Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-798/2025 21.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” X1rşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X1rşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ tərəfindən İddiaçı adına (abonent kodu: 104088) hesablanmış 13.024 (on üç min iyirmi dörd) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 Binəqədi rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 603201 nömrəli Akta əsasən İddiaçı 13024 manat məbləğində borc yazılmışdır. Həmin Aktda qeyd edilir ki, güya obyektdə (qeyri-yaşayış sahəsi) yoxlama aparılan zaman istehlakçının sayğacdan kənar sudan qanunsuz istifadə etməsi müəyyən edilmişdir. Borcla bağlı xx.xx.2024-cü il tarixli ********* nömrəli “Qanunsuz istifadə fakturası” tərtib edilmişdir. Fakturadan görünür ki, guya iddiaçı 357 gün, hər gün 4 saat olmaqla ümumilikdə 1628 m.kub sudan qanunsuz istifadə etmişdir. Bu həcmdə suyun dəyərini də sudan xammal kimi istifadə edən istehlakçı qurupuna aid tariflə, yəni 8 manatdan hesablamaqla iddiaçıya 13024 manat məbləğində borc göstərilmişdir. xx.xx.2024-cü il tarixli 603201 nömrəli Akt və həmin Akt əsasında hesablanmış borc qanunsuz və əsassızdır. Belə ki, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 603201 nömrəli Aktda “obyektə” baxış keçirilməsi qeyd edilmişdir. Sözügedən obyekt iddiaçıya məxsusdur və onun fərdi yaşayış evinin həyətinə bitişik sahədə yerləşir. Həmin obyekt icarə müqaviləsi əsasında "xxxx" MMC-ə icarəyə verilmişdir və obyektən hazırda icarəçi istifadə edir (bu hal cavabdehlər tərəfindən bilinir). İcarəçi obyektən istifadə etməyə başlayandan sonra cavabdehlər tərəfindən həmin obyektə ayrıca 104088 abonent kodu ilə qeyri-əhali tipli su sayğacı quraşdırılmışdır. Həmin sayğac iddiaçının adına rəsmiləşdirilsə də, icarəçinin istifadəsindədir. İcarə müqaviləsinə əsasən də kommunal xərclər icarəçi tərəfindən ödənilir .
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. - Qanunun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir.
9. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
10. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.
11. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
12. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir.
13. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli 603201 nömrəli akta əsasən "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X2 nümayəndələri tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə, R.Allahverdiyev küçəsi, ev 23 ünvanında yerləşən, abunə kodu 104088 olan obyektə baxış zamanı istehlakçının sayğacdan kənar sudan qeyri-qanuni istifadə etməsi (D=20 mm-lik su xətti) aşkar olunmuşdur.
14. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli qanunsuz istifadə fakturasından görünür ki, İddiaçı məxsus 104088 saylı abunə kodu üzrə xx.xx.2024-cü il tarixli 603201 nömrəli akt əsasında 13.024 manat məbləğində borc hesablanmışdır.
15. İş materiallarında olan 104088 saylı abonent kodu üzrə İddiaçı məxsus olan Abonent Saldosundan görünür ki, İddiaçı cari tarixə qalıq borcu 12.742 manat təşkil edir.
16. Məhkəmə qeyd edir ki, iddiaçının silinməsini tələb etdiyi borc xx.xx.2024-cü il tarixli 603201 nömrəli akta əsasən hesablanmış olan borc məbləğdir. Ona görə də, qeyd olunan aktın nəticəsinin hüquqi qüvvəsinin olub-olmaması müəyyən edilməlidir.
17. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır.
18. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.
19. Məhkəmə bu xüsusda qeyd edir ki, iddiaçı tərəf xx.xx.2024-cü il tarixli 603201 nömrəli akta əsasən hesablanmış 13.024 manat borcun silinməsini xahiş etsə də, hazırda onun qalıq borcu 12.742 manat təşkil edir.
20. Ona görə də, 12.742 məbləğində borc silinməlidir.
21. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
22. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” X4 tərəfindən İddiaçı məxsus 104088 saylı abunə kodu üzrə hesablanmış 12.742 (on iki min yeddi yüz qırx iki) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Kənan Hüseynov