Məhkəmə qərarları › İş №e-2-2(113)-8053/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8053/2025

16.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8053/2025 16.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti olmaqla) “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borc müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti olmaqla) “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli № 001 saylı və xx.xx.2024-cü il tarixli № 002 saylı borc müqavilələrinə əsasən 2554336,53 (iki milyon beş yüz əlli dörd min üç yüz otuz altı, əlli üç) manat ödənilməmiş borcun və məhkəmə üçün ödənilmiş 2068 (iki min altmış səkkiz) manat dövlət rüsumu, cəmi 2556404,53 (iki milyon beş yüz əlli altı min dörd yüz dörd, əlli üç) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli № 001 saylı borc müqaviləsi bağlanmışdır. Həmin Müqavilə əsasında iddiaçı cavabdehin “X6” firmasına xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasında yaranmış 988268.47 ABŞ dolları məbləğində borcunun ödənilməsi məqsədilə Cavabdeh MMC-yə həmin məbləğdə borc vermişdir. Həmin borc müqaviləsi əsasında 1680056,40 AZN (yəni 988268.47 ABŞ dolları) məbləğində borc vəsaiti xx.xx.2024-cü il tarixinə qədər qaytarılması şərti ilə Cavabdeh MMC-yə verilmişdir. Bundan əlavə İddiaçı Cavabdeh MMC-nin “X6” firmasına xx.xx.2023-xx.xx.2024-cü il tarixləri arasında yaranmış 514282.43 ABŞ dolları məbləğində borcun ödənilməsi məqsədilə Cavabdeh MMC-yə həmin məbləğdə borc vermişdir. Bu məqsədlə İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli № 002 borc müqaviləsi bağlanmışdır. Həmin borc müqaviləsi əsasında 874280,13 AZN (yəni 514282.43 ABŞ dolları) məbləğində borc vəsaiti xx.xx.2024-cü il tarixinə qədər qaytarılması şərti ilə Cavabdeh MMC-yə verilmişdir. Lakin Cavabdeh MMC müqavilə şərtlərinə əməl etməyərək xx.xx.2024-cü il tarixinə qədər İddiaçı olan 2554336,53 (iki milyon beş yüz əlli dörd min üç yüz otuz altı, əlli üç) AZN məbləğində borcunu ödəməmişdir. Dəfələrlə xəbardarlıq olunmasına baxmayaraq borc vəsaiti bugünədək ödənilməmişdir. Həmçinin cavabdehə rəsmi qaydada pretenziyada göndərilmişdir. Cavabdehin borclu olduğu pul vəsaitini qaytarmaqdan yayınması üçün heç bir əsas yoxdur.

3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-8053/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb olunmuşdur.

4. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iddia ərizəsinə dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. Etiraz onunla əsaslandırılmışdır ki, borcun verilməsinin sübutu olaraq məhkəməyə yalnız borc müqavilələri təqdim edilmişdir. Mübahisədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs olaraq bildiririk ki, hazırkı məhkəmə işi üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. İlkin olaraq hesab edirik ki, prosessual qanunvericiliyin tələblərinə əsasən hazırkı iş kommersiya mübahisəsi deyildir və bu səbəbdən mübahisəyə ümumi məhkəmədə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 24.3-cü maddəsinə uyğun olaraq məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 8 sentyabr 2020-ci il 10 nömrəli Qərarının 14-cü bəndində qeyd edilmişdir ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. İş materiallarından məlum olduğu kimi tərəflər arasında mübahisə təsisçinin müəssisəyə verdiyi borcun sonuncu tərəfindən qaytarılmaması və bu səbəbdən borcun cavabdehdən məcburi qaydada tutulması barədə qərarın qəbul edilməsi ilə bağlıdır. Qanunvericiliyə əsasən fiziki şəxsin borc verməsi sahibkarlıq fəaliyyəti hesab olunmur. Həmçinin borc müqaviləsinin məzmunundan göründüyü kimi, borcun verilməsi hər hansı faizin ödənilməsi ilə şərtləndirilməmişdir. Yuxarıda qeyd olunan normalardan göründüyü kimi mübahisəyə kommersiya məhkəməsində baxılması üçün tələb olunan şərt mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmasıdır. Hazırkı mübahisə isə tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmamış və sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmamışdır. İşin mahiyyəti ilə bağlı bildiririk ki, məhkəməyə borcun verilməsinin sübutu qismində təqdim olunan iki ədəd müqavilə sadəcə tərəflərin imzası ilə təsdiqlənmişdir. Qeyd etməliyik ki, belə formada müqavilə təkcə 2023-2024-cü il üçün deyil, istənilən illər üçün tərtib edilərək imzalana bilər. Lakin bu o demək deyil ki, həqiqətən bir tərəf digər tərəfə borc vermişdir. Müqavilənin mötəbərliyi sübut olunmaq üçün həmin müqavilə notarial qaydada təsdiqlənməli idi. Hazırkı halda bu məzmunda yüzlərlə müqavilə tərtib edib imzalamaq mümkündür. Başqa sözlə desək notarial qaydada təsdiqlənməmiş borc müqaviləsi mötəbər sübut deyil və əsli ilə eyniləşdirilməsi imkanı mövcud deyil. Məhkəmənin nəzərə almalı olduğu digər bir fakt isə borc müqaviləsi üzrə nəzərə tutulan vəsaitin verilməsi faktını təsdiq edən bank əməliyyatları, kassa sənədləri, mühasibat uçotu sənədləri təqdim edilməmişdir. Bu sənədlər olmadığı halda müqavilədə nəzərə tutulan vəsaitin həqiqətən cavabdehə verildiyi sübut olunmur. Qeyd olunanlar bu əməliyyatın real maliyyə dövriyyəsinə və ya aktiv hərəkətinə uyğun gəlməməsi, maliyyə fırıldağı və ya vəsaitlərin mənşəyinin gizlədilməsi (pul yuyulması) riski daşıyır. Belə vəziyyət əməliyyatın həqiqi iqtisadi məzmununa şübhə yaradır və bu əməliyyatın maliyyə fırıldağı (vəsaitlərin mənşəyinin gizlədilməsi və ya süni borc öhdəliyi yaradılması) məqsədi ilə həyata keçirildiyi ehtimalını doğurur. İddia olunan 2.554.336,53 (iki milyon beş yüz əlli dörd min üç yüz otuz altı, əlli üç) manat məbləğinin təsisçinin şəxsi vəsaiti kimi təqdim edilməsi, lakin bu məbləğin formalaşma mənbələri barədə sübutların təqdim edilməməsi, vəsaitlərin mənşəyinin müəyyənləşdirilməsini— yəni həmin vəsaitlərin qanuni mənbədən formalaşmasının yoxlanılması — işin obyektiv araşdırılması üçün zəruridir. Hesab edirik ki, məhkəmə icraatına 3-cü şəxs qismində Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti maliyyə əməliyyatlarında şübhəli göstəricilərin mövcudluğu barədə təhlil və məlumatı təmin edən xüsusi dövlət orqanı kimi cəlb oluna bilər. İş üzrə əməliyyatın şübhəli xarakter daşıması ehtimalı olduğundan, bu barədə məlumat Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməli və həmin orqanın rəyi və ya məlumatı işə əlavə olunmalıdır. Əməliyyatın iqtisadi məzmunu müəssisənin real maliyyə vəziyyəti ilə uzlaşmadığından, bu əməliyyat şübhəli əməliyyat əlamətləri daşıyır. Belə əməliyyatların qiymətləndirilməsi səlahiyyəti Maliyyə Monitorinqi Xidmətinə məxsusdur. Buna görə də həmin Xidmətin işdə 3-cü şəxs qismində iştirak etməsini məqsədəuyğun hesab edirik. Bildiririk ki, hazırkı məhkəmə işi üzrə iddia tələbinin təmin edilməsi vergi orqanlarının qanuni mənafeyinə ziddir və iddiaçı tərəfindən belə bir iddianın qaldırılması son nəticədə təsisçisi olduğu cavabdeh müəssisənin vergi öhdəliklərinin icrasından yayınmağa şərait yaradacaqdır. Bildiririk ki, aparılmış araşdırma zamanı aşağıdakı riskli hallar müəyyən edilmişdir: 1. Müqavilədə borcların geri ödənilməməsinə görə faizlərin hesablanması nəzərdə tutulmamışdır. Hansı ki, bu tip müqavilələrdə vəsaitin geri qaytarılmasını təşviq etmək üçün faiz hesablanması alətindən istifadə edilməsi məqsədəuyğun hesab edilir. 2. Müəssisənin faktiki nizamnamə kapitalı təsisçi tərəfindən verilən borclardan dəfələrlə azdır. Bu isə müəssisənin maliyyə sabitliyinin olmaması deməkdir. Hansı ki, maliyyə vəziyyəti bu cür olan bir şirkətə borc vermək məqsədəuyğun hesab edilmir. Qeyd edilən hallar müvafiq vəsaitlərin borc məbləği kimi deyil, müəssisənin faktiki olaraq nizamnamə kapitalı kimi hərəkət etdiyini deməyə əsas verir. Belə olan halda isə təsisçilərin şirkətə qoyduğu pul borc yox, kapital kimi qəbul oluna bilər və bu zaman həmin vəsaitlərin geri qaytarılması dividend kimi qiymətləndirilə bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 1-ci hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə uyğun olaraq qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Vergi Məcəlləsinin 122.1-ci maddəsinə əsasən rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 5 faiz dərəcə ilə vergi tutulur. Odur ki, yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, iddiaçının tələbinin rədd edilməsi barədə qətnamə qəbul etməyinizi xahiş edirik.

6. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-8053/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb olunmuşdur.

7. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xx.xx.2026-cı il tarixdə yazılı etirazlarına əlavə təqdim edərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. Etiraza əlavə onunla əsaslandırılmışdır ki, işin məhkəmə baxışı zamanı iddiaçı tərəfindən borcun verilməsinin sübutu olaraq məhkəməyə bir sıra sənədlər təqdim edilmişdir. Hesab edirik ki, qanunvericiliyin tələblərinə əsasən təqdim olunan sənədlərin heç biri borcun verilməsini və müəssisə tərəfindən borcun alınmasını təsdiq etmir. İlk növbədə iddiaçı tərəfindən təqdim olunan İran şirkətinin xx.xx.2025-ci il tarixli məktubu ilə bağlı bildiririk ki, həmin məktubun forması və məzmununa nəzər saldıqdan sonra əminliklə qeyd edə bilərik ki, bu məktubun şirkət tərəfindən göndərildiyini və məzmunundakı məlumatların həqiqətə uyğunluğunu təsdiq etmək qeyri mümkündür. Məktubun Azərbaycan Respublikasına necə gəlib çıxdığı da naməlumdur, hansı ünvandan gəlib, Azərbaycanda yazılıb və ya digər ölkədə - bunlar hamısı naməlumdur. Məktub adi kağız üzərində ingilis dilində yazılmışdır. Halbuki beynəlxalq iqtisadi münasibətlərdə iştirak edən şirkətin onun rekvizitlərini əks etdirən özünəməxsus rəsmi məktub formasının olmaması aydın deyil. Həmin məktub naməlum şəxslər tərəfindən Azərbaycan Dilinə tərcümə olunmuşdur. Lakin qanunvericiliyə əsasən bu tərcümə peşəkar mütəxəssis tərəfindən edilməli və notarial qaydada təsdiqlənməli idi. Həmçinin iran Şirkətinin məktubunun özü mötəbərlilik baxımından İranın rəsmi orqanları tərəfindən təsdiqlənməli idi. Bütünlüklə qeyd etməliyik ki, məktub sübut qismində qəbul ediləcəksə o elə bir formada və məzmunda olmalıdır ki, onun forması və məzmumunun məhkəmə tərəfindən eyniləşdirilməsi imkanları mövcud olsun. Hazırda isə bu heç bir ilkin uçot sənədi və mənbəyi olmayan məlumatları əks etdirən adi bir kağız parçasıdır və orada istənilən şəxs heç bir məsuliyyət daşımadan istənilən məlumatları qeyd edə bilər. Lakin bu məlumatlar sübut qismində çıxış edə bilməz. Məktubun məzmununda qeyd olunanlar da reallıqla uzlaşmır. Məktubda qeyd olunur ki, “İran İslam Respublikasının banklarının sanksiya altında olması səbəbindən ixrac etdiyimiz malların ödənişi nağd şəkildə qəbul olunur*'. Bununla bağlı qeyd etməliyik ki, məhkəmə baxışı zamanı iran şirkətinin hansı banklarda hesablarının olması və bu hesablarda hansı sanksiyaların olması, sanksiyaların özünün nədən ibarət olması, hansı subyekt tərəfindən və hansı məqsədlə qoyulması araşdırılmalıdır. Məktubda həmçinin qeyd olunur ki, göndərilmiş malların ödənişinin 308.669,00 USD məbləğlik hissəsi “X8 Kompani" MMC tərəfindən ödənilmiş, qalıq məbləğ isə Azərbaycanda malları aparan sürücülər və şirkətimizin rəhbər şəxslərinə İddiaçı tərəfindən nağd qaydada tam şəkildə ödənilmişdir.”. Burada suallar yaranır ki, Cavabdeh MMC 308.669,00 USD məbləğini İran Şirkətinə hansı qaydada ödəmişdir. Bununla bağlı ilkin uçot sənədi hesab olunan rəsmi ödəniş sənədləri vardırmı?. Digər məsələ isə qalan məbləğ hansı sürücülərə və şirkətin hansı rəhbər şəxslərinə harada, necə və hansı qaydada, hansı formada rəsmiləşdirilməklə ödənilib. Ödənişi qəbul edən şəxslər həmin vəsaitləri Azərbaycan Respublikası ərazisindən necə çıxarıb. Ölkədən çıxarılan bu maliyyə vəsaiti gömrükdə bəyan olunubmu? Həmçinin sürücülərə və şirkətin hansı rəhbər şəxslərinə nağd pul vəsaitləri hansı qaydada verilib və bu əməliyyat necə rəsmiləşdirilib? Bütün bunlar ciddi suallardı və məhkəmə tərəfindən araşdırılmalı olan hallardır. Qeyd olunanlara əsasən hesab edirik ki, İran şirkəti tərəfindən təqdim edildiyi iddia olunan məktub iş üzrə sübut qismində çıxış edə bilməz. Həmçinin qanunvericiliyin tələblərinə əsasən bu məktub heç bir halda borcun verilməsini təsdiq edən sübut ola bilməz. Digər sənədlər kimi təqdim olunan “idxal bəyannamələri və invoyslar” malların idxalını və Cavabdeh MMC-yə satışını təsdiq edən sənədlər qismində çıxış edə bilər. Bu sənədlər borcun verilməsini təsdiq edən sənəd qismində çıxış edə bilməz. Bu sənədlərin məhkəməyə təqdim edilməsinin heç bir hüquqi anlamı yoxdur. Təqdim olunan bank hesabından çıxarış isə təsisçiyə məxsus bank hesabının çıxarışıdır və həmin şəxsin digər hesabları arasında olan vəsaitlərin hərəkətini əks etdirir. Bu çıxarış borcun verilməsi və alınması barədə məlumatları özündə əks etdirmədiyindən sübut qismində çıxış edə bilməz. Təqdim olunan mənfəət vergisi bəyannamələri də borcun verilməsini təsdiq etmir. Əksinə bu bəyannamələrə nəzər saldıqda görünür ki, hər ilin sonuna müəssisənin böyük məbləğdə sərbəst mənfəəti olmuşdur və belə olan halda, yəni özünün əlində kifayət qədər böyük məbləğdə maliyyə vəsaiti olan müəssisənin öz təsisçisindən borc alması məntiqsizdir və ağlabatan deyildir. Həmçinin iddiaçı tərəfindən təqdim edilən Cavabdeh MMC-də səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib olunmuş yoxlama aktı da borcun verilməsini təsdiq edən sənəd qismində çıxış edə bilməz. Bununla bağlı həmçinin qeyd edirik ki, iddiaçının təqdim etdiyi yoxlama aktı (xx.xx.2024-cü il tarixli) ilkin versiyadır və təsdiqlənmiş son versiya ilə məzmunu fərqlidir. Bu yoxlama aktının imzalanmış son versiyası (xx.xx.2024-cü il tarixli) məhkəmənin sorğusuna əsasən məhkəməyə rəsmi məktubla təqdim edilmişdir. Həmin yoxlama aktında borcun verilməsi ilə bağlı hər hansı bir fakt öz əksini tapmamışdır. Bunlarla yanaşı bildirmək istəyirik ki, Cavabdeh MMC-nin 2020-2024-cü illər üzrə təqdim etdiyi mənfəət vergisi bəyannamələrinə əsasən müəssisənin kifayət qədər yüksək məbləğlərdə mənfəət əldə etdiyi və bu mənfəətdən vergini ödədikdən sonra böyük məbləğdə sərbəst mənfəətinin qaldığı müəyyən olunur. Müəssisənin özünün kifayət qədər maliyyə vəsaitləri olduğu halda təsisçisindən borc alması heç bir iqtisadi məntiqə uyğun deyildir. Bu da borc münasibətlərinin reallığını şübhə altına alan hallardan biridir. Həmçinin müəssisənin kifayət qədər yüksək məbləğdə sərbəst mənfəəti olduğu halda iddia olunan borcu qaytarmaması, yaxud qaytara bilməməsi, həmçinin təsisçinin məhkəməyə müraciət edərək borcun məcburi qaydada alınmasını tələb etməsi heç bir iqtisadi və hüquqi məntiqə uyğun deyildir. Digər tərəfdən qeyd olunmalıdır ki, borcu qarşı tərəf etiraf edir və məlum olur ki, aralarında borc barədə hər hansı bir mübahisə yoxdur. O zaman sual olunur ki, mübahisə olmadığı halda nəyə görə məhkəmədə iddia qaldırılıb. Borc müqavilələrinin özü ilə bağlı bir daha bildiririk ki, məhkəməyə borcun verilməsinin sübutu qismində təqdim olunan iki ədəd müqavilə sadəcə tərəflərin imzası ilə təsdiqlənmişdir. Qeyd etməliyik ki, belə formada müqavilə təkcə 2023- 2024-cü il üçün deyil, istənilən illər üçün tərtib edilərək imzalana bilər. Lakin bu o demək deyil ki, həqiqətən bir tərəf digər tərəfə borc vermişdir. Müqavilənin mötəbərliyi sübut olunmaq üçün həmin müqavilə notarial qaydada təsdiqlənməli idi. Hazırkı halda bu məzmunda yüzlərlə müqavilə tərtib edib imzalamaq mümkündür. Başqa sözlə desək notarial qaydada təsdiqlənməmiş borc müqaviləsi mötəbər sübut deyil və əsli ilə eyniləşdirilməsi imkanı mövcud deyil. iddiaçı tərəfindən təqdim edilən bu sənədlər qanunvericiliyin aşağıdakı normalarına əsasən sübut qismində çıxış edə bilməzlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 -ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir. Beləliklə, borcun verilməsini təsdiq edən yeganə sənədlər qismində ilkin uçot sənədləri çıxış edə bilər. Bu sənədlər olmadığı halda həm müqavilənin özünün, həm də orada nəzərə tutulan vəsaitin həqiqətən verildiyi sübut olunmur.

II. Tərəflərin izahatları:

9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi.

10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etdiklərini, iddianın təmin edilməsinə etiraz etmədiklərini bildirdi. Əlavə olaraq göstərdi ki, cavabdeh MMC ilə İran şirkəti olan Sahand Jam arasında alqı-satqı müqaviləsi mövcuddur, həmin müqavilə üzrə satın alınmış şüşələrin dəyərini ödəyə bilməyən cavabdeh bu məqsədlə iddiaçıdan borc pul almış, borc MMC-yə deyil, Sahand Jam Şirkətinin malları Azərbaycan Respublikasına gətirmiş müxtəlif sürücülərə, müxtəlif tarixlərdə verilmişdir. Pulların verilməsi rəsmiləşdirilməsə də, Sahand Jam Şirkəti cavabdeh MMC-yə bu barədə üzləşmə aktı və borcun olmaması barədə arayış vermişdir. Əgər pul ödənilməsə idi, belə bir sənəd verilməzdi. Cavabdeh MMC borcun olması faktını qəbul edir, lakin maliyyə vəziyyəti borcu ödəməyə imkan vermir. Bu səbəbdən borcun tərəflərindən ödənilməsi mümkün olmadığı üçün iddiaçı məhkəməyə müraciət etmişdir, belə ki, mübahisənin məhkəmədən kənar həlli mümkün deyildir.

11. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi R.Abbasov iddia ərizəsinə etiraz edib yazılı etirazlarının məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

12. Digər üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat təqdim etməmişdir.

13. Məhkəmə iclasının digər üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. İİİ. Məhkəmə baxışının hədləri:

Mülki Prosessual Məcəllənin:

14. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

15. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

18. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

19. İddiaçı (borc verən) ilə cavabdeh (borc alan) arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 001 nömrəli borc müqaviləsinə əsasən borc verən Cavabdeh MMC (VÖEN: **********1) X3 1680056,40 AZN (yəni 988268,47 USD) borcunu xx.xx.2024-cü il tarixinə qədər ödəməyi öz üzərinə götürür.

20. Müqavilənin 1.3-cü bəndinə əsasən borcun faiz üzrə verilməsi nəzərdə tutulmur. Borc yalnız borc verənin adının Cavabdeh MMC-nin bank hesabından borc verənin adına olan bank hesabına köçürmə öhdəliyi ilə verilir.

21. Müqavilənin 1.6-cı bəndinə əsasən borc müqaviləsinin qüvvəyə minməsi xx.xx.2023-cü il tarixli "xxxx" MMC və X6 arasında üzləşmə aktına əsasən həyata keçirilir.

22. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 001 nömrəli borc müqaviləsinə 01 nömrəli əlavəyə əsasən İddiaçı Şahin oğlu 1680056,40 AZN (yəni 988268,47 USD) məbləğini Cavabdeh MMC-nin borclu olduğu X5 verir. Cavabdeh MMC öz növbəsində İddiaçı adına olan bank hesabına 1680056,40 AZN məbləği xx.xx.2024-cü il tarixinə qədər ödəməyi öz üzərinə götürür.

23. İş materiallarında olan cavabdeh ilə X6 arasında imzalanmış xx.xx.2023-cü il tarixli üzləşmə aktında göstərilmişdir ki, “xx.xx.2023-ci il tarixinə olan debitor-kreditor hesablaşmalar üzrə olan vəziyyətə aşağıdakı kimidir: “X6” olaraq xx.xx.2019-xx.xx.2023 tarixləri arasında Cavabdeh MMC-yə 1296937.47 USD məbləğində mal göndərilib. Göndərilən şüşələrin 308669.00 usd məbləği 2020, 2021, 2022-ci illər ərzində malı təqdim edən şoferlərə Cavabdeh MMC tərəfindən nağd şəkildə ödənilib. Qalıq məbləğ 988268.47 usd məbləğ isə İddiaçı tərəfindən ödənildi. Hal hazırda Cavabdeh MMC-nin bizə heç bir borcu yoxdur”.

24. İddiaçı (borc verən) ilə cavabdeh (borc alan) arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 002 nömrəli borc müqaviləsinə əsasən borc verən Cavabdeh MMC (VÖEN: **********) X3 874280.13 AZN (yəni 514282.43 USD) borcunu xx.xx.2024-cu il tarixinə qədər ödəməyi öz üzərinə götürür.

25. Müqavilənin 1.3-cü bəndinə əsasən bu müqavilənin şərtlərinə əsasən borcun faiz üzrə verilməsi nəzərdə tutulmur. Borc yalnız borc verənin adının Cavabdeh MMC-nin bank hesabından borc verənin adına olan bank hesabına köçürmə öhdəliyi ilə verilir.

26. Müqavilənin 1.6-cı bəndinə əsasən borc müqaviləsinin qüvvəyə minməsi xx.xx.2024-cü il tarixli Cavabdeh MMC və X6 arasında üzləşmə aktına əsasən həyata keçirilir.

27. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 002 nömrəli borc müqaviləsinə 01 nömrəli əlavəyə əsasən İddiaçı 874280.13 azn ( yəni 514282.43 usd) məbləğini Cavabdeh MMC-nin borclu olduğu X5 verir. Cavabdeh MMC öz növbəsində İddiaçı adına olan bank hesabına 874280.13 AZN məbləği xx.xx.2024-cü il tarixinə qədər ödəməyi öz üzərinə götürür.

28. İş materiallarında olan cavabdeh ilə X6 arasında imzalanmış xx.xx.2024-cü il tarixli üzləşmə aktında göstərilmişdir ki, “X6” olaraq xx.xx.2023-xx.xx.2024 tarixləri arasında Cavabdeh MMC-yə 514282.43 usd məbləğində mal göndərilib. Göndərilən şüşələrin tam məbləği yəni 514282.43 usd məbləğ isə təsisçi İddiaçı tərəfindən pul şəklində malı aparan şoferlərə və rəhbər şəxslərə ödənilib. Hal hazırda Cavabdeh MMCnin bizə heç bir borcu yoxdur”.

29. “X7” Şirkəti tərəfindən Bakı Kommersiya Məhkəməsinə ünvanlanmış xx.xx.2025ci il tarixli məktubda qeyd edilmişdir ki, “X7” şirkəti ilə İran İslam Respublikasında şüşə təbəqələrin istehsalı ilə məşğuldur. Cavabdeh MMC uzun müddətdir ki, şirkətdən şüşə təbəqələr alır və tərəflər arasında davamlı əməkdaşlıq mövcuddur. Şirkət xx.xx.2019xx.xx.2024-cü il tarixləri arasında Cavabdeh MMC-yə ümumilikdə 1 837 654,80 USD dəyərində şüşə təbəqələr göndərmişdir. İran İslam Respublikasının banklarının sanksiya altında olması səbəbində ixrac edilən malların ödənişləri nağd şəkildə qəbul edilir. Göndərilmiş malların ödənişinin 308 669,00 USD məbləğlik hissəsi Cavabdeh MMC tərəfindən ödənilmiş, qalıq məbləğ isə Azərbaycanda malları aparan sürücülər və şirkətin rəhbər şəxslərinə İddiaçı tərəfindən nağd qaydada tam şəkildə ödənilmişdir, hazırda Cavabdeh MMC-nin şirkət qarşısında heç bir borcu yoxdur.

30. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır.

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən (əvvəlki redaksiyası) borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

32. 739.1-ci maddəsinə əsasən (hazırkı redaksiyası) borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

33. 739.3-cü maddəsinə əsasən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir.

34. Belə ki, iddiaçı tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 001 saylı borc müqaviləsi üzrə 1.680.056,40 manat, xx.xx.2024-cü il tarixli, 002 saylı borc müqaviləsi üzrə isə 874280,13 manat pulun borc olaraq cavabdehə verildiyini iddia edərək, həmin müqavilələr üzrə borcun xx.xx.2024-cü il tarixə qədər geri qaytarılmalı olduğu halda hazırkı günə qədər geri qaytarılmadığını bildirir.

35. İddiaçı məhkəməyə həmin müqavilələr üzrə ümumilikdə 2.554.336,53 manat pulun cavabdehə (cavabdehin balansına daxil edildiyini), habelə iddia edildiyi kimi İran İslam Respublikasının hüquqi şəxsi olan Sahand Jam Şirkətinə verildiyini təsdiq edən hər hansı sübut təqdim edə bilməmiş, həmin pulun Sahand Jam Şirkətinə verildiyini bildirsə də, pulun konkret olaraq kimə, hansı şəraitdə verilməsi, eləcə də hansı tarixlərdə, hansı məbləğlərdə verilməsi ilə bağlı konkret heç bir məlumat verə bilməmiş, iddia ərizəsi ümumi sözlərlə əsaslandırılmışdır.

36. Məhkəmə hesab edir ki, külli miqdarda vəsaitin ödənilməsini təsdiq edən hər hansı yazılı sübutun olmaması, bundan əlavə, kənar şəxslərə vəsaitlərin ödənilməsi zamanı bu faktın lazımınca rəsmiləşdirilməməsi (ödəniş qəbzinin alınmaması və sairə) ağlabatan və inandırıcı deyildir.

37. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli üzləşmə aktlarını məhkəmə mötəbər sübut qismində nəzərə almır.

38. Belə ki, həmin üzləşmə aktları İran İslam Respublikasının hüquqi şəxsi olan Sahand Jam Şirkətinin adı qeyd edilmiş möhürlə təsdiq edilsə də, məhkəməyə cavabdeh tərəfindən təqdim edilmiş cavabdehlə Sahand Jam Şirkəti arasında bağlanmış xx.xx.2019cu il tarixli müqavilə, həmin müqavilənin əlavəsi, habelə xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsində Sahand Jam Şirkəti möhürü tam fərqlidir.

39. Bundan əlavə, həmin üzləşmə aktları Sahand Jam Şirkəti tərəfindən ümumiyyətlə imza edilməmişdir, halbuki aktlarda pulun ödənilməsinin imzalar isə təsdiq ediləcəyi göstərilmişdir.

40. Ümumiyyətlə həmin sənədlərin hansı şəraitdə tərtib edilməsi, Sahand Jam Şirkətinin adından kim tərəfindən möhürlənməsi isə müəyyən edilmir.

41. Beləliklə də iddiaçının təqdim etdiyi üzləşmə aktları kifayət qədər güclü, aydın və konkret olmadığından, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyindən, bu aktlar ümumilikdə 2.554.336,53 manat pulun verilməsi öhdəliyinin icrasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. İddiaçı bununla bağlı başqa sübut təqdim edə bilməmişdir.

42. Belə ki, sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin.

43. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir.

44. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

45. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

46. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etdiyini bildirsə də, ona cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli etibarnamədə iddianı etiraf etmək səlahiyyəti ümumiyyətlə verilməmişdir.

47. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.

48. Bu səbəbdən məhkəmə cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən iddianın etiraf edilməsi faktını qəbul etmir.

49. İşin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçıya ödənilməli olan 2.554.336,53 manat məbləğində borcun tutulması hissəsində iddiaçı tələbini əsaslandıra və bununla bağlı (tərəflər arasında bağlanmış müqavilələr üzrə borcun verildiyini təsdiq edən) hər hansı mötəbər sübutlar təqdim edə bilmədiyindən, iddia təmin edilməməlidir.

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 6 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında göstərmişdir ki, MPM-in mülki məhkəmə icraatının həyata keçirilməsinə dair tələblərinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 9.3, 88 və 217-ci maddələri).

51. Konstitusiya Məhkəməsinin Plenumu “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında isə qeyd etmişdir ki, MPMə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz.

52. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).

53. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında isə qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93).

54. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı).

55. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

57. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 2068 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

58. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 2068 (iki min altmış səkkiz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar