Məhkəmə qərarları › İş №e-2-2(113)-802/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-802/2024

17.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-802/2024 17.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “X4 Gida Taarım Sanayi ve Ticaret Limited” Şirkətinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “X4 Gida Taarım Sanayi ve Ticaret Limited” Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəsimi Rayon İcra Şöbəsinin depozitindən xx.xx.2018-ci il tarixli ödəniş tapşırığına əsasən 50000 manat, xx.xx.2018-ci il tarixli ödəniş tapşırığına əsasən 10000 manat olmaqla cəmi 60000 manat cavabdehin etibarnamə üzrə nümayəndəsi Mete Dedeoğlunun hesabına köçürülmüş pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının hesabına geri ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə iddiaçı “X4 Gida Taarım Sanayi ve Ticaret Limited” Şirkəti cavabdeh İddiaçı MMC-yə görülmüş işlərin dəyərinin ödənilməsinə məcbur edilmə tələbinə dair ilk iddia ərizəsi ilə 1 saylı İnzibati-İqtisad Məhkəməsinə müraciət edərək, MMC-dən Şirkətin xeyrinə 365 000 manat və 138 000 ABŞ dollarının tutulması və Şirkətə məxsus olan, lakin MMC-nin inşaat sahəsində qalmış alət və avadanlıqların Şirkətə qaytarılmasına məcbur edilməyə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonra məhkəmə iclasında Şirkət iddia tələbinin dəyişdirilməsinə dair ərizəsini məhkəməyə təqdim edərək, MMC-dən 365 000 manatın, 138 000 ABŞ dollarının və həmin məbləğlərə hesablanmış 248 200 manat və 93840 ABŞ dolları məbləğində faizlərin, cəmi 613 200 manatın və 231 840 ABŞ dollarının tutularaq Şirkətə ödənilməsinə və Şirkətə məxsus olan, lakin MMC-nin inşaat sahəsində qalmış alət və avadanlıqların Şirkətə qaytarılmasına məcbur edilməyə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC şirkətə qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin rədd edilməsi, şirkətdən 55729 manat və 494 661 ABŞ dollarının alınaraq MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-8/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsi ilə qət edilmişdir ki, ilk iddia qismən təmin edilsin, ilk iddia üzrə cavabdeh MMC-dən 249550 manat və 138000 ABŞ dolları tutularaq iddiaçı Şirkətə ödənilsin, ilk iddia qalan hissədə təmin edilməsin və qarşılıqlı iddia üzrə iddiaçı MMC-nin cavabdeh Şirkətə qarşı pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Hər iki tərəf qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-2(103)-218/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsi ilə “X4 Gida Taarım Sanayi ve Ticaret Limited” Şirkəti və İddiaçı MMC-nin apellyasiya şikayətləri təmin edilməmişdir. Daha sonra qərardan narazı qalan hər iki tərəf kassasiya şikayəti vermiş və Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-381/2017 nömrəli xx.xx.2017-ci il tarixli qərarı ilə “X4 Gida Taarım Sanayi ve Ticaret Limited” Şirkəti və İddiaçı MMC-nin kassasiya şikayətləri təmin edilməmişdir. Beləliklə, sözügedən qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün Nəsimi Rayon İcra Şöbəsinə göndərilmişdir. İcra zamanı MMC qətnamənin hissə-hissə icra edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və ərizə təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-17/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərardadı ilə cavabdeh İddiaçı MMC tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)- 8/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsi üzrə 249 550 manat və 138 000 ABŞ dolları məbləğində borcun xx.xx.2017-ci il tarixindən başlayaraq hissə-hissə ayda 20000 manat iddiaçı Şirkətə ödənilməsi barədə qərardad çıxarılmışdır. Həmin qərardad çıxarılmamışdan öncə MMC tərəfindən Nəsimi Rayon İcra Şöbəsinin depozitinə qətnamənin icrası ilə əlaqədar xx.xx.2017ci il tarixli ödəniş tapşırığına əsasən ilkin olaraq 50000 manat, daha sonra xx.xx.2018-ci il tarixli ödəniş tapşırığına əsasən 10000 manat pul vəsaiti ödənilmişdir. Daha sonra Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-381/2017 nömrəli xx.xx.2017-ci il tarixli qərarından bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə konstitusiya şikayəti edilmiş və Konstitusiya Məhkəməsinin 11 iyun 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)- 381/2017 nömrəli xx.xx.2017-ci il tarixli qərarı qüvvədən düşmüş hesab edilərək iş yenidən baxılması üçün geri qaytarılmışdır. Uzun sürən məhkəmə çəkişmələrinin nəticəsində, nəhayət Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-40/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarına əsasən “X4 Gida Taarım Sanayi ve Ticaret Limited” Şirkətinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-899/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və həmin qətnaməyə əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-8/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsi “ilk iddianın təmin edildiyi hissədə ləğv edilmiş” və iddia həmin hissədə rədd edilmişdir. Belə ki, Bakı şəhəri, Nəsimi Rayon İcra Şöbəsinə pulun geri qaytarılması ilə bağlı məktub göndərilməsinə baxmayaraq, cavab olaraq bildirilmişdir ki, Nəsimi Rayon İcra Şöbəsinin depozit hesabına ödənilmiş 50000 manat məbləğində pul vəsaiti xx.xx.2018-ci il tarixli ödəniş tapşırığına əsasən, 10000 manat məbləğində pul vəsaiti isə xx.xx.2018-ci il tarixli ödəniş tapşırığına əsasən tələbkar “X4 Gida Taarım Sanayi ve Ticaret Limited” Şirkətinin etibarnamə üzrə nümayəndəsi Mete Dedeoğlunun hesabına köçürülmüşdür. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iştirak edərək işə iddia icraatı qaydasında baxılmalı olduğunu bildirdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməlidir. İddiaçın tələbinin faktiki əsası mahiyyəti etibarilə ondan ibarətdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-8/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsinin icrası qaydasında 60000 manat məbləğində pul tələbkar “X4 Gida Taarım Sanayi ve Ticaret Limited” Şirkətinə iddiaçı tərəfindən ödənilmiş, daha sonra adıçəkilən qətnamə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-899/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş, hazırda isə həmin məbləğ iddiaçıya qaytarılmamışdır. İş materiallarından görünür ki, xx.xx.2017-ci il tarixli ödəniş tapşırığı əsasında 50000 manat, xx.xx.2018-ci il tarixli ödəniş tapşırığı əsasında 10000 manat məbləğində pul iddiaçı tərəfindən icra şöbəsinin bank hesabına köçürülmüş, xx.xx.2018-ci il tarixli 02 nömrəli ödəniş tapşırığı əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)- 8/2017 nömrəli xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən 50000 manat, xx.xx.2018-ci il tarixli 19 nömrəli ödəniş tapşırığı əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-8/2017 nömrəli xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən 10000 manat məbləğində pul Nəsimi rayon İcra şöbəsi tərəfindən “X4 Gida Taarım Sanayi ve Ticaret Limited” Şirkətinin nümayəndəsi Mete Dedeoğlunun bank hesabına köçürülmüşdür. İş materiallarından müəyyən olunur ki: - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 5 yanvar tarixli 2-2(81)- 8/2017 nömrəli qətnaməsi ilə “X4 Gida Taarım Sanayi ve Ticaret Limited” Şirkətinin ilkin iddiası qismən təmin edilərək, İddiaçındən 249 550 manat və 138 000 ABŞ dollarının tutularaq Şirkətə ödənilməsi, ilkin iddianın qalan hissədə təmin olunmaması, qarşılıqlı iddianın təmin edilməməsi qət olunmuşdur - Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 15 sentyabr tarixli 2-2(103)-899/2021 saylı qətnaməsi ilə “X4 Gida Taarım Sanayi ve Ticaret Limited” Şirkətinin apellyasiya şikayəti təmin edilməmiş, İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-8/2017 nömrəli 2017-ci il 5 yanvar tarixli qətnaməsi “ilkin iddianın təmin edildiyi” hissədə ləğv edilmiş, ilkin iddia həmin hissədə rədd edilmişdir. - Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2- 2(102)-40/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarına əsasən “X4 Gida Taarım Sanayi ve Ticaret Limited” Şirkətinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-899/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, iddiaçının 60 000 manat ödəniş etməsinə əsas olmuş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 5 yanvar tarixli 2-2(81)-8/2017 nömrəli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 15 sentyabr tarixli 2-2(103)- 899/2021 nömrəli qətnaməsi ilə ləğv edilmiş, həmin qətnamə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-40/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır. İddiaçının tələbi isə icra edilmiş, lakin ləğv edilmiş qətnamə üzrə icra edilmişlərin qaytarılması ilə bağlıdır. Mülki Prosessual Məcəllənin 236-1.1-ci maddəsinə əsasən, icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. Həmin Məcəllənin 236-1.2-ci maddəsinə əsasən, məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir. Həmin Məcəllənin 236-1.3-cü maddəsinə əsasən, məhkəmə ləğv edilmiş qətnamənin icrasında dönüş haqqındakı məsələni həll etməzsə, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin ləğv edilmiş qətnamə və ya qərardad əsasında aparılmış icra onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin icrada dönüş haqqında ərizəsi üzrə məhkəmə qərardad qəbul edir. Bu ərizəyə işdə iştirak edən şəxslər xəbərdar edilməklə, məhkəmə iclasında baxılır. Lakin həmin şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələni həll etməyə mane olmur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli Qərarının 11.3-cü bəndində də istinad olunan normalara uyğun olaraq qeyd olunmuşdur ki, icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə çıxarıldıqda bu qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası MPM-nin 236-1-ci maddəsinə müvafiq olaraq icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. Göründüyü kimi, mülki prosessual qanunvericilikdə icra edilmiş qətnamənin ləğv edilməsi halında alınanların qaytarılması barədə sui generis (özünə xas) institut nəzərdə tutulmuş, həmin məsələyə iddia icraatı qaydasında deyil, məhz aid olduğu işdə xüsusi qaydada baxılması təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı tələbə iddia icraatı qaydasında məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.3-cü maddəsinə əsasən, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. İddiaçıya izah edilsin ki, icrada dönüş barədə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261-262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh “X4 Gida Taarım Sanayi ve Ticaret Limited” Şirkətinə qarşı “pulun tutulması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar