Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-803/2022 11.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraicət edərək, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə 2015-ci ilə kimi yaranmış 49.500 manat borcun **********8 saylı abonent kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, şirkət olaraq "xxxx" ASC-nin balansında olmuşlar. 2015-ci ildə "xxxx" ASC ləğv olunduqdan sonra onun əvəzinə "xxxx" ASC yaranmışdır. Bir müddətdən sonra "xxxx" ASC-nin numayəndələri idarəyə gələrək onların "xxxx" ASC-dən qalan 49.500 manat borclarının olduğunu bildirmişdilər. Buna etiraz edərək vaxtı-vaxtında Azərenerjiyə borclarını ödədiklərini bildirsələr də "xxxx" ASC-nin numayəndələri onlara arqumentlərinə məhəl qoymayayaraq pulu ödəməli olduğunu bildirdilər, əks təqdirdə işığın verilməsini dayandırmağı bildirmişlər. Bununla əlaqədar mediasiya təkilatına müraciət etmiş, lakin "xxxx" ASC-nin numayəndələri mediasiya sessiyasına gəlməmişlər, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında borcun silinməsinə etiraz etmədiklərini, sistem üzrə 2015-ci ilə qədər ki mövcud olan borcun "Bağlanan aktlar" adlı bölmədə 2015-ci ilə "ETAİS-dən gələn borc" kimi qeyd edildiyini, belə ki, **********50001 uçot nöqtəsi üzrə 16.505,73 manat, **********04097 uçot nöqtəsi üzrə 16.505,73 manat, **********04098 uçot nöqtəsi üzrə 16.505,73 manat, ümumilikdə 49.517,19 manat məbləğində borcun 20.08.2015-ci il tarixə "ETAİS-dən gələn borc" kimi qeydə alındığını, borc məbləğinin 2015-ci il tarixdə yarandığını qeyd etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Abunə haqqında məlumatdan görünür ki, abonent İddiaçı MMC-yə "Bağlanan aktlar" adlı bölmədə 2015-ci ilə **********50001 uçot nöqtəsi üzrə 16.505,73 manat, **********04097 uçot nöqtəsi üzrə 16.505,73 manat, **********04098 uçot nöqtəsi üzrə 16.505,73 manat, ümumilikdə 49.517,19 manat məbləğində borc 20.08.2015-ci il tarixə "ETAİS-dən gələn borc" kimi hesablanmışdır. - İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, MMC-yə hesablanmış 49.500 manat məbləğində borcun silinməsi tələb edilmişdir. - "xxxx" ASC-nin nümayəndəsi C.Aslanov tərəfindən EMİS-ə yeklənmiş ərizədən müəyyən edilir ki, iddiaçının silinməsini tələb etdiyi 49.500 manat məbləğində borc "xxxx" ASC-nin təsis edildiyi 2015-ci ilə qədər yaranmış borcdur. Həmin borc ASC üzrə abonentlərin elektron məlumat sisteminə tələb ediməyən borc kimi yerləşdirilmişdir. Odur ki, iddia ərizəsində qeyd olunmuş 49.500 manat məbləğində borcun silinməsinə etiraz etmirlər. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin halları ondan ibarətdir ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" ASC arasında elektrik enerjisindən istifadəyə dair müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Hazırda İddiaçı MMC "xxxx" ASC-nin abonent barədə məlumata daxil edilmiş 49.500 manat məbləğində borcun öhdəliyin xitamı üçün nəzərdə tutulmuş müddətin keçməsi ilə əlaqədar silinməsini tələb edir. Həmçinin məhkəmə araşdırması zamanı məlum oldu ki, İddiaçı MMC-nin silinməsini tələb etdiyi 49.517,19 manat məbləğində borc iddiaçının abonent barədə məlumatlara (**********8 saylı abonent kodu) 20.08.2015-ci il tarixədək dövrdə yaranmış "ETAİS-dən (əvvəlki elektron sistem) gələn borc" kimi daxil edilmişdir. Qeyd edilən borc məbləğinin mövcudluğu və həmin borc məbləğinin 20.08.2015-ci il tarixdən əvvəl yarandığı cavabdehin nümayəndəsi C.Aslanov tərəfindən məhkəməyə verilmiş yazılı ərizədə və cavabdehin nümayəndəsi Z.Səmədova tərəfindən məhkəmədə verilmiş izahatda da təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 550-ci maddəsi təşkil edir. Həmin maddəyə görə tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə görə kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. İş materiallarından isə görünür ki, iddiaçının silinməsini tələb etdiyi 49.500 manat məbləğində borc 20.08.2015-ci ilədək olan dövrdə yaranmış, vaxtaşırı ödənişlər haqqında tələbdən irəli gələn borcdur. İşin göstərilən halları ilə təsdiq edilir ki, 2015-2021-ci illərdə İddiaçı MMC tərəfindən 20.08.2015-ci ilədək yaranmış tələbin ödənilməsi istiqamətində hər hansı addımlar atılmamış, hissə-hissə edilməmiş, təminat verilməmiş, eləcə də cavabdeh "xxxx" ASC həmin borcun ödənilməsi ilə bağlı məhkəmədə iddia irəli sürməmişdir. Mülki Məcəllənin 553.1-ci maddəsinə görə yalnız aşağıdakı hallarda müddətin axımı kəsilir: 553.1.1. mükəlləfiyyətli şəxs tələbi ixtiyarlı şəxsə hissə-hissə ödənişlərlə, faizlər ödəməklə, təminat verməklə və ya digər üsulla icra edirsə; 553.1.2. ixtiyarlı şəxs məhkəməyə iddia verirsə. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, "xxxx" ASC-nin İddiaçı MMC-yə qarşı 2015cı ilin avqustunadək yaranmış 49.517,19 manat məbləğində tələbi üzrə müddətin axımı kəsilməsinə əsas olan hallar baş verməmişdir. Məhkəmə iddiaçının silinməsini tələb etdiyi 49.500 manat məbləğində borcun (**********50001 uçot nöqtəsi üzrə 16.500 manat, **********04097 uçot nöqtəsi üzrə 16.500 manat, **********04098 uçot nöqtəsi üzrə 16.500 manat) 20.08.2015-ci il tarixədək yarandığını, həmin vaxtdan etibarən öhdəliyin xitamı müddətinin kəsilməsi üçün əsas olan halların baş vermədiyini, belə olan halda isə həmin borcun yaranmasından Mülki Məcəllənin 551.2.1-ci maddəsində vaxtaşırı ödənişlər haqqında tələblər üçün nəzərdə tutulmuş 5 illik müddət keçməklə həmin öhdəliklər üzrə cavabdehin tələb etmə hüququna müddətin keçməsi ilə əlaqədar xitam verildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı həmin borcun silinməsini tələb etməkdə haqlıdır. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 120 manat məbləğində dövlət rüsumu da ödənilmişdir. Dövlət rüsumunun hesablanmaması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 238,5 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 200 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin hazırkı halda iddiaçı çəkdiyi mediasiya xərci həcmində dövlət rüsumunu ödəməkdən azad edildiyindən 38,5 manat məbləğində dövlət rüsumu ödəməli idi. Odur ki, iddiaçının artıq ödədiyi 81,5 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən 20.08.2015-ci il tarixədək olan dövrdə hesablanmış 49.500 (qırx doqquz min beş yüz) manat məbləğində borc (**********50001 uçot nöqtəsi üzrə 16.500 manat, **********04097 uçot nöqtəsi üzrə 16.500 manat və **********04098 uçot nöqtəsi üzrə 16.500 manat) İddiaçı MMC-nin abonent hesabından (abonent kodu **********8) silinsin. Çəkilmiş mediasiya xərclərinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 38,5 (otuz səkkiz manat əlli qəpik) məbləğində pul vəsaiti cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia verilərkən artıq ödənilmiş 81,5 (səksən bir manat əlli qəpik) məbləğində dövlət rüsumu İddiaçı MMC-yə qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-803/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-803/2022
11.04.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver