Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8044/2025 09.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı ipoteka müqaviləsinə xitam verilməsi, əmlakın ipoteka yüklülüyündən azad olunması tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: əmlakın ipotekadan azad edilməsi, ipoteka müqaviləsinə xitam verilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı ipoteka müqaviləsinə xitam verilməsi, əmlakın ipoteka yüklülüyündən azad olunması tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı “"xxxx" MMC cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İpoteka saxlayan” cavabdeh Mərkəzi Bank, “İpoteka qoyan” müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" şirkəti və "xxxx" KredoBank ASC-nin (ləğv prosesindədir) arasında bağlanmış İBO14-1626/3 nömrəli, xx.xx.2024-cü il tarixli İpoteka müqaviləsinə xitam verilməsi və ipoteka predmeti olan tam mülkiyyət hüququ üzrə "xxxx" şirkətinin adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 415 nömrəli vərəqində **********00-12301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmış (MH seriyalı ******* nömrəli Çıxarış) Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3097-ci məhəllə ünvanında istifadədə olan 0,29436 ha torpaq sahəsində yerləşən 2632,2 kv.m ümumi, 2630.6 kv.m əsas, 1.6 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin ipoteka yüklülüyündən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, “Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi. 3097- ci məhəllə ünvanında istifadədə olan 0,29436 ha torpaq sahəsində yerləşən 2632,2 kv.m ümumi, 2630.6 kv.m əsas, 1.6 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi (bundan sonra mətndə Əmlak kompleksi) tam mülkiyyət hüququ üzrə "xxxx" şirkətinin adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 415 nömrəli vərəqində xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmış və MH seriyalı ******* nömrəli Çıxarış verilmişdir. İddiaçı "xxxx" MMC ilə "xxxx" Şirkəti arasında bağlanmış Daşınmaz Əmlakın AN-İ № ******* saylı, xx.xx.2024-cü il tarixli Alqı-Satqı Müqaviləsinə əsasən yuxarıda qeyd olunan əmlak kompleksi "xxxx" MMC tərəfindən satın alınmışdır. İddiaçı MMC xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi ilə əldə etdiyi Əmlak kompleksi üzərində mülkiyyət hüququnun Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi üçün xx.xx.2024-cü il tarixli ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə 1 saylı Bakı Ərazi İdarəsi) müraciət edilmişdir. 1 saylı Bakı Ərazi İdarəsininin xx.xx.2025-ci il tarixli Bildirişinə əsasən Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmiş, və imtinanın əsas kimi isə mübahisə predmeti olan Əmlak kompleksinin Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra mətndə Mərkəzi Bank) xeyrinə ipoteka ilə yüklü edilməsi və hüquqların dövlət qeydiyyatına alınmasına dair ipoteka saxlayanın razılıq ərizəsinin təqdim edilməməsi göstərilmişdir. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı MMC tərəfindən xx.xx.2025-ci il tarixdə cavabdeh Mərkəzi Banka pretenziya ilə müraciət edilərək mübahisə predmeti olan Əmlak kompleksinin ipoteka yüklülüyündən azad edilməsi xahiş olunmuşdur. Lakin cavabdeh yuxarıda qeyd olunan pretenziyaya hər hansı bir cavab verməmişdir. İddiaçı yuxarıda qeyd olunan Alqı-satqı müqaviləsi və xx.xx.2024-cü il tarixli Sazişi şərtlərinə uyğun olaraq İB**********_703382_240704 ödəniş nömrəli, xx.xx.2024-cü il tarixli, İB005936536_703382_240808 ödəniş nömrəli, xx.xx.2024-cü il tarixli, İB**********_703382_240816 ödəniş nömrəli, xx.xx.2024-cü il tarixli, İB**********_703382_240906 ödəniş nömrəli,xx.xx.2024- cü il tarixli Ödəniş tapşırıqları, 30 nömrəli, xx.xx.2024-cü il tarixli , 34 nömrəli, xx.xx.2024-cü il tarixli, 34 nömrəli, xx.xx.2024-cü il tarixli, 09 nömrəli, xx.xx.2025-ci il tarixli, 14 nömrəli, xx.xx.2025-ci il tarixli və 38 nömrəli, xx.xx.2025-ci il tarixli Kredit köçürmələri ilə X1 845000 manat vəsait ödəmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir.
5. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu - Maddə 1.0.1. ipoteka – öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. - Maddə 46.1. İpoteka predmetinin açıq bazarda və ya hərracda, habelə elektron hərracda satışınadək (alqı-satqı müqaviləsi bağlananadək, tərəflərin razılığı əsasında həyata keçirilən hərracın nəticələri üzrə protokol imzalananadək, elektron hərracın nəticələri haqqında protokol tərtib olunanadək), yaxud “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına (“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən şəhadətnamə verilənədək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. - Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: - 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; - 48.1.2. əsas öhdəliyə xitam verildikdə; - 48.1.2-1. ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə; - 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; - 48.1.3-1. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti ipoteka saxlayan tərəfindən əldə olunduqda; - 48.1.3-2. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ipoteka saxlayan təkrar elektron hərracda satılmayan ipoteka predmetini əldə etmək təklifini qəbul etməkdən imtina etdikdə; - 48.1.4. ipoteka predmeti məhv olduqda; - 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iddia rədd edilməlidir.
9. İşin müəyyən olunmuş halı ondan ibarətdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən MH seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə ünvanında yerləşən 2632.2 kv.m. ümumi, 2630.6 kv.m əsas, 1.6 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə tam mülkiyyət hüququ ilə "xxxx" şirkətinin adına qeydiyyata alınmışdır.
10. xx.xx.2024-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan "xxxx" şirkəti tərəfindən borcalan LPO "xxxx" ASC-nin ipoteka saxlayan Mərkəzi Bank qarşısında 23 oktyabr 2014-cü il tarixli KBO14-1626 saylı kredit müqaviləsindən irəli gələn öhdəlik üzrə qalıq 3.428.798,62 (üç milyon dörd yüz iyirmi səkkiz min yeddi yüz doxsan səkkiz manat, altmış iki qəpik) manat əsas borcunun, 10 dekabr 2014-cü il tarixli KBQ14-1637 saylı kredit müqaviləsindən irəli gələn öhdəlik üzrə qalıq 2.500.000 (iki milyon beş yüz min manat) əsas, 12.000 (on iki min manat) manat faiz borclarının təminatı kimi ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə ünvanında yerləşən ümumi sahəsi 2632.2 kv.m olan əmlak kompleksi kimi müəssisə ipoteka saxlayan Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
11. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Sazişə əsasən Mərkəzi Bank ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, KB014-1626 saylı kredit müqaviləsi üzrə sonuncunun 3.428.798,62 (üç milyon dörd yüz iyirmi səkkiz min yeddi yüz doxsan səkkiz manat, altmış iki qəpik) manat əsas borcu, xx.xx.2014-cü il tarixli KBQ14-1637 saylı kredit müqaviləsi üzrə sonuncunun 2.500.000,00 (iki milyon beş yüz min manat) manat əsas və 12.000,00 (on iki min manat) faiz borcu, xx.xx.2016-cı il tarixli, 05 saylı kredit müqaviləsi üzrə sonuncunun 10.000.000 (on milyon manat) manat əsas, 1.044.999,99 (birmilyon qırx dörd min doqquz yüz doxsan doqquz manat, doxsan doqquz qəpik) manat faiz borcunun mövcud olduğu müəyyən edilmişdir.
12. Sazişin 2.2-ci bəndinə əsasən Tərəflər bu Sazişin 2.1.1 və 2.1.2-ci yarımbəndlərində göstərilən kredit öhdəliklərindən 845,000 manatın "xxxx" şirkəti tərəfindən bu Sazişlə razılaşdırılmış qaydada Mərkəzi Banka ödənilməsinə, əgər ödənişlər razılaşdırılmış qaydada ödənilməzsə, qeyd olunan kredit öhdəliklərinin təminatı kimi "xxxx" şirkətinə məxsus ipoteka predmetinin bu Sazişlə müəyyənləşdirilmiş ilkin satış qiyməti ilə "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq açıq hərrac yolu ilə satışa çıxarılmasına razıdırlar.
13. Sazişin 2.3-cü bəndinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti 845.000 manat məbləğində müəyyən edilir.
14. Sazişin 2.4-cü bəndinə əsasən "xxxx" şirkəti öhdəsinə götürür və digər tərəflər də buna razılaşırlar ki, hazırki Saziş imzalandığı gündən sonrakı 5 (beş) iş günü ərzində 70 417 (yetmiş min dörd yüz on yeddi) manat məbləğində vəsaiti birdəfəlik qaydada növbəti 11 ay ərzində hər ayın birinci iş həftəsi 70 417 (yetmiş min dörd yüz on yeddi) manat məbləğində vəsaiti (ümumilikdə 845.000 manat) bu sazişin 2.7-ci bəndində göstərilən rekvizitlər üzrə Mərkəzi Banka ödəyəcəkdir.
15. Sazişin 2.9-cu bəndinə əsasən Sazişin qüvvədə olduğu müddətdə ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə bu Sazişin 2.4cü bəndində göstərilən məbləğ Mərkəzi Banka tam şəkildə ödənilməsi şərtilə digər şəxsə özgəninkiləşdirilə bilər.
16. 2.10-cu bəndinə əsasən bu Sazişin 2.4-cü bəndində uyğun olaraq ödənişlər tam şəkildə icra olunarsa yaxud ipoteka predmeti satılarsa qeyd olunan əmlakın ipotekasına “İpoteka haqqında” qanunun 48-ci maddəsinə əsasən xitam veriləcəkdir.
17. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli məktubla Mərkəzi Bank Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ləğv Prosesində olan "xxxx" ASC və "xxxx" şirkəti arasında notarial qaydada bağlanmış xx.xx.2024-cü il tarixli Sazişin 2.9-cu bəndinə uyğun olaraq hazırki tarixə qalıq borc məbləğinin, yəni 704.166 manat vəsaitin Mərkəzi Bankın bank rekvizitləri üzrə tam şəkildə ödənilməsi şərtilə Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllədə 0,29436 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2.632,2 kv.m. olan əmlak kompleksi kimi müəssisənin özgəninkiləşdirilməsinə etiraz edilmədiyini bildirmişdir.
18. xx.xx.2024-cü il tarixli ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi ilə satıcı "xxxx" şirkəti Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllədə yerləşən ümumi sahəsi 2.632,2 kv.m. olan əmlak kompleksi kimi müəssisəni 774.583 manata alıcı "xxxx" MMC-yə satmışdır.
19. Hazırda iddiaçı xx.xx.2024-cü il tarixli ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka predmetinin ipotekadan azad olunmasını məhkəmədən xahiş edir.
20. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, iddiaçının müqavilə tərəfi olmadığını, subyektiv hüququnun olmadığını bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir.
21. Məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixli ipoteka müqaviləsi ilə "xxxx" şirkətinə məxsus Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllədə yerləşən ümumi sahəsi 2.632,2 kv.m. olan əmlak kompleksi kimi müəssisə xx.xx.2024-cü il tarixli KBO14- 1626 saylı və 10 dekabr 2014-cü il tarixli KBQ14-1637 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir.
22. Məhkəmənin sorğusuna cavab olaraq Mərkəzi Bank xx.xx.2025-ci il tarixli 6-1- 21/2-19882/2025 saylı məktubu ilə LPO "xxxx" ASC-nin kredit borcunun 23 oktyabr 20214-cü il tarixli KBO14-1626 saylı kredit müqaviləsi üzrə 3.428.798,62 manat əsas borc, 10 dekabr 2014-cü il tarixli KBQ14-1637 saylı kredit müqaviləsi üzrə 1.666.996,00 manat əsas borc məbləğində olduğunu bildirmişdir.
23. Göründüyü kimi, ipoteka ilə təmin edilən öhdəlik tam şəkildə icra edilməmiş, hətta 5 milyon manatdan da, artıq ödənilməmiş borc qalmışdır.
24. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırki iş üzrə ipoteka müqaviləsinin ləğvi və əmlakın ipoteka yüklülüyündən azad edilməsi əsasları olmadığından iddia əsassız hesab olunmalı və rədd edilməlidir.
25. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
"xxxx" MMC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı ipoteka müqaviləsinə xitam verilməsi, əmlakın ipoteka yüklülüyündən azad olunması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov