Məhkəmə qərarları › İş №e-2-2(113)-8057/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8057/2025

23.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8057/2025 23.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı icarə müqaviləsi üzrə ödənilməmiş icarə haqqı borcu və hesablanmış cərimənin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə müqaviləsi, öhdəliklərin lazımi qaydada icra olunmaması, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Hacıyeva Nərmin Xaliq qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı icarə müqaviləsi üzrə ödənilməmiş icarə haqqı borcu və hesablanmış cərimənin ödənilməsi tələbinə dair kommersiya işinə məhkəmənin açıq baxış iclasında baxıldı. İşin halları:

1. İddiaçı (İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 01 fevral 2018-ci il tarixli, “2627” və “2206” nömrəli icarə müqavilələri üzrə ödənilməli olan 2537 (iki min beş yüz otuz yeddi) manat icarə haqqı borcu, ona hesablanmış 355,97 manat (üç yüz əlli beş manat doxsan yeddi qəpik) cərimə olmaqla, cəmi 2892,97 manat (iki min səkkiz yüz doxsan iki manat doxsan yeddi qəpik) məbləğində pul vəsaiti və 48,93 manat (qırx səkkiz manat doxsan üç qəpik) məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar icarəyə verən İddiaçı MMC ilə icarəçi Cavabdeh arasında 01 fevral 2018-ci il tarixli, 2627 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən İddiaçı MMC Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzində yerləşən, sahəsi 34 kv.metr ölçüsündə olan “2627” nömrəli qeyri-yaşayış sahəsini icarəyə verməyi, subicarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə uyğun olaraq, icarəyə verilən sahədən istifadəyə görə icarəçi hər ay kommunal və sair xərclər daxil olmamaqla 150 (bir yüz əlli) manat (ƏDV daxil) ödəməyi öhdəsinə götürmüşdür. İcarəçi şəxs qeyd edilən müqavilə üzrə ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Ona görə də müqaviləyə İddiaçı MMC-nin baş direktoru tərəfindən 31 yanvar 2022-ci il tarixdə 469 nömrəli əmrlə müqavilənin 9.3-cü bəndinə müvafiq olaraq birtərəfli qaydada xitam verilmişdir. Bundan başqa, qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar icarəyə verən İddiaçı MMC ilə icarəçi Cavabdeh arasında 01 fevral 2018-ci il tarixli, 2205 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən İddiaçı MMC Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzində yerləşən, sahəsi 34 kv.metr ölçüsündə olan “2206” nömrəli qeyri-yaşayış sahəsini icarəyə verməyi, subicarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə uyğun olaraq, icarəyə verilən sahədən istifadəyə görə icarəçi hər ay kommunal və sair xərclər daxil olmamaqla 121 (bir yüz iyirmi bir) manat (ƏDV daxil) ödəməyi öhdəsinə götürmüşdür. İcarəçi şəxs qeyd edilən müqavilə üzrə ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Ona görə də müqaviləyə İddiaçı baş direktoru tərəfindən 30 noyabr 2018-ci il tarixdə 112 nömrəli əmrlə müvafiq olaraq birtərəfli qaydada xitam verilmişdir. Bununla da, təqdim edilmiş: -13 avqust 2025-ci il tarixli, 01-02/Q-2025-218 nömrəli maliyyə arayışından görünür ki, 01 fevral 2018-ci il tarixli, “2627” nömrəli icarə müqaviləsi üzrə 16 aprel 2025-ci il tarixə icarəçi Cavabdeh icarə haqqı borcu 2295 (iki min iki yüz doxsan beş) manatdır. Həmçinin 01 fevral 2018-ci il tarixli “2206” nömrəli icarə müqaviləsi üzrə 16 aprel 2025-ci il tarixə Cavabdeh icarə haqqı borcu 242 (iki yüz qırx iki) manatdır. Beləliklə, hər iki müqavilə üzrə Cavabdeh icarə haqqı borcu 2537 (iki min beş yüz otuz yeddi) manat, ona hesablanmış cərimə borcu 355,97 manat (üç yüz əlli beş manat doxsan yeddi qəpik) olmaqla, cəmi borc 2892,97 manat (iki min səkkiz yüz doxsan iki manat doxsan yeddi qəpik) məbləğindədir. Göründüyü kimi, Cavabdeh “2627” və “2206” nömrəli icarə müqavilələri üzrə icarə haqqı borcu 2537 (iki min beş yüz otuz yeddi) manat, ona hesablanmış cərimə borcu 355,97 (üç yüz əlli beş manat doxsan yeddi qəpik) manat olmaqla, cəmi borc 2892,97 (iki min səkkiz yüz doxsan iki manat doxsan yeddi qəpik) manat təşkil edir. Borcun ödənilməsi ilə əlaqədar icarəyə verən tərəfindən icarəçi şəxsin ünvanına məktub (pretenziya) göndərilmiş, sonuncu tərəfindən borc ödənilməmiş, pretenziyaya rəsmi münasibət bildirilməmişdir. Pretenziya məktubu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinə əsasən göndərilmişdir (qoşma ilə əlavə edilir). Bundan sonra, mübahisənin məhkəmədən kənar həll edilməsi Cavabdeh təklif olunmuş, cavabdeh şəxs təklifə münasibət bildirməmişdir. Göründüyü kimi, cavabdeh icarə müqaviləsinə əsasən ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etmir və həmin öhdəliklərin icrasından boyun qaçırır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 442, 443.1, 443.5, 448.1, 700.1, 705-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tam əsassızdır, qəbul edilməzdir və ona aşağıdakı əsaslarla etiraz edilir: bildirilir ki, həqiqətən də mağazaların icarəyə götürülməsi ilə əlaqədar “Azerbaijan Ground Services" MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli, “2627” və “2206" saylı icarə müqavilələri bağlanmışdır. Daha doğrusu, Cavabdeh mərhum əri Firdovsi Nəsirov rəhmətə getdikdən sonra sözügedən “2627” və “2206” saylı müqavilələr Cavabdeh adına rəsmiləşdirilmişdir. Digər müqavilələrin bəziləri isə cavabdehin oğlu X2 adına rəsmiləşdirilmişdir. Nəzərə çatdırılır ki, iddiaçı iddia ərizəsində bəzi xüsuslara toxunmuş, lakin iddianı özünəuyğun şəkildə təhrif etmişdir. Belə ki, iddiaçı iddiasında cavabdehin 34 kv.metr ölçüsündə olan “2627" nömrəli qeyri-yaşayış sahəsinin (mağazanın) və 34 kv.metr ölçüsündə olan “2206” nömrəli qeyri-yaşayış sahəsinin (mağazanın) subicarəçi olaraq Cavabdeh sahibliyində olduğundan, oradan onun tərəfindən maddi mənfəət əldə edildiyindən və sair qaydada istifadə edildiyindən icarə haqqını verməli olduğunu və vermədiyindən də həmçinin cərimə borcu ödəməli olduğunu qeyd edir. İddiaçının əsaslandığı icarə müqavilələrinin 2.2.1-ci yarımbəndinə əsasən icarəyə verənin icarə obyektlərini icarəçiyə icarəyə yararlı, yanğın və texniki təhlükəsizlik qaydalarına və tikinti normalarına uyğun vəziyyətdə təhvil vermək vəzifəsi vardır. Bir sözlə, müqavilələrdən göründüyü kimi, icarəyə verənlə icarəçi arasında təhvil-təslim aktı, müqaviləyə əlavə və ya digər sənəd olmalıdır ki müqavilədə göstərilən obyektlər icarəçiyə təhvil verilmişdir. Qeyd edilməlidir ki, həmin müqavilələr bağlanandan sonra əvvəlki müdiriyyətin məlumatlı olduğu maraqlı kazus yaşanmışdır. Belə ki, mağazanı işlədən satıcılar mağazanı təhvil vermək istəməmiş, müdiriyyətə müraciət etmiş və müdiriyyət də satıcılara güzəştə getdiyindən mağazanı Cavabdeh təhvil verə bilməmişdir. Faktiki olaraq mağazalar icarəyə verən və iş üzrə iddiaçı Azerbaijan Ground Services tərəfindən icarəçi və iş üzrə Cavabdeh təhvil verilmədiyindən heç vaxt icarəçinin sahibliyində olmamışdır. Təbii ki, o, oradan hər hansı formada maddi mənfəət əldə edə bilməmişdir. Ümumiyyətlə, sözügedən 2 mağazadan heç biri Cavabdeh təhvil verilməmişdir. Mağazaların kimlər tərəfindən işlədildiyi məlum deyildir. Əlavə olaraq vurğulamaq yerinə düşər ki digər mağazalardan ikisinin, yəni 2626 saylı və 2631 saylı qeyri-yaşayış sahələrinə görə 2400 manat icarə haqqı, ona hesablanmış 3229 manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 110 manat məbləğində pul vəsaitinin cavabdehin oğlu X1 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasına dair 2022 -ci ildə bənzər iddia verilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-3576/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaları rədd edilmişdir.

5. Cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının qeyd etdiyi kimi, mağazaların icarəyə götürülməsi ilə əlaqədar İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli, “2627” və “2206” saylı icarə müqavilələri bağlanmışdır. İddiaya etirazda göstərildiyi kimi, faktiki olaraq mağazalar icarəyə verən və iş üzrə iddiaçı Azerbaijan Ground Services tərəfindən icarəçi və iş üzrə Cavabdeh təhvil verilmədiyindən heç vaxt icarəçinin sahibliyində olmamışdır. Təbii ki, o, oradan hər hansı formada maddi mənfəət əldə edə bilməmişdir. Ümumiyyətlə, sözügedən 2 mağazadan heç biri Cavabdeh təhvil verilməmişdir. Qeyd etmək yerinə düşər ki, ümumiyyətlə, iddiaçı yeddi il əvvəl bağlanmış bir müqaviləyə dair sözügedən bu əsassız iddianı (icarə obyektlərinin heç vaxt cavabdehə təhvil verilməməsi və onun sahibliyində olmaması ilə yanaşı) prosessual müddətləri ötürərək vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

6. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin iddiaçı “AZMİS” elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

7. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin əsassız olduğundan təmin edilməməsini, həmçinin iddia tələbi üzrə müddətinin keçdiyinin nəzərə alınaraq iddia müddətinin tətbiqi edilməsini məhkəmədən xahiş etdi.

8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icarəyə verən qismində İddiaçı MMC ilə icarəçi qismində Cavabdeh arasında xx.xx.2018-ci il tarixli, 2206 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1ci maddəsinə əsasən müqavilə ilə müəyyən olunmuş şərtlərə və qaydalara uyğun olaraq icarəyə verən müqavilənin 1.2-ci bəndində göstərilən əmlakı (bundan sonra “icarə obyekti”) icarəçiyə icarəyə verməyi və icarəçi isə icarə obyektini istifadəsinə qəbul edib əvəzində icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ğdənişləri ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən icarə obyekti Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında yerləşən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin mərtəbəsində yerləşən, 34 m2 olan 2206 nömrəli mağaza - qeyri-yaşayış sahəsidir. Həmin müqavilənin 9.1-ci maddəsinə əsasən bu müqavilə imzalandığı tarixdən etibarən 11 (on bir) ay müddətinə bağlanır.

9. İddiaçı MMC-nin xx.xx.2018-ci il tarixli, 112 nömrəli əmrində qeyd olunmuşdur ki, 1) Cavabdeh qızı ilə “Azerbaijan Ground Services'' MMC-nin arasında 34 m2 sahənin icarəsi haqqında bağlanmış “2206" nömrəli 01 fevral 2018-ci ii tarixli icarə müqaviləsinə 30 noyabr 2018-ci il tarixindən etibarən Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq xitam verilsin; 2) Kommersiya və satış şöbəsinə tapşırılsın ki, Cavabdeh qızının məlumatlandırılmasını təmin etsin.

10. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli icarə müqaviəsinə xitam verilməsi üçün aktda qeyd edilmişdir ki, “Azerbaijan Ground Services" MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli, “2206" saylı icarə müqaviləsinə icarə haqqının ödənilməməsi səbəbindən xitam verilir və icarəçinin icarəyə verənə 242 manat borcu vardır. Akt birtərəfli qaydada, yəni iddiaçı tərəfin nümayəndələri tərəfindən imzalanmışdır.

11. İcarəyə verən qismində İddiaçı MMC ilə icarəçi qismində Cavabdeh arasında xx.xx.2018-ci il tarixli, 2627 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1ci maddəsinə əsasən müqavilə ilə müəyyən olunmuş şərtlərə və qaydalara uyğun olaraq icarəyə verən müqavilənin 1.2-ci bəndində göstərilən əmlakı (bundan sonra “icarə obyekti”) icarəçiyə icarəyə verməyi və icarəçi isə icarə obyektini istifadəsinə qəbul edib əvəzində icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ğdənişləri ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən icarə obyekti Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında yerləşən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin mərtəbəsində yerləşən, 34 m2 olan 2627 nömrəli mağaza - qeyri-yaşayış sahəsidir. Həmin müqavilənin 9.1-ci maddəsinə əsasən bu müqavilə imzalandığı tarixdən etibarən 11 (on bir) ay müddətinə bağlanır.

12. İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli, 469 nömrəli əmrində qeyd olunmuşdur ki, 1) Cavabdeh ilə “Azerbaijan Ground Services'' MMC-nin arasında 34 m2 sahənin icarəsi haqqında bağlanmış 2627 hörürəli 01 fevral 2018-ci il tarixli icarə müqaviləsinə 31 yanvar 2022-ci il tarixindən etibarən müqavilənin 9.3-cu bəndinə müvafiiq olaraq xilam verilsin; 2) Əmrin icrası satış və kommersiya şöbəsi və maliyyə, iqtisad və mühasibat uçotu şöbəsinə tapşırılsın.

13. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli icarə müqaviəsinə xitam verilməsi üçün aktda qeyd edilmişdir ki, “Azerbaijan Ground Services" MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli, “2627" saylı icarə müqaviləsinə icarə haqqının ödənilməməsi səbəbindən xitam verilir və icarəçinin icarəyə verənə 2295 manat borcu vardır. Akt birtərəfli qaydada, yəni iddiaçı tərəfin nümayəndələri tərəfindən imzalanmışdır.

14. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, icarəyə verən – İddiaçı MMC ilə icarəçi - Cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixii, 2627 saylı icarə müqaviləsinə əsasən Bakı Beynəlxalq Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən, sahəsi 34,0 kv.metr ölçüsündə olan “2627” nömrəli mağaza aylıq 150 manat məbləğində icarə haqqı qarşılığında Cavabdeh qızının icarəsinə verilmişdir, xx.xx.2025-ci il tarixə icarəçinin 2627 nömrəli müqavilə üzrə Cavabdeh qızının icarəyə verənə icarə haqqı borcu 2295 manat, borc məbləğinin gecikdirməyinə görə 351,14 manat təşkil edir. Əlavə olaraq bildirilir ki, icarəçi Cavabdeh xx.xx.2025 tarixinə 2206 nömrəli müqavilə üzrə 242 manat borc məbləğinin gecikdirdirməyinə görə 4,84 manat təşkil edir. Beləliklə, Cavabdeh qızının 2627 və 2206 müqavilələri üzrə ona hesablanmış icarə haqqı borcu 2537 manat, ödənişlərin gecikdirməsinə görə hesablanmış dəbbə borcu 355,93 manat və yekun olaraq ümumi borc məbəği 2892,98 manat təşkil edir.

15. İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş pretenziya məktubundan görünür ki, mövcud borcun 7 (yeddi) gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. 368-ci maddəsinə əsasən vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, “iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir”. Məhkəmənin mövqeyi

19. İddia tələbini cavabdehdən 01 fevral 2018-ci il tarixli, “2627” və “2206” nömrəli icarə müqavilələri üzrə 2537 (iki min beş yüz otuz yeddi) manat icarə haqqı borcu, ona hesablanmış 355,97 manat (üç yüz əlli beş manat doxsan yeddi qəpik) cərimə olmaqla, cəmi 2892,97 manat (iki min səkkiz yüz doxsan iki manat doxsan yeddi qəpik) məbləğində pul vəsaitinin tutulması təşkil edir.

20. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2018-ci il tarixli, “2627” və “2206" saylı icarə müqavilələri bağlanmışdır. İddiaçı hazırkı iddia tələbində iddia etmişdir ki, tərəflər arasında bağlanmış icarə müqavilələrinə əsasən icarəçi icarə haqqını ödəməmişdir. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək bildirmişdir ki, həqiqətən də mağazaların icarəyə götürülməsi ilə əlaqədar “Azerbaijan Ground Services" MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli, “2627” və “2206" saylı icarə müqavilələri bağlanmış, daha doğrusu Cavabdeh mərhum əri Firdovsi Nəsirov rəhmətə getdikdən sonra sözügedən “2627” və “2206” saylı müqavilələr Cavabdeh adına rəsmiləşdirilmişdir. Digər müqavilələrin bəziləri isə cavabdehin oğlu X2 adına rəsmiləşdirilmişdir. İddiaçının əsaslandığı icarə müqavilələrinin 2.2.1-ci yarımbəndinə əsasən icarəyə verənin icarə obyektlərini icarəçiyə icarəyə yararlı, yanğın və texniki təhlükəsizlik qaydalarına və tikinti normalarına uyğun vəziyyətdə təhvil vermək vəzifəsi vardır. Bir sözlə, müqavilələrdən göründüyü kimi, icarəyə verənlə icarəçi arasında təhvil-təslim aktı, müqaviləyə əlavə və ya digər sənəd olmalıdır ki, müqavilədə göstərilən obyektlər icarəçiyə təhvil verilmişdir. Qeyd edilməlidir ki, həmin müqavilələr bağlanandan sonra mağazanı işlədən satıcılar mağazanı təhvil vermək istəməmiş, müdiriyyətə müraciət etmiş və müdiriyyət də satıcılara güzəştə getdiyindən mağazanı Cavabdeh təhvil verə bilməmişdir. Faktiki olaraq mağazalar icarəyə verən və iş üzrə iddiaçı tərəfindən icarəçi və iş üzrə Cavabdeh təhvil verilmədiyindən heç vaxt icarəçinin sahibliyində olmamışdır. Təbii ki, o, icarə obyektindən hər hansı formada maddi mənfəət əldə edə bilməmişdir. Ümumiyyətlə, sözügedən 2 mağazadan heç biri Cavabdeh təhvil verilməmişdir. Mağazaların kimlər tərəfindən işlədildiyi məlum deyildir.

21. Əvvəla qeyd olunmalıdır ki, iddiaçı tərəfindən iddia tələbinin əsaslılığını təsdiq edəcək sübutlar kimi iş materiallarına icarə müqavilələri təqdim edilmiş, əlavə olaraq isə icarə müqaviəsinə xitam verilməsi üçün birtərəfli qaydada tərtib edilmiş aktlar təqdim edilmişdir. Cavabdehin nümayəndəsi icarə obyektinin icarəçiyə təhvil verilmədiyini bildirsə də, iddiaçı tərəfindən təhvil verilmə barədə sübutlar məhkəməyə təqdim edilməmişdir.

22. MM-nin müvafiq normalarına əsasən kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir və bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı, bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

23. Həmçinin, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri).

24. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallarla mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

25. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

26. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbinin əsaslılığını təsdiq edəcək mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır.

27. Eyni zamanda cavabdeh iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd edilməsini xahiş edir.

28. Belə ki, İddiaçı MMC-nin hazırkı iddia ərizəsi iddia müddəti keçdikdən sonra verilmişdir. İddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, “2627” və “2206" saylı icarə müqavilələri 11 ay müddətinə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Göründüyü kimi, iddiaçı "xxxx" MMC isə məhkəməyə hazırkı iddia ərizəsi ilə müqavilə tələbləri üzrə qanunla müəyyənləşdirilmiş üç illik iddia müddəti keçdikdən sonra – 02 oktyabr 2025-ci il tarixdə müraciət etmişdir.

29. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar