Məhkəmə qərarları › İş №e-2-2(113)-8065/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8065/2025

17.02.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8065/2025 17.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X17 Evi-Uşaq Bağçası” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı məlumatların təkzib edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: məlumatların təkzib edilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Hacıyeva Nərmin Xaliq qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı “X17 Evi-Uşaq Bağçası” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı məlumatların təkzib edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı “X17 Evi - Uşaq Bağçası” Məhdud Məsuliyyətli Cəmiyyəti (“X17 Evi - Uşaq Bağçası” MMC) Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə (Cavabdeh QSC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC-nin direktoru Qanuni nümayəndə tərəfindən Space TV kanalında səsləndirilmiş “Yay aylarında qızdırıcı kombilər işləməyəndə vintilləri açırlar və təbii qazın sızmasını təşkil eləyirlər”, “Şikayətçinin iddasına görə köməkçi otağı MTK rəhbərliyi öz obyektinə məxsus qaz avadanlıqları yerləşdirdikdən sonra dəfələrlə qaz sızması olub” iddiaları Cavabdeh QSC tərəfindən həmin məlumatların yayıldığı media vasitəsi olan Space TV kanalında təkzib edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 23-24 sentyabr 2025-ci il tarixlərində Space TV kanalında (Space Xəbər, Xəbərin İzində) “MTK sahibi ilə obyekt sahibi arasında problemin səbəbi” başlıqlı xəbər yayınlanmışdır. Yayınlanmış xəbərdə Cavabdeh QSC-nin direktoru Qanuni nümayəndə direktoru olduğu cəmiyyəti təmsilən həqiqətə uyğun olmayan şikayəti yayınlanmışdır. Cavabdeh QSC-nin direktoru Qanuni nümayəndə efirdən səsləndirdiyi şikayətində qeyd edir; “Bizi məcbur edirlər bu texniki otağı satın alaq. Hansı ki, bu texniki otaqlar obyektlərə aiddir, bunlar ayrıca mülkiyyətə verilmir. Lakin bunlar bu yolla bizi məcbur edirlər ki, oranı satın alaq”, “Yay aylarında qızdırıcı kombilər işləməyəndə vintilləri açırlar və təbii qazın sızmasını təşkil eləyirlər”. Davamında Space TV-nin əməkdaşı qeyd edir: “Şikayətçinin iddasına görə köməkçi otağı MTK rəhbərliyi öz obyektinə məxsus qaz avadanlıqları yerləşdirdikdən sonra dəfələrlə qaz sızması olub”. Bundan başqa, 18 sentyabr 2025-ci il tarixində media vasitəsi olan Marja.az və İnstaqram sosial şəbəkəsində “Bakı Ağ Şəhərdəki bu obyektdə nə baş verir?”, “İş adamları şantaj olunur” başlıqlı yazı dərc olunmuş və yayılmışdır. Həmin yazıda da aşağıdakılar qeyd olunur: Cavabdeh QSC-nin direktoru Qanuni nümayəndə Marja.az-a bildirdi ki, bir sıra yaşayış komplekslərinin 1-ci mərtəbələrdə yerləşən qeyri-yaşayış obyektlərinin tekniki otaqları şantaj vasitəsinə çevrilib”, “Bu texniki otaqlar satış məqsədli olmamalarına baxmayaraq, binaları tikən bəzi MTK-lar həmin sahələrin istifadəsində sahibkarlara əngəl yaradaraq, texniki otaqları alqı-satqı predmetinə çevirməyə çalışırlar”, “Satış məqsədli olmayan texniki otaqların (köməkçi otaqların) iş adamları, şirkətlər tərəfindən satın alınması üçün süni problem yaradılır”, Cavabdeh QSC-nin direktoru Qanuni nümayəndə Media vasitələrində və İnstaqram sosial şəbəkəsində çıxış və paylaşımlarının böyük hissəsi MTK ilə əlaqəlidir, bunlara münasibət bildirməyə subyektiv hüquqları yoxdur. Lakin cavabdehin “Yay aylarında qızdırıcı kombilər işləməyəndə vintilləri açırlar və təbii qazın sızmasını təşkil eləyirlər”, “Şikayətçinin iddasına görə köməkçi otağı MTK rəhbərliyi öz obyektinə məxsus qaz avadanlıqları yerləşdirdikdən sonra dəfələrlə qaz sızması olub” iddialarının birbaşa “X17 Evi-Uşaq Bağçası” MMC-yə aidiyyəti var. Belə ki, iş üzrə cavabdehin mediada qeyd etdiyi və texniki otaqda quraşdırılmış 2 ədəd kombi, qaz sayğacı bütün avadanlığı və vintilləri ilə birlikdə X18 bağçasına məxsusdur və sadəcə bağçanın əməkdaşlarının istifadəsindədir. X18 bağçasına məxsus qaz avadanlıqlarının vintillərini bağçanın əməkdaşları açıb-bağlaya bilərdi. Əgər nə vaxtsa yay aylarında qızdırıcı kombilər işləməyəndə qaz vintilləri qərəzli şəkildə açılaraq, təbii qazın sızması təşkil edilibsə, bu hadisənin baş verdiyini, nə zaman baş verdiyini, bunu kimin etdiyini təsdiq etmək iş üzrə cavabdehin üzərinə düşür. İş üzrə cavabdeh anlamalı idi ki, efirdən səsləndirdiyi bu boğazdan yuxarı iddia cinayət tərkibli əməl haqqında məlumatın verilməsidir. Vintilləri açmaqla təbii qazın sızmasını təşkil etmək qəsdlə bir çox insanın həyatıyla oynamaq deməkdir. Bura həm də X18 bağçasında təlim-tərbiyə alan uşaq və körpələr, bağçanın əməkdaşları da aiddir. Bir şirkətin direktorunun öz ambisiyalarına hakim olmayıb bu cür iddia ilə çıxış etməsi çox təhlükəlidir. Cavabdeh QSC-nin direktoru Qanuni nümayəndə televiziya efirindən “Yay aylarında qızdırıcı kombilər işləməyəndə vintilləri açırlar və təbii qazın sızmasını təşkil eləyirlər” iddiasını səsləndirməsinin səbəbi bağçada təlim-tərbiyə alan körpə və uşaqların valideynlərinə şüuraltı mesaj ötürmək olmuşdur. Amma bağçadakı misilsiz varlıqların valideynlərini təşvişə salıb, uşaq bağçasını, onun əməkdaşlarını əsassız tənqid altında qoyan iş üzrə cavabdeh nə etdiyini anlamamış və ya anlamaq istəməmişdir. Bundan başqa, iş üzrə cavabdeh iddia etmişdir ki, “köməkçi otağa MTK rəhbərliyi öz obyektinə məxsus qaz avadanlıqları yerləşdirdikdən sonra dəfələrlə qaz sızması olub”. Beləliklə, iş üzrə cavabdeh iddia edib ki, “X18 Bağçası” MMCnin yerləşdiyi obyekt MTK rəhbərliyinin öz obyektidir, qaz avadanlıqları həmin texniki otağa yerləşdirildikdən sonra dəfələrlə qaz sızması olub. Məqsəd də odur ki, alqı-satqı predmeti olmayan texniki otaqları iş adamlarına məcburi satmaq. İş üzrə cavabdeh, iddiaçı “X17 Evi-Uşaq Bağçası” MMC-yə münasibətdə obyektin MTK rəhbərliyinin öz obyekti olmasını təsdiq etməlidir. Cavabdehin direktoru efirdən bu iddianı səsləndirdiyinə görə buna dair sübutu da olmalıdır. İş üzrə cavabdehə ünvanlanan xx.xx.2025-ci il tarixli pretenziya məktubunda “Yay aylarında qızdırıcı kombilər işləməyəndə vintilləri açırlar və təbii qazın sızmasını təşkil eləyirlər”, “Şikayətçinin iddasına görə köməkçi otağı MTK rəhbərliyi öz obyektinə məxsus qaz avadanlıqları yerləşdirdikdən sonra dəfələrlə qaz sızması olub” iddiaların sübutlarını təqdim etmələri, bunu edə bilməyəcəkləri təqdirdə 5 gün müddətində həmin məlumatların yayıldığı media vasitəsi olan Space TV kanalında təkzib vermələri tələb olunmuşdu. Lakin iş üzrə cavabdeh bu təklifləri cavabsız qoymuşdur. xx.xx.2024-cü il tarixində “Azəriqaz” İB tərəfindən razılaşdırılmış, Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, Art- Line MTK 14 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin (Uşaq bağçasının) qazlaşdırılmasına dair "xxxx" QSC-nin işçi layihəsinə əsasən layihənin planında müəyyən edildiyi qaydada, müəyyən edildiyi yer olan ümumi istifadəli texniki otaqda 2,8 və 5,4 sərfiyyata uyğun iki ədəd kombi olmaqla podratçı cəmiyyət tərəfindən qaz xətləri çəkilmişdir. “Azəriqaz” İB-nin xx.xx.2024-cü il tarixli istehlakçının qaz təsərrüfatının inventar aktına əsasən quraşdırılmış qaz sayğacı, quraşdırılmış iki ədəd kombiyə baxış keçirilmişdir. Abonentlə xx.xx.2024-cü il tarixində qaz alqı-satqısına dair müqavilə bağlanmışdır. Qaz kəmərlərinin istismara qəbulu barədə xx.xx.2024-cü il tarixli akt ilə iki ədəd 2.8 və 5.4 m 3 olmaqla kombilər qeyd edilmişdir. Cavabdeh QSC-nin direktoru Qanuni nümayəndə ofisindən qaz iyi gəldiyinə dair çoxsaylı şikayətlərindən sonra “Azəriqaz” İB-nin xx.xx.2024-cü il tarixli İstehlakçının qaz təsərrüfatının inventar Aktına əsasən yoxlama aparılmış, müəssisəyə baxış keçirilmiş, qaz cihazlarının layihəyə əsasən quraşdırıldığı müəyyən edilmişdir. “Azəriqaz” İB-nin xx.xx.2025-ci il tarixində şikayətçinin müraciətinə cavab olaraq qonşu obyektin qaz təsərrüfatının layihə-smeta sənədlərinə uyğunluğu birliyin işçiləri tərəfindən yoxlanıldığı və layihədən kənarlaşma halları aşkar edilmədiyi qeyd edilmişdir. AR FHN-nin DYNX-nin 3-cü ərazi DYNİ-nin “Azəriqaz” İB-yə ünvanladığı 05 dekabr 2024-cü il tarixli məktubunda “X18 Bağşası” MMC-yə məxsus köməkçi otaqda kombi tipli isitmə cihazı və qonşu obyektin havalandırma borusunun yerləşdirildiyi və kombi tipli isitmə cihazından ayrılan dəm qazının havalandırma borusu vasitəsi ilə qonşu obyektə dolduğu məlum olmuşdur. Tədbir görülməsi üçün göstəriş verilməsi xahiş edilmişdir. xx.xx.2025-ci il tarixində FHN-nin Sənayedə X5 və X10 Agentliyinin mütəxəssisləri tərəfindən yerində araşdırma aparılmış və Akt tərtib olunmuşdur. Akta görə natamam yanmış qaz və metan qazı tavana yığılır, bu hal risk kimi qiymətləndirilir, bu riski önləyici tədbir olaraq detektor-siqnalizator qurğusu quraşdırılması məsləhət görülmüş, tüstü bacanın çıxışının fasaddan uzaqlaşdırılması tövsiyə olunmuşdur. FHN-nin Sənayedə X5 və X10 Agentliyinin xx.xx.2025-ci il tarixli şikayətin araşdırılması haqqında cavab məktubunda Akt tərtib olunduğu, Azəriqaz İB-dən tədbirlərin görülməsi xahiş olunmuşdur. Bakı Regional Qazİstismarı İdarəsinin xx.xx.2025-ci “Qaz dedektorlarının quraşdırılması barədə” “X18 Bağçası” MMC-yə ünvanladığı xəbərdarlıq məktubundan sonra xx.xx.2025-ci il tarixində “Azəriqaz” İB tərəfindən daxil olmuş tövsiyyə məktubu nəzərə alınaraq Nurcon MMC tərəfindən “X18 Bağçası” MMC-yə məxsus kombi cihazı üçün texniki otaqda dəm qazı detektoru və qaz qızma detektoru quraşdırılıb sınaq olunmaqla sifarişçiyə işlək vəziyyətdə təhvil verilmişdir. Həmçinin akta uyğun olaraq tüstü bacanın çıxışının fasaddan uzaqlaşdırılması təmin olunmuşdur. Beləliklə, 20 may 2025-ci il tarixindən etibarən texniki otaqda quraşdırılmış hər iki kombinin tüstü bacası fasaddan uzaqlaşdırılmış, texniki otaqda dəm qazı detektoru və qaz sızma detektoru quraşdırılıb sınaq olunmaqla sifarişçiyə işlək vəziyyətdə təhvil verilmişdir. Texniki otaqda quraşdırılmış dəm qazı detektoru və qaz sızma detektoru quraşdırıldıqları gün olan 20 may 2025-ci il tarixindən bu günə qədər bir dəfə də olsun alarm verməmişdir. Lakin iş üzrə cavabdeh fərqli düşünmüş, “X17 Evi-Uşaq Bağçası” MMC-yə qarşı məhkəmədə qaldırmış olduğu iddia ərizəsində heç bir əsası olmadan layihə sənədlərinə uyğun olaraq iki ədəd kombi cihazının quraşdırıldığı ümumi istifadəli texniki otağın binanın layihə sənədlərinə əsasən özlərinə məxsus qeyri-yaşayış sahəsi üçün nəzərdə tutulduğunu qeyd etdilər. Yəni sözü gedən texniki otaqdan yalnız onların istifadə edə biləcəyini, onlardan başqa heç kimsənin həmin texniki otaqdan istifadə edə bilməyəcəyini iddia etdilər. Məhkəmə Cavabdeh QSCnin nümayəndəsinə, həmin texniki otağın özlərinə məxsus olmasına dair hər hansı bir sənəd təqdim etməklərini istədikdə həmin sənəd təmin olunmadı. İşə cəlb edilmiş, binanı inşa edən Art-Line MTK-nın məhkəməyə ünvanladığı məktubda yaşayış kompleksində sahə mülkiyyətçilərinin ümumi istifadəsi üçün nəzərdə tutulmuş texniki otaqların olduğunu, layihə sənədlərində hər hansı sahəyə və ya sahə mülkiyyətçisinə xüsusi ayrılmış texniki otaq və ya otaqların nəzərdə tutulmadığı, heç bir sahə mülkiyyətçisinə istifadəsi üçün xüsusi texniki otaq təklif edilmədiyi qeyd edilmişdir. Beləliklə, iş üzrə cavabdehin bütün bu davranışlarının altında yatan səbəb sözü gedən ümumi istifadəli texniki otağa tək olaraq sahiblənmək və sadəcə özünə məxsus avadanlıqların orada yerləşdirilməsidir. Bu niyyətinə çatmadıqda və binanı inşa edən Art-Line MTK-nın Nərimanov rayon Məhkəməsinə ünvanladığı məktubundan sonra iş üzrə cavabdeh media yolu ilə qaralama kompaniyasına başlamış, “X18 Bağçası” MMC-nin yerləşdiyi ofisin MTK rəhbərliyinə məxsus olduğunu bildirmiş, qəsdlə vintilləri açaraq qaz sızması təşkil edildiyini bildirmiş, bunu da texniki otaqları iş adamlarına məcburi satmaq üçün etdiklərini bildirmişdir. Cavabdeh QSC-nin direktoru Qanuni nümayəndə müsahibəni götürən, xəbəri hazırlayan Space TV kanalının əməkdaşı ilə əlaqəlidir. Efirə verilən xəbərin bir yerində müsahibəni götürən əməkdaş qeyd edir “bu otağa daxil olarkən burda qaz sızma olmasına inanmasaq da, təxminən bir dəqiqəyə yaxın müddət ərzində burda qaldıqdan sonra əhvalımın dəyişməsi burda qaz sızmasının olmasına sübut oldu”. Space TV kanalının əməkdaşının bu qeydi şikayət üzrə xəbərin təqdim olunması deyil, öz iddiası olmuşdur. Əməkdaş iddia etmişdir ki, bir dəqiqə ərzində həmin otaqda qalmaqla əhvalı dəyişmiş, bununla da həmin otaqda qaz sızmasının olması sübut olmuşdur. Lakin həmin əməkdaş bir detaldan məlumatsız olmuşdur. Şikayətçi Cavabdeh QSC-nin direktoru Qanuni nümayəndə da öz fikirlərində qərəzli olması səbəbindən əməkdaşa bu detal haqqında məlumat verməmişdir. Belə ki, Space TV kanalının əməkdaşı daxil olduğu otaqda Fövqəladə Hallar Nazirliyinin tövsiyəsi, “Azərişıq” İB-nin göstərişi ilə xx.xx.2025-ci il tarixindən etibarən "xxxx" MMC tərəfindən iki ədəd detektor-siqnalizator, dəm qazı detektoru və qaz sızma detektoru quraşdırılıb sınaq olunmaqla işlək vəziyyətdə olmuşdur. Cüzi bir qaz sızması və ya dəm qazı axınında həmin detektorlar anında alarm verirlər. Daha da dəqiqləşdirilsə, həmin otaqda əməkdaşın qaz sızmasından əhvalının dəyişməsi macal tapmadan detektorsiqnalizatorlar alarm verməliydilər. Lakin həmin vaxt belə bir alarm çalmamışdır. Bununla əlaqədar Space TV-nin direktoru X11 yazılı müraciət olunub, bütün sənədlər, fotoşəkillər və məhkəmə qərarı müraciətə əlavə olunub, əməkdaşlarının daxil olduğu texniki otaqda iki ədəd, dəm qazı detektoru və qaz sızma detektoru işlək vəziyyətdə olduğu halda, həmin dedektorlar alarm vermədiyi halda, əməkdaşın hansı səbəbdən efirdə əhvalının pisləşdiyini və qaz sızmasının sübut olunduğunu soruşmuşlar. Həmçinin həqiqəti görmək və doğru xəbərin yayınlanması üçün Space TV-ni təkrarən əraziyə dəvət etmiş və ya müsahibəni götürmüş əməkdaşın efirdə səsləndirdiyi iddiasını təkzib etməsi təklif olunmuşdur.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 23-cü maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, təqdim olunan iddia hüquqi tələblərə cavab vermir, belə ki, videomaterialın mətni və məzmunundan aydın görünür ki, cavabdeh tərəfindən səsləndirilən heç bir fikir iddiaçıya ünvanlanmamışdır. Qanuni nümayəndə Space TV-də yayınlanmış çıxışının tam mətni: “Paytaxt sakini Qanuni nümayəndə qaynar xəttə zəng vuraraq obyektinin yerləşdiyi MTK-nın sahibi tərəfindən ona təzyiq olunduğunu deyir. Əməkdaşlar qonşusundan şikayət edən şəxslə həmsöhbət olub. (R.V) Qanuni nümayəndə: “Qazın sızması FHN- Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiq olunub və məktub yazıblar Azəriqaza ki, “Şimal Servisə” obyektə dəm qazı dolur. Space TV əməkdaşı: “Paytaxt sakini Qanuni nümayəndə iddia edir ki, Art-Line MTK rəhbərliyi ona məxsus obyektin alt mərtəbəsində yerləşən texniki otağa qanunsuz olaraq qaz avadanlığı yerləşdirib. Səbəb olaraq həmin köməkçi otağı ona satmaq istəyəndə sahibkarın “yox” cavabı olub. Qanuni nümayəndə: -Bizi məcbur edirlər bu texniki otağı satın alaq. Halbuki bu texniki otaqlar obyektlərə aiddir, bunlara ayrıca çıxarış, mülkiyyətə verilmir. Lakin bunlar bu yolla bizi məcbur edirlər ki, oranı satın alaq. Space TV əməkdaşı: -Qanuni nümayəndə bildirir ki, bu obyekt onun şəxsi mülküdür və 8 ildir 20-yə yaxın işçi ilə fəaliyyət göstərir. Şikayətçinin iddiasına görə sözügedən köməkçi otağı MTK rəhbərliyi öz obyektinə məxsus qaz avadanlıqları yerləşdirdikdən sonra dəfələrlə qaz sızması olub və bu təhlükəyə görə bəzi işçilər ərizə yazaraq işdən gedib. Təhlükə isə hələ davam edir. Space TV əməkdaşı: - Bura daxil olarkən qaz sızmasına inanmasam da, bir neçə dəqiqəyə yaxın burda qalandan sonra əhvalımın dəyişməsi burda qaz sızmasının olmasına bir sübut oldu. Elə şikayətçi də iddia edir ki, qonşuluqdakı obyektlərin və MTK-nın rəhbəri öz otağında deyil, öz texniki otaqlarında deyil, onun obyektinin texniki otağında qaz qurğularını ona görə yerləşdirib ki, mütəmadi olaraq qaz sızması əmələ gəlir və yuxarıdakı ofisdə, hətta dəfələrlə zəhərlənmə olub və bunu təcili yardım briqadası və aidiyyəti qurumlar da bu faktı təsdiq ediblər. Qanuni nümayəndə: İndi bizi, təsəvvür edin ki, 1 ildir bu vəziyyətdə saxlayıblar. Yay avlarında qızdırıcı kombilər işləməyəndə vintilləri acırdılar və təbii qazın sızmasın təşkil edirdilər. Bunlar binadan, hətta bəlkə də çöldə qurasdırılmalıdı və ya təhlükəsiz yerdə quraşdırılmalıdır. Space TV əməkdaşı: -MTK rəhbərliyini tapa bilməsək də, binanın komendantı Heydər Taharov ilə əlaqə saxladıq. O köməkçi otaqda sızmanın olmasını dolayısı ilə təsdiq etdi. Heydər Taharov: -İlk növbədə texniki otaqlar satılmır, ola bilər ki, 1 texniki otaq balaca ola bilər, 1 texniki otaq böyük ola bilər, böyüyə sən 3 obyektin texniki havalandırmasını mı deyim, kombi mi deyim quraşdırmağa icazə olar; Space TV əməkdaşı: -Bəs sızma, yəni təhlükədən nə deyə bilərsiz?; Heydər Taharov: -İndi sızma varsa, Fuad bəy müraciət edib, təsdiqlənib, indi qonşular arasında necə deyərlər öz aralarında həll olunası bir şeydi. Space TV əməkdaşı: -Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi və X2 də sorğu ünvanladıq. Nazirlikdən bildirildi ki, sözügedən ünvana baxış keçirilib araşdırma aparılacaq. X1 isə məsələyə münasibət bildirilmədi.” İlk növbədə videodan göründüyü kimi, “X17 Evi-Uşaq Bağçası” MMC-nin adı, eləcə də “uşaq bağçası”, “bağça işçiləri” kimi ifadələr heç bir hissədə səslənməmiş, iddiaçıya ünvanlanan hər hansı fikir səsləndirilməmişdir. Əksinə, Qanuni nümayəndə bütün çıxışı MTK rəhbərliyi ilə əlaqəli olmuşdur. Bu halda hesab edilir ki, bu videodakı hər hansı məlumatın təkzib edilməsi zərurəti yaransa belə, bunu tələb etmək hüququ yalnız MTK-ya aiddir. Cavabdehin fikirləri iddiaçıya yönəlmədiyi üçün təkzib predmeti yoxdur, iddianın təmin edilməsi mümkün deyil. İddiaçının qeyd etdiyi “vintilləri açırdılar, yayda sızma təşkil edirdilər” ifadəsində də konkret subyekt yoxdur. Videoda səslənən cümlə belədir, “Yay aylarında qızdırıcı kombilər işləməyəndə vintilləri açırdılar və təbii qazın sızmasını təşkil edirdilər”. Burda kim açırdı, hansı qurum və ya bağça, uşaq müəssisəsi, şəxs adları və s. yoxdur. Belə halda bu ifadələrin heç bir halda məhz iddiaçıya yönəldiyi iddia edilə və təkzibi tələb oluna bilməz. İddiaçının “qaz sayğacı bütün avadanlığı və vintilləri ilə birlikdə X18 Bağçasına məxsusdur və sadəcə bağçanın əməkdaşlarının istifadəsində” olduğuna istinad etməklə təkzib tələb etməsi əsassızdır. Çünki videodan da göründüyü kimi, vintillərin məhz iddiaçının istifadəsində olduğu, yalnız bağça əməkdaşları tərəfindən sızma təşkil olunduğu və ya dolayı yolla buna işarə edən hər hansı məlumat heç bir hissədə deyilməyib. Əksinə, videoda MTK-dan şikayət açıq şəkildə görünməkdədir. İddiaçı qeyd edir ki, guya bu video onun nüfuzuna xələl gətirib, faktiki olaraq o videoya baxan heç kəs təkzibi tələb olunan məlumatların adı çəkilmədiyi halda “X17 Evi-Uşaq bağçası”na “aid olduğunu” düşünə bilməz, bu halda iddiaçının nüfuzuna necə xələl gəldiyi sual altındadır. İddiaçı tərəfindən nüfuzuna xələl gəldiyinə dair hər hansı sübut da təqdim edilməmişdir. İddiaçının bu tələbi hazırda Bakı Kommersiya Məhkəməsinin icraatında olan Cavabdeh QSC-nin “X17 Evi- Uşaq Bağçası” MMC-yə qarşı “həmin hüquqi şəxsin qaz təchizatına dair düzgün olmayan layihə-smeta sənədlərinin ləğv edilməsi və həmin hüquqi şəxsə məxsus qaz qızdırıcılarının Cavabdeh QSC-nin havalandırma sisteminin və kondisionerinin yerləşdiyi texniki otaqdan çıxarılması” tələbinə dair işlə əlaqəli yaranmış qərəzli münasibəti ilə əlaqəlidir. İddiaçı ilə cavabdeh arasında faktiki olaraq mübahisə olduğundan, iddiaçı Qanuni nümayəndə çıxışının ona ünvanlandığını hesab etmişdir. Qaz avadanlıqlarının iddiaçının özünün istifadəsində olması faktını yalnız iddiaçı özü bilir, bu isə məlumatların təkzibini tələb etmək üçün əsas deyil. Faktiki olaraq isə cavabdehin çıxışında iddiaçıya yönələn və ya birbaşa onu göstərən, həmçinin müvafiq qaz avadanlıqlarının, vintillərinin yalnız iddiaçının istifadəsində olması ilə bağlı hər hansı fikir səsləndirilməmişdir, yəni iddiaçının nüfuzuna xələl gətirən hər hansı məlumat səsləndirilməmişdir və belə halda iddiaçının bu məlumatların təkzibini tələb etmək hüququ da yaranmamışdır. “Şikayətçinin iddiasına görə köməkçi otağı MTK rəhbərliyi öz obyektinə məxsus qaz avadanlıqları yerləşdirdikdən sonra dəfələrlə qaz sızması olub” bu fikirlə bağlı isə qeyd edilir ki, bunun səbəbi isə məhz iddiaçının özü olmuşdur. Belə ki, hazırda Cavabdeh QSC-nin “X17 Evi- Uşaq Bağçası” MMC-yə qarşı “həmin hüquqi şəxsin qaz təchizatına dair düzgün olmayan layihə-smeta sənədlərinin ləğv edilməsi və həmin hüquqi şəxsə məxsus qaz qızdırıcılarının Cavabdeh QSC-nin havalandırma sisteminin və kondisionerinin yerləşdiyi texniki otaqdan çıxarılması” tələbinə dair iş üzrə mübahisənin yaranmasına səbəb iddiaçının öz avadanlıqlarını Cavabdeh QSC-nin havalandırma sisteminin yerləşdiyi otaqda quraşdırması olub. Müvafiq məsələ ilə bağlı bağçanın qanuni təmsilçisi İlhamə Məmmədovaya müraciət edilən zaman şifahi danışıqlar zamanı bağçanın “Flünər Group”a aid olduğunu, ona görə də məsələnin onların səlahiyyətində olduğunu bildirmişdir. Qanuni nümayəndə “Hünər Group”un təsisçisi Ehtiram Quliyevin qəbulunda olmuş və məsələni izah etmişdir. Ehtiram Quliyev isə texniki otaq onlara satılmadığı üçün kömək etməyəcəyini bildirmişdir. Məhz iddiaçının təqdim etdiyi “İstehlakçının qaz təsərrüfatının inventar aktı”, həmçinin “Qaz kəmərlərinin istismara qəbulu (xaric) aktı”, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında Azəriqaz tərəfindən tərtib olunmuş aktlara əsasən “X17 Evi-uşaq Bağçasının” qazlaşdırılması üzrə sifarişçi və obyekt sahibi X8 qeyd edilmişdir. Qanuni nümayəndə Ehtiram Quliyevin eyni zamanda "xxxx" MTK-nın təsisçilərindən biri olması barədə eşitdiyi məlumat, dolayısı ilə bağçanın da MTK-nın obyekti olduğuna dair fikir yaratmışdır. Məhz "xxxx" MTK və "xxxx" MMC-nin təsisçiləri haqda məlumatların, nizamnaməsi və dövlət reyestrindən çıxarış təqdim olunduğu təqdirdə müvafiq fakt təsdiqlənəcəkdir. Bununla bağlı vəsatət məhkəməyə təqdim olunmuşdur. Bundan əlavə olaraq məhz “Şikayətçinin iddiasına görə köməkçi otağı MTK rəhbərliyi öz obyektinə məxsus qaz avadanlıqları yerləşdirdikdən sonra dəfələrlə qaz sızması olub” bu fikirdə də iddiaçının şəxsiyyətini müəyyənləşdirmək mümkün olmadığını nəzərə alsaq, İddiaçının təkzib tələb etməsi üçün əsas yoxdur. İddiaçı və Cavabdeh arasında yalnız bu iki tərəfə məlum olan halların təkzibinin tələb olunması əsassızdır. Yuxarıda qeyd etdikləri kimi, iddiaçının bu tələbləri digər iş üzrə yaranmış qərəzli münasibətindən irəli gəlir. İddiaçı özü də qeyd edir ki, Qanuni nümayəndə çıxışının böyük hissəsi MTK ilə əlaqəlidir, bunlara münasibət bildirməyə subyektiv hüququ yoxdur, yalnız “Yay aylarında qızdırıcı kombilər işləməyəndə vintilləri açırlar və təbii qazın sızmasını təşkil eləyirlər”, “Şikayətçinin iddiasına görə köməkçi otağı MTK rəhbərliyi öz obyektinə məxsus qaz avadanlıqları yerləşdirdikdən sonra dəfələrlə qaz sızması olub” sözlərinin təkzibini tələb edir. Tələb yuxarıda sadaladığı əsaslar nəzərə alınmaqla əsassızdır və təmin edilməməlidir.

5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi və əlavə olaraq qeyd etdi ki, sorğu ilə müəyyən edildi ki, “X17 Evi-Uşaq Bağçası” MMC ilə "xxxx" MMC-nin heç bir əlaqəsi yoxdur. “Space TV”nin direktorunun çıxışlarında və sosial şəbəkələrdə iddiaçı ilə bağlı çox məlumatlar qeyd edilmişdir. Sadəcə onların təkzib edilməsi istənilir. Uşaq bağçasının əməkdaşları qəsdən vintilləri açırlar ki, "xxxx" MMC texniki otaqları Cavabdeh QSC-yə sata bilsin. Hələ üstəlik, qaz sızması ilə əlaqədar müraciət etmədikləri yer yoxdur, “Azəriqaz” İB, Fövqaladə Hallar Nazirliyi və s. 12 yanvarda “Azəriqaz” İB-nin əməkdaşları gəlib yoxlama apardılar və heç bir problem aşkarlanmadı və mövcud vəziyyət aktlaşdırıldı. Burda niyyət ümumi istifadə olunan sahələrin özəlləşdirilməsidir. Çünki məlum məsələdir ki, bir az qaz sızması olarsa, “Azəriqaz” tərəfindən qaz kəsilir və problemlərin aradan qaldırılması tələb edilir. “Space TV” telekanalında dilə gətirilən 2 cümlə təkzib edilməlidir. Çünki bu ağlasığan deyil. Heç bir Uşaq Bağçası direktoru və ya işçisi gəlib qaz sızmasına səbəb olacaq hərəkətləri etməz. Videolentdə qeyd edilir ki, yay avlarında qızdırıcı kombilər işləməyəndə vintilləri acırdılar və təbii qazın sızmasın təşkil edirdilər. Qeyd edilən vintillər iddiaçının vintillərdir. İkinci təkzib edilməli məlumat səsləndirilmiş “MTK rəhbərliyi öz obyektinə məxsus qaz avadanlıqları yerləşdirdikdən sonra dəfələrlə qaz sızması olub” məlumatdır. Lakin həmin obyekt MTK rəhbərliyinin obyekti deyildir. Bu hissədə də sorğu verilmiş və MTK-nın orada obyektinin olub-olmaması barədə məlumat verilmişdir. Texniki otaqda quraşdırılmış dəm qazı detektoru və qaz sızma detektoru quraşdırıldıqları gün olan 20 may 2025-ci il tarixindən bu günə qədər bir dəfə də olsun alarm verməmişdir. Cavabdeh tərəfindən həm məhkəmə iclaslarında, həm etiraz ərizəsində həmin məlumatların deyilmədiyini, fərqli niyyətlə dediklərini qeyd etməmişdirlər, yəni niyyətləri bəlli idi ki, hədəf iddiaçıdır. Əgər iddiaçının vintillərindən süni qaz sızdırılması kimi bir iddia var idisə, bunu birbaşa olaraq göstərməlidirlər ki, şərti olaraq Əhməd adlı şəxs gəldi, vintilləri açdı və getdi. Kənan Hüseynovun icraatında olan işdə də cavabdeh olaraq iddiaçı qeyd edilmişdir, hədəf birbaşa olaraq iddiaçıdır. Oradakı iddia ondan ibarətdir ki, obyekt cavabdehə məxsusdur və iddiaçının həmin obyektdən tamamilə çıxarılması tələb edilir. Məhkəmədən təkzib edilməsi xahiş edilən məlumatlar bayaq qeyd etdiyi məlumatlardır. Qalan səsləndirilən məsələlər Aut-Line MTK-ya məxsusdur.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, paylayıcı qismində “Azəriqaz” İB və istehlakçı qismində X8 arasında xx.xx.2024-cü il tarixli, AMX-4730/24 saylı qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən hər 1 m3 üçün 0,25 manat məbləğində müəyyən edilir. Müqavilə tərəflərin imzası və “Azəriqaz” İB-nin möhürü ilə təsdiq edilmişdir.

8. “Azəriqaz” İB tərəfindən Cavabdeh QSC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubla qeyd edilmişdir ki, Cavabdeh QSC tərəfindən “Azəriqaz” İB-yə ünvanlanmış məktubda qeyd olunan qonşu obyektin qaz təsərrüfatının layihə-smeta sənədlərinə uyğunluğu Birliyin aidiyyəti işçiləri tərəfindən yoxlanılmış və layihədən kənarlaşma halları aşkar edilməmişdir. Belə olduğu halda sahə üzrə dövlət nəzarət orqanının rəyi olmadan həmin obyektin qaz təchizatında hər hansı dəyişikliklərin edilməsi və ya digər tədbirlərin görülməsi Birliyin səlahiyyətləri xaricindədir. Əlavə olaraq qeyd edilir ki, Ağ şəhər kompleksinin mövcud tikinti-norma və texniki təhlükəsizlik qaydalarına əsasən qaz qurğuları, qaz avadanlıqları və nəzarət ölçü vasitələri kompleksdə inşa edilmiş xüsusi texniki otaqlarda quraşdırılır.

9. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən “Azəriqaz” İB-yə (surəti "xxxx" MTK və Brave Kids” uşaq bağçası) ünvanlanmış xx.xx.2025-ci il tarixli şikayətin araşdırılması haqqında məktuba əsasən “Şimal Servis" QSC-nin ünvan 3 ünvanında yerləşən ofis otağına dəm qazının dolması barədə xx.xx.2025-ci, 2101/2025 nömrəli məktubu Agentliyin mütəxəssisləri tərəfindən yerində araşdırılmış və akt tərtib olunmuşdur. Araşdırma zamanı ünvan 4 ünvanında “Brave Kids” uşaq bağçası üçün quraşdırılmış 2 ədəd istilik generatorundan ibarət istilik təchizat mənbəyinin mövcud olduğu müəyyən edilmişdir. Lakin istilik generatorlarının yerləşdirilməsi zamanı onların tüstü boruları düzgün quraşdırılmamış, tikilinin daxilində isə metan qazının və dəm qazının toplanması üçün mühit olmasına baxmayaraq, aidiyyəti qaz detektorları nəzərdə tutulmamışdır. Həmçinin qapı və pəncərəsi dəmir tor çərçivədən ibarət olan bu texniki otağın içərisində uşaq bağçası ilə eyni mərtəbədə yerləşən Cavabdeh QSC-nin ofisinin havalandırma sisteminin qurğuları və hava sorma borusu yerləşdirilmişdir. Nəticədə texniki otaqda yanmış qazların ofisə sorulan hava ilə qarışmasına və qazdan təhlükəsiz istifadə tələblərinin pozulmasına şərait yaradılmışdır. Təqdim olunan sənədlərə görə istilik təchizatı mənbəyinin qaz təchizatı “Azəriqaz" İB tərəfindən istismara qəbul olunmuşdur. Mövcud qayda pozuntularını və ofisdə işləyən işçilərin dəm qazının təsirinə məruz qalmalarına dair şikayətlərini nəzərə alaraq qəza və bədbəxt hadisələrin qarşısını vaxtında almaq məqsədilə aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi xahiş olunur.

10. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Nənayedə X5 və X9 Agentliyinin Maye və təbii qaz obyektlərində X5nə nəzarət müfəttişliyinin baş məsləhətçibaş müfəttiş X3 və baş məsləhətçi-baş müfəttiş X4 iştirakı ilə tərtib edilmiş aktda qeyd edilmişdir ki, Agentliyə 3-18-311-755/25/12 nömrəli xx.xx.2025-ci il tarixində daxil olmuş şikayət məktubuna əsasən ünvan 5 ünvanında yerləşən Cavabdeh QSC ofisində aparılmış yoxlama zamanı məlum olmuşdur: Cavabdeh QSC ofisinin altında, binanın köməkçi olan otağının daxilində, qonşuluqda yerləşən uşaq bağçasına aid olan 2 ədəd su qızdırıcı (kom tipli) quraşdırılmışdır. Köməkçi otağın giriş qapısı və pəncərəsi dəmir torla örtülmüşdür. Natamam yanmış qaz və metan qaz havadan yüngül olduğundan tavana yığılır, açıq pəncərə və qapı tavandan məsafə olaraq çox aşağıda yerləşdiyindən risk kimi dəyərləndirilir. Bu riski önləyici tədbir olaraq detektor-siqnalizator qurğusu quraşdırılması məsləhət görülür. Su qızdırıcların yanmış qzları xaric etmək üçün nəzərdə tutulan bacanın çıxışı fasada qədərdir. Həmin tüstü bacasının borunun fasaddan uzaqlaşdırılması tövsiyə olunur.

11. "xxxx" MMC tərəfindən “Azəriqaz” İB-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 6 ünvanında yerləşən “X18 Bağçası” MMC-yə “Azəriqaz” İB tərəfindən daxil olmuş tövsiyyə xarakterli məktubu nəzərə alaraq, “Brave Kids” uşaq bağçasına məxsus kombi cihazı üçün texniki otaqda dəm qazı detektoru və qaz sızma detektoru quraşdırılıb və sınaq olunmaqla sifarişçiyə işlək vəziyyətdə təhvil verilmişdir.

12. "xxxx" MTK tərəfindən Nərimanov rayon Məhkəməsinin hakimi R.Quliyevə ünvanladığı məktubun məzmunundan müəyyən olunur ki, "xxxx" MTK-nın ünvan 8 ünvanda inşa etdiyi yaşayış kompleksində sahə mülkiyyətçilərinin ümumi istifadəsi üçün nəzərdə tutulmuş texniki otaqlar mövcuddur. Yaşayış kompleksinin mövcud tikinti-norma qaydalarına əsasən sahə mülkiyyətçilərinə aid elektrik, qaz qurğuları, avadanlıqlar və nəzarət ölçü vasitələri həmin texniki otaqlarda quraşdırılır. Yaşayış kompleksinin layihə sənədlərində hər hansı sahəyə və ya sahə mülkiyyətçisinə xüsusi ayrılmış texniki otaq və ya otaqlar nəzərdə tutumamışdır. Hər hansı sahə və ya sahə mülkiyyətçisinə istifadəsi üçün xüsusi texniki otaq və ya otaqlar təklif edilməmiş, ayrılmamışdır. Yaşayış kompleksinin texniki otaqları sahə mülkiyyətçilərinin ümumi istifadəsi üçün nəzərdə tutulub.

13. İş materiallarına iddiaçı tərəfindən fotoşəkillər, qaz kəmərlərinin istismara qəbulu aktı, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt, istehlakçının qaz təsərrüfatının inventar aktı əlavə edilmişdir.

14. “X17 Evi-Uşaq Bağçası” MMC tərəfindən “Space TV”-nin direktoru X11 ünvanlanmış yazılı müraciətdə qeyd edilir ki, 23-24 sentyabr 2025-ci il tarixlərində Space TV kanalında (Space Xəbər, Xəbərin İzində) “MTK sahibi ilə obyekt sahibi arasında problemin səbəbi” başlıqlı xəbər yayınlanmışdır. Yayınlanmış xəbərdə Cavabdeh QSC-nin direktoru Qanuni nümayəndə həqiqətə uyğun olmayan şikayəti yayınlanmışdır. Cavabdeh QSC-nin direktoru Qanuni nümayəndə şikayətində qeyd etdikləri ilə bağlı məhkəmə qərarı olduğu halda, Fövqəladə Hallar Nazirliyi və “Azərişıq” İB-nin ayrı-ayrı vaxtlarda şikayətlə bağlı aktları olduğu halda bunlar haqqında məlumat vermədən, əsası olmayan şikayətini efirdən səsləndirmişdir. Vətəndaşın şikayətlərinin efirdən yayınlanması azad mətbuatın, demokratik prinsiplərin bir gərəyi olduğunu bilirəm və Cavabdeh QSC-nin direktoru Qanuni nümayəndə efirdə səsləndirdiyi həqiqətə uyğun olmayan fikirlərini məhkəmə qarşısında sübut etməli olacaq. Bununla bağlı hüquqi addımlar atılmağa başlanmışdır. Müraciətin əsas səbəbi şikayətçi Cavabdeh QSC-nin direktoru Qanuni nümayəndə müsahibəni götürən, xəbəri hazırlayan əməkdaşla əlaqəlidir. Efirə verilən xəbərin bir yerində müsahibəni götürən əməkdaş qeyd edir “bu otağa daxil olarkən burda qaz sızma olmasına inanmasaq da, təxminən bir dəqiqəyə yaxın müddət ərzində burda qaldıqdan sonra əhvalımın dəyişməsi burda qaz sızmasının olmasına sübut oldu”. Əməkdaşın bu qeydi şikayət üzrə xəbərin təqdim olunması deyil, öz iddiası olmuşdur. Əməkdaş iddia etmişdir ki, bir dəqiqə ərzində həmin otaqda qalmaqla əhvalı dəyişmiş, bununla da həmin otaqda qaz sızmasının olması sübut olmuşdur. Lakin həmin əməkdaş bir detaldan məlumatsız olmuşdur. Şikayətçi Cavabdeh QSC-nin direktoru Qanuni nümayəndə da öz fikirlərində qərəzli olması səbəbindən əməkdaşa bu detal haqqında məlumat verməmişdir. Belə ki, əməkdaşın daxil olduğu otaqda Fövqəladə Hallar Nazirliyinin tövsiyəsi, “Azərişıq” İB-nin göstərişi ilə xx.xx.2025-ci il tarixindən etibarən "xxxx" MMC tərəfindən iki ədəd detektorsiqnalizator, dəm qazı detektoru və qaz sızma detektoru quraşdırılıb sınaq olunmaqla işlək vəziyyətdə olmuşdur. Cüzi bir qaz sızması və ya dəm qazı axınında həmin detektorlar anında alarm verirlər. Daha da dəqiqləşdirilsə, həmin otaqda əməkdaşın qaz sızmasından əhvalının dəyişməsi macal tapmadan detektor-siqnalizatorlar alarm verməliydi. Lakin həmin vaxt belə bir alarm çalmamışdır. İndi məsələ ilə bağlı belə bir sual yaranmışdır: Əməkdaşın daxil olduğu otaqda iki ədəd, dəm qazı detektoru və qaz sızma detektoru işlək vəziyyətdə olduğu halda, həmin detektorlar alarm vermədiyi halda, əməkdaş hansı səbəbdən efirdə əhvalının pisləşdiyini və qaz sızmasının sübut olunduğunu qeyd etmişdir?.. Qeyd edilənlərə əsasən əməkdaşın səsləndirdiyi məlumatların təkzib edilməsi xahiş edilmişdir.

15. “X17 Evi - Uşaq Bağçası” MMC tərəfindən Cavabdeh QSC-yə ünvanlanmış pretenziya məktubundan müəyyən olunur ki, “Yay aylarında qızdırıcı kombilər işləməyəndə vintilləri açırlar və təbii qazın sızmasını təşkil eləyirlər”, “Şikayətçinin iddasına görə köməkçi otağı MTK rəhbərliyi öz obyektinə məxsus qaz avadanlıqları yerləşdirdikdən sonra dəfələrlə qaz sızması olub” iddialarının sübutlarının təqdim edilməsi, bu mümkün olmadığı təqdirdə 5 gün müddətində həmin məlumatların yayıldığı media vasitəsi olan Space TV kanalında təkzib edilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir... 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2025-ci il tarixli, 20 nömrəli Qərarının: 2.2.6-cı bəndinə əsasən məhkəmələr şərəfin və işgüzar nüfuzun müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalıdırlar: məlumatın, ifadənin və ya hərəkətin şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələməsi; məlumatın doğru olmaması; yayılmanın mövcudluğu. Ləyaqətin alçaldılması ilə bağlı işlərə baxılarkən isə yayılmanın mövcudluğunun araşdırılması istisna edilir. Bununla yanaşı, qiymətləndirmə həyata keçirilərkən bu qərarın 4.24-cü bəndində qeyd edilən əməlin hüquqazidliyini aradan qaldıran halların mövcudluğu da araşdırılmalıdır. 2.2.7-ci bəndinə əsasən şərəfin və işgüzar nüfuzun müdafiəsini tələb edən iddiaçı məlumatların, ifadələrin və ya hərəkətlərin cavabdeh tərəfindən ifadə edildiyini və (və ya) yayıldığını, eləcə də ona münasibətdə şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən xarakter daşıdığını, cavabdeh isə yalnız məlumatlara münasibətdə onların həqiqətə uyğun olduğunu sübut etməlidir. 2.2.18-ci bəndinə əsasən yayılma dedikdə məlumatların və ya ifadələrin üçüncü şəxsə, yaxud qeyrimüəyyən şəxslər dairəsinə onun (onların) eşidə və qavraya biləcəkləri şəkildə bəyan edilməsi, habelə hərəkətlərin həmin şəxslərin görə və qavraya biləcəyi şəkildə edilməsi başa düşülür. 2.2.19-cu bəndinə əsasən Yayılma informasiya agentliklərində, audiovizual, çap, onlayn media subyektlərində, habelə sosial şəbəkələrdə yayımlanmaqla, əsərlərdə təsvir və ifadə edilməklə, yığıncaq və toplantılarda səsləndirilməklə (edilməklə), məlumatın və ya 7 ifadənin məktub, ərizə, şikayət və digər sənədlərdə göndərilməsi yolu ilə və s. üsullarla edilə bilər. 2.3.5-ci bəndinə əsasən işgüzar nüfuzu ləkələyən məlumatlar - üçüncü şəxslərdə şəxsin işgüzar fəaliyyəti və bu fəaliyyətin keyfiyyəti barədə mənfi rəyin yaradılmasına yönəlmiş və həqiqətə uyğun olmayan məlumatlardır. Bu baxımdan qeyd edilməlidir ki, hər hansı məlumatın işgüzar nüfuzu ləkələyən hesab edilməsi üçün sadalanan bu iki şərt birlikdə mövcud olmalıdır. 2.3.6-cı bəndinə əsasən məlumatlar bir qayda olaraq aid olduğu fiziki və ya hüquqi şəxs tərəfindən qanunvericiliyi pozmasına, sui-istifadə hallarına, haqsız rəqabətə yol verməsi, sahibkarlıq fəaliyyəti ilə əlaqədar biznes tərəfdaşlarının və istehlakçıların hüquqlarının və maraqlarının, işgüzar davranış qaydalarını pozması kimi mənfi xarakterli informasiya hesab olunur. Məsələn, müvafiq malların satışı ilə məşğul olan şəxsin barəsində müştərilərin aldadılmasına dair, yaxud da təmir-tikinti işləri görən şirkətin bu fəaliyyət üçün müvafiq razılıq olmadan qanunsuz fəaliyyət göstərməsinə dair məlumatlar.

18. “Media haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.1.1-ci maddəsinə əsasən kütləvi informasiya – əldə olunması, ötürülməsi, istehsalı və yayımı Azərbaycan Respublikasının qanunları ilə məhdudlaşdırılmayan, qeyri-məhdud sayda şəxslərə çatdırmaq məqsədilə media subyektləri tərəfindən dərc olunan və (və ya) yayımlanan məlumatlar. 1.1.2-ci maddəsinə əsasən media – kütləvi informasiyanın dövri və ya müntəzəm olaraq dərc olunmasını və (və ya) yayımlanmasını həyata keçirmək üçün istifadə olunan alət və vasitələr, habelə onlar vasitəsilə formalaşan informasiya mühiti. 1.1.8-ci maddəsinə əsasən informasiya agentliyi – kütləvi informasiyanın əldə olunmasını, ötürülməsini, istehsalını və yayımını həyata keçirən, habelə digər media subyektləri ilə informasiya verilməsi (əldə edilməsi) haqqında müqavilələr bağlayan, əldə etdiyi informasiyanın müntəzəm olaraq həmin müqavilələr üzrə çatdırılmasını təmin edən media. 14.1-ci maddəsinə əsasən mediada dərc olunan və (və ya) yayımlanan informasiya aşağıdakı tələblərə cavab verməlidir: 14.1.7. şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə yol verilməməlidir. 18.1-ci maddəsinə əsasən media subyekti tərəfindən fiziki şəxsin şərəf və ləyaqətini, fiziki və hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar yayıldıqda, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin media subyektində 1 (bir) ay müddətində cavab vermək, habelə media subyektindən həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi

20. İddia tələbini Cavabdeh QSC-nin direktoru Qanuni nümayəndə tərəfindən Space TV kanalında səsləndirilmiş “Yay aylarında qızdırıcı kombilər işləməyəndə vintilləri açırlar və təbii qazın sızmasını təşkil eləyirlər”, “Şikayətçinin iddasına görə köməkçi otağı MTK rəhbərliyi öz obyektinə məxsus qaz avadanlıqları yerləşdirdikdən sonra dəfələrlə qaz sızması olub” iddiaları Cavabdeh QSC tərəfindən həmin məlumatların yayıldığı media vasitəsi olan Space TV kanalında təkzib edilməsi təşkil edir.

21. Məhkəmə qanunvericilik normalarını, işin müəyyən olunmuş hallarını və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

22. Belə ki, iddia ərizəsinin əsasını təşkil edən və iddiaçı tərəfindən təqdim edilən flash-card məhkəmə iclasında tədqiq edilmişdir. Həmin videomaterialın mətni və məzmunundan müəyyən olunur ki, “MTK sahibi ilə obyekt sahibi arasında problemin səbəbi” başlıqlı xəbər yayınlanmışdır. Videomətndə Cavabdeh QSC-nin direktoru Qanuni nümayəndə olduğu iddia edilən şəxsin Space TV-nin əməkdaşına verdiyi müsahibə, Spave TV əməkdaşının təqdim etdiyi xəbər süjeti, binanın komendatı Heydər Taharovun müsahibəsi öz əksini tapmışdır.

23. Qeyd edilən flash-cardla məhkəməyə təqdim edilmiş xəbər süjetinin tədqiqi zamanı müəyyən olunmuşdur ki, Cavabdeh QSC-nin direktoru Qanuni nümayəndə tərəfindən səsləndirilən şikayətlərdə subyekt qismində “MTK rəhbəri” və “qonşuluqdakı obyeyktlərin rəhbəri” qeyd edilir. Süjetdə Space TV telekanalının müxbiri qeyd edir ki, şikayətçinin iddiasına görə sözügedən köməkçi otağı MTK rəhbərliyi öz obyektinə məxsus qaz avadanlıqları yerləşdirdikdən sonra dəfələrlə qaz sızması olub və bu təhlükəyə görə bəzi işçilər ərizə yazaraq işdən gedib. Təhlükə isə hələ davam edir.

24. Qeyd edilənlərdən məhkəmə belə qənaətə gəlir ki, əvvəla, Space TV telekanalında yayımlanan xəbər süjetində MTK-dan şikayət öz əksini tapmışdır. Süjetdə “X17 Evi-Uşaq bağçası”nın adı çəkilmir, şikayətin iddiaçı barəsində olması müəyyən olunmur, iddiaçının nüfuzuna xələl gəlməsinə dair hər hansı mötəbər sübut isə məhkəməyə təqdim olunmamışdır. Səsləndirilən mülahizələr əsasında “X17 Evi – Uşaq Bağçası” MMC-nin işgüzar nüfuzunun ləkələnməsi halları sübuta yetirilməmişdir.

25. Bundan başqa, müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən “Azəriqaz” İB-yə (surəti "xxxx" MTK və Brave Kids” uşaq bağçası) ünvanlanmış xx.xx.2025-ci il tarixli şikayətin araşdırılması haqqında məktuba əsasən “Şimal Servis" QSC-nin ünvan 3 ünvanında yerləşən ofis otağına dəm qazının dolması barədə xx.xx.2025-ci, 2101/2025 nömrəli məktubu Agentliyin mütəxəssisləri tərəfindən yerində araşdırılmış və akt tərtib olunmuşdur. Araşdırma zamanı ünvan 4 ünvanında “Brave Kids” uşaq bağçası üçün quraşdırılmış 2 ədəd istilik generatorundan ibarət istilik təchizat mənbəyinin mövcud olduğu müəyyən edilmişdir. Lakin istilik generatorlarının yerləşdirilməsi zamanı onların tüstü boruları düzgün quraşdırılmamış, tikilinin daxilində isə metan qazının və dəm qazının toplanması üçün mühit olmasına baxmayaraq, aidiyyəti qaz detektorları nəzərdə tutulmamışdır. Həmçinin qapı və pəncərəsi dəmir tor çərçivədən ibarət olan texniki otağın içərisində uşaq bağçası ilə eyni mərtəbədə yerləşən Cavabdeh QSC-nin ofisinin havalandırma sisteminin qurğuları və hava sorma borusu yerləşdirilmişdir. Nəticədə texniki otaqda yanmış qazların ofisə sorulan hava ilə qarışmasına və qazdan təhlükəsiz istifadə tələblərinin pozulmasına şərait yaradılmışdır. Təqdim olunan sənədlərə görə istilik təchizatı mənbəyinin qaz təchizatı “Azəriqaz" İB tərəfindən istismara qəbul olunmuşdur. Mövcud qayda pozuntularını və ofisdə işləyən işçilərin dəm qazının təsirinə məruz qalmalarına dair şikayətlərini nəzərə alaraq, qəza və bədbəxt hadisələrin qarşısını vaxtında almaq məqsədilə aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi xahiş olunmuşdur. Həmçinin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Nənayedə X5 və X9 Agentliyinin Maye və təbii qaz obyektlərində X5nə nəzarət müfəttişliyinin müfəttişlərinin iştirakı ilə tərtib edilmiş aktda qeyd edilmişdir ki, Agentliyə 3- 18-311-755/25/12 nömrəli xx.xx.2025-ci il tarixində daxil olmuş şikayət məktubuna əsasən ünvan 5 ünvanında yerləşən Cavabdeh QSC ofisində aparılmış yoxlama zamanı məlum olmuşdur: Cavabdeh QSC ofisinin altında, binanın köməkçi olan otağının daxilində, qonşuluqda yerləşən uşaq bağçasına aid olan 2 ədəd su qızdırıcı (kom tipli) quraşdırılmışdır. Köməkçi otağın giriş qapısı və pəncərəsi dəmir torla örtülmüşdür. Natamam yanmış qaz və metan qaz havadan yüngül olduğundan tavana yığılır, açıq pəncərə və qapı tavandan məsafə olaraq çox aşağıda yerləşdiyindən risk kimi dəyərləndirilir. Bu riski önləyici tədbir olaraq detektor-siqnalizator qurğusu quraşdırılması məsləhət görülür. Su qızdırıcların yanmış qzları xaric etmək üçün nəzərdə tutulan bacanın çıxışı fasada qədərdir. Həmin tüstü bacasının borunun fasaddan uzaqlaşdırılması tövsiyə olunmuşdur. Daha sonra "xxxx" MMC tərəfindən “Azəriqaz” İB-yə ünvanlanmış xx.xx.2025ci il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 6 ünvanında yerləşən “X18 Bağçası” MMCyə “Azəriqaz” İB tərəfindən daxil olmuş tövsiyyə xarakterli məktubu nəzərə alaraq, “Brave Kids” uşaq bağçasına məxsus kombi cihazı üçün texniki otaqda dəm qazı detektoru və qaz sızma detektoru quraşdırılıb və sınaq olunmaqla sifarişçiyə işlək vəziyyətdə təhvil verilmişdir.

26. Azərbaycan Respublikasının “Media haqqında” Qanununun 18.1-ci maddəsinə əsasən media subyekti tərəfindən fiziki şəxsin şərəf və ləyaqətini, fiziki və hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar yayıldıqda, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin media subyektində 1 (bir) ay müddətində cavab vermək, habelə media subyektindən həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır.

27. Həmçinin işgüzar nüfuzun müdafiəsini tələb edən iddiaçı məlumatların ona münasibətdə işgüzar nüfuzu ləkələyən xarakter daşıdığını sübut edə bilməmişdir.

28. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbi təmin edilməməlidir.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar