Məhkəmə qərarları › İş №e-2-2(113)-796/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-796/2024

11.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-796/2024 11.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdеh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndələri X4 və X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdеh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı cavabdeh tərəfindən iddiaçıya əsassız hesablandığı 75.000 manat əsas, 40.000 manat cərimə borcu olmaqla cəmi 115.000 manat kredit borcunun silinməsi və bu barədə müvafiq məlumatın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdеhə qarşı cavabdeh tərəfindən iddiaçıya əsassız hesablandığı 75.000 manat əsas, 40.000 manat cərimə borcu olmaqla cəmi 115.000 manat kredit borcunun silinməsi və bu barədə müvafiq məlumatın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi ilə iddiaçı arasında Agentliyin Vəsaitindən istifadə edilməsinin şərtləri haqqında 29 mart 2015-ci il tarixli müqaviləyə əsasən iddiaçıya 100.000 (bir yüz min) manat məbləğində kredit xətti açılmış və qeyd edilən məbləğdə kredit iddiaçıya verilmişdir. Bundan başqa Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi ilə iddiaçı arasında Agentliyin Vəsaitindən istifadə edilməsinin şərtləri haqqında 15 iyul 2015-ci il tarixli müqaviləyə əsasən iddiaçıya 100.000 (bir yüz min) manat məbləğində kredit xətti açılmış və qeyd edilən məbləğdə kredit iddiaçıya verilmişdir. Bundan başqa Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə iddiaçı arasında Xidmətin Vəsaitindən istifadə edilməsinin şərtləri haqqında 10 sentyabr 2018-ci il tarixli müqaviləyə əsasən iddiaçıya 200.000 (iki yüz min) manat məbləğində kredit xətti açılmış və qeyd edilən məbləğdə kredit iddiaçıya verilmişdir. Qeyd edilənlərdən göründüyü kimi cavabdeh təşkilatın adı əvvəlcə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi, daha sonra Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti olmuş və hazırda cavabdeh təşkilatın adı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyidir. Müqavilələrdən də göründüyü kimi iddiaçıya ümumilikdə 400.000 manat kredit ayrılmışdır. Kredit müqavilələrinin ümumi şərtlərindən görünür ki, müvəkkil kredit təşkilatı xidmət qarşısında gecikdirilən məbləğə görə hər gün üçün 0,1 %, lakin kreditin 10%-dən çox olmamaq şərti ilə cərimə ödəyir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-87/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə CM-nin 46.2-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq X7 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, X5 barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq ona təyin edilmiş 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasının şərti hesab edilməklə 03 (üç) il sınaq müddətinin müəyyən edilməsi, sınaq müddətinin və əlavə cəzanın əvvəlinin hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması, hökm qanuni qüvvəyə minənədək X5 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, X5 üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, davranışı üzərində nəzarətin Gəncə şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, xx.xx.2020-ci il tarixli 20/86 və xx.xx.2020-ci il tarixli 20/88 saylı ödəniş tapşırıqları ilə cinayət işi üzrə dəymiş ziyanın ödənişi kimi "xxxx" MMCnin (VÖEN **********) "xxxx" ASC-nin Gəncə filialında olan AZ481AZ******************** nömrəli hesabından Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına köçürülmüş 70.000 manat və 5.000 manat pul vəsaitinin dəymiş ziyanın ödənilməsi məqsədi ilə dövlət büdcəsinə köçürülməsi hökm edilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı cavabdehə məktubla müraciət edərək Agentlik qarşısında olan öhdəlikləri ilə əlaqədar məlumatların təqdim edilməsi barədə müraciət ünvanlamışdır. Agentliyin xx.xx.2023-cü il tarixli 322-2/2-2252/2923 saylı məktubu ilə bildirilmişdir ki, iddiaçının Agentlik qarşısında xx.xx.2023-cü il tarixinə əsas məbləğ üzrə 124.341.33 manat, faiz borcu üzrə 6.631.04 manat və cərimə borcu üzrə 40000 manat həcmində öhdəlikləri mövcuddur. Məktubla eyni zamanda bildirilmişdir ki, X6 ayrılmış kreditlə bağlı açılan cinayət işi üzrə iddiaçı tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına köçürülmüş 75000 manat həcmində pul vəsaitinin Agentliyin müvafiq hesabına köçürülmədiyindən həmin vəsaitin borc üzrə mühasibat qalığından silinməsi aparılmamışdır. Halbuki, Azərbaycan Respublikası Baş X3 Cinayətlər Məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli 20/240 nömrəli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə 70.000 manat və xx.xx.2020-ci il tarixdə 5.000 manat olmaqla cəmi 75.000 manat məbləğində pul vəsaiti Baş Prokurorluğun depozit hesabına ödənilmiş və daha sonra həmin vəsait dövlət büdcəsinə köçürülmüşdür. Qeyd olunanlardan göründüyü kimi iddiaçının cavabdeh qarşısında 124.341.33 manat əsas məbləğ üzrə borcdan 75.000 manat dövlət büdcəsinə ödənildiyindən həmin məbləğ əsas borc məbləğindən silinməli olsa da, cavabdeh bunu etməmişdir. Qeyd olunanlardan göründüyü kimi iddiaçının cavabdehə əsas borc üzrə 49.341.33 manat borcu vardır. Bundan başqa cavabdeh tərəfindən iddiaçıya əsassız olaraq 40.000 manat cərimə hesablanmışdır. Belə ki, işin faktiki hallarından göründüyü kimi ayrılmış kredit məbləğinə görə cinayət işi başlanıldığından borc qalmış məbləğin ödənilməsi yubanmışdır. Cavabdeh isə heç bir əsas olmadan kredit müqavilələri ilə nəzərdə tutulmuş maksimum məbləğdə cərimə pulunu iddiaçıya hesablamışdır. Hesab edir ki, cavabdehin hesabladığı əsas borcla və cərimə borcu ilə bağlı hissəsi yuxarıda qeyd edilən hissədə əsassızdır. Hazırda iddiaçının cavabdeh qarşısında əsas borc üzrə 49.341.33 manat, faiz borcu üzrə üzrə 6.631.04 manat olmaqla cəmi 55.972.37 manat borcu qalmışdır. Qeyd edilən əsassız hesablanmış 75.000 manat əsas borcun və 40.000 manat cərimə borcunun silinməsi ilə bağlı qanunvericiliyin tələbinə əsasən iddiaçı əvvəlcə mediasiyaya müraciət etmiş və cavabdehin nümayəndəsi mediasiya sessiyasında iştirak etsə də, qeyd edilən halla bağlı tərəflər arasında razılıq əldə edilməmiş və bu səbəbdən də mediasiya təşkilatı tərəfindən müvafiq arayış verilmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, cavabdehə 75000 manat pul ödənilməmişdir. Həmin pul cavabdehdə açıqda qalmışdır. Baxılmış cinayət işi üzrə 75000 manat dövlət büdcəsinə köçürülmüş, cavabdehə ödənilməmişdir. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, borc qalan məbləğ tək 75000 manat məbləğ deyildir. Digər 4 öhdəlik də var və 40000 manat cərimə tək 75000 manat məbləğə aid deyildir. Ümumi bütün məbləğlərə görə hesablanmış məbləğdir. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

8. “Dövlət rüsumu haqqında” Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

9. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

10. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi ilə iddiaçı arasında bağlanmış 29 mart 2015-ci il tarixli Agentliyin Vəsaitindən istifadə edilməsinin şərtləri haqqında müqaviləyə əsasən iddiaçıya 100.000 (bir yüz min) manat həcmini aşmamaq şərti ilə kredit xətti müəyyən edilmişdir.

11. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi ilə iddiaçı arasında bağlanmış 15 iyul 2015-ci il tarixli Agentliyin Vəsaitindən istifadə edilməsinin şərtləri haqqında müqaviləyə əsasən iddiaçıya 100.000 (bir yüz min) manat həcmini aşmamaq şərti ilə kredit xətti müəyyən edilmişdir.

12. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə iddiaçı arasında bağlanmış 10 sentyabr 2018-ci il tarixli Xidmətin Vəsaitindən istifadə edilməsinin şərtləri haqqında müqaviləyə əsasən iddiaçıya 200.000 (bir yüz min) manat həcmini aşmamaq şərti ilə kredit xətti müəyyən edilmişdir.

13. Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2022-ci il tarixli 20/240 saylı məktubundan görünür ki, Korrupsiyaya qarşı Mübarizə Baş idarəsin İstintaq idarəsində aparılan cinayət işi üzrə dəymiş ziyana görə "xxxx" MMC tərəfindən xx.xx.2020ci il tarixində 70.000 manat və 11.1.2020-ci il tarixində 5.000 manat olmaqla, cəmi 75.000 (yetmiş beş min) manat məbləğində pul vəsaiti Baş Prokurorluğun depozit hesabına ödənilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(100)-87/2021 saylı hökmünə və Xüsusi Müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəyinə əsasən həmin vəsait dövlət büdcəsinə köçürülmüşdür.

14. İddiaçının cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-22-2/2-2252/2023 saylı məktubundan görünür ki, “Amin Kredit ittifaqı" MMC-nin Agentlik qarşısında 2023-cü il 31 oktyabr tarixinə əsas məbləğ üzrə 124 341.33 (bir yüz iyirmi dörd min üç yüz qırx bir manat 33 qəpik) manat, faiz borcu üzrə 6 631.04 (altı min altı yüz otuz bir manat 4 qəpik) manat və cərimə borcu üzrə 40 000 (qırx min) manat həcmində öhdəlikləri mövcuddur. Eyni zamanda bildirir ki, X6 ayrılmış kreditlə bağlı açılan cinayət işi üzrə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına köçürülmüş 75 000,00 (yetmiş beş min) manat həcmində pul vəsaiti Agentliyin müvafiq hesablarına köçürülmədiyindən həmin vəsaitin borc üzrə mühasibat qalığından (124341.33 manat) silinməsi aparılmamışdır.

15. İddiaçının cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli 22/xx/xx-4204 saylı məktubundan görünür ki, Agentliyin vəsaiti hesabına müvəkkil kredit təşkilatı olan "xxxx" MMC vasitəsilə heyvandarlığın inkişafı məqsədilə X6 ayrılmış 200 000 (iki yüz min) manat həcmində kredit vəsaitinin təyinatdan kənar istifadəsi ilə əlaqədar cinayət işi açılmışdır. Qeyd olunan iş üzrə təşkilatınız tərəfindən Agentliyin xəzinə hesabına 125000 (bir yüz iyirmi beş min) manat ödəniş edilmişdir. Eyni zamanda müraciətinizdə göstərilən 75000 (yetmiş beş min) manat məbləğində ödənişin müvafiq hüquq mühafizə orqanlarının depozit hesabına köçürülməsi məsələsi ilə bağlı bildirir ki, həmin vəsait zərərçəkmiş olaraq Agentliyə ödənilməmişdir. Hazırda “Amin Kredit İttifaqı" MMC-nin Agentlik qarşısında 75000 (yetmiş beş min) manat ödənilməmiş vəsait və borc ödənişinin gecikdirilməsinə görə 20000 (iyirmi min) manat hesablanmış cərimə borcu olmaqla, cəmi 95000 (doxsan beş min) manat borcu qalmışdır.

16. Göstərilənlərlə bağlı məhkəmə qeyd edir ki, məhkəmə tədqiqatı zamanı iddiaçı tərəfindən mübahisələndirilən 75000 manat məbləğində pul vəsaitinin cavabdehin hesabına deyil, dövlət büdcəsinə ödənilməsi müəyyən olunmuşdur.

17. Belə olan halda məhkəmə hesab edir ki, 75000 manat məbləğ kredit borcu üzrə cavabdehin hesabına ödənilmədiyindən iddiaçı həmin məbləğin kredit borcundan silinməsini tələb etməkdə haqlı deyildir. Odur ki, iddia göstərilən hissədə əsassız olduğundan rədd edilməlidir.

18. İddia tələbinin 40.000 manat cərimənin silinməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, göstərilən cərimə məbləğinin hansı əsasla silinməli olmasına dair iddiaçı tərəfindən hər hansı bir əsas gətirilməmiş, eyni zamanda həmin cərimə məbləğinin 75000 manat məbləğə görə hesablanması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

19. Hətta, göstərilən cərimə məbləği 75000 manat məbləğə görə hesablansaydı belə, sonuncu məbləğlə bağlı yuxarıda göstərilənlərə əsasən iddia göstərilən hissədə təmin oluna bilməz.

20. Məhkəmə iddianın müvafiq məlumatın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb digər tələblərə əsaslanmaqla onlardan asılı olduğundan və həmin tələblər üzrə iddia yuxarıda göstərilənlərə əsasən rədd edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə də əsassız hesab olunmaqla təmin oluna bilməz.

21. Beləliklə, qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsinə əsaslar müəyyən edilmədiyindən iddia rədd edilməlidir.

VI. Nəticə:

22. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdеh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı cavabdeh tərəfindən iddiaçıya əsassız hesablandığı 75.000 manat əsas, 40.000 manat cərimə borcu olmaqla cəmi 115.000 manat kredit borcunun silinməsi və bu barədə müvafiq məlumatın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar