Məhkəmə qərarları › İş №e-2-2(113)-800/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-800/2024

16.02.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-800/2024 16.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 21 fevral 2022-ci il tarixdə 66 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 2.1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, satıcı aralarında bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə və protokola uyğun olaraq razılaşdırılmış, müvafiq çeşidli və keyfiyyətli malları təqdim edir, alıcı isə onun sifarişinə əsasən təqdim edilən həmin malları qəbul edib onların dəyərini qüvvədə olan qanunvericiliyə müvafiq satıcıya ödəməyi öz öhdəsinə götürür. - 5.1.1-ci bəndinə əsasən müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişlərin həyata keçirilməsini alıcıdan tələb etmək satıcının hüququdur. - 5.4.1-ci bəndinə əsasən satıcı tərəfindən müqavilə üzrə göndərilmiş malların, göstərilmiş xidmətlərin dəyərini əvvəlcədən ödəmək, onları təxirəsalınmadan (aşkar olunan qüsurların satıcı təərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul etmək alıcının vəzifəsidir. - 6.1-ci bəndinə əsasən bu müqavilə hər iki tərəfin onu imzaladığı gündən qüvvəyə minir və bir (1) il müddətində qüvvədədir. - 6.2-ci bəndinə əsasən müqavilənin müddəti bitdikdən sonra tərəflərdən hər hansı biri onun xitam edilməsi barədə müraciət etmədikdə həmin müddət daha bir il müddətinə uzadılmış hesab edilir. - 7.1-ci bəndinə əsasən “Alıcı” müqavilə ilə müəyyən edilmiş məbləği hazırki müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələ ayrı qayda nəzərdə tutulmayıbsa, “satıcı” tərəfindən göndərilmiş hesab-fakturaya əsasən faktiki göndərilən malın dəyərinə uyğun olaraq “Satıcı”-nın hesablaşma hesabına 100 % əvvəlcədən köçürmə yolu ilə ödəyir. - 9.1-ci bəndinə əsasən hazırki müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi müddətinin pozulmasında günahkar olan tərəf qarşı tərəfə öhdəliyi yerinə yetirmədiyi hər gün üçün - “alıcı” ödənilən məbləğin, “satıcı” isə vaxtında göndərmədiyi malın dəyərinin 0,1 %-i məbləğində penya ödəməlidir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

2. 21 fevral 2022-ci il tarixli 66 saylı alqı-satqı müqaviləsinə əlavə olan xx.xx.2022-ci il tarixli qiymətlərin razılaşması protokoluna əsasən tərəflər sözügedən müqavilədə nəzərdə tutulan malların (konteyner, metal dolab) növü, ölçüsü, miqdarı və qiyməti (ümumilikdə 29500 manat (4500 manat ƏDV xaric 25000 manat olması) barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

3. Təhvil-təslim aktına əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 29.000 manat dəyərində konteynerlər təhvil verilmişdir. Akt tərəflərin imzası və "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmişdir.

4. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixdə pretenziya məktubu ünvanlanaraq şirkətə olan borcun 5 gün müddətində ödənilməsi xahiş edilmişdir. İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

5. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən konteynerlərin dəyərinə görə 29000 manat, ödənişin gecikdirilməsinə görə 15.138 manat penyanın, ilkin mediassiya xərcinə görə ödənilmiş 210 manat və ödənilmiş dövlət rüsumu 13 manat pulun cəmi 44361 manat pulun, tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında olan 21 fevral 2022-ci il tarixli müqaviləyə əsasən, “Satıcı” aralarında bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə və protokola uyğun olaraq razılaşdırılmış, müvafiq çeşidli və keyfiyyətli malları təqdim etməyi, “Alıcı” isə onun sifarişinə əsasən təqdim edilən həmin malları qəbul edib onların dəyərini qüvvədə olan qnunvericiliyə müvafiq qaydada “Satıcı”ya ödəməyi öz öhdəsinə ğötürmüşdür. Müqavilənin müddəti 1 il müəyyən edilmişdir (bənd 6.1). Həmin müqaviləyə əsasən İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin 2 nömrəli əlavəsinə (xx.xx.2022ci il tarixli qiymətlərin razılaşma protokoluna) əsasən dəyəri 18000 manat olan 1 ədəd 6x12 metr birləşimli konteyner, dəyəri 11000 manat olan 6 x 7 metr birləşimli konteyner hazırlanmış, xx.xx.2022-ci il tarixdə təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nə təhvil verilmiş, görülmüş işlərin dəyəri 29000 manat təşkil etmişdir. Müqavilənin 9.1-ci maddəsinə əsasən hazırki müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi müddətinin pozulmasında günahkar olan tərəf qarşı tərəfə öhdəliyi yerinə yetirmədiyi hər gün üçün – “alıcı” ödənilən məbləğin, “satıcı” isə vaxtında göndərmədiyi malın 0,1 %-i məbləğində peniya ödəməlidir. Cavabdeh MMC tərəfindən müqavilə üzrə ödənilməsi geçikdirilən ödəniş 29000 manat, gecikdirilmiş günlərin sayı 522 gün, gecikdirilmiş hər gün üçün ödənilməli olan penya məbləği 29 manat təşkil etmişdir

7. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1 və 567-ci maddələrinə istinad etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

8. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakları olmadan baxılmasını xahiş etmişdir, cavabdeh isə gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

11. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

12. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

13. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

14. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

15. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 114.1-ci maddəsinə görə 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

16. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

17. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

18. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 21 fevral 2022-ci il tarixli 66 saylı saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqavilə üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 29.000 manat məbləğində koteynerlər təqdim edilmiş, Cavabdeh MMC isə təqdim olunmuş malların dəyərini ödəməmişdir.

19. Odur ki, İddiaçı MMC sözügedən alqı-satqı müqaviləsi üzrə 29.000 manat məbləğində əsas borcun tutulması hissəsində iddia əsaslı olduğundan təmin edilməlidir.

20. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 15138 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

21. Göründüyü kimi Cavabdeh MMC-nin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.

22. Belə olan halda məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 1500 manat məbləğində müəyyən edilməlidir.

23. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 210 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 13 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

24. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 222,41 manat təşkil edir.

25. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumunun məbləği mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödənilmiş mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir.

26. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 140 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 21 fevral 2022-ci il tarixli 66 saylı saylı alqı-satqı müqaviləsi üzrə 29000 manat məbləğində borc və 1500 manat məbləğində dəbbə pulu, cəmi 30500 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 140 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar