Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-804/2024 16.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, elektron qaimə) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı QSC (bundan sonra – iddiaçı) Cavabdeh2 (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli, 279 nömrəli icarə müqaviləsinə əsasən ödənilməmiş 1772.66 manat əsas, 1236.34 manat ƏDV borcu, ümumilikdə 3009.00 manat borcun, 450 manat cərimə borcunun, 500 manat hüquqi yardım xərcinin və 65 manat dövlət rüsumunun cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdehdən xx.xx.2022-ci il tarixli, 279 nömrəli icarə müqaviləsinə əsasən ödənilməmiş 1772.66 manat əsas, 1236.34 manat ƏDV borcu, ümumilikdə 3009.00 manat borcun, 4062,15 manat cərimə borcunun, 500 manat hüquqi yardım xərcinin və 95 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2022-ci il tarixində qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barəsində icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı mülkiyyətində olan Bakı şəhəri, Ziya Bünyadov prospekti, 1965-ci məhəllə ünvanında yerləşən İddiaçı Biznes Mərkəzinin 1-ci bina 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 85 kvadratmetr olan 406A saylı qeyri yaşayış sahəsini cavabdehə icarəyə vermiş, cavabdeh isə xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 543,56 manat (ƏDV daxil), xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 1.404,20 (ƏDV daxil) manat məbləğində aylıq icarə haqqı və 20 oktyabr 2022ci il tarixdən 31 oktyabr 2022-ci il tarixədək 38.82 (ƏDV daxil) manat,xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək isə aylıq 100,30 (ƏDV Daxil) manat elektirik sərfiyyatı üçün ödəniş etməli idi. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Belə ki, işə əlavə olunan hesab üzrə çıxarışdan da göründüyü kimi xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixinə cavabdehin müqavilə üzrə öhdəliyi 8104.88 manat təşkil edir. Cavabdeh tərəfindən bu öhdəliyin sadəcə 5095.88 manatı iddiaçının bank hesabına ödənilib. Cavabdehin müqavilə üzrə öhdəliyini icra etməməsi nəticəsində əsas məbləğ üzrə 1772.66 manat, ƏDV məbləği üzrə isə 1236.34 manat, ümumlikdə 3009.00 manat qalıq borcu yaranmışdır.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.
6. Məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 279 saylı qeyriyaşayış sahəsinin icarə müqaviləsindən görünür ki, icarəyə verən icarəçiyə müvəqqəti istifadə üçün Bakı şəhəri, Ziya Bünyadov prospekti, 1965-ci məhəllə ünvanında yerləşən İddiaçı Biznes Mərkəzinin 1-ci bina, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 85 m2 təşkil edən 406A saylı qeyri-yaşayış sahəsini icarəyə verir, həmçinin bununa bağlı hazırkı müqavilədə müəyyən edilmiş şərtlərlə digər xidmətlər göstərir. İcarəçi isə fəaliyyət göstərmək məqsədilə icarə obyektini müvəqqəti istifadə etmək üçün icarəyə götürür, icarəyə verənlə bu müqavilənin şərtləri ilə razılaşdırılmış müddətdə və keyfiyyətdə icarə obyektini təmir edir və bu müqavilə ilə müəyyən edilmiş icarə haqqını vaxtlı-vaxtında ödəməyi öhdəsinə götürür.
9. Müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti ərzində icarəçi icarəyə verənə icarə obyekti üçün 20 oktyabr 2022-ci il tarixindən 31 oktyabr 2022-ci il tarixinədək 543,56 (ƏDV daxil) manat, 01 noyabr 2022-ci il tarixindən 31 dekabr 2023-cü il tarixinədək 1404,20 (ƏDV daxil) manat məbləğində aylıq icarə haqqı ödəyir. Qeyd olunan qiymətə elektrik sərfiyyatı daxil deyil və elektrik sərfiyyatı 20 oktyabr 2022-ci il tarixindən 31 oktyabr 2022-ci il tarixinədək 38,82 (ƏDV daxil), aylıq olaraq 01 noyabr 2022-ci il tarixindən 31 dekabr 2023-cü il tarixinədək 100,30 (ƏDV daxil) məbləğ icarəçi tərəfindən ödənilir. Hər bir gecikdirilmiş icarə günü üçün icarəçi icarə haqqının 0,5 % həcmində icarəyə verənə cərimə ödəyəcəkdir.
10. Müqavilənin 6.2.3-cü bəndinə əsasən icarəçi bu müqavilə çərçivəsində ödənilə bilən bütün icarə və başqa ödənişləri bu müqavilənin 3-cü maddəsinin şərtlərinə əsasən tam şəkildə və vaxtında ödəməyi öhdəsinə görtürür.
11. Müqaviləyə 01 saylı əlavədə iddiaçı tərəfindən göstərilən xidmətlər barədə məlumat göstərilmişdir.
12. Müqaviləyə 20 oktyabr 2022-ci il tarixli 02 saylı Əlavə ilə tərəflər bu saziş əsasında müştəriyə mülkiyyətində və ya hüquqi əsaslarla istifadəsində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi Bakı şəhəri, Ziya Bünyadov, 1965 ünvanında yerləşən kompleksin texniki normalara uyğun təhlükəsizliyinin təmini üçün birgə əməkdaşllıq edəcəklərini bəyan etmişlər.
13. Müqaviləyə 03 saylı Əlavədə tərəflər İddiaçı X1 İdarəetmə və İstifadə qaydalarını müəyyən etmişlər.
14. Müqaviləyə 20 oktyabr 2022-ci il tarixli 04 saylı Əlavə ilə icarəçi bu aktla icarə müqavilənin predmetini təşkil edən sahəni müqavilə şərtlərinə uyğun şəkildə və qaydada qəbul etmiş və ondan istifadə etməyi öhdəsinə götürmüşdür.
15. İddiaçı tərəfindən cavabdehə EBDB 035561 nömrəli xx.xx.2023-cü il tarixli, EBCO 791891 nömrəli, xx.xx.2023-cü il tarixli, EBCN 214135 nömrəli xx.xx.2023-cü il tarixli, EBCK 718022 nömrəli xx.xx.2022-ci il tarixli, EBCK 716040 nömrəli xx.xx.2022-ci il tarixli, EBCK 033550 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə-fakturalar təqdim edilmişdir.
16. İddiaçı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, cavabdehin ümumi borcu 3009 manat təşkil edir.
17. Məhkəmə nümayəndənin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
18. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
19. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
22. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
23. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir.
24. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
26. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
27. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
28. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 3009 manat icarə haqqı borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 3009 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
29. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 279 saylı müqavilənin 3.4-cü bəndinə əsasən hesablanmış 4062,15 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
30. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
31. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
32. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
33. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 150 manat məbləğində müəyyən edilməlidir.
34. Bundan başqa iddia ərizəsində 500 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, hüquqi yardımla bağlı çəkilmiş 500 manat məbləğində xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
35. Belə ki, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən “V.M.N” Vəkil Bürosunun hesabına hüquqi xidmət haqqına görə 500 manat pul ödənilmişdir.
36. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
37. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən ümumilikdə 3009 manat (ƏDV daxil olmaqla) məbləğində əsas borc, 150 manat məbləğində dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
39. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan iş üzrə ödənilmiş 95 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
40. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 3009 manat (ƏDV daxil olmaqla) icarə haqqı borcu, 500 manat hüquqi yardıma görə xərc, 150 manat dəbbə pulu, ödənilmiş 95 manat dövlət rüsumu, ümumilikdə 3754 (üç min yeddi yüz əlli dörd) manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova