Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-797/2022 22.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Yaşar Demirin iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pulun tutulması və avadanlıqların qaytarılması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MTK-ya (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrasının təmin edilərək 5095,52 manat pulun, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma, məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumlarına və mediasiya xərclərinə görə 474 manatın tutulması və 9940 manat dəyərində cavabdehə verilmiş 497 ədəd tikinti avadanlıqlarının geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 22.09.2020-ci il tarixli № 016/22 nömrəli müasir ayaqaltı və döşəmə iskələ və dəmir dirəkləri sistemlərinin icarəsinə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh iddiaçı tərəfindən işlərin icrasından sonra onun dəyərini ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Tərəflərindən müqavilə öhdəlikləri tam şəkildə yerinə yetirilmişdir. 28.10.2021-ci il tarixinə qədər olan ümumi borc məbləği 17796,77 manat müəyyən edilmişdir. Lakin cavabdeh tərəfindən qeyd olunan pul vəsaiti ödənilməmiş və verilmiş tikinti avadanlıqları geri qaytarılmamışdır. Tərəflərindən cavabdehə mediasiya təklifi və mediasiyaya dəvət məktubu göndərilmişdir. Lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiya dair xərc ödənilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib, onun məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırda cavabdehin iddiaçıya ödənilməli olan icarə haqları üzrə borcunun məbləği 5095,52 manat təşkil edir. Bundan əlavə, iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş 497 ədəd tikinti avadanlıqları (dəmir dirəklər) iddiaçıya geri qaytarılmamış, həmin avadanlıqların cavabdehdə olduğu müddət üçün də icarə haqları hesablanmışdır. Əlavə olaraq bildirdi ki, həmin avadanlıqlarının ədədinin orta bazar qiyməti 20 manatdan yuxarıdır. Onlar isə həmin avadanlıqları ədədi 20 manat olmaqla qiymətləndirirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Y.Demir iddia tələbinə etiraz edib iddianın qismən təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırda iddiaçıya ödənilməli olan borcunun məbləği 3399 manat təşkil edir. 2021-ci ilin may ayında dəmir dirəklər iddiaçının tələbi ilə ona qaytarılmış, lakin həmin avadanlıqlar gecə vaxtı qaytarıldığı üçün hər hansı sənədləşmə, rəsmiləşdirmə aparılmamışdır. Avadanlıqlar tərəflərindən geri qaytarıldığı üçün onlara əlavə olaraq hesablanmış icarə haqları da əsassızdır. Bu səbəbdən iddia tələbinin yalnız cavabdehdən 3399 manat pulun tutulması hissəsində təmin edilməsini xahiş edir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 22.09.2020-ci il tarixli 016/22 nömrəli avadanlıqların icarə müqaviləsinə əsasən icarəyəverən (iddiaçı) bu müqaviləyə əlavədə göstərilən müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemlərini tikinti, təmir bərpa işləri məqsədi ilə icarəçinin sahibliyinə və istifadəsinə verir. İcarəçi isə razılaşdirilmiş icarə haqqını ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən icarə haqqı bir aylıq olaraq hesablanır və miqdarı bu Müqaviləyə Əlavədə göstərilir. Hər bir avadanlıq üzrə icarə haqqı avadanlıqların təhviltəslim aktında və ya digər, ona bərabər olan, sənədlərdə göstərilən sahənin ölçüsünə uyğun olaraq hesablanır. Müqavilənin 5-ci bəndinə əsasən icarə haqqını Müqavilə ilə müəyyən edilən məbləğdə və şərtlərdə ödəmək; icarəyə götürdüyü malları işlək vəziyyətdə icarəyəverəndən təhvil alıb sonra işlək vəziyyətdə icarəyə verənə geri qaytarmaq icarəyə götürənin vəzifəsidir. Sözügedən müqaviləyə 1 saylı 22.09.2020-ci il tarixli Əlavə Qiymətlərin razılaşdırma protokolunda icarə predmeti olan 3.85 m-lik dəmir dirəklərin birinin qiyməti 0,90 manat müəyyən edilmişdir. Həmin Əlavənin 1-ci bəndinə əsasən ödəmə mənbəyində tutulan vergi qiymətə daxil olunmayıb və əlavə olaraq hesablanır. Əlavənin 2-ci bəndində isə avadanlıqların çatdırılmasının icarəçi tərəfindən təşkil edildiyi qeyd olunmuşdur. 23.09.2020-ci il tarixində verilən avadanlıqların icarəsi üzrə xidmətlərin dəyəri haqqında 16.05.2021-ci il tarixli R40Q/210516 nömrəli aktdan görünür ki, iddiaçı tərəfindən cavabdehə icarəyə verilmiş avadanlıqlara görə xidmət haqqı ümumilikdə 6399,02 manat təşkil edir. İddiaçı ilə cavabdeh arasında bağlanmış təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 1500 ədəd 3.85 m-lik dirək təhvil verilmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş EBAX 497793 nömrəli 15.02.2021-ci il tarixli elektron qaimədən görünür ki, dəmir dirəklərin quraşdırılması və sökülməsi ilə bağlı xidmətlərə görə 2662,15 manat məbləğində xidmət göstərilmişdir. Xidmətlərin həyata keçirilməsinə dair 22.09.2020-ci il tarixli 20/99 nömrəli müqaviləyə əsasən saray layihəsində görülən işlərlə bağlı 27.05.2021-ci il tarixinə kimi yerinə yetirilmiş işlərin qəbul aktına əsasən dəmir dirəklərin quraşdırılması və sökülməsi ilə bağlı xidmətlərin məbləği 1596,49 manat təşkil edir və bununla bağlı iddiaçı tərəfindən cavabdehə EBBC 379243 nömrəli 27.05.2021-ci il tarixli elektron qaimə göndərilmişdir. Xidmətlərin həyata keçirilməsinə dair 22.09.2020-ci il tarixli 20/99 nömrəli müqaviləyə əsasən saray layihəsində görülən işlərlə bağlı 15.02.2021-ci il tarixinə kimi yerinə yetirilmiş işlərin qəbul aktına əsasən dəmir dirəklərin quraşdırılması və sökülməsi ilə bağlı xidmətlərin məbləği 2662,15 manat təşkil edir və bununla bağlı iddiaçı tərəfindən cavabdehə EBAX 497793 nömrəli 15.02.2021-ci il tarixli elektron qaimə göndərilmişdir. Xidmətlərin həyata keçirilməsinə dair 22.09.2020-ci il tarixli 20/99 nömrəli müqaviləyə əsasən saray layihəsində görülən işlərlə bağlı 28.11.2020-ci il tarixinə kimi yerinə yetirilmiş işlərin qəbul aktına əsasən dməir dirəklərin quraşdırılması və sökülməsi ilə bağlı xidmətlərin məbləği 3292,20 manat təşkil edir və bununla bağlı iddiaçı tərəfindən cavabdehə EBAT 192260 nömrəli 28.11.2020-ci il tarixli elektron qaimə göndərilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 28.10.2021-ci il tarixinə yerinə yetirilən işlər haqqında aktdan görünür ki, dirəklərin icarəyə verilməsinə görə cavabdehin iddiaçıya 15796,77 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış 25.10.2020-ci il tarixli ödənilməyən daşınma xidmətlərinə görə 90 manat borc qalmışdır. 04 avqust 2021-ci il tarixli 09 nömrəli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına 1500 manat, 10 nömrəli ödəniş tapşırığına əsasən 270 manat, 09.06.2021-ci il tarixli 03 nömrəli ödəniş tapşırığına əsasən 500 manat, 07.06.2021-ci il tarixli 02 nömrəli ödəniş tapşırığına əsasən 90 manat, 17.05.2021-ci il tarixli 01 nömrəli ödəniş tapşırığına əsasən 1000 manat, 17.05.2021-ci il tarixli 02 nömrəli ödəniş tapşırığına əasən 180 manat, ümumilikdə 3540 manat 016/22 saylı 22.09.2020-ci il tarixli müqavilə üzrə yaranmış borc və ƏDV məbləği ödənilmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 30.12.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehlə aralarında bağlanmış icarə müqaviləsi üzrə cavabdehin 17796,77 manat ödənilməmiş borcu ödənilmədiyini, 1500 ədəd avadanlıqlar geri qaytarılmadığını bildirərək 31.12.2021-ci il tarixə qədər qeyd olunan tələbləri təmin etməsini, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. 06.11.20201-ci il tarixli AZ0010150 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına 210 manat hüquqi yardıma görə pul köçürülmüşdür. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin iddiaçıya borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 22.09.2020-ci il tarixli 016/22 saylı icarə müqaviləsindən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin avadanlıqların icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 5095,52 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 5095,52 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh iddiaya etirazında iddiaçıdan alınan 497 ədəd avadanlıqların qaytarıldığını bildirmişdir. Cavabdehin bununla bağlı mövqeyi ondan ibarət olmuşdur ki, həmin avadanlıqlar 2021-ci ilin may ayında qaytarılmış, bu səbəbdən həmin avadanlıqlara görə icarə haqlarının hesablanması da əsassızdır. İddiaçı isə 497 ədəd tikinti avadanlığının qaytarılması ilə bağlı öhdəliyin hələ də icra edilmədiyini, cavabdeh isə onun icra edildiyini bildirir. Belə olan vəziyyətdə öhdəliyin icra edilib-edilməməsilə bağlı hal araşdırılmalı və sübut olunmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı halda «qanunda birbaşa əks göstəriş yoxdursa, öhdəliyin icrasını borclunun sübut etməsinə dair» prezumpsiya tətbiq edilməlidir. Belə ki, MPM-in 77.1-ci mddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də etirazının əsası kimi istinad etdiyi bu halı, yəni 497 ədəd tikinti avadanlığının geri qaytarılmasını cavabdeh sübut etməlidir. Cavabdeh tikinti avadanlıqlarının geri qaytarılmasını təsdiq edən belə bir sənəd təqdim edə bilmir. Əvəzində cavabdeh iki şahid ifadəsi təqdim etmişdir. MPM-in 76.2-ci maddəsinə əsasən şahid ifadələri sübut hesab olunur. Cavabdehin 1-ci şahidinin ifadəsi: Məhkəmə iclasında şahid X2 ifadəsində göstərdi ki, "xxxx" MTK-da 2020-ci ildən işləyəməyə başlamışdır. 26 may tarixindən iş saatından sonra Ramin adlı şəxs üç nəfər fəhlə və bir sürücü ilə gələrək dəmir dirəkləri aparacaqlarını bildirmişlər. Hardasa saat 9 olardı. Həmin vaxt MTK-da mühafizəçidən başqa bir şəxs yox idi. Mühafizəçi ona zəng edib dirəkləri aparmaq istədikləri ilə bağlı məlumat verəndə o, razı olmamışdır. Daha sonra onlar MTK-nın rəhbəri ilə danışıb dəmir dirəklərin aparılması ilə bağlı razılaşdılar. Axşam aparmaqlarının səbəbi isə həmin dirəklərin tez bir şəkildə Qarabağa göndərilməli olduğu idi. Mühafizəçi həmin dirəkləri verdikdən sonra ona zəng edərək 497 ədəd dirəyi sayıb təhvil vediyini bildirdi. Axşam olduğu üçün dirəklərin verilməsi ilə bağlı akt tərtib olunmadı. Şahid ona ünvanlanmış suallara cavab olaraq başqa şirkətlərdən də dəmir dirəkləri icarəyə götürürdüklərini, həmin dirəklərin bir birindən rənginə görə fərqləndiyini, təhvil verilən dirəklərin göy rəndə olduğunu, təhvil verdikləri şəxsi tanımadığını, MTK-nın rəhbərinin göstərişi əsasında həmin dirəkləri qaytardıqlarını bildirdi. Məhkəmə iclasında şahid X1 ifadəsində göstərdi ki, "xxxx" MTK-da 2020-ci ildən mühafizəçi vəzifəsində işləyəməyə başlamışdır. Hal-hazırda orda çalışmır. Axşam tərəfi iki nəfər fəhlə, bir sürücü onların işlədiyi yerə gəlmişdir. Ona dedilər ki, dirəkləri aparmağa gəliblər. Əvvəlcədən məlumatsız olduğu üçün birinci sahə rəisi Tapdıq Məmmədova zəng etmişdir. Daha sonra Yaşar bəy və Tapdıq Məmmədov ona dedilər ki, 497 ədəd dirəyi sayıb versin ki, gələnlər həmin dirəkləri aparsınlar. Maşının yanında dayanmış, 497 ədəd dirəyi təhvil vermişdir. Təxminən axşam saat 9-da başlayıb, saat birə işləmiş işi bitirdilər. Dirəkləri verdikdən sonra hər hansı akt tərtib olunmadı. Onlara nəzarət edən adamın kimin nümayəndəsi olduğunu bilmir. Aralarında sadəcə sürücünü tanımışdır. Həmin sürücü əvvəllər həmin əraziyə gəlib getmişdir. Şahid ona ünvanlanmış suallara cavab olaraq təhvil verilən dirəklərin qırmızı rəngdə olduğunu, təhvil verdikləri şəxsi şəxsən tanımadığını, MTK-nın rəhbərinin göstərişi əsasında həmin dirəkləri qaytardıqlarını bildirdi. Beləliklə, cavabdehin təqdim etdiyi şahidlər X2 və X1 ifadələrində iddiaçının tikinti avadanlıqlarının tam olaraq qaytarıldığını bildirsələr də, lakin həmin avadanlıqların konkret olaraq kimə, hansı şəraitdə qaytarılması, eləcə də hansı tarixdə qaytarılması ilə bağlı konkret heç bir məlumat verə bilməmiş, yalnız çox ümumi olan ifadələr işlətmişlər. Eyni zamanda müəyyən olunmuşdur ki, həmin şahidlər hazırkı mübahisənin nəticələrinə münasibətdə birbaşa (cavabdeh təşkilatla əmək müqaviləsi əsasında çalışan işçilər olmaqla) maraqlı olan şəxslərdir. Beləliklə də cavabdehin təqdim etdiyi şahidlərin ifadələri kifayət qədər güclü, aydın və konkret olmadığından, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyindən, bu ifadələr tərəflər arasında mövcud tikinti avadanlıqlarının qaytarılması öhdəliyinin icrasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Cavabdeh bununla bağlı başqa sübut təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 497 ədəd tikinti avadanlıqlarının qaytarılması hissəsində də əsaslıdır və təmin edilməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 5095,52 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, 497 ədəd tikinti avadanlıqlarının iddiaçıya qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” 20.12.2021-ci il tarixli 2021-8866 nömrəli arayışdan görünür ki, tərəflər mediasiya sessiyasında iştirak etmiş, lakin prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh mediasiya sessiyasında iştirak etdiyindən və tərəflər prosesi davam etdirmək barədə qərar qəbul etmədiyindən iş üzrə ödənilmiş 200 manat mediasiya xərci, habelə hüquqi yardıma görə nümayəndəyə ödənilmiş vəsait iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MTK-dan 5095,52 (beş min doxsan beş manat əlli iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. 497 (dörd yüz doxsan yeddi) ədəd tikinti avadanlıqlarının İddiaçı qaytarılması öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-797/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-797/2022
22.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver