Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8090/2025 28.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı müqaviləyə xitam verilməsi və lizinq müqaviləsi üzrə borc tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: lizinq müqaviləsi, lizinq ödənişi, dəbbə pulu, müqavilənin xitamı,) X4 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı “müqaviləyə xitam verilməsi və lizinq müqaviləsi üzrə borc” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh2 arasında bağlanmış xx.xx.2022- ci il tarixli KTA-KTT-22/9705 № li Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi” nə əsasən xx.xx.2025-ci il tarixə 5676,73 manat gecikdirilmiş borcun, 448,58 manat cərimə borcunun, ümumilikdə 6125,31 manat vəsaitin və 402.61 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh2 oğlundan tutularaq ona ödənilməsi və tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli KTA-KTT- 22/9705№ li “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən “X2 Müqaviləsi”nə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 oğlu arasında xx.xx.2022-ci il tarixli KTA-KTT-22/9705 “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi bağlanmış və müqaviləyə əsasən “New Holland T6050 Delta Cab” markalı 1 ədəd traktor 60 ay müddətinə lizinqə verilmişdir. Qeyd olunan avadanlıq lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 128.719,80 manat təşkil etmişdir. Həmin məbləğin 46.987,76 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən, cavabdeh tərəfindən 25.743,96 manat məbləğində ilkin ödəniş cəmiyyətə ödənilmişdir. Eyni zamanda, cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Lizinq müqaviləsinin predmetini təşkil edən avadanlıq cavabdehə təhvil verildikdən sonra, onun tərəfindən ödəniş qrafiki üzrə ödənişlər vaxtında həyata keçirilməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi AR Mülki Məcəlləsinin 427.3, 445.2.1, 748- 1.5, 748-1.12.4, 748-2.3-cü maddələrinə istinad olunmuşdur. İddia tələbinin həcminin azaldılması barədə ərizədə qeyd olunmuşdur ki, işin məhkəmədə baxılması gedişində müəyyən edilmişdir ki, cavabdeh lizinq predmeti olan texnikanı xx.xx.2025-ci il tarixdə İddiaçı ASC-yə geri qaytarmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizəsini müdafiə etmiş, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, avadanlıq hazırda onlarda saz vəziyyətdədir, işləkdir. Hətta təhvil aktında da işlək vəziyyətdə olması qeyd edilmişdir. Onlar texnikanın maliyyələşdirilməsi hissəsinə baxır. Tərəf öz iradəsi ilə texnikanı təhvil vermişdir. Tərəfin onlara avadanlığın işləməməsi barədə heç bir müraciəti daxil olmamışdır. Texnika işlək vəziyyətdə cavabdeh tərəfindən onlara təhvil verilmişdir. Qeyd edilən qüsur isə onun işləməsinə mane olmamışdır. Kadastrında hər hansı problem olmamışdır. Hal-hazırda da işlək vəziyyətdədir. Daha sonra da tərəfə avadanlığın ona təhvil verilməsi barədə müraciət edilmişdir, lakin tərəf istəməmişdir. Avadanlığı könüllü olaraq onlara təhvil verərək öz iradəsini ifadə edərək müqaviləyə xitam verilməsini bildirmişdir. Cavabdeh özü də məhkəmə iclaslarında borc məbləğini mübahisələndirməmiş, müqavilədən kənar məsələlərlə bağlı izahatını, narazılığını bildirmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul etmir, 2004-cü ildən texnikanı almışdır. Texnika 2022-ci ildə ona verilmişdir. 3 il ərzində yazılı etirazı olmamışdır. Lakin, məlumat vermişdi ki, qaytarmaq istəyir. Bu gün traktor onda deyil, Salyan rayonunda, iddiaçının həyətindədir. 1 ilə yaxındır texnikanı təhvil vermişdir. Axırıncı ödənişdən sonra texnikanı 1-2 ay sonra Salyanda şirkətin nümayəndəliyinə təhvil vermişdir. İşləməyən texnikaya görə ödəniş etməmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, traktor onda deyil, hətta ona traktorun satışa çıxarılacağı deyilmişdir. Hər ay 950 manat ödəniş edirdi. Texnika 8 ay öz həyətində qalmışdır. 3 dəfə özü avadanlığı təmir etmişdir, lakin yenidən xarab olmuşdur. Bu işlə məşğul olan şəxs onu əmin eləmişdir ki, avadanlığın xarab olan ehtiyat hissəsini ona verəcək, təmir olunacaqdır. Qüsurla bağlı rəsmi olaraq müraciət etməmişdir. Texnikada olan bu qüsur istehsal qüsurudur. İtaliya istehsalı adıyla ona satmışlar, lakin Türkiyə istehsalına oxşayır. Avadanlıq işləmədiyi təqdirdə ödənişləri etmə səbəbi kimi düşünürdü ki, avadanlıq düzələcək əlavə gəlir götürəcəkdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı ASC (lizinq verən) ilə Cavabdeh2 (lizinq alan) arasında xx.xx.2022-ci il tarixli KTA-KTT-22/9705 “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş “New Holland T6050 Delta Cab” markalı 1 ədəd traktor) kənd təsərrüfatı texnikalarını və aqreqatlarını öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qimsində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən lizinq obyektinin qiyməti 128719,80 manat təşkil edir. 1.5-ci bəndinə əsasən lizinq obyektinə tətbiq olunan subsidiya məbləği 46097,76 manat təşkil edir. 2.1-ci bəndinə əsasən lizinq müqaviləsi üzrə bütün ödənişlər və bu müqavilənin bağlanması ilə bağlı yaranmış ödənişlər (sığorta haqqı, komissiya, qeydiyyat xərcləri və s.) 2 nömrəli Əlavədə göstərilən cədvəl üzrə həyata keçirilir. 2.3.1-ci bəndinə əsasən avans məbləğindən 25743,96 manat ödənilmişdir. 11.2-ci bəndinə görə hər lizinq ödənişi əsas borcun qalığının ödənilməsi üçün nəzərdə tutulan hissədən, lizinq verənin mükafatından, həmçinin lizinq müqaviləsində göstərilən digər ödənişlərdən ibarətdir. Mükafat məbləği hesablanarkən bir ay – 30 gün, bir il - 360 gün kimi nəzərə alınır. 11.3-cü bəndinə əsasən lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i miqdarında cərimə hesablamaq hüququna malikdir. 14.1-ci bəndinə əsasən bəndinə görə lizinq alan tərəfindən aşağıdakı şübhəsiz və aşkar pozuntuları yol verildiyi hallarda, lizinq verən müqavilənin icra etməsindən birtərəfli qaydada imtina edə bilər: 14.1.3. Lizinq alan tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş digər öhdəliklər həyata keçirilmədikdə. 15.1. Maliyyə Lizinqinin müddəti bitdikdən sonra 30 təqvim günü ərzində müqavilə üzrə, habelə hesablanmış penya və cərimələrin ödənilməsi üzrə öhdəliklərin yerinə yetirilməsi şərtilə lizinq alan lizinq obyektini öz mülkiyyətinə keçirməlidir. 15.2-ci maddəsinə görə müqavilənin 15.1-ci bəndində müəyyən edilmiş şərtləri yerinə yetirilmədikdə, lizinq verən lizinq obyektinin mülkiyyət hüqunun əldə edilməsi ilə bağlı lizinq alana yazılı xəbərdarlıq göndərir. Lizinq alan rəsmi xəbərdarlığı aldıqdan sonra da 30 gün ərzində 15.1-ci bənddə nəzərdə tutulmuş hərəkətləri həyata keçirmədikdə, lizinq obyektini lizinq verənə qaytarmalı, yaxud həmin lizq obyekti barədə lizinq verənlə icarə müqaviləsi bağlamalıdır. xx.xx.2022-ci il tarixli KTA-KTT-22/9705 “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsinə 1 saylı əlavəyə əsasən lizinq obyektini “New Holland T6050 Delta Cab” markalı 1 ədəd traktor təşkil edir. xx.xx.2022-ci il tarixli KTA-KTT-22/9705 “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsinə 2 saylı əlavə olan ödəniş cədvəlinə əsasən lizinq alan tərəfindən 61 ay müddətində 1-ci ay 315,99 manat, daha sonra 2-ci aydan başlayaraq hər ay 947,97 manat (sonuncu ay 631,86 manat) olmaqla cəmi 56878,08 manat məbləğində lizinq ödənişləri edilməli idi. İddiaçı ASC tərəfindən tərtib olunmuş 09 yanvar 2026-cı il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh2 xx.xx.2025-ci il tarixə qədər gecikmiş cari borcu 5676,73 manat, cərimə borcu 448,58 manat olmaqla, cəmi 6125,31 manat təşkil edir. İddiaçı ASC tərəfindən Cavabdeh2 xx.xx.2025-ci il tarixli pretenziya məktubu ilə müraciət edilərək, lizinq alan tərəfindən lizinq müqaviləsi üzrə öhdəliklərin pozulduğu bildirilmiş, xəbərdarlıq alınandan 3 iş günü ərzində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh2 vizual olaraq normal vəziyyətdə “New Holland T6050” markalı traktoru iddiaçının nümayəndələrinə təhvil vermiş, həmin vaxt traktorun texniki vəziyyəti haqqında: arxa qaldırıcı qol mator işə salındıqda avtomotik qalxır, əyləc baş silindr işləmir, texpasport müştəridədir, 1 ədəd açar verildi qeyd edilmişdir. İddiaçı ASC tərəfindən xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən 23,80 manat, xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən 32,50 manat, xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən 110,01 manat, xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən 113,97 manat, xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən 30 manat, xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən 30 manat, xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən 30,97 manat, xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən 31,36 manat dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 747.1-ci maddəsinə əsasən lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “...Nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir.....Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur...”. Həmçinin həmin Qərarda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə ilk növbədə qeyd edir ki, iddia tələbi üç hissədən ibarətdir: 1) xx.xx.2022ci il tarixli KTA-KTT-22/9705 № li “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi” nə əsasən xx.xx.2025-ci il tarixə 5676,73 manat gecikdirilmiş borcun tutulması; 2) 448,58 manat cərimə borcunun tutulması; 3) tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli KTA-KTT-22/9705№ li “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən “X2 Müqaviləsi”nə xitam verilməsi. İddia tələbinin birinci hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, araşdırma zamanı tərəflər arasında X2 müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yarandığı müəyyən olunmuşdur. İddiaçı müqavilə üzrə lizinq predmeti olan “New Holland T6050 Delta Cab” markalı 1 ədəd traktoru cavabdehə təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək ödənişlərini tam və vaxtında ödəməmiş və bununla da cavabdehin iddiaçıya 5676,73 manat məbləğində gecikdirilmiş əsas borcu yaranmışdır. Bu hal iş materiallarına əlavə edilmiş sübutlarla (müqavilə, təhvil-təslim aktı və s.) öz təsdiqini tapmışdır. Cavabdeh iddianı qəbul etməyərək işləməyən traktor üçün nə üçün ödəniş etməli olduğunu, əvvəlki vaxtlarda işləmədiyi halda ödəniş etməsinin səbəbinin traktorun düzələcəyinə və gəlir gətirəcəyinə inanması olduğunu bildirmişdir. Lakin cavabdeh traktorun əvvəldən işləməməsi, istehsalçı qüsuru olması, bu qüsur barədə vaxtında müraciət etməsi, qüsurun aradan qaldırla bilinməməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin cavabdeh xx.xx.2025-ci il tarixdə traktoru iddiaçıya təhvil verərkən, aktda müəyyən nasazlıqlar qeyd olunsa da, hazırda ddiaçının nümayəndəsi həmin nasazlıqların aradan qaldırıldığını, traktorun saz və işlək vəziyyətdə olduğunu, cavabdehə təhvil verməyə razı olduqlarını, ancaq cavabdehin özünün bundan imtina etdiyini bildirmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib, cavabdehin traktorun işlək vəziyyətdə olmaması ilə əlaqələndirərək ödəniş etməməsini təsdiq etməsini nəzərə alaraq hesab edir ki, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlı olmuşdur. Buna görə də, xx.xx.2022-ci il tarixli KTA-KTT-22/9705 Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2025-ci il tarixə yaranmış 5676,73 manat gecikdirilmiş pul məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin ikinci hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən 448,58 manat cərimənin də tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə ödənişin gecikdirildiyi təqdirdə dəbbə pulu ödənilməsi nəzərdə tutulmuşdur və işin faktiki halları ilə ödənişlərin gecikdiyi müəyyən olunmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə azaldılaraq 280 manat müəyyən olunmalıdır. İddia tələbinin üçüncü hissəsi - tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli KTA-KTT-22/9705№ li Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi” nə xitam verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarına əlavə olunmuş təhvil-təslim aktından görünür ki, “New Holland T6050 Delta Cab” markalı 1 ədəd traktor xx.xx.2025-ci il tarixdə Cavabdeh2 tərəfindən "xxxx" ASC-yə normal vəziyyətdə təhvil verilmişdir. Bundan başqa iddiaçı tərəf xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunu qarşı tərəfə elektron formada çatdırmış və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə xx.xx.2022-ci il tarixli KTA-KTT-22/9705 nömrəli lizinq müqaviləsinin ləğv ediləcəyi, borcun və əlavə xərclərin məcburi qaydada alınması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna görə də məhkəmə, cavabdehin lizinq obyektini qaytarıb, ödənişlərdən imtina etməsini, cavabdeh müqaviləni əhəmiyyətli dərəcədə pozduğu üçün iddiaçının qarşı tərəfə öz iradə ifadəsini bildirməsini nəzərə alaraq hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli KTA-KTT-22/9705 nömrəli Daxili Lizinq müqaviləsi ləğv edilərək xitam verilmiş hesab edilməlidir. Qeyd olunanlardan da aydın olur ki, iddiaçı tərəfindən müqavilə, qanunvericiliyin və müqavilənin şərtlərinə riayət edilməklə ləğv edilmişdir. Bundan başqa məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 79,57 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2022-ci il tarixli KTA-KTT-22/9705 Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən “X2 Müqaviləsi”nə əsasən 5676 (beş min altı yüz yetmiş altı) manat 73 (yetmiş üç) qəpik əsas borc, 280 (iki yüz səksən) manat cərimə borcu və 79 (yetmiş doqquz) manat, 57 (əlli yeddi) qəpik dövlət rüsumunun əvəzi tutularaq iddaiçı İddiaçı ASC-yə ödənilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında imzalanmış xx.xx.2022-ci il tarixli KTA-KTT-22/9705 Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən “X2 Müqaviləsi” xitam verilmiş hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-8090/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8090/2025
28.01.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver