Məhkəmə qərarları › İş №e-2-2(113)-7920/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7920/2025

09.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7920/2025 09.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı kreditlər üzrə “kredit müqaviləsi üzrə borc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, zaminlik, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdeh və digər Cavabdeh2 MMC-nin nümayəndəsi Cavabdeh1 iştirakları ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı kreditlər üzrə “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 birgə qaydada DC00683710-05 saylı maliyyələşdirmə üçün ərizəsinə əsasən 28,930.76 (iyirmi səkkiz min doqquz yüz otuz manat yetmiş altı qəpik) manat əsas borc, 1,569.19 (bir min beş yüz altmış doqquz manat on doqquz qəpik) manat faiz borcu, 85.72 (səksən beş manat yetmiş iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 30,585.67 (otuz min beş yüz səksən beş manat altmış yeddi qəpik) manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 181.76 (bir yüz səksən bir manat yetmiş altı qəpik) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2025-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2024-cü il tarixli 1.0.7 №-li versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-45145LE/2019 saylı Razılaşma imzalanmışdır. Həmin razılıq ərizələrini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X2 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. OnGTC-45145LE/2019 saylı razılaşma çərçivəsində İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2025-ci il tarixli DC00683710-05 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış və Bank tərəfindən borcalana xx.xx.2027ci il tarixinədək illik faiz dərəcəsi 16%, illik cərimə faizi 15%, illik cərimə faizi kredit müddəti bitdikdən sonra 31% olmaqla, 30,000 (otuz min) manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli DC00683710-05 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Bank ilə Cavabdeh1 arasında DG**********852 saylı xx.xx.2025-ci il tarixli zaminlik müqaviləsi imzalanmışdır. Borclu Cavabdeh2 MMC-nin xx.xx.2025-ci il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: - DC00683710-05 saylı maliyyələşdirmə üçün ərizəsinə əsasən 28,930.76 manat əsas borc, 1,569.19 manat faiz borcu, 85.72 manat cərimə borcu olmaqla, cəmi 30,585.67 manat təşkil edir. Gecikmə günü: 93. İddiaçı iddia tələbinin maddi hüquqi əsası kimi Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 385.1, 421.2, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 465.2, 470, 472-ci maddələrinə istinad etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh, eyni zamanda Cavabdeh2 MMC-nin qanuni nümayəndəsi Cavabdeh1 iddianı etiraf edərək, əsas, faiz və cərimə borcunu tam qəbul etdiyini, birinci ay ödəniş etdiyini, daha sonra ödəniş etmədiyini, cəmi 30 585,67 manat borcu olduğunu bildirmişdir. Sonda o, iddianın təmin olunmasına etiraz etməmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2025-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2024-cü il tarixli 1.0.7 №li versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-45145LE/2019 saylı Razılaşma imzalanmışdır. Cavabdeh2 MMC tərəfindən xx.xx.2025-ci il tarixdə imzalanmış “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun OnGTC-00513296LE/2019 saylı razılaşmanın 1-ci bəndinə əsasən müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitinin yerləşdirilmə, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkrediti, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər müvafiq adlı bölmələrdə öz əksini tapmışdır. Müqavilənin 1.5-ci bəndinə əsasən bu müqavilə çərçivəsində təqdim olunan ərizə bu müqavilənin ayrılmaz hissəsini təşkil edir. İV-cü bəndinin 1.1-ci yarımbəndinə əsasən bank “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə və ya birdəfəlik verilən kredit (birdəfəlik, bərpa olunan, bərpa olunmayan, overdraft, tranş kredit, invoys əsasında maliyyələşdirmə və ya qarantiya /akkreditivin maliyyələşdirilməsi, kredit xətti və s.kimi öhdəliklər) üçün Müştəriyə “Maliyyələşdirmə üçün ərizə” forması göstərilən şərtlərlə kredit verir. Kredit üzrə faizlərin hesablanması və ödənilməsi qaydası , qevvədə olma müddət , cərimə, məqsəd, Müştəriyə verilməsi qaydası və bu kimi “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunacaq. Həmin müqavilənin Kredit (Maliyyələşdirmə) adlanan İV-cü bəndinin 1.4-cü yarımbəndinə əsasən kredit limitinin ayrılması bankın müştəriyə kredit vermək vədini ifadə etmir. “Maliyyələşmə üçün ərizə” formasında göstərilən məbləğ çərçivəsində müştərinin hər bir kredit sifarişinə ayrıca baxılır və qərar verilir. Müsbət qərar olduğu təqdirdə tərəflər arasında müvafiq kredit şərtləri göstərilərək “Maliyyələşmə üçün ərizə” imzalanır. İV-cü bəndinin 3.1-ci yarımbəndinə əsasən kredit, bank tərəfindən kredit məbləğinin müştəriyə bankda onun üçün açılan kredit hesabından cari hesabına köçürülməsi yolu ilə verilir. İV-cü bəndinin 3.2-ci yarımbəndinə əsasən müştəri kreditdən istifadəyə görə banka “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada faizləri ödəyir. OnGTC-45145LE/2019 saylı razılaşma çərçivəsində İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2025-ci il tarixli DC00683710-05 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış və Bank tərəfindən borcalana xx.xx.2027-ci il tarixinədək illik faiz dərəcəsi 16%, illik cərimə faizi 15%, illik cərimə faizi kredit müddəti bitdikdən sonra 31% olmaqla, 30,000 (otuz min) manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli DC00683710-05 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Bank ilə Cavabdeh1 arasında DG**********852 saylı xx.xx.2025-ci il tarixli zaminlik müqaviləsi imzalanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən bank ilə müqavilənin 2.3. bəndinə göstərilən şəxs arasında müqavilənin 2.1. bəndində göstərilən kredit müqaviləsi əsasında Borcalana veriləcək müqavilənin 2.2. bəndində göstərilən məbləğdə kreditlə əlaqədar olaraq Borcalan Bank qarşsında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin, Borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən DC00683710-05 saylı Kredit Limiti Müqaviləsində nəzərdə tutulmuş öhdəliklər zaminliklə təmin olunmuşdur. Müqavilənin 3-cü bəndinə əsasən Zamin, Bank qarşısında Borcalanın müqavilənin 2.1. bəndində göstərilən öhdəliyi üzrə Banka olan borcları, həmçinin bu öhdəliklə əlaqədar yaranan və yarana biləcək hər cür faiz, zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s. məbləği həcmində məsuliyyət daşıyır. İddiaçı ASC-nin xx.xx.2025-ci il tarixli, PB-OUT-04502-2025/8 saylı bildiriş məktubundan və ona qoşma cədvəldən görünür ki, Cavabdeh2 MMC ilə imzalanmış “Bank xidmətlərinin göstərilməsinə dair ümumi Şərtlər Toplusu çərçivəsində xx.xx.2025-ci il tarixli DC00683710-05 saylı maliyyələşdirmə ərizəsi üzrə öhdəliklərini yerinə yetirmədiyi 94 gün gecikmə yarandığı qeyd olunmuşdur və öhdəliyin icrası tələb olunmuşdur. Hesabdan çıxarış məlumatlarından görünür ki, bank tərəfindən xx.xx.2025-ci il tarixdə Cavabdeh2 MMC-nin hesabına 30000 manat köçürülmüşdür. İddiaçı ASC-nin xx.xx.2025-ci il tarixli PB/PBL-OUT-00872-2024 saylı maliyyə arayışına əsasən Cavabdeh2 MMC-nin xx.xx.2025-ci il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri DC00683710-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 28,930.76 manat əsas borc, 1,569.19 manat faiz borcu, 85.72 manat cərimə borcu olmaqla, cəmi 30 585,67 manat və gecikdirilmiş günlərin sayı 93 gün qeyd olunmuşdur. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı ASC 181,76 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.4-cü maddəsinə əsasən faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. 740.8-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. 740.9-cu maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının faiz və (və ya) haqların ödənilməsinə dair müddəaları qanunda və ya borc müqaviləsində faiz və (və ya) haqların ödənilməsi nəzərdə tutulduqda tətbiq edilir. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 744.1-ci maddəsinə əsasən kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. Məhkəmənin mövqeyi Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2025-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2024-cü il tarixli 1.0.7 №-li versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-45145LE/2019 saylı Razılaşma imzalanmış, OnGTC- 45145LE/2019 saylı razılaşma çərçivəsində İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2025-ci il tarixli DC00683710-05 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış və Bank tərəfindən borcalana xx.xx.2027-ci il tarixinədək illik faiz dərəcəsi 16%, illik cərimə faizi 15%, illik cərimə faizi kredit müddəti bitdikdən sonra 31% olmaqla, 30,000 (otuz min) manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli DC00683710-05 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Bank ilə Cavabdeh1 arasında DG**********852 saylı xx.xx.2025-ci il tarixli zaminlik müqaviləsi imzalanmış, Borcalan Bank qarşsında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin, Borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zamin kredit və zaminlik müqavilələri üzrə öhdəliklərini tam icra etməmiş, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq cavabdehin iddianı etiraf etməsini, işin sadalanan hallarını və qanunvericilik normalarını, eləcə də cavabdehlərin üzərlərinə götürdükləri öhdəlikləri tam icra etmədiklərini, nəticədə onların həmin müqavilə üzrə borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən 28,930.76 manat məbləğində əsas, 1,569.19 manat məbləğində faiz borcu, 85,72 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməlidir. Çünki cavabdeh və digər cavabdehin nümayəndəsi Cavabdeh1 iddianı etiraf etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Buna görə də onların iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, iddia təmin olunduğundan, ödənilmiş 181,76 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdеhlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada 28930,76 manat əsas borc, 1569,19 manat cərimə 85,72 manat cərimə məbləği olmaqla, ümumilikdə 30585 (otuz min beş yüz səksən beş) manat 67 (altmış yeddi) qəpik pul vəsaiti və ödənilmiş 181 (yüz səksən bir) 76 (yetmiş altı) qəpik dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar