Məhkəmə qərarları › İş №e-2-2(113)-8075/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8075/2025

19.12.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8075/2025 19.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı “borcun ödənilməsi və s.” tələblərinə dair kommersiya mübahisəsi (açar sözlər: Lizinq müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli KTA-KTT-21/5237 № li “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 Müqaviləsi” nə əsasən xx.xx.2025-cü il tarixə 1,919.35 manat gecikdirilmiş borcun, 72,38 manat cərimə borcu borcunun və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh2 tutularaq iddiaçı "xxxx" ASCyə ödənilməsi, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli KTA-KTT-21/5237 № li “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 Müqaviləsi” nə xitam verilməsi və “Karataş SBM165” markalı 1 ədəd presbağlayanın saz və işlək vəziyyətdə geri qaytarılması, qətnamə icra olunan vaxt alınmalı əmlak mövcud olmasa, həmin əmlakın dəyəri olan 23.800,87 manatın Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 oğlu arasında xx.xx.2021-ci il tarixli KTA-KTT-21/5237 № li “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 Müqaviləsi bağlanmış və müqaviləyə əsasən “Karataş SBM165” markalı 1 ədəd presbağlayan 48 ay müddətinə müddətinə lizinqə verilmişdir. Qeyd olunan avadanlıq lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 23.800,87 manat təşkil etmişdir. Həmin məbləğin 7446 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən, cavabdeh tərəfindən 4760,17 manat məbləğində ilkin ödəniş Cəmiyyətimizə ödənilmişdir. Eyni zamanda, cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Tərəflərə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər, lakin iddiaçı məhkəmə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir..

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında məlumatlandırılsa da, gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Məhkəmə qeyd edir ki, lizinq ödənişləri üzrə yaranmış borcun ödənilməsi tələbinin qanuni əsasını Mülki Məcəllənin 747.1, 748-1.12, 748-1.12.4-cü maddələri təşkil edir.

9. Həmin maddələrdə göstərilmişdir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (maddə 747.1).

10. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748-1.12. və 748-1.12.4)

11. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. (748-2.5)

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

13. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

14. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

15. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

16. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

17. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" MMC (satcı) ilə İddiaçı ASC (alıcı) arasında xx.xx.2021-ci il tarixli 15-21/AG nömrəli Kənd təsərrüfatı texnikasının satılması barədə müqavilə bağlanmışdır.

18. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı kənd təsərrüfatı texnikalarını alıcıya satıb mülkiyyətinə verir, alıcı isə həmin texnikanın ümumi dəyərini Aqrar kredit və inkişaf Agentliyi tərəfindən maliyələşdirildikdən və subsidiya ayrıldıqdan sonra satıcıya ödəyir və onu qəbul edir.

19. Müqavilənin predmeti olan Karataş SBM-165 markalı presbağlayan texnikasının ümumi dəyəri Müqavilənin 1.2-ci bəndinə əsasən 21.500 manat müəyyən edilmişdir.

20. Daha sonra İddiaçı MMC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli KTA- KTT-21/5237 nömrəli Subsidiya tətbiq edilən X1 müqaviləsi bağlanmış, müqaviləyə əsasən 01 ədəd Karataş SBM-165 markalı presbağlayan cavabdehə lizinqə verilmişdir.

21. Müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən (İddiaçı Açıq Səhmdar Cəmiyyəti) lizinq alan tərəfindən seçilmiş kənd təsərrüfatı texnikalarını və aqreqatlarını öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan (Cavabdeh2) isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür

22. Müqavilənin 1.4-cü bəndinə əsasən lizinq obyektinin qiyməti 23.800,87 manat, 1.5-ci bəndinə əsasən lizinq obyektinə tətbiq olunan subsidiya məbləği 7.446 manat, 2.2-ci bəndin əsasən lizinq ödənişlərinin ümumi məbləği 18.011,93 manat müəyyən edilmişdir.

23. xx.xx.2021-ci il tarixli KTA-KTT-21/5237 nömrəli X1 müqaviləsinə 2 saylı Əlavə ilə təsdiq edilmiş Ödəniş cədvəlinə əsasən müqavilənin müddəti xx.xx.2025-ci il tarixinə kimi müəyyən edilmişdir.

24. Müqavilələr, ona Əlavələr tərəflərin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur.

25. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış lizinq müqaviləsindən irəli gəlir.

26. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun lizinq borcunu ödəmək vəzifəsi yaranmışdır.

27. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli KTA-KTT-21/5237 nömrəli lizinq müqaviləsi üzrə Cavabdeh2 əsas borcu 1.919,35 manat təşkil edir.

28. Məhkəmə xüsusilə qeyd edir ki, cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iclasa gəlməmiş, iddiaya etiraz bildirməmiş və qeyd edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişlər.

29. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində təmin ediməli, 1.919,35 manat məbləğində pul Cavabdeh2 tutularaq "Prior Leasing” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

30. Məhkəmə lizinq müqaviləsi üzrə dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

31. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

32. Məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli KTA-KTT-21/5237 nömrəli müqaviləyə əsasən əsas borca münasibətdə 72,38 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir.

33. Məhkəmə, "Prior Leasing” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli KTA-KTT-21/5237 nömrəli lizinq müqaviləsinin ləğv edilməsi ilə qeyd edir ki, qeyd edilmiş müqavilə üzrə öhdəliklərin icra edilməsi cavabdeh tərəfindən pozulduğundan xx.xx.2021-ci il tarixli KTA-KTT-21/5237 nömrəli lizinq müqaviləsi ləğv edilmiş hesab edilməlidir.

34. Bundan başqa, məhkəmə hesab edir ki, iddia ““Karataş SBM165” markalı 1 ədəd presbağlayanın saz və işlək vəziyyətdə geri qaytarılması, qətnamə icra olunan vaxt alınmalı əmlak mövcud olmasa, həmin əmlakın dəyəri olan 23.800,87 manatın Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi” hissəsində təmin edilməməlidir.

35. Məhkəmə qeyd edir ki, iddianın qeyd edilən hissəsinə qiymət verilməsi üçün lizinq müqaviləsinin təbiəti və mahiyyəti nəzərdən keçirilməlidir.

36. Lizinq müqaviləsinin anlayışına nəzər yetirildikdə aydın olur ki, lizinq müqaviləsi icarə və alqı-satqı müqaviləsinin elementlərini özündə əks etdirən bir müqavilədir.

37. Lizinq münasibətlərinin inkişaf etdirilməsinin əsas məqsədi lizinq alanın maliyyə durumunun yaxşılaşdırılması, sahibkarlığın təşviq edilməsi, kənd təsərrüfatı mallarının istehsalçılarının maddi və texniki bazasının möhkəmləndirilməsi və yenilənməsi, sahibkarlığı maliyyələşdirmə vasitəsi kimi lizinqdən geniş istifadə edilməsinin həvəsləndirilməsi, ümumilikdə ölkədə rifahın yaxşılaşdırılması və sairdir (“Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 12 yanvar tarixli Qərar).

38. Lizinq alan üçün lizinqin cəlbediciliyi məhz lizinq obyektindən gəlir əldə etməklə lizinqin sonunda həmin obyektin onun mülkiyyətinə keçməsi ola bilər və tərəflərin iradə ifadələrinə uyğun olaraq həmin şərt müqavilədə göstərilə bilər...... Satın alma şərtləşdirildiyi halda (bir qayda olaraq lizinqin cəlbediciliyi bu şərtə görə mövcud olur) həmin əşya sonda lizinq alana satılır. Lizinq müqaviləsi lizinq verənin öz əmlakından daha yüksək dəyər əldə etməsinə, lizinq alanın isə aylıq haqq ödənişi müqabilində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən istifadə etməsinə) imkan yaradır...... (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 28 dekabr 2020-ci il tarixli qərar)

39. Göründüyü kimi, lizinq müqaviləsi geniş tətbiq olunan maliyyələşdirmə aləti olmaqla bazar və mülki dövriyyənin çevikliyini yüksək dərəcədə artırmaq, sahibkarlığın inkişafi və s. bu kimi nəticələrə nail olmaq üçün nəzərdə tutulmuşdur.

40. Ancaq hazırkı halda, iddiaçı tərəfin həm lizinq müqaviləsi üzrə lizinq məbləğini tam tələb etməklə yanaşı eyni zamanda da, verilmiş 1 ədəd lizinq obyektinin geri qaytarılması tələbi nə qanunun mahiyyəti uyğun deyil, nə də, yuxarıda qeyd edilmiş məqsədlərə nail olmağa yönəlməmişdir.

41. Əksinə, bu kimi, hallar fiziki və hüquqi şəxslər tərəfindən lizinq müqaviləsinin bağlanmasından ehtiyyatlılıq yaratmış olacaqdır və bu da, öz növbəsində bir növ lizinq müqaviləsinin əsl məqsədlərinə nail olmağı mümkünsüz etmiş olacaqdır.

42. Ona görə də, məhkəmə qeyd edir ki, iddia lizinq obyektinin geri tələb edilməsi hissəsində təmin edilə bilməz.

43. Bundan başqa, məhkəmə qeyd edir ki, dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul da cavabdehdən tutularaq iddiaçıya verilməlidir.

44. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

45. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. "Prior Leasing” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli lizinq müqaviləsi ləğv edilmiş hesab edilsin. xx.xx.2021-ci il tarixli lizinq müqaviləsinə əsasən 1.919 (bir min doqquz yüz on doqquz) manat 35 (otuz beş) qəpik əsas borc, 72 (yetmiş iki) manat 38 (otuz səkkiz) qəpik cərimə borcu olmaqla, ümumilikdə 1.991 (bir min doqquz yüz doxsan bir) manat 73 (yetmiş üç) qəpik məbləğində pul Cavabdeh2 tutularaq "Prior Leasing” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul Cavabdeh2 oğlundan tutularaq "Prior Leasing” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar