Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-801/2024 04.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, icarə haqqı, dəbbə pulu haqqında razılaşmanın forması, məhkəmə xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndə və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı QSC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli, 026_2020 nömrəli və xx.xx.2023-ci il tarixli, 382 nömrəli icarə müqavilələrinə əsasən 8647,04 manat icarə haqqı və 2124 manat cərimə borcu olmaqla ümumilikdə 10771,04 manat məbləğində pulun, 500 manat hüquqi yardım xərcinin, 127 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, 2.1. tərəflər arasında ilk olaraq xx.xx.2020-ci il tarixli, 026_2020 nömrəli icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə görə iddiaçı cavabdehə Bakı şəhəri, Ziya Bünyadov prospekti, 1965-ci məhəllə ünvanında yerləşən İddiaçı Biznes Mərkəzinin 6-cı bina, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 30 kv.m olan 23 saylı qeyri-yaşayış sahəsini (icarə obyekti) cavabdehə icarəyə vermiş, cavabdeh isə icarə obyekti üçün aylıq icarə haqqı kimi əsas məbləğ 300 manat, ƏDV məbləği 54 manat olmaqla ümumilikdə 354 manat icarə haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixdə xx.xx.2020-ci il tarixli 026_2020 nömrəli icarə müqaviləsinə əlavə saziş imzalanaraq icarə haqqı məbləği xx.xx.2021-ci il tarixdən 708 manat (ƏDV daxil) müəyyən edilmişdir. 2.2. Daha sonra tərəflər arasında xx.xx.2023-ci il tarixli, 382 nömrəli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barəsində yeni icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı mülkiyyətində olan Bakı şəhəri, Ziya Bünyadov prospekti, 1965-ci məhəllə ünvanında yerləşən İddiaçı Biznes Mərkəzinin 6-ci bina 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 56 kv.m olan 23 saylı qeyri-yaşayış sahəsini (icarə obyekti) cavabdehə icarəyə vermiş, cavabdeh isə icarə obyekti üçün aylıq icarə haqqı kimi 672 manat, kommunal haqqı kimi 56 manat, ümumilikdə ƏDV daxil 859,04 manat ödənişi iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. 2.3. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməyərək icarə haqqı ödənişindən yayınmışdır. Belə ki, cavabdeh icarə obyektindən istifadə müddəti ərzində ümumi olaraq 19 621,04 manat icarə haqqı ödəməli olduğu halda, ümumilikdə 10974 manat icarə haqqı ödəmiş, nəticədə hazırda cavabdehin iddiaçıya 8647,04 manat icarə haqqı borcu mövcuddur. 2.4. Digər tərəfdən, icarə müqaviləsinin 3.4-cü maddəsinə əsasən iddiaçının cavabdehdən hər gecikdirilmiş gün üçün icarə haqqının 0,5% məbləğində cərimə məbləği tələb etmək hüququ vardır. Nəzərə alınsa ki, cavabdeh 20 ay icarə haqqı məbləğini gecikdirib, bu halda (708*0.5%*600=) 2124 manat cərimə ödəməlidir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21.2, 442, 443.1, 448.2-ci maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmənin iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahatlar verdi. Məhkəmənin suallarına cavab olaraq bildirdi ki, cavabdeh 2023-cü ilin fevral ayınadək icarə obyektindən istifadə etmiş, təhvil-təslim etmədən obyektdən çıxmışdır. 2023-cü il tarixli müqaviləni tərəflər təsdiq etməmişlər.
6. 07.03.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən cavabdeh iddiaya etiraz etdi və qeyd etdi ki, iddiaçı onlara xəbərdarlıq edərək xx.xx.2023-cü il tarixədək ödəniş edilməzsə, obyektdən çıxmalarını tələb etmiş, xx.xx.2023-cü il tarixdə icarə obyektindən çıxmışlar. Buna səbəb iddiaçının qapını bağlaması olmuş, əşyaları da icarə obyektində qalmışdır. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, icarə obyektindən 2020-ci ildən xx.xx.2023-cü il tarixədək istifadə etmişlər. Əvvəllər 354 manat, daha sonra isə 708 manat icarə haqqı ödənilmişdir. 2023-cü ildə iddiaçı yeni müqavilə göndərmiş, lakin imzalamamışlar. İddia ilə tələb olunan icarə haqqı borcu mövcud olmuş və maddi vəziyyətləri ilə bağlı ödəniş edə bilməmişlər. Lakin 8647 manat icarə haqqı borcu ilə ona görə razı deyillər ki, iddiaçının rəhbəri ilə aralarında razılaşma olmuşdur ki, onların əşyaları icarə sahəsində olduğundan icarə obyekti üçüncü şəxsə icarəyə verilsin, hər ay alınacaq icarə haqqından 250 manat borc silinsin. Buna görə də icarə haqqı borcu ilə razı deyildir.
7. Məhkəmənin sonrakı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) İcarə müqaviləsi üzrə icarə haqqının tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyrimümkün olduğu nəzərə alınmalıdır.
10. İşin mübahisəsiz halları bundan ibarətdir ki, iddiaçı (icarəyə verən) ilə cavabdeh (icarəçi) arasında xx.xx.2020-ci il tarixdə 026_2020 saylı icarə müqaviləsi bağlanaraq iddiaçı Bakı şəhəri, Z.Bünyadov prospekti 1965-ci məhəllədə 6-cı bina, 2-ci mərtəbədə yerləşən 30 kv.m sahəsi olan 23 saylı ofis sahəsini cavabdehə icarəyə vermiş, cavabdeh ƏDV daxil 354 manat aylıq icarə haqqı ödəməyi öhdəsinə götürmüş, xx.xx.2021-ci il tarixdə tərəflər icarə müqaviləsinə 1 saylı əlavə imzalayaraq iddiaçı 23 saylı ofis sahəsinin əlavə olaraq 26 kv.m hissəsini cavabdehə icarəyə vermiş, 56 kv.m icarə sahəsinə görə 708 manat icarə haqqının ödənilməsi razılaşdırılmışdır. İcarə obyekti cavabdehə təhvil verilmiş və cavabdeh 2023-cü ilin fevral ayınadək icarə obyektindən istifadə etmişdir.
11. İddiaçı 8647,04 manat icarə haqqı borcunun tutulmasını xahiş edir.
12. Cavabdeh tərəf iddiaya etiraz edir və bildirir ki, iddia ilə tələb olunan icarə haqqı borcu olmuş, maddi vəziyyətləri ilə bağlı ödəniş edə bilməmişdir. Lakin iddiaçının rəhbəri ilə aralarında razılaşma olmuşdur ki, onların əşyaları icarə sahəsində olduğundan iddiaçı icarə obyektini üçüncü şəxsə icarəyə verərək hər ay alınacaq icarə haqqından 250 manatı cavabdehin icarə haqqı borcundan siləcəkdir.
13. Məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən cavabdehə 2020-ci ilin avqustdekabr ayları üzrə 354 manat, 2021-ci ilin yanvar – 2022-ci ilin dekabr ayları üzrə 708 manat, 2023-cü ilin yanvar ayı üzrə 859,04 manat aylıq icarə haqqı üçün elektron qaimə rəsmiləşdirilməklə icarə haqları üçün ümumilikdə 19621,04 manat dəyərində elektron qaimə təqdim edilmiş, cavabdeh tərəfindən ümumilikdə 10974 manat ödəniş edilmişdir.
14. Məhkəmə hesab edir ki, icarə haqqı borcunun tələb edilməsi hissəsində iddia qismən əsaslıdır və iddianın hüquqi əsası ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır.
15. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
16. Həmin müqavilənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
17. Göründüyü kimi, icarə müqaviləsi icarəçi ilə icarəyəverən arasında əmlak kirayəsi müqaviləsi olub, icarəyəverənin icarəçiyə icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququnu verməyi, icarəçinin isə müəyyənləşdirilmiş icarə haqqını ödəməyi öhdəsinə götürdüyü icrası davamlı olan öhdəlik münasibətini ifadə edir.
18. Hazırkı iş üzrə iddiaçı Mülki Məcəllənin 700.1-ci maddəsindən irəli gələn hüququnu realizə edərək cavabdehdən icarə haqqının ödənilməsini tələb edir və məhkəmə hesab edir ki, iddiaçı icarə haqqını tələb etməkdə haqlıdır.
19. Lakin məhkəmə qeyd edir ki, iddiaçı 2023-cü ilin yanvar ayının icarə haqqı üçün 859,04 manat elektron qaimə təqdim edərək maliyyə arayışında hesablamanı ona uyğun aparmışdır. Halbuki iddiaçının məhkəməyə təqdim etdiyi və aylıq icarə haqqının 859,04 manat təsbit olunduğu 2023-cü il tarixli müqaviləni tərəflər bağlamamışlar. Belə olan halda iddiaçının 2023-cü ilin yanvar ayı üçün 859,04 manat icarə haqqı hesablamasının əsası olmamış, tərəflər arasında icarə münasibətləri xx.xx.2020-ci il tarixli icarə müqaviləsi və müqaviləyə xx.xx.2021-ci il tarixli 1 saylı əlavə saziş əsasında davam etmiş, ona görə də 2023-cü ilin yanvar ayı üçün 708 manat icarə haqqı tələb etməyə əsası olmuşdur.
20. Odur ki məhkəmə hesab edir ki, cavabdehdən tutulmalı olan icarə haqqının məbləği 8496 manat ((354 manat x 5 ay)+(708 manat x 25 ay)=19470 manat; 19470 manat - 10974 manat) təşkil edir.
21. Cavabdehin etirazının əsasını təşkil edən hallar ilə bağlı məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh iddiaçı tərəflə aralarında razılaşma olduğunu qeyd etsə də, sözügedən halı təsdiq edən hər hansı sübutu, yəni hər ay icarə haqqı borcundan müəyyən məbləğin silinməli olması ilə bağlı sübutu məhkəməyə təqdim etməmişdir. İcarə obyektində əşyalarının qaldığına dair etirazının əsası isə müstəqil iddia tələbinin faktiki əsasını təşkil edən hallar olmaqla iddiaya etirazın əsası kimi iddianın rədd olunması üçün əsas kimi çıxış edə bilməz.
22. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
23. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
25. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
26. Beləliklə, məhkəmə hesab edir ki, icarə müqaviləsi üzrə icarə haqqının ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (icarəçi) müqavilə üzrə yaranmış icarə haqqı borcunu iddiaçıya ödəməlidir.
27. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi icarə haqqı borcunun tutulması hissəsində qismən təmin edilməli, 8496 manat icarə haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
b) Dəbbə pulunun tutulması ilə bağlı
28. İddiaçı 2124 manat dəbbə pulunun tutulmasını xahiş edir.
29. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
30. Həmin Məcəllənin 463-cü maddəsinə əsasən, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur.
31. Həmin Məcəllənin 464.1-ci maddəsinə görə, kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər.
32. Göründüyü kimi, mülki qanunvericilikdə öhdəliklərin icrasının təmin edilməsinin ənənəvi üsulu kimi çıxış edən dəbbə pulu barədə razılaşmanın məhz yazılı qayda bağlanması nəzərdə tutulmuşdur. Həmçinin dəbbə pulunun ödənilməsinin qanunla müəyyənləşdirilməsi imkanı da istisna edilməmişdir. Başqa sözlə dəbbə pulunun tutulması qismində əsas kimi ya yazılı razılaşma, ya da qanunun müddəası çıxış etməlidir.
33. Məhkəmə qeyd edir ki, iddiaçı dəbbə pulunun tutulması ilə bağlı tələbinin faktiki əsası kimi 2023-cü il tarixli 382 saylı müqavilənin 3.4-cü bəndinə istinad edir. Lakin qeyd olunan müqaviləni tərəflər bağlamamışlar. Tərəflərin bağladıqları xx.xx.2020-ci il tarixli müqavilədə isə dəbbə pulu ilə bağlı hər hansı razılaşma olmamışdır. Digər tərəfdən, mülki qanunvericilikdə icarə haqqının gecikdirilməsi üçün təsbit edilən hər hansı cərimə məbləği və ya həddi də yoxdur.
34. Odur ki məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması tələbi əsassız olduğundan təmin olunmamalıdır.
c) Məhkəmə xərcinin tutulması ilə bağlı
35. İddiaçı ödənilmiş 127 manat dövlət rüsumunun və 500 manat hüquqi yardım xərcinin əvəzinin cavabdehdən tutulmasını xahiş etmişdir.
36. İddia ərizəsinə əlavə edilmiş 26 sentyabr 2023-cü il tarixli, MŞB\18\2023-01271 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş, iddiaçının nümayəndəsi sessiyada iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 110 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir.
37. Elektron iddia ərizəsinə əlavədən görünür ki, iddiaçı 127 manat dövlət rüsumu ödəmişdir.
38. Məhkəmə müəyyən edir ki, iddianın qiymətinə (10771 manat) uyğun ödənilməli dövlət rüsumunun məbləği 122 manat təşkil edir.
39. “Dövlət rüsumu haqqında” Qanunun 91.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.
40. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə artıq ödənilmiş 115 manat dövlət rüsumu iddiaçıya geri qaytarılmışdır.
41. Məhkəmə müəyyən edir ki, iddiaçı Nümayəndə ilə xx.xx.2023-cü il tarixdə hüquqi yardım müqaviləsi bağlayaraq hüquqi yardım haqqını 500 manat razılaşmışlar və sonuncu tərəfdən iddiaçıya 500 manata dair hesab ödəniş vərəqəsi təqdim olunmuşdur.
42. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir
43. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
44. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən (Məcəllənin iddia ərizəsi məhkəməyə təqdim edilərkən qüvvədə olan redaksiyasına əsasən) kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
45. Göründüyü kimi, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
46. Mülki Prosessual Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.
47. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
48. İş materialları ilə müəyyən olunur ki, icarə haqqının lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə xərcləri tam olaraq cavabdehdən tutulmalıdır.
49. Digər tərəfdən, məhkəmə kommersiya mübahisələrinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, mediasiya prosesində iştirak, iddia ərizəsi və əlavə olunan sənədlərin çatdırılması) nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq tələb olunan 500 manat hüquqi yardım xərci ağlabatandır və cavabdehdən tutulmalıdır.
50. Beləliklə, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 12 manat, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 110 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 500 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
51. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01 avqust 2020-ci il tarixli icarə müqaviləsi üzrə 8647 (səkkiz min altı yüz qırx yeddi) manat 04 (dörd) qəpik məbləğində əsas borc Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 12 (on iki) manat, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 110 (bir yüz on) manat, hüquqi yardım xərcinin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova