Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8043/2025 02.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: sudan qanusuz istifadə, tutulmuş pulun geri qaytarılması Bakı Kommersiya Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. İŞİN FAKTİKİ HALLARİ
1. ünvan 1 ünvanında xidməti fəaliyyətini həyata keçirən iddiaçı ilə cavabdeh arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair xx.xx.2024-cü il tarixli müqavilə bağlanmışdır. İddiaçıya göstərilən ünvan üzrə 075865 saylı abonent kodu təyin edilmişdir.
2. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən iddiaçıya Mənzil Tikinti Kooperativinin su təchizatına baxış keçirilmiş və bununla bağlı 602201 saylı akt tərtib edilmişdir. Aktda baxış zamanı sayğacdan kənar iki ədəd iç diametri d=25 mm-lik və d=20 mm-lik boru vasitəsi ilə sudan qeyri-qanuni istifadənin olması qeyd edilmişdir.
3. İddiaçıya sözügedən akt əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli hesab faktura əsasında bir il müddət üçün 2052 m3 sərfiyyata görə 2052 manat (ƏDV daxil), xx.xx.2023-cü il tarixli qanunsuz istifadə fakturası əsasında (xx.xx.2023-cü il tarixli 602201 saylı akta əsasən su və kanlizasiya xidmətlərindən qanunsuz istifadə haqqının ödənişi üçün) 360 gün müddət üçün 3492 m3 sərfiyyata uyğun 3492 manat olmaqla, cəmi 5544 manat məbləğində borc hesablanmışdır.
4. Bundan başqa, iddiaçı daha əvvəl iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, 602201 nömrəli akta əsasən hesablanmış 5554 manat məbləğində borcun silinməsi və dövlət rüsumuna görə ödənilmiş 75,54 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6554/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək iddiaçıya məxsus 075865 nömrəli abonent kodu üzrə xx.xx.2023-cü il tarixili, 602201 nömrəli akt əsasında hesablanmış 3160 manat məbləğində borcun iddiaçının abonent hesabından silinməsi qət edilmişdir. Məhkəmə iddianı qismən təmin edərkən belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən müəyyən məbləğdə ödənişlər edildiyindən, onun 3160 manat borcu qalmış, iddiaçının tələbi borcun silinməsi olduğundan, silinməsi istənilən borc isə qismən ödənildiyindən akt üzrə hesablanmış, hazırda ödənilməmiş qalan borc məbləği abonent hesabından silinməlidir.
MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
5. İddiaçı xx.xx.2023-cü il tarixli, 602201 nömrəli akta əsasən hesablanmış 5554 manat məbləğində borcdan ödənilmiş 2394 manat pulun və dövlət rüsumuna görə ödənilmiş 43,94 manat pulun cavabdehdən tutulması barədə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2023-cü ilin dekabr ayında Yasamal rayon Sukanal idarəsi tərəfindən “Qanunsuz istifadə Fakturası” təqdim edilərək guya sudan qanunsuz istifadə nəticəsində 5554 manat məbləğində vurulmuş zərərin əvəzinin ödənilməsi tələb edilmişdir. Bunun yalnışlıq olduğunu düşünərək məsələnin araşdırılması və əsassız hesablanmış borcun silinməsi məqsədi ilə xx.xx.2024-cü il tarixdə rəsmi qaydada "xxxx" ASC-yə müraciət edildi. Cavabdeh təşkilat xx.xx.2024-cü il tarixli, 13-16/2-06/01-10/601/2024 saylı cavab məktubu ilə onlara bildirmişdir ki, Yasamal rayon Sukanal İdarəsinin nümayəndələri tərəfindən İddiaçı MMC-ninsu təchuizatına baxış keçirən zaman nasosxanada d=20 və d=25 mm olan ağzı açıq vəziyyətdə olan kənar xəttlər aşkarlanmış və qeyri-qanuni istifadəyə görə xx.xx.2023-cü il tarixli, 602201 nömrəli akt tərtib edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 saylı qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 8.6-cı bəndinə əsasən 5544 m3 olmaqla, 5554 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Qeyd edilən tələblə xx.xx.2024-cü il tarixdə Bakı Kommersiya Məhkəməsinə müraciət edilmiş, Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-6554/2024 saylı qətnaməsi ilə iddia tələbləri qismən təmin edilərək 3160 manat borcun abonent hesabımızdan silinməsi qət edilmişdir. İddia tələbiminin qismən təmin edilməsinə səbəb isə mübahisələndirilən borcun bir hissəsinin ödənilməsi olmuşdur. Məhkəmə qətnaməsindən də göründüyü kimi cavabdeh tərəfindən akta əsasən hesablanmış borc tam qanunsuz hesab edilmişdir. Belə ki, Cavabdehin Yasamal Rayon Sukanal İdarəsi tərəfindən keçirilmiş yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl edilməmiş, aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. (Qətnamədə 19-cu bənd). Hesablanmış borc məbləğinin bir hissəsi iradələrinə zidd şəkildə yenə də qanunsuz olaraq su kartına edilən ödənişlərdən cavabdeh tərəfindən tutulmuşdur. Tutulan pulun ümumi məbləği 2394 manat təşkil edir. (Qətnamədə 20-21-ci bəndlər). Beləliklə, məhkəmə hesab etmişdir ki, mübahisə ərəfəsinə borc qalığı 3160 manat təşkil etdiyindən yalnız həmin məbləği silmək mümkündür, mövcud olmayan borcun isə silinməsi mümkün deyil.
b) İddiaya qarşı etirazın dəlilləri
7. Cavabdeh iddiaya qarşı yazılı etirazını məhkəməyə təqdim etməmişdir.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
8. İddiaçının nümayəndəsi əvvəlki məhkəmə iclasında iştirak edərək iddia tələbini müdafiə etdiklərini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
9. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
10. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
11. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)
TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikası Nazirlər Kbinetinin xx.xx.2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”.
12. 6.18-ci bənd. STKM-in səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.
13. 7.1-ci bənd. Suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir.
14. 7.2-ci bənd. STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununu.
15. Maddə 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.
16. Maddə 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.
17. Maddə 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamə.
18. 1.4-cü bənd. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
19. 1.5-ci bənd. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.
20. 5.2-ci bənd. Yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir.
Azərbaycan Rüspublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
24. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir
25. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
MƏHKƏMƏNİN MÖVQEYİ
27. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
28. Belə ki, işin yuxarıda göstərilən hallarından göründüyü kimi iddiaçının qaytarılmasını tələb etdiyi pul məbləği cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 602201 nömrəli akta əsasən dəymiş zərər qismində hesablanmaqla sonradan tutulmuş pul pul məbləğidir.
29. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6554/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixli, 602201 nömrəli akta əsasən hesablanmış 5554 manat məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, onun iddiası qismən təmin edilərək həmin akt əsasında hesablanmış 3160 manat məbləğində borcun iddiaçının abonent hesabından silinməsi qət edilmiş, iddia borcun qalan hissəsində isə təmin edilməmişdir. Məhkəmə iddianı qismən təmin edərkən dəymiş zərər qismində cavabdeh tərəfindən hesablanmış borcun iddiaçı tərəfindən bir hissəsinin ödənildiyini, ödənilməyən yalnız 3160 manat borcun qaldığını nəzərə almışdır. Həmçinin, həmin qətnamə ilə Bakı Kommersiya Məhkəməsi cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 602201 nömrəli aktın əsassız olduğu qənaətinə gəlmişdir. Ona görə hazırkı mübahisə üzrə həmin aktın əsassızlığına dair hüquqi dəyərləndirmənin aparılmasına ehtiyac yoxudr. MPM-nin 82.3-cü maddəsində deyilir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
30. Məhkəmə hesab edir ki, iddiaçının ödədiyi, yaxud onun etdiyi ödənişlərdən silinmiş 2394 manat pul xx.xx.2023-cü il tarixli, 602201 nömrəli akt əsasında tutulduğundan iddiaçıya geri qaytarılmalıdır. Belə ki, cavabdeh su və kanalizasiya xidmətlərinin göstərilməsi sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.
31. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 602201 saylı akt əsasında hesablanmış, lakin yoxlayıcı orqan olan cavabdeh sahibkarlıq fəaliyyəti subyekti olan iddiaçıya məxsus qeyri-yaşayış sahəsində keçirdiyi həmin yoxlamanı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin müvafiq reyestrində qeydiyyata aldırmamışdır.
32. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli və iddiaçıdan tutulmuş 2394 manat pul ona qaytarılmalıdır.
34. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə öənilməlidir.
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ tərəfindən xx.xx.2023cü il tarixli, 602201 nömrəli akta əsasən İddiaçı MMC-yə hesablanmış borcdan ödənilmiş 2394 manat məbləğində pul və ödənilmiş 43,94 manat dövlət rüsumu cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Pərviz Zamanlı