Məhkəmə qərarları › İş №e-2-2(113)-797/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-797/2024

12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-797/2024 12.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Qanuni nümayəndə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik, iddianın etirafı, əsas borc, faiz borcu, cərimə) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Qanuni nümayəndə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh2 (bundan sonra Cavabdeh2 MMC) və Qanuni nümayəndə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, DC00488823-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 9651,78 manat əsas borc, 1760,87 manat faiz borcu, 361,49 manat cərimə borcu olmaqla ümumilikdə 11 774,14 manat pulun və mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat pulun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2022-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2022-ci il tarixli 1.0.5 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə OnGTC-08841LE/2019 saylı Razılaşma imzalanmışdır. Cavabdeh2 MMC həmin razılıq ərizəsini imzalayaraq www.pashabank.az saytında yerləşdirilmiş Ümumi şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. 2.2. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2022-ci il tarixli DC00488823-01 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və iddiaçı tərəfindən Cavabdeh2 MMC-yə xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 10 000 manat mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. 2.3. Qeyd olunan ərizə üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə iddiaçı ilə Qanuni nümayəndə arasında DC00488823-01 maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2022-ci il tarixli DG**********038 saylı zaminlik müqaviləsi bağlanmışdır. 2.4. Lakin Cavabdeh2 MMC qeyd edilən müqavilə üzrə öhdəliklərini icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Ümumi şərtlər toplusunun 4-cü bölümünün 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Ümumi şərtlər toplusunun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. 2.5. İddiaçı tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş, öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Bundan başqa, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında mediasiya təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı mediasiya prosesi üzrə 200 manat məbləğində xidmət haqqı ödəmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 421, 443, 445, 470 və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

6. Məhkəmənin hazırlıq iclaslarında iştirak edən cavabdeh, həmçinin Cavabdeh2 MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə kredit üzrə cəmi 1 dəfə ödəniş etdiyini, borcu qəbul etdiyini, ödəyəcəyini bildirdi.

7. Məhkəmənin baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, iştirak edilməməklərinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə baxış iclasının cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdır.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. Məhkəmə iş materialları əsasında müəyyən edir ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında 18 noyabr 2022-ci il tarixli DC00488823-01 saylı kredit müqaviləsindən (maliyyələşdirmə üçün ərizə) irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı mal alışı üçün cavabdehə 10 000 manat məbləğində krediti illik 17% faiz dərəcəsi ilə xx.xx.2024-cü il tarixədək qaytarılmaq şərtilə verməyi, cavabdeh isə kredit üzrə əsas borcu və ona hesablanmış faizləri, o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu müqavilədə nəzərdə tutulmuş qaydada iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin adıçəkilən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq cavabdeh Qanuni nümayəndə ilə 15 noyabr 2022-ci il tarixli DG**********038 saylı zaminlik müqaviləsi bağlanmış, sonuncu, Cavabdeh2 MMC-nin öz öhdəliyini tamamilə icra etməsi üçün birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Cavabdeh2 MMC kredit məbləğini təşkil edən 10 000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.

10. İddiaçı adıçəkilən kredit müqaviləsi üzrə 9651,78 manat əsas borc, 1760,87 manat faiz borcu, 361,49 manat cərimə borcu olmaqla ümumilikdə 11 774,14 manat pulun cavabdehlərdən birgə qaydada tutulmasını xahiş edir.

11. Cavabdeh, həmçinin Cavabdeh2 MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə Bakı Kommersiya Məhkəməsinin dəftərxanası vasitəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə iddianın etirafı barədə ərizə təqdim edərək 11 774,14 manat tələbə dair iddianı etiraf edir.

12. Məhkəmə qeyd edir ki, iş üzrə cavabdeh Qanuni nümayəndə, həmçinin Cavabdeh2 MMC-nin qanuni təmsilçisi olduğundan iddianın etirafı barədə ərizə verməyə səlahiyyətlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir.

13. Mülki Prosessual Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.

14. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

15. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən ... iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.

16. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

17. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə cavabdehlər tərəfindən iddianın etiraf edilməsi qanuna zidd deyildir və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur.

18. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən qəbul edilməlidir.

19. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

20. İddia cavabdehlər tərəfindən etiraf edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi tam təmin edilərək, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında 18 noyabr 2022-ci il tarixdə bağlanmış DC00488823-01 saylı kredit müqaviləsi (maliyyələşdirmə üzrə ərizə) üzrə 9651,78 manat əsas borc, 1760,87 manat faiz borcu, 361,49 manat cərimə borcu olmaqla ümumilikdə 11 774,14 manat məbləğində pul cavabdehlər Cavabdeh2 MMC və Qanuni nümayəndə birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.

b) Məhkəmə xərcinin tutulması ilə bağlı

21. İddiaçı həmçinin mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat pulun cavabdehlərdən tutulmasını xahiş etmişdir.

22. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/9/2023-02223 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və 200 manat məbləğində mediasiya xərcini ödəmişdir.

23. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

24. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

25. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən (Məcəllənin iddia ərizəsi məhkəməyə təqdim edilərkən qüvvədə olan redaksiyasına əsasən) kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

26. Göründüyü kimi, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

27. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. İddia tələbi tam təmin edildiyindən məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat məbləğində pul cavabdehlər Cavabdeh2 MMC və Qanuni nümayəndə birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 18 noyabr 2022-ci il tarixdə bağlanmış DC00488823-01 saylı kredit müqaviləsi (maliyyələşdirmə üzrə ərizə) üzrə 9651 (doqquz min altı yüz əlli bir) manat 78 (yetmiş səkkiz) qəpik əsas borc, 1760 (bir min yeddi yüz altmış) manat 87 (səksən yeddi) qəpik faiz borcu, 361 (üç yüz altmış bir) manat 49 ( qırx doqquz) qəpik cərimə borcu olmaqla ümumilikdə 11 774 (on bir min yeddi yüz yetmiş dörd) manat 14 (on dörd) qəpik məbləğində pul cavabdehlər Cavabdeh2 və Qanuni nümayəndə birgə qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Qanuni nümayəndə birgə qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar