Məhkəmə qərarları › İş №e-2-2(113)-809/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-809/2025

26.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-809/2025 26.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4rşı “öhdəliyin qoyulması və borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, abonent saldosu) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4rşı “öhdəliyin qoyulması və borcun silinməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 (bundan sonra – cavabdeh) qarşı “öhdəliyin qoyulması və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 32K ünvanında yerləşən qeyri-yaşayış sahəsinin abonent kodunun iddiaçının adına keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 32K ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir. Bu hal Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dölət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən alınmış çıxarışla da sübut olunur. Lakin, indiki dövrə qədər "xxxx" ASC-nin Xətai rayon şöbəsi tərəfindən göndərilən su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı xəbərdarlıqlar mülkiyyətin əvvəlki sahibi olmuş "xxxx" MMC-nin adına göndərilir. Abonent kodunun və sayğacın iddiaçının adına dəyişdirilməsi üçün zəruri ödənişlər ödənilməsinə və bununla bağlı "xxxx" ASC-nin Xətai rayon şöbəsinə dəfələrlə ərizə və şifahi müraciət etməyimizə baxmayaraq bununla bağlı heç bir tədbir görülməmişdir.

3. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək cavabdehin üzərinə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 32K ünvanında yerləşən qeyri-yaşayış sahəsinin abonent kodunun iddiaçının adına keçirilməsi və əsassız hesablanmış 88770,88 manat borcun silinməsi ilə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 32K ünvanında yerləşən qeyri-yaşayış sahəsi 2013-cü ildən iddiaçının xüsusi mülkiyyətindədir. Həmin daşınmaz əmlakın su təchizatı ilə bağlı olaraq "xxxx" MMC ilə cavabdeh arasında müqavilə bağlanmış, həmin müqavilə üzrə abonent kodu hazırda həmin MMC-nin adınadır. Sahə 2013-cü ildən iddiaçının mülkiyyətindədir, sudan istifadə ilə bağlı borcla bağlı onlara hər hansı xəbərdarlıq və faktura təqdim edilməmiş, sudan istifadə ilə bağlı iddiaçı tərəfindən cavabdehə mütəmadi ödənişlər edilmişdir. Bundan əlavə, ölkədə elan edilmiş karantinlə bağlı olaraq qeyri-yaşayış sahəsindən 2019-2021-ci illər ərzində istifadə edilməmiş, buna baxmayaraq onlara əsassız olaraq həmin dövr üzrə də borc hesablanmışdır. İddiaçı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 32K ünvanında yerləşən qeyri-yaşayış sahəsinin abonent kodunun iddiaçının adına keçirilməsi ilə bağlı cavabdehə təklif göndərmiş, iddiaçıya həmin kod üzrə hazırda 88770 manat borcun olması bildirilmiş, borc ödəniləndən sonra tələbin təmin ediləcəyi barədə məlumat verilmişdir. Lakin yazılmış borc əsassızdır, cavabdeh tərəfindən birtərəfli qaydada tərtib edilmiş abonent haqqında məlumatdan başqa hər hansı sübutla borc öz təsdiqini tapmır.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi A.Nuhov iddia tələbinə etiraz edib iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 32K ünvanında yerləşən qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətində olsa da, həmin sahənin su təchizatı ilə müqaviləni cavabdeh "xxxx" MMC ilə bağlamışdır, bu səbəbdən iddiaçının həmin borcun silinməsi ilə bağlı iddia qaldırmağa müvafiq subyektiv hüququ yoxdur. Bundan əlavə, həmin qeyri-yaşayış sahəsində mütəmadi olaraq sudan istifadə edilir, belə ki, abonentin saldosundan göründüyü kimi MMC 122251,80 manat borcun müqabilində cəmi 33480,92 manat ödəniş etmiş, qalıq 88770,88 manat borc ödənilməmişdir. Həmin borcun 51369,51 manat hissəsi çirkab suyun axıdılması ilə bağlı, 37999,40 manat hissəsi isə içməli sudan istifadə ilə bağlıdır. İddiaçı tərəfindən nağd qaydada hazırkı müqavilə üzrə hər hansı borc ödənilməmişdir. İddiaçı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 32K ünvanında yerləşən qeyri-yaşayış sahəsinin abonent kodunun onun adına keçirilməsi ilə bağlı cavabdehə təklif göndərmiş, həmin kod üzrə hazırda 88770 manat borcun olması səbəbindən tələbi təmin edilməmişdir. Belə ki, yalnız borc ödəniləcəyi təqdirdə, iddiaçının həmin tələbi təmin edilə bilər.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 32 K ünvanında yerləşən qeyri-yaşayış binası iddiaçının xüsusi mülkiyyətindədir.

8. Cavabdeh tərəfindən "xxxx" MMC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli ********* nömrəli hesab-fakturadan görünür ki, MMC-nin xx.xx.2025-ci il tarixinə qalıq borcu 88770,87 manat təşkil edir.

9. xx.xx.2023-cü il tarixli 35 smart-kart tipli su sayğacının quraşdırılması aktına görə iddiaçıya məxsus ünvanda xx.xx.2023-cü il tarixdə smart-kart tipli su sayğacı quraşdırılmışdır.

10. "xxxx" MMC-yə məxsus abonent haqqında məlumatdan görünür ki, iddiaçının sudan istifadəyə görə ümumi borcu 88770,88 manat təşkil edir.

11. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədə qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 32K ünvanında yerləşən qeyriyaşayış sahəsi iddiaçının mülkiyyətindədir. Lakin cavabdeh tərəfindən su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı xəbərdarlıqlar mülkiyyətin əvvəlki sahibi olmuş "xxxx" MMC-nin adına göndərilir. Bu səbəbdən abunə kodunun və obyektə məxsus olan sayğacın iddiaçının adına keçirilməsi xahiş edilir.

12. Cavabdeh tərəfindən həmin məktuba cavab olaraq yazılmış xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, həmin ünvanda abonet kodu üzrə quraşdırılmış sayğacda borc olduğu üçün iddiaçının adına keçirilməsi mümkün deyildir. Borc ödənildikdən sonra ad dəyişməsi mümkündür.

13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirmişdir ki, İddiaçı xalası nəvəsidir. İddiaçı xarici ölkədə olduğundan o obyektə nəzarət edir. Obyekt Babək prospektində yerləşir. Avto-təmir yeri kimi fəaliyyət göstərir, balaca bir kafesi də var. Obyektdə 2013-cü ildə mexaniki sayğac olub. Faktiki olaraq qeyri-yaşayış sahəsini o işlədir. Hazırda smart tipli sayğac üzrə aylıq orta sərfiyyat təxminən 300-400 manatdır. Sayğac dəyişdirilmək üçün çıxarılmış və bildirilmişdir ki, yeni sayğac quraşdırılanda abonent kodu Fuadın adına dəyişdiriləcək. Su ilə bağlı faktura gəlmirdi. Azərsu əməkdaşları sayğac olmadığından ödənişləri hər ay nağdsız qaydada alırdı. Hər ay 200- 300-400 manat civarında ödənişlər edirdilər. Yalnız pandemiya dövründə ödəniş olunmamış, qalan bütün aylar üzrə ödənişlər olunmuşdur. Obyekti alanda sayğac var idi. Sayğacı aldıqdan 1-2 ay sonra çıxartdılar. Xətti birbaşa qoşdular, su fasiləsiz olaraq gəlirdi. Daha sonra mübahisə yarandıqda o sayğac quraşdırılması ilə bağlı müraciət etmişdir. Ona borc silinmədiyi təqdirdə abonent kodunun müvafiq şəxsin adına keçirilə bilinmədiyi bildirilmişdir. Pandemiya dövründə 2020-2021-2022-ci il ərzində işləməmişlər. Sayğac olmadığından onlara "xxxx" ASC-nin əməkdaşları hansı məbləği desə ödəyirdilər ki, suyu kəsməsinlər. Hər dəfə ödəniş etdikcə heç bir ödəniş qəbzi almamışlar. Bu qədər borc yaranana qədər suyun fasiləsiz verilməsi davam edib, demək ki, pulu ödəmişlər.

14. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

15. Məhkəmə iddia ərizəsini Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 32K ünvanında yerləşən qeyri-yaşayış sahəsinin abonent kodunun iddiaçının adına keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində əsaslı hesab edir.

16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

17. 6.1-ci maddəsinə əsasən mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: mülki hüquq subyektlərinin bərabərliyi (6.1.1); mülki hüquq subyektlərinin iradə sərbəstliyi (6.1.2); müqavilələr azadlığı (6.1.5).

18. 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

19. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

20. 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.

21. Beləliklə, Mülki Məcəllənin qeyd olunan müddəalarında imperativ qaydada müəyyən olunmuşdur ki, mülki hüquq subyektləri müqavilə bağlamaqda azaddırlar və müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Lakin qanunverici bu qaydada iki istisnanı müəyyən etmişdir. Birinci istisnanı müqavilə bağlamağa məcbur etmə vəzifəsinin Mülki Məcəllədə, ikinci istisnanı isə tərəflərin könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulması təşkil edir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın:

23. 4.1.1-ci bəndinə əsasən su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün su təchizatı və kanalizasiya müəssisəsi ilə müqavilə bağlamaq istehlakçının vəzifəsidir.

24. 5.1.2-ci bəndinə əsasən su təchizatı və kanalizasiya xidmətləri və sudan istifadə üçün müqavilə bağlanılmasını tələb etmək istehlakçıların hüquqlarıdır.

25. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin c bəndinə əsasən su təchizatı müəssisələri ilə su almaq üçün su kəmərinə qoşulması barədə müqavilə bağlamaq istehlakçıların hüququdur.

26. Belə ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 32 K ünvanında yerləşən qeyri-yaşayış binası 2013-cü ildən iddiaçının xüsusi mülkiyyətindədir.

27. İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsi ilə bağlı abonent kodunun adına keçirilməsi ilə bağlı cavabdehə xx.xx.2025-ci il tarixdə təklif ünvanlansa da, onun bu tələbi təmin edilməmiş, müraciətə cavab olaraq həmin qeyri-yaşayış sahəsinə verilmiş abonent kodunda borcun olması göstərilmişdir.

28. Məhkəmə hesab edir ki, cavabdehin göstərilən imtinası əsassızdır, əvvəlki istehlakçı ilə su təchizatı və kanalizasiya xidmətlərindən istifadə ilə əlaqədar bağlanmış müqavilə üzrə borcun olması hazırkı iddiaçı ilə müqavilə bağlanmasından imtina etməsi üçün əsas ola bilməz.

29. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir.

30. Məhkəmə iddia ərizəsini, ikinci 88770,88 manat borcun silinməsi hissəsində əsassız hesab edir.

31. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun:

32. 30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

33. 58-ci maddəsinə əsasən ödənişlər bu Qanuna müvafiq olaraq verilmiş icazəyə əsasən suyun götürülməsinə və tullantı sularının və tullantıların atılmasına görə müəyyənləşdirilir. Ödənişlərin miqdarı, onların hesablanması və ödənilməsi qaydaları müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilir.

34. 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği aşağıdakılara əsasən hesablanır: a) suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna; b) müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara.

35. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 4.1.3-cü bəndində də təsbit olunmuşdur ki, bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçıların vəzifələrinə daxildir.

36. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən axıdılmış tullantı sularının miqdarı təyin edilərkən istifadə olunmuş quyu, yeraltı qrunt və gətirmə sular da nəzərə alınır.

37. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı cavabdeh tərəfindən ona su təchizatı və kanalizasiya xidmətlərinə görə hesablanmış borcu mübahisələndirir.

38. Cavabdeh mübahisələndirilən borcun hesablanmış sərfiyyat borcu olduğunu bildirir.

39. Cavabdeh tərəfindən təqdim edilmiş abonent haqqında məlumatdan görünür ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsində su təchizatı və kanalizasiya xidmətlərindən istifadə ilə əlaqədar satılmış suyun və göstərilmiş xidmətlərə görə 2015- 2024-cü illər üzrə 122251,80 manat borcun müqabilində 33480,92 manat vəsait ödənilmiş, (2015, 2016, 2019, 2020, 2021-ci illərdə sudan isifadə edilsə də, ümumiyyətlə hər hansı ödəniş edilməmişdir) qalıq 88770,88 manat vəsait ödənilməmişdir.

40. Belə ki, iddiaçı sudan istifadə ilə bağlı cavabdehə nağd qaydada ödənişlər edildiyini bildirsə də, bununla bağlı hər hansı mötəbər və təkzibedilməz sübutları məhkəməyə təqdim etməmişdir.

41. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının silinməsini xahiş etdiyi borc sudan istifadə ilə bağlı yaranmış sərfiyyat borcu olduğu və həmin borcun silinməsi üçün hər hansı əsaslar olmadığından iddia tələbi bu hissədə təmin edilə bilməz.

42. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 32K ünvanında yerləşən qeyri-yaşayış sahəsinin abonent kodunun İddiaçı adına keçirilməsi öhdəliyi cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 həvalə edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

44. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 200 manat mediasiya xərci cavabdehə aid edilməlidir.

V. Nəticə:

32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 32K ünvanında yerləşən qeyri-yaşayış sahəsinin abonent kodunun İddiaçı adına keçirilməsi öhdəliyi cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 həvalə edilsin. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 100 (bir yüz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 260 (iki yüz altmış) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar