Məhkəmə qərarları › İş №e-2-2(113)-8024/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8024/2025

13.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8024/2025 13.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, borcun tutulması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Hacıyeva Nərmin Xaliq qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 11415,41 manat əsas borc, 885,19 manat faiz borcu, 156,21 manat cərimə borcu olmaqla, cəmi 12456,81 manat borcun və 127,37 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh2 120 ay müddətinə 100000 manat kredit limiti ayrılmışdır. Cavabdeh2 xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 21 faizlə 24 ay müddətinə 30000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh3 ilə xx.xx.2022-ci il tarixli və Cavabdeh1 ilə xx.xx.2023-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır. 2025-ci il mayın 19-dək Cavabdeh2 banka xx.xx.2023cü il tarixli kredit müqaviləsi üzrə 11415,41 manat əsas borcu, 885,19 manat faiz borcu, 624,85 manat cərimə olmaqla, cəmi 12925,45 manat borcu vardır. Cavabdeh2 xx.xx.2023cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcunun 353,23 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 156,21 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 445.2.1, 448.1, 467, 472.1, 472.2, 501-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdehlər tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır.

5. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddələrinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 4-MCR-1- 261-22 nömrəli (kredit limitinin ayrılmasına dair) razılaşmadan görünür ki, Cavabdeh2 bankdan 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində kredit limiti ayrılmışdır.

7. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 4-MCR-1- 261-22 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə bağlanmış xx.xx.2023-cü il tarixli əlavə sazişdən görünür ki, müqaviləyə aşağıdakı redaksiyada 10-cu bəndinə dəyişiklik əlavə edilir: 1.1. Cavabdeh1 tərəfindən verilən zaminlik (04.05.223-cü il tarixli, Z/07519/23 nömrəli müqavilə).

8. İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixdə bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə 1, 6 saylı əlavələr və imza möhür nümunəsi təqdim olunmuşdur.

9. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 4-MCR-1- 261-22/2 nömrəli (kredit verilməsinə dair) razılaşmadan görünür ki, Cavabdeh2 bankdan 24 ay müddətinə, illik 21% olmaqla 30000 manat məbləğində kredit verilməsi barədə razılıq əldə edilmişdir. Müqavilə tərəflərin imzası və İddiaçı ASC-nin möhürü ilə təsdiq edilmişdir.

10. xx.xx.2023-cü il tarixli, 4-MCR-1-261-22/2 nömrəli kredit müqaviləsinə xx.xx.2023-cü il tarixli, 1 saylı ödəniş cədvəlinin məzmunundan müəyyən olunur ki, Cavabdeh2 tərəfindən İddiaçı ASC-yə 4-MCR-1-261-22/2 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə qədər hissə-hissə ümumilikdə 30000 manat əsas, 6997,69 manat faiz borcu ödənilməlidir. Ödəniş cədvəli tərəflərin imzası və İddiaçı ASC-nin möhürü ilə təsdiq edilmişdir.

11. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, Z/03013/22 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 4-MCR-1-261-22 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 bank qarşısında öz üzərinə birgə məsuliyyət götürmüşdür.

12. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, Z/07519/23 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 4-MCR-1-261-22 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə birgə məsuliyyət götürmüşdür.

13. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2025-ci il tarixə banka olan borcu 11415,41 manat əsas, 885,19 manat faiz, 624,85 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 12925,45 manat təşkil edir.

14. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ünvanladığı xx.xx.2025-ci il tarixli, KBD-2832 nömrəli pretenziya məktubundan görünür ki, borcun 5 (beş) gün müddətində tam ödənilməsi tələb olunmuş, əks təqdirdə borcun tutulması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/5545 saylı ekspert rəyindən görünür ki, təqdim olunmuş hesabdan çıxarış məlumatları, xx.xx.2023-cü il tarixli 4-MCR-1-261-22/2 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, xx.xx.2025-ci il tarixə Cavabdeh2 İddiaçı ASC-yə olan borcu 12033,14 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu 11301,38 manat, faiz borcu 731,76 manat. xx.xx.2025-ci il tarixə Cavabdeh2 “Yelo Bank» ASC-yə olan borcu 12903,35 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu 11301,38 manat, faiz borcu 1601,97 manat. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi

18. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, 4-MCR-1-261-22 nömrəli (kredit limitinin ayrılmasına dair) razılaşma bağlanmış və Cavabdeh2 bankdan 120 (yüz iyirmi) ay müddətinə, 100000 (yüz min) manat məbləğində kredit limiti ayrılmışdır. Həmin razılaşma çərçivəsində bağlanmış xx.xx.2023-cü il tarixli, 4-MCR-1-261-22/2 nömrəli (kredit verilməsinə dair) razılaşmaya əsasən Cavabdeh2 bankdan 24 ay müddətinə, illik 21% olmaqla 30000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, Z/03013/22 nömrəli, Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, Z/07519/23 nömrəli zaminlik müqavilələrinə əsasən İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 4-MCR-1-261-22 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 və Cavabdeh1 bank qarşısında öz üzərinə birgə məsuliyyət daşımaq öhdəliyini götürmüşlər. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirsə də, cavabdehlər (borc alan və zaminlər) müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş, ona görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

19. İddia tələbinin bir hissəsini cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 11415,41 manat əsas borc, 885,19 manat faiz borcunun tutulması təşkil edir.

20. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (əsas borclu və zaminlər) müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/5545 saylı ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcu və faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 11301,38 manat (on bir min üç yüz bir manat otuz səkkiz qəpik) əsas borc, 731,76 manat (yeddi yüz otuz bir manat yetmiş altı qəpik) faiz borcu iddiaçının xeyrinə tutulmalı, əsas və faiz borcunun tutulmasına dair iddia tələbi qalan hissədə təmin olunmamalıdır.

21. Məhkəmə qeyd edir ki, iddia tələbinin əsas və faiz borcunun tutulması hissəsinə münasibətdə yuxarıda qeyd edilən qənaətə gələrkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/5545 saylı ekspert rəyi əsas götürülmüşdür. Rəydə xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə olan əsas kredit borcunun 11301,38 manat, faiz borcunun 731,76 manat təşkil etdiyi qeyd olunmuşdur.

22. İddia tələbinin digər hissəsini cavabdehlərdən müştərək qaydada 156,21 manat cərimə borcunun tutulması təşkil edir.

23. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

24. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 156,21 manat (yüz əlli altı manat iyirmi bir qəpik) məbləğində cərimə məbləği iddiaçının xeyrinə tutulmalıdır.

25. Eləcə də, iddiaçı 127,37 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulmasını xahiş etmişdir.

26. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi kimi 124,64 manat (yüz iyirmi dörd manat altmış dörd qəpik) məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.

27. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 97,90 hissəsi cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada, 2,10 manat hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada xx.xx.2023cü il tarixli kredit müqaviləsi üzrə 11301,38 manat (on bir min üç yüz bir manat otuz səkkiz qəpik) əsas borc, 731,76 manat (yeddi yüz otuz bir manat yetmiş altı qəpik) faiz borcu, 156,21 manat (yüz əlli altı manat iyirmi bir qəpik) cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 124,64 manat (yüz iyirmi dörd manat altmış dörd qəpik) olmaqla, ümumilikdə 12313,99 manat (on iki min üç yüz on üç manat doxsan doqquz qəpik) məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 97,90 hissəsi cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada, 2,10 manat hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar