zaminlik müqavilələri bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdehlər bankın qarşısında olan öhdəliklərini yerinə yetirməyərək borcu ödəməmişlər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia 32357,95 manat əsas borc, 1814,88 manat faiz borcu, mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqı tələbi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Həmçinin məhkəmə iddia tələbinin DC00340165-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 270,46 manat məbləğində cərimə hissəsi ilə əlaqədar qeyd edir ki, cərimə tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 127,17 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 birgə qaydada DC00340165-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 32357,95 manat əsas borc, 1814,88 manat faiz borcu, 127,17 manat cərimə borcu olmaqla, cəmi 34300 manat məbləğində borc, həmçinin mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqı cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 birgə qaydada DC00340165-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 32357,95 manat əsas borc, 1814,88 manat faiz borcu, 127,17 manat cərimə borcu olmaqla, cəmi 34300 manat məbləğində borc, həmçinin mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqı tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Nümayəndə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar