Məhkəmə qərarları › İş №e-2-2(113)-81/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-81/2023

19.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-81/2023 19.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2 Rəfayıl qızı və Cavabdeh3 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ATSC olmaqla) vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: vurulmuş zərərin əvəzinin ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1, cavabdehlər Cavabdeh4, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2 Rəfayıl qızı, Cavabdeh3 və üçüncü şəxs "xxxx" ATSC-nin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2 Rəfayıl qızı və Cavabdeh3 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ATSC olmaqla) vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2 Rəfayıl qızı və Cavabdeh3 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ATSC olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2 Rəfayıl qızı və Cavabdeh3 müştərək qaydada 2020-ci il üzrə "xxxx" ATSC-yə vurulmuş zərərin əvəzi qismində 513600 manat pulun tutularaq "xxxx"ATSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" ATSC-nin 79.797 ədəd adi adlı səhminin sahibidir. Dəfələrlə şifahi və yazılı şəkildə "xxxx" ATSC-nin icra orqanına müraciət edərək, ATSC-nin bağladığı icarə müqavilələri və maliyyə vəziyyətini əks etdirən sənədlərin surətlərini tələb etmişdir. ATSC-nin icra orqanı tərəfindən cəmi 5 ədəd icarə müqaviləsi təqdim edilmişdir. Həmin müqavilələrin sayı yetərsiz olmaqla birlikdə, illərdir bağlanan icarə müqavilələrindəki icarə haqqı məbləğlərinin bazar qiymətlərindən qat-qat aşağı olduğunu müəyyənləşdirməyə imkan verdi. Təsadüfi deyildir ki, məhz bu səbəbdən də ATSC bir neçə ildir mənfəət əldə etmir və səhmdarlara hər hansı məbləğdə dividend ödənilmir. Deməli, ATSC-yə külli miqdarda zərər vurulmuşdur və vurulmaqdadır. ATSC-nin düzgün idarə edilmədiyi şübhəsizdir. Belə ki, ATSC-yə məxsus əmlaka dair 100-dən çox icarə müqaviləsi bağlanmasına baxmayaraq, ATSC-nin hər maliyyə ilini zərərlə başa vurması anlaşılan deyildir. Bu o deməkdir ki, ATSC-nin idarəetmə və nəzarət orqanlarında təmsil olunan şəxslər ATSC-ni düzgün idarə etmir, ATSC-nin mənafelərini vicdanlı şəkildə müdafiə etmirlər. Bu hal isə bir səhmdar kimi iddiaçıya Mülki Məcəllənin 49.3, 49.4 və 106- 1.3.8-1-ci madələrində təsbit edilmiş hüquqlarından istifadə etməyə tam əsas verir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.3-cü maddəsinə görə “Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir”. Həmin Məcəllənin 49.4.2-ci maddəsinə görə “hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs, hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi nəticəsində hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə məsuliyyət daşıyır”. Həmin Məcəllənin 106-1.3.8- 1-ci maddəsinə görə səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının icra orqanının və direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin səhlənkarlığına və səhmdar cəmiyyətə qəsdən vurduğu zərərə görə məsuliyyətə cəlb edilməsini tələb etmək hüququ vardır. İddiaçıda olan məlumata görə "xxxx" ATSC-nin hüquqlarını və qanuni mənafelərini pozmaqla, ATSC-yə məxsus qeyri-yaşayış sahələrinin (anbar, təmir sexi, yolkənarı mağaza, açıq sahələri) icarə haqqı qiymətləri icarəçilərlə bağlanmış müqavilələrdə göstərilənlərdən kifayət qədər yüksəkdir. Lakin həmin məbləğlər icarəçilərdən qeyri-rəsmi yığılır və əlbəttə ki, ATSC-nin mənfəəti kimi öz əksini tapmır. Digər tərəfdən hətta fərz edilsə ki, icarəçilərdən qeyri-rəsmi hər hansı məbləğ alınmır, bu halda belə aşağıdakıları diqqətə almaq lazımdır: Bu halda, qanunvericiliyin və idarəetmə orqanlarında iştirak edən cavabdehlər "xxxx" ATSC-nin hüquqlarını və qanuni mənafelərini pozmaqla ATSC-yə məxsus qeyri-yaşayış sahələrini (anbar, təmir sexi, yolkənarı mağaza, açıq sahələri) bazar qiymətindən əhəmiyyətli dərəcədə aşağı qiymətlə icarəyə vermiş olur. Bu isə ATSC-yə qəsdən zərər vurulması deməkdir. Ona görə ki, ATSC kommersiya hüquqi şəxsidir və məqsədi mənfəət əldə etməkdir. Cavabdehlər ATSC-nin idarəetmə orqanlarında iştirak edən şəxslər olaraq öz fəaliyyətlərini məhz ATSC-nin mənfəətinin artırılması istiqamətində həyata keçirmək öhdəliyi daşıyırlar. Şübhəsiz, bu öhdəliklərinə zidd davranmaları cavabdehlərin mülki qanunvericiliyə uyğun məsuliyyətlərinin yaranmasına səbəb olmuşdur. Hər bir halda ATSC-yə dəymiş maddi zərər aşağıdakı kimi hesablanır: ATSC-nin mülkiyyətində 7.100 kv.m anbar sahəsi, 1.100 kv.m adi mağaza, 300 kv.m yeni inşa olunmuş mağaza, 2.000 kv.m təmir sexi, 7.000 kv.m açıq sahə vardır. İddiaçıda olan məlumata və təqdim edilən 5 müqaviləyə görə həmin sahələrin aylıq rəsmi (müqavilədə görünən) icarə haqqı məbləğləri hər kv.m üçün belədir: anbar sahəsi – 1 manat; adi mağaza – 2 manat; yeni mağaza – 4 manat; təmir sexi – 2 manat; açıq sahə – 0,5 manat. İddiaçıda olan məlumata görə isə icarəçilərin ATSC-yə ödədiyi həqiqi icarə haqqı məbləğləri (rəsmi+qeyri-rəsmi) aşağıdakı kimidir: anbar sahəsi – 3 manat; adi mağaza – 10-15 manat; yeni mağaza – 20 manat; təmir sexi – 6 manat; açıq sahə – 1,5-2 manat. Göründüyü kimi, müqavilələrdə rəsmi görünən icarə haqqı məbləği ilə icarəçilərin reallıqda ödədikləri icarə haqqı məbləğləri arasında kəskin fərq vardır. Qeyri-rəsmi alınan icarə haqqı məbləğləri ATSC-nin kassasına mədaxil olunmur. Deməli, ATSC-yə dəymiş aylıq zərər aşağıdakı kimidir: Anbar sahəsi üzrə: 3 manat -1 manat = 2 manat x 7.100 kv.m = 14200 manat; adi mağaza üzrə: 10 manat – 2 manat = 8 manat x 1.100 kv.m = 8800 manat; yeni mağaza üzrə: 20 manat – 4 manat = 16 manat x 300 kv.m = 4800 manat; təmir sexi üzrə: 6 manat – 2 manat = 4 manat x 2.000 kv.m = 8000 manat; açıq sahə üzrə: 1,5 manat – 0,5 manat = 1 manat x 7.000 kv.m = 7000 manat. Göründüyü kimi, icarəyə verilən bütün sahələr üzrə aylıq zərər 42800 manat təşkil edir. 2020-ci il üzrə ümumi zərər isə 513600 manata (42800 manat x 12 ay) bərabərdir. xx.xx.2022-ci il tarixli, 06 saylı mütəxəssis rəyi ilə təsdiqlənir ki, ATSC-yə məxsus əmlaklar yerləşən ərazi üzrə aylıq icarə haqqı qiymətləri aşağıdakı kimi: anbar sahəsi: 4-4,5 manat; yol kənarı mağaza: 15-20 manat; təmir sexi: 6,5-7 manat; açıq sahə: 1,5-2 manat müəyyən edilmişdir.

3. Cavabdehlər Cavabdeh4, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2 Rəfayıl qızı və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək, etiraz ərizəsi təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində dəfələrlə vurğulayır ki, “birgə cavabdehlər “Magistral-Eskpress” ATSC-yə məxsus olan qeyri-yaşayış sahələrini əhəmiyyətli dərəcədə aşağı qiymətə icarəyə veriblər. Bununla da “Magistral- Eskpress” ATSC-yə qəsdən zərər vurublar. Lakin iddiaçı tərəf iddiasının əsasında dayanan heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Onun təqdim etdiyi müqavilələr 2021-ci ilə dair müqavilələrdir. Mövcud mübahisə isə 2020-ci ilə münasibətdə olduğuna görə həmin müqavilələr iş üzrə əhəmiyyət kəsb etmir və sübut kimi dəyərləndirilə bilməz. Cavabdehlər tərəfindən sübut qismində məhkəməyə təqdim edilən 2019 və 2020-ci illər üzrə bağlanmış rəsmi icarə müqavilələri, habelə 2020-ci il üzrə bank hesabından rəsmi çıxarışdan da aydın şəkildə görünür ki, iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Əgər cavavbdehlər tərəfindən təqdim edilmiş rəsmi müqavilə və bank hesabından çıxarışa dair hər hansı şübhə yaranarsa, məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilərək rəqəmlərin müəyyənləşdirilməsi mümkündür. Digər tərəfdən məhkəməyə təqdim edilmiş iddia ərizəsinin tələb hissəsində “cavabdehlər - Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2 Rəfayıl qızı və Cavabdeh3 müştərək qaydada 2020-ci il üzrə "xxxx" ATSC-yə vurulmuş zərərin əvəzi qismində 513600 (beş yüz on üç min altı yüz) manat pulun tutularaq "xxxx" ATSC-yə ödənilməsi xahiş edilmişdir. Lakin belə bir iddia tələbi qanunla mümkün hesab edilə bilməz. Belə ki, İddiaçı “Magistral – Ekspress” ATSCdə müəyyən paya sahib olmaqla 4 təsisçidən yalnız biridir. Buna baxmayaraq, o, öz iddia ərizəsində 513600 manat məbləğində vəsaitin özünə münasibətdə deyil, ümumilikdə hüquqi şəxsin xeyrinə tutulmasını tələb etmişdir. Halbuki, "xxxx" ATSC mövcud mübahisə üzrə iddiaçı deyildir. Məhz bu səbəbdən İddiaçı iddia ərizəsi ilə yalnız öz xeyri üçün məhkəmədən nə isə tələb edə bilər.

4. İddiaçı “AZEMİS” Elektron Məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə izahat xarakterli ərizə ünvanlayaraq qeyd etmişdir ki, 1) cavabdehlərin nümayəndəsi “Azərekspertiza” birliyinin 15 may 2020-ci il tarixli rəyinin bu məqsədlə tərtib edildiyini vurğulamışdır: "xxxx" ATSC özünə məxsus daşınmaz əmlakları icarəyə verərkən onun icarə bazar qiymətini müəyyənləşdirməli idi, əks halda vergi orqanı və digər orqanlarla mübahisəli vəziyyət ortaya çıxa bilərdi; 2) rəydən aydın olur ki, icarə haqqı qiymətləri müəyyən edilərkən qiymətləndirici-ekspert icarə obyektlərini aşağıdakı kimi xarakterizə etmişdir: Təmir: qeyri-kafi; Texniki vəziyyəti: qeyri-qənaətbəxş. Bütün ərazi boyu su gölməçələri var. Örtülü anbarlarda şüşələr qırıqdır, dam örütüyü yetərsizdir, yağış suları içəri daxil olur və s.; 3) cavabdehlər 2019 və 2022-ci illər üçün də “Azərekspertiza” birliyinin rəylərini məhkəməyə təqdim etmişdir. Həmin rəylərə nəzər salınsa, asanlıqla görülə bilər ki, onlar arasında məzmun və qiymət baxımından heç bir fərq yoxdur, yeganə fərq aid edildikləri illərdir. B. Rəyin qeyri-mötəbərliyi; 4) cavabdehlərin nümayəndəsi özü etiraf etmişdir ki, həmin rəy icarə haqqı məbləğinin bazar qiymətinin müəyyənləşdirilməsinə xidmət etməmişdir. Deməli, məqsəd icarə haqqı məbləğininin bazar qiymətindən aşağı müəyyənləşdirilməsinə “haqq qazandırmaq” olmuşdur. Əks halda, bu məsələ hər ilin əvvəlində ümumi yığıncaqda müzakirə edilər və icarə haqqının müəyyənləşdirilməsi məqsədilə ekspertə müraciət edilməsi qərarlaşdırılardı. Ancaq görünür ki, 2020-ci il üçün ekspert rəyi 15 may 2020-ci ildə tərtib edilmiş və həmin tarixədək (yəni 2020-ci ilin yanvar-may ayları ərzində) ATSC adından bir çox icarə müqaviləsi bağlanmışdır. Sual olunur: əgər məqsəd ATSC-nin maraqlarını qorumaq olmuşdursa, onda 5 ay niyə gözlənilmişdir?; 5) digər tərəfdən, rəyin yazılma üslubu və ona əlavə edilmiş fotoşəkillərdən onun, icarə haqqının bazar qiymətinin məqsədli şəkildə aşağı salınmasına xidmət etdiyi asanlıqla görünür. Ekspert qiyməti nəyin əsasında, hansı icarə sahələri ilə müqayisə edərək müəyyənləşdirdiyini rəydə göstərə bilməmişdir və bu da təsadüfi deyildir. Ona görə ki, ekspert heç bir araşdırma aparmamışdır. Bunu sübut etmək o qədər də çətin deyildir. Əgər 2019-2022-ci illər ərzində eyni daşınmaz əmlakı eyni ekspert qiymətləndirirsə və rəylər də tam eyniyyət təşkil edirsə, onda hansı araşdırmadan söhbət gedə bilər; 6) bundan başqa, necə olmuşdur ki, ATSC-nin adından bu müqavilələri bağlayan şəxslər icarə haqqı məbləğlərini əvvəlcədən bilmiş və onların müəyyən etdiyi qiymətlə ekspertin rəyindəki qiymət üst-üstə düşmüşdür? Əgər həqiqətən də müqavilələrdəki qiymət bazar qiyməti olmuşsa, onda ekspertizaya nə ehtiyac vardı? Deməli, ehtiyac həqiqətə, bazar qiymətinə uyğun gəlməyən icarə haqqı qiymətlərinə “don” geyindirməyə zərurət olmuş və ekspert rəyi bunun üçün alınmışdır; 7) göründüyü kimi, cavabdehlərin nümayəndəsinin istinad etdiyi rəy tamamilə qeyri-mötəbərdir; 8) "xxxx" MMC-nin 06 oktyabr 2022-ci il tarixli rəyi orta aylıq icarə haqqının 2020-ci il deyil, 2022-ci ilin oktyabr ayının 6-na olan məbləğinə dair verilmişdir; 9) icarəyə verilən daşınmaz əmlakların ölçülərinin iddia ərizəsində göstərilənlərə nəzərən artıq olduğu öz əksini tapmışdır; 10) ekspert rəyinin daşınmaz əmlakın ölçüləri (kvadrat metri) ilə bağlı hissəsinə dair iddiaçı hər hansı irad bildirmək imkanına malik deyildir. Çünki iddiaçının həmin sahələri ölçməsi mümkün deyildir. Bu mənada iddiaçının rəydə göstərilən rəqəmlərin həqiqi olduğunu ehtimal etməsi başa düşüləndir; 11) rəyin orta aylıq icarə haqqı ilə bağlı hissəsi isə tamamilə yersizdir. Ekspert qeyd edir ki, icarə haqqını analoji obyektlərin icarəsinə dair məlumatlar əsasında müəyyənləşdirmişdir. Bu mövqeyini əsaslandırmaq üçün isə internet resurslarına istinad etmişdir. Halbuki onun analoji obyekt olaraq əsas götürdüyü daşınmaz əmlakların ölçüləri ATSC-nin icarəyə verdiyi obyektlərdən qat-qat daha böyükdür. Məsələn, ekspert ATSC-nin 30 kv.m. sahəsi olan yeni mağazasının icarə haqqı məbləğini müəyyən edərkən analoji obyekt olaraq 30 kv.m sahəni deyil, 3 mərtəbəli 1500 kv.m sahəsi olan obyekti əsas götürmüşdür. Aydındır ki, bu şəkildə müqayisə aparılması məntiqli deyildir. Göründüyü kimi, ekspert analoji daşınmaz əmlakları əsas götürməmişdir. Məqsədli, sifarişli formada ATSC-nin cari icarə haqlarına “haqq qazandırmasına imkan verəcək” obyektləri (uyğunluğuna diqqət etmədən) seçərək “rəy” tərtib etmişdir. "xxxx" ATSC-nin vicdanla idarə edilmədiyini anlamaq üçün 2020-ci ilin maliyyə hesabatına diqqət yetirmək kifayətdir; 12) həmin maliyyə hesabatından görünür ki, 2020-ci il üçün ATSC-nin xalis mənfəəti cəmi 93791,29 manat təşkil etmişdir. Nəzərə alınsa ki, ATSC-nin daşınmaz əmlakının bazar dəyəri ən azı 20 milyon təşkil edir, əldə edilən 93791,29 manat məbləğində mənfəətin cüzi olduğu şübhəsizdir.

5. İddiaçı “AZEMİS” Elektron Məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə izahat xarakterli ərizə ünvanlayaraq əlavə olaraq qeyd etmişdir ki, işdə olan xx.xx.2023-cü il tarixli, 9/83 saylı ekspert rəyində icarə obyektlərinin sahəsi aşağıdakı kimi müəyyən edilmişdir: 1.1. bağlı sahə-anbar: 9374 kv.m.; 1.2. açıq sahə: 8.755 kv.m; 1.3. təmir sexi: 2.442 kv.m.; 1.4. köhnə mağaza: 784 kv.m.; 1.5. yeni mazağa: 300 kv.m. Beləliklə, "xxxx" ATSC-nin icarə obyektlərinin ümumi sahəsi, 21.655 kv.m. təşkil edir. Cavabdehlərin təqdim etdiyi icarə müqavilələri və Daşınmaz əmlakın icarə haqqının müəyyən edilməsi barədə 152-Ə saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən belə aydın olur ki, icarə obyektlərinin hər kv.m. üçün aylıq icarə haqqı aşağıdakı kimi müəyyən edilmişdir: 1.1. bağlı sahə-anbar: 1 manat; 1.2. açıq sahə: 0,5 manat; 1.3. təmir sexi: 2 manat; 1.4. köhnə mağaza: 2 manat; 1.5. yeni mazağa: 4 manat. Yenə, cavabdehlərin təqdim etdiyi "xxxx" ATSC 2020-ci il üzrə maliyyə hesabatından görünür ki, ATSC, 2020-ci ildə icarə haqqından 254845,25 manat gəlir əldə etmişdir. Sonuncu məhkəmə hazırlıq iclasında cavabdehlərin vəkili belə bir fikir səsləndirmişdir ki, 2020-ci ildə COVİD-19 pandemiyası səbəbindən icarə gəlirləri aşağı düşmüşdür, icarəçilərə onlar tərəfindən güzəşt edilmişdir. Bu dəlilin, əsassız olduğunda şübhə yoxdur. Belə ki, bank hesabından çıxarışdan açıq şəkildə görünür ki, bir çox hallarda, icarəçilərdən illik icarə haqlarının hamısı alınmışdır; ATSC-nin icarə haqlarından gəlir 2019-cu ildə 249.998,86 manat, yəni 2020-ci ildəkindən 4846,39 manat daha az təşkil etmişdir. Yuxarıda, icarə obyektlərinin növləri və bir aylıq icarə haqqının qiymətlərini göstərmişlər. Həmin məlumatlar əsasında, icarə obyektlərinin fasiləsiz və güzəştsiz olaraq icarəyə verilməsi ehtimalından çıxış edərək, ATSC-nin 2020-ci il üzrə əldə edə biləcəyi gəliri müəyyənləşdirmək mümkündür: bağlı sahə-anbar – ümumi sahəsi – 9.374 kv.m, 1 kv.m üçün aylıq icarə haqqı – 1 manat olmaqla, ümumi aylıq icarə haqqı – 9374 manat; açıq sahə – ümumi sahəsi – 8.755 kv.m, 1 kv.m üçün aylıq icarə haqqı – 0,50 manat olmaqla, ümumi aylıq icarə haqqı – 4377,50 manat; təmir sexi – ümumi sahəsi 2.442 kv.m, 1 kv.m üçün aylıq icarə haqqı – 2 manat olmaqla, ümumi aylıq icarə haqqı – 4884 manat; köhnə mağaza – ümumi sahəsi 784 kv.m, 1 kv.m üçün aylıq icarə haqqı – 2 manat olmaqla, ümumi aylıq icarə haqqı – 1568 manat; yeni mağaza – ümumi sahəsi 300 kv.m, 1 kv.m üçün aylıq icarə haqqı – 4 manat olmaqla, ümumi aylıq icarə haqqı – 1200 manat. Göründüyü kimi, cavabdehlərin təqdim etdiyi qiymətlərə əsasən ATSC-nin 21.655 kv.m. icarə obyektinin icarəsindən əldə edə biləcəyi illik gəlir (hər hansı icarə sahəsinin boş qalmaması və güzəşt edilməməsi şərtilə), 256842 manat (21.403,5 manat x 12 ay) təşkil edə bilərdi. Maliyyə hesabatında öz əksini tapmış rəqəm (254845,25 manat) ilə yuxarıda aparılan hesablama ilə əldə edilən rəqəm (256842 manat) arasında cəmi, 1996,75 manat fərq vardır. Bu rəqəm, icarə obyektlərinin sahəsi diqqətə alındığında elə də əhəmiyyət daşımır, başqa sözlə, icarə haqlarında güzəştdən və ya icarə obyektlərinin uzun müddətli boş qalmasından söhbət belə gedə bilməz. Beləliklə, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ATSC-yə dəymiş maddi zərər aşağıdakı kimi hesablana bilər: cavabdehlərin rəsmi sənədlərdə göstərdiyi rəqəmlərə əsasən aylıq icarə haqqı - 21403,5 manat, illik icarə haqqı isə 256842 manat təşkil edir. İşdə olan xx.xx.2023-cü il tarixli, 9/83 saylı ekspert rəyinə əsasən, icarə obyektlərinin orta aylıq icarə haqqı - 63558,8 manat, illik isə - 762705,6 manat təşkil edir. Deməli, 2020-ci ildə cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ATSC-yə dəymiş zərər: 505863,6 manat (762705,6 manat - 256842 manat) təşkil edir.

6. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.3, 49.4.2, 106-1.3.8-1-ci maddələrinə istinad olunmuşdur.

Tədqiq olunan sübutlar:

7. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

8. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

9. Cavabdehlər Cavabdeh4, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2 Rəfayıl qızı, Cavabdeh3 və üçüncü şəxs "xxxx" ATSC-nin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinə etiraz etdi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

10. Cavabdeh1 məhkəmə iclasında nümayəndə və vəkili Vəkil1 ilə eyni məzmunlu izahat verərək, iddia tələbinə etiraz etdi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

11. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək bildirdi ki, “Magistral-Eskpress” ATSC-yə məxsus obyektdə istehsalla məşğul olur. 152,5 manat icarə haqqı ödəyir. Ödənişləri bank və ya ödəmə terminalları vasitəsilə edir. Həmin vəsaitdən başqa əlavə ödənişlər etmir. Ona qarşı idarə heyətinin təzyiqi olmamışdır. İcarəyə verilən əmlakın 56 m2 hissəsi bağlı, 60 m2 hissəsi açıq hissədir. Pandemiya dövrü güzəşt olunmamışdır.

12. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadə verərək bildirdi ki, avtomobil üzrə elektrik kimi fəaliyyət göstərir. "xxxx" ATSC ilə bağlanmış icarə müqaviləsinə əsasən 100 manat məbləğində icarə haqqı ödəyir. Qaraj sahəsinə yağış suları damır. İcarəyəverəndən icarə obyektinin təmir olunmasını xahiş etsə də, təmir edilmir. 15 ildir orada işləyir. İcarə haqqını əvvəllər əlbəəl şəkildə ödəyirdi. İndi bank və ya ödəmə terminalları vasitəsilə ödəyir. Əlavə hər hansı bir ödəniş etmir. İfadə verməyi üçün hər hansı təzyiq edilməmişdir. Hal-hazırda icarə borcu yoxdur, amma pandemiya dövrü borcu olmuşdur.

13. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək bildirdi ki, maşın ustasıdır. Neçə illərdir ki, həmin yerdə işləyir. Müqavilədə göstəriləndən əlavə ödəniş etməmişdir. Ödənişləri bank vasitəsilə etmişdir. Cavabdeh1 ona hər hansı bir təsir etməmişdir. Cavabdeh1 əlavə pul yığdığını eşitməmişdir. Pandemiyaya görə iş yox idi deyə, 2020-ci ildə ödəniş etməmişdir. 2021-ci ildə 900 manat ödəniş etmişdir. Borcu yığılıb qaldığı üçün birdəfəyə ödəniş etmişdir. Övladı xəstə olduğu üçün güzəşt ediblər. Halhazırda da borcu var və ödəyəcəkdir.

14. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 0126-2-2022-152 nömrəli məktubdan qeyd olunmuşdur ki, müraciətdə qeyd olunan məsələlərin araşdırılması məqsədilə sizin, yəni İddiaçı tələbi ilə "xxxx" ASC-nin fəaliyyətinin auditor tərəfindən yoxlanılmasına dair şəraitin yaradılması və bu barədə Mərkəzi Banka məlumat verilməsi tələb edilmişdir. "xxxx" ASC tərəfindən Mərkəzi Banka təqdim edilmiş məlumatlara əsasən tərəfinizdən cəmiyyətə 5 gün öncədən xəbərdarlıq edilməklə auditor yoxlanışı keçirilə bilər. Eyni zamanda, Mərkəzi Bank tərəfindən cəmiyyətin rəhbərinə həmin müqavilərin Sizin, yəni İddiaçı elektron ünvanına göndərilməsi barədə göstəriş verilmişdir.

15. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış (surəti: İddiaçı) xx.xx.2022-ci il tarixli, 0126-3-2022-314 nömrəli məktubdan qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 106-1.3.8-4-cü maddəsinə müvafiq olaraq səhmdar cəmiyyətinin fəaliyyətinə dair məlumat almaq, bağlanacaq əqdlərin (aidiyyəti şəxslərlə əqdlərin, xüsusi əhəmiyyətli əqdlərin) əlavələri ilə tanış olmaq hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq “Qiymətli kağızlar bazarı haqqında” Qanunun 83.0.9-cu maddəsinə müvafiq olaraq İddiaçı "xxxx" ASC-nin mövcud olan bütün icarə müqavilələri mailto:ilqarhabibullayev@gmail.comElektron ünvan elektron ünvanına göndərilməsi və bu barədə 5 (beş) gün ərzində Mərkəzi Banka məlumat verilməsi tələb olunur. Əks halda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb oluna bilərsiniz.

16. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 0126-2-2022-1330 nömrəli məktubdan qeyd olunmuşdur ki, müraciətdə qeyd olunan məsələlərin araşdırılması məqsədilə Mərkəzi Bank tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə göstəriş məktubu göndərilmişdir. Lakin həmin göstərişdə verilməsi tələb edilən məlumatlar cəmiyyət tərəfindən Mərkəzi Banka təqdim edilməmişdir. Bununla da həmin cəmiyyət nəzarət orqanının vəzifəli şəxslərinin qanuni tələbnamələrinin (qərarlarının) və ya icrası məcburi olan göstərişlərinin yerinə yetirilməmişdir. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq, hüquqi şəxs olan "xxxx" ASC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir.

17. İddiaçı tərəfindən iş materiallarına 2017-2021-ci illərdə bağlanılmış icarə müqavilələri təqdim edilmişdir.

18. iş materiallarına icarə haqlarının ödənişi ilə bağlı bank hesabından çıxarışlar əlavə edilmişdir.

19. “X3 və Elspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 06 nömrəli mütəxəssis rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri, Ziya Bünyadov küçəsi 2113 və ətraf ərazilərdə yerləşən anbarların 1 kv.m-nin aylıq icarə haqqı 4,0 - 4,5 manat, təmir sexlərinin 1 kv.m-nin aylıq icarə haqqı 6,5 - 7,0 manat, yol kənan mağaza qismində istifadə edilən qeyri-yaşayış sahələrinin 1 kv.m-nin aylıq icarə haqqı 15,0 - 20,0 manat və açıq sahələrin 1 kv.m-nin aylıq icarə haqqı 1,5 - 2,0 manat təşkil edir. Mütəxəssis rəyində qeyd olaraq yazılmışdır ki, göstərilən ünvanda yerləşən obyektlərin əmlak bazarında mövcud olan tələb və təklifdən, həmin sahənin istifadə imkanlarından və diger amillərdən asılı olaraq müəyyən edilmiş qiymətlərdə yüksəlmə və yaxud azalma olması istisna edilmir.

20. xx.xx.2021-ci il tarixli, 43hl9cCdMG nömrəli "xxxx" ATSC 31 dekabr 2020-ci il tarixdə bitən il üzrə müstəqil auditor rəyi və maliyyə hesabatlarından görünür ki, "xxxx" ATSC-nin 31 dekabr 2020-ci il tarixinə müstəqil auditor hesabatı, maliyyə vəziyyəti haqqında hesabat, mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat, pul vəsaitlərinin hərəkətləri haqqında hesabat, pul vəsaitlərinin hərəkətləri haqqında hesabat, kapitalda dəyişikliklər haqqında hesabat və maliyyə hesabatlarına dair qeydlər qeyd olunmuşdur.

21. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(005)- 334/2022 saylı qərarından görünür ki, "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə tərtib edilmiş EP seriyalı ******* nömrəli, 26 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir.

22. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin xx.xx.2019-cu il tarixli, 375 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2113-cü məhəllə ünvanında yerləşən obyektin 2019-cu il üçün 1 kv.m-nin icarə haqqı yol kənarı – qapalı sahə inzibati, binalatı – 1,70 – 2,20 manat; bağlı sahə (yeni) – 3,80 – 4 manat; bağlı sahə – 0,90 – 2 manat; təmir sexi – 0,90 – 1,50 manat; təmir sexləri (xırda sahəli) – 1,70 – 2 manat; açıq sahə - 0,40 – 0,80 manat təşkil edir.

23. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin xx.xx.2020-ci il tarixli, 86 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2113-cü məhəllə ünvanında yerləşən obyektin 2020-ci il üçün 1 kv.m-nin icarə haqqı yol kənarı – qapalı sahə inzibati, binalatı – 1,70 – 2,20 manat; bağlı sahə (yeni) – 3,80 – 4 manat; bağlı sahə – 0,90 – 2 manat; təmir sexi – 0,90 – 1,50 manat; təmir sexləri (xırda sahəli) – 1,70 – 2 manat; açıq sahə - 0,40 – 0,80 manat təşkil edir.

24. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin xx.xx.2022-ci il tarixli, 152 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2113-cü məhəllə ünvanında yerləşən obyektin 2022-ci il üçün 1 kv.m-nin icarə haqqı yol kənarı – qapalı sahə inzibati, binalatı – 1,70 – 2,20 manat; bağlı sahə (yeni) – 3,80 – 4 manat; bağlı sahə – 0,90 – 2 manat; təmir sexi – 0,90 – 1,50 manat; təmir sexləri (xırda sahəli) – 1,70 – 2 manat; açıq sahə - 0,40 – 0,80 manat təşkil edir.

25. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti Mülkiyyət hüququ haqqında 001144 nömrəli şəhadətnamədən müəyyən edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2113-cü məhəlləd ünvanında yerləşən 44067 kv.m torpaq sahəsi "xxxx" ATSC-nin xüsusi mülkiyyətidir.

26. İş materiallarına Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnvertarlaşdırılması İdarəsi (qeyri-yaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərin) tərəfindən verilmiş xx.xx.1998-ci il tarixdə tərtib edilmiş texniki pasport əlavə edilmişdir.

27. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 02-135/22 nömrəli mütəxəssis rəyindən müəyyən edilir ki, qiymətləndirici mütəxəssis qarşısında qoyulmuş 1-ci suala uyğun olaraq "xxxx" ASC-yə məxsus, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov, ev 2113-cü məhəllədə yerləşən, hazırda icarədə olan qeyri-yaşayış sahələrinin təyinatı müəyyən edilməklə hər bir obyekt üzrə ayrı-ayrılıqda Bosch GLM 80 Lazer ölçü aparatı vasitəsilə ölçmə işləri aparılmışdır. Hazırkı tarixə təyinatları müəyyən edilməklə ümumi sahəsi 21655 kv.m olmaqla, bağlı sahə - anbar – 9374 kv.m, açıq sahə 8755 kv.m, təmir sexi – 2442 kv.m, mağaza – 784 kv.m, yeni mağaza – 300 kv.m qeyd edilənlərə uyğun olmuşdur. "xxxx" ASC-yə məxsus, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov, ev 2113-cü məhəllədə yerləşən hazırda icarədə qeyri-yaşayış sahələrinin təyinatına uyğun olaraq hazırkı tarixə orta aylıq icarə haqqını müəyyən etmək məqsədilə monitorinq bazasında toplanan, əməkdaşlıq edilən rieltor qurumlarından, alqı-satqı sahəsində fəaliyyət göstərən internet resurslarından və digər etimad doğuran açıq mənbələrdən alınan məlumatlara istinad olunmuşdur. Aparılan araşdırmalar və təhlillərə əsasən "xxxx" ASC-yə məxsus, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov, ev 2113-cü məhəllədə yerləşən hazırda icarədə qeyri-yaşayış sahələrinin təyinatına uyğun olaraq orta aylıq icarə dəyərləri xx.xx.2022-ci il tarixinə bağlı sahə - anbar (ərazi üzrə 1 ay üçün orta aylıq icarə dəyəri, 1 kv.m/manat, ƏDV-siz) – 0,80 - 1, (qiymətləndirilən obyektə münasibətdə təxminən 1 kv.m/manat, ƏDV-siz) – 1,20; açıq sahə (ərazi üzrə 1 ay üçün orta aylıq icarə dəyəri, 1 kv.m/manat, ƏDV-siz) – 0,40 – 0,60, (qiymətləndirilən obyektə münasibətdə təxminən 1 kv.m/manat, ƏDV-siz) – 0,50; təmir sexi (ərazi üzrə 1 ay üçün orta aylıq icarə dəyəri, 1 kv.m/manat, ƏDV-siz) – 1,60 - 2, (qiymətləndirilən obyektə münasibətdə təxminən 1 kv.m/manat, ƏDV-siz) – 1,80; mağaza (ərazi üzrə 1 ay üçün orta aylıq icarə dəyəri, 1 kv.m/manat, ƏDV-siz) – 3,50 - 4, (qiymətləndirilən obyektə münasibətdə təxminən 1 kv.m/manat, ƏDV-siz) – 4; yeni mağaza (ərazi üzrə 1 ay üçün orta aylıq icarə dəyəri, 1 kv.m/manat, ƏDV-siz) – 5 - 7, (qiymətləndirilən obyektə münasibətdə təxminən 1 kv.m/manat, ƏDV-siz) – 6 qeyd edilənlərə uyğun olmuşdur.

28. "xxxx" ATSC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 6 nömrəli "xxxx" ASC məxsus olan 2011-2021-ci illər arasında müəssisənin dövriyyəsinə dair məlumatdan (ƏDV daxil deyil) görünür ki, 2011-ci il üzrə cəmi gəlirlər 167258,14 manat, xərclər 209461,70 manat olmaqla, xalis gəlir -42203,56 manat; 2012-ci il üzrə cəmi gəlirlər 159231,29 manat, xərclər 189287,67 manat olmaqla, xalis gəlir -30056,38 manat; 2013-cü il üzrə cəmi gəlirlər 145091,10 manat, xərclər 193623,15 manat olmaqla, xalis gəlir -48532,05 manat; 2014-cü il üzrə cəmi gəlirlər 126112,50 manat, xərclər 236372,30 manat olmaqla, xalis gəlir -110259,80 manat; 2015-ci il üzrə cəmi gəlirlər 172571,79 manat, xərclər 195802,02 manat olmaqla, xalis gəlir -23230,23 manat; 2016-cı il üzrə cəmi gəlirlər 209849,79 manat, xərclər 194615,08 manat olmaqla, xalis gəlir 15234,71 manat; 2017-ci il üzrə cəmi gəlirlər 246027,25 manat, xərclər 179354,59 manat olmaqla, xalis gəlir 66672,66 manat; 2018-ci il üzrə cəmi gəlirlər 467829,47 manat, xərclər 173055,32 manat olmaqla, xalis gəlir 294774,15 manat; 2019-cu il üzrə cəmi gəlirlər 275167,86 manat, xərclər 192492,59 manat olmaqla, xalis gəlir 82675,27 manat; 2020-ci il üzrə cəmi gəlirlər 280268,98 manat, xərclər 205971,94 manat olmaqla, xalis gəlir 74297,04 manat; 2021-ci il üzrə cəmi gəlirlər 264213,11 manat, xərclər 215229,21 manat olmaqla, xalis gəlir 48893,90 manat təşkil etmişdir.

29. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/83 saylı ekspert rəyinin tədqiqat prosesinin təsviri hissəsində qeyd edilmişdir ki, daşınmaz əmlaklara baxış keçirilən zaman müəyyən edilmişdir ki, təmir sexində 1 m2 minimum icarə dəyəri 2,5-3,5 manat, yol kənarı anbarda 1 m2 minimum icarə dəyəri 3,1-4,5 manat, bağlı anbarda 1 m2 minimum icarə dəyəri 3-4,3 manat, yeni mağazada 1 m2 minimum icarə dəyəri 7-10 manat, köhnə mağazada 1 m2 minimum icarə dəyəri 5-7,1 manat, açıq sahədə 1 m2 minimum icarə dəyəri 0,45-0,65 manat təşkil edir. Təqdim olunan ərazi üzrə daşınmaz əmlakın 2020-ci il üzrə orta bazar dəyəri aylıq icarə haqqı təxminən bağlı sahə-anbarda 1 m2 minimum icarə dəyəri 4,3 manat, açıq sahədə 1 m2 minimum icarə dəyəri 0,80 manat, təmir sexində 1 m2 minimum icarə dəyəri 3,33 manat, köhnə mağazada 1 m2 minimum icarə dəyəri 7 manat, yeni mağazada 1 m2 minimum icarə dəyəri 9 manat təşkil edir. Rəydə qeyd olunur ki, ekspertiza təyini haqqında qərardadda qeyd edilən və tədqiqata təqdim edilən ərazi üzrə (Nərimanov rayonu, Z.Bünyadov prospekti) daşınmaz əmlakların 2020-ci il üzrə orta bazar aylıq icarə haqqı təxminən bağlı sahə-anbar – ümumi sahəsi – 9374 kv.m, 1 kv.m üçün aylıq icarə haqqı – 4,30 manat olmaqla, ümumi aylıq icarə haqqı – 40308,20 manat; açıq sahə – ümumi sahəsi – 8755 kv.m, 1 kv.m üçün aylıq icarə haqqı – 0,80 manat olmaqla, ümumi aylıq icarə haqqı – 7004 manat; təmir sexi – ümumi sahəsi 2442 kv.m, 1 kv.m üçün aylıq icarə haqqı – 3,30 manat olmaqla, ümumi aylıq icarə haqqı – 8058,60 manat; köhnə mağaza – ümumi sahəsi 784 kv.m, 1 kv.m üçün aylıq icarə haqqı – 7 manat olmaqla, ümumi aylıq icarə haqqı – 5488 manat; yeni mağaza – ümumi sahəsi 300 kv.m, 1 kv.m üçün aylıq icarə haqqı – 9 manat olmaqla, ümumi aylıq icarə haqqı – 2700 manat olmaqla, cəmi 63558,80 manat məbləğində müəyyən edilir. Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 2113-cü məhəllə ünvanında yerləşən "xxxx" ATSC-yə məxsus daşınmaz əmlakların 2017- 2018-2019-2020-2021-ci il tarixli, müxtəlif (bəzi) aylar üzrə aylıq icarə müqavilələri mövcuddur. Ekspertiza təyini haqqında qərardadda qeyd edilən sahələr üzrə bağlanmış 2020-ci il tarixli icarə müqavilələri iş materiallarında ayrı-ayrılıqda aylar üzrə öz əksini tapmadığından ekspert qarşısında qoyulmuş suala cavab vermək mümkün olmadı.

Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 49.3-cü maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. 49.4-cü maddəsinə əsasən hüquqi şəxsin mənafeləri üçün bu Məcəllə ilə müəyyən edilən vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə aşağıdakı hallarda məsuliyyət daşıyır: 49.4.1. hüquqi şəxsin zərərlə işlədiyi halda və ya hüquqi şəxsin mənfəətinə qeyrimütənasib həcmdə hüquqi şəxsin idarəetmə orqanlarının üzvlərinə bonusların ödənilməsi; 49.4.2. hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi; 49.4.3. hüquqi şəxsə aidiyyəti olan şəxslərlə qanunun tələblərini pozan və ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan müqavilələrin bağlanması; 49.4.4. hüquqi şəxsin bağlanmış müqavilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alması; 49.4.5. özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi; 49.4.6. səhmdarlara (payçılara) münasibətdə ədalətsiz və ya onlara ziyan vuran əqdlərin bağlanması. 98.4-cü maddəsinə əsasən səhmdar cəmiyyətinin iştirakçıları (səhmdarlar) onun öhdəlikləri üçün cavabdeh deyildirlər və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün onlara mənsub səhmlərin dəyəri həddində risk daşıyırlar. 106-1.3.8-1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin qanunvericiliklə müəyyən edilmiş qaydada icra orqanının və direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin səhlənkarlığına və səhmdar cəmiyyətə qəsdən vurduğu zərərə görə məsuliyyətə cəlb edilməsini tələb etmək hüququ vardır.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi

32. Əvvəla qeyd olunmalıdır ki, səhmdar cəmiyyətlərinin ən önəmli funksiyası sahibkarlıq fəaliyyəti üçün əlverişli bir təşkilati-hüquqi forma təşkil etmələridir. Hər bir səhmdar cəmiyyəti bu məqsəd istiqamətində mənfəət əldə etməyə yönəlmiş sahibkarlıq fəaliyyətini həyata keçirir. Səhmdar cəmiyyətlərinin səhmdarlarının məqsədi cəmiyyətin mövcudluğunun davamlılığını nəzərə alaraq bu fəaliyyətin həyata keçirilməsi yolu ilə əldə ediləcək mənfəəti öz aralarında bölüşdürməkdir. Səhmdar cəmiyyəti, təsisçi və səhmdarlarından asılı olmayan müstəqil bir hüquqi şəxs olduğundan səhmdarlar, cəmiyyətin əmlakı və əldə etdiyi mənfəət üzərində birbaşa hüquq sahibi deyildirlər. Balansda mövcud olan bütün aktiv və passivlər səhmdar cəmiyyətinə aiddir. Hazırkı iş üzrə səhmdar cəmiyyəti olan "xxxx" ATSC-yə zərər vurulduğu iddia olunur və 2020-ci il üzrə "xxxx" ATSC-yə vurulmuş zərərin əvəzi qismində 513600 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx"ATSC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunur. "xxxx" ATSC-nin sahibkarlıq fəaliyyətinin əsas istiqamətlərindən biri mülkiyyətində olan qeyri-yaşayış sahələrinin icarəyə verilərək mənfəət əldə etməsidir. "xxxx" ATSC ilə icarəçilər arasnda 100-dən artıq icrarə müqavilələri bağlanmışdır.

33. İddiaçı qeyd edir ki, icarə müqavilələrindəki icarə haqqı məbləğlərinin bazar qiymətlərindən qat-qat aşağı olması səbəbindən ATSC bir neçə ildir mənfəət əldə etmir və səhmdarlara hər hansı məbləğdə dividend ödənilmir. ATSC düzgün idarə edilmir. Belə ki, ATSC-yə məxsus əmlaka dair 100-dən çox icarə müqaviləsi bağlanmasına baxmayaraq, ATSC-nin hər maliyyə ilini zərərlə başa vurması anlaşılan deyildir. ATSC-nin idarəetmə və nəzarət orqanlarında təmsil olunan şəxslər ATSC-ni düzgün idarə etmir, ATSC-nin mənafelərini vicdanlı şəkildə müdafiə etmirlər. ATSC-yə külli miqdarda zərər vurulmuşdur və vurulmaqdadır. Ona görə də bu hal bir səhmdar kimi iddiaçıya Mülki Məcəllənin 49.3, 49.4 və 106-1.3.8-1-ci madələrində təsbit edilmiş hüquqlarından istifadə etməyə tam əsas verir.

34. Daha sonra iddia ərizəsində qeyd olunur ki, iddiaçıda olan məlumata görə "xxxx" ATSC-nin hüquqlarını və qanuni mənafelərini pozmaqla, ATSC-yə məxsus qeyri-yaşayış sahələrinin (anbar, təmir sexi, yolkənarı mağaza, açıq sahələri) icarə haqqı qiymətləri icarəçilərlə bağlanmış müqavilələrdə göstərilənlərdən kifayət qədər yüksəkdir. Lakin həmin məbləğlər icarəçilərdən qeyri-rəsmi yığılır və əlbəttə ki, ATSC-nin mənfəəti kimi öz əksini tapmır. Digər tərəfdən hətta fərz edilsə ki, icarəçilərdən qeyri-rəsmi hər hansı məbləğ alınmır, bu halda belə qanunvericiliyin və idarəetmə orqanlarında iştirak edən cavabdehlər "xxxx" ATSC-nin hüquqlarını və qanuni mənafelərini pozmaqla ATSC-yə məxsus qeyriyaşayış sahələrini (anbar, təmir sexi, yolkənarı mağaza, açıq sahələri) bazar qiymətindən əhəmiyyətli dərəcədə aşağı qiymətlə icarəyə vermiş olur. Bu isə ATSC-yə qəsdən zərər vurulması deməkdir. Ona görə ki, ATSC kommersiya hüquqi şəxsidir və məqsədi mənfəət əldə etməkdir. Cavabdehlər ATSC-nin idarəetmə orqanlarında iştirak edən şəxslər olaraq öz fəaliyyətlərini məhz ATSC-nin mənfəətinin artırılması istiqamətində həyata keçirmək öhdəliyi daşıyırlar. Şübhəsiz, bu öhdəliklərinə zidd davranmaları cavabdehlərin mülki qanunvericiliyə uyğun məsuliyyətlərinin yaranmasına səbəb olmuşdur.

35. Əvvəla qeyd olunmalıdır ki, iddiaçı icarə müqavilələrində nəzərdə tutulan icarə haqlarından əlavə məbləğlərin icarəçilərdən qeyri-rəsmi yığıldığını və bunu ATSC-in zərəri kimi qiymətləndirsə də, həmin halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

36. Bundan başqa, ATSC-yə məxsus qeyri-yaşayış sahələrinin bazar qiymətindən əhəmiyyətli dərəcədə aşağı qiymətlə icarəyə verilməsinə münasibətdə qeyd olunmalıdır ki, icarə müqavilələrində göstərilən icarə haqları ilə ekspert rəyində öz əksini tapan aylıq icarə haqları arasında fərqlər mövcuddur. Həmçinin qeyd olunmalıdır ki, həmin rəqəmlər orta rəqəmlərdir. Tərəflərin məhkəməyə təqdim etdikləri digər rəylərdə fərqli rəqəmlər mövcuddur. Məhkəmənin qənaətinə əsasən həmin qiymətlər bazar qiymətindən əhəmiyyətli dərəcədə aşağı qiymətlər sayıla bilməz. Eyni zamanda cavabdehlərin nümayəndəsi bununla bağlı məhkəmə iclasında bildirmişdir ki, müqavilə bağlanan icarəçilər illərdir icarə sahələrini icarəyə götürərək orada fəaliyyət göstərən şəxslərdir. Ona görə də onlara münasibətdə icarə münasibətləri köhnə qiymətlərlə davam etdirilir. Eyni zamanda iddiaçının mübahisələndirildiyi ilin məhz 2020-ci il, pandemiyanın, ölkə ərazisi üzrə qapanma və məhdudiyyətlərin olduğu il olması da nəzərə alınmalıdır.

37. Məhkəmənin qənaətinə əsasən hazırkı iş üzrə icarə haqlarında mövcud fərqlərin olması iddianın təmin olunması üçün əsas ola bilməz.

38. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmuşdur. Belə ki, hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. İddiaçı hüquqi şəxsin nizamnamə kapitalında belə paya malik olan şəxsdir. Qanunvericilikdə qeyd olunan şəxslərin hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmaq vəzifəsi təsbit olunmuşdur. Həmin şəxslər bu vəzifələrini hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır və vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. Hazırkı halda hüquqi şəxsi təmsil etmiş, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan cavabdehlərin öz vəzifələrini pozması və ATSC-yə zərər vurması öz təsdiqini tapmır.

39. Həmçinin qeyd olunmalıdır ki, səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin qanunvericiliklə müəyyən edilmiş qaydada icra orqanının və direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin səhlənkarlığına və səhmdar cəmiyyətə qəsdən vurduğu zərərə görə məsuliyyətə cəlb edilməsini tələb etmək hüququ vardır. Hazırkı halda isə icra orqanının və direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin səhlənkarlığı və səhmdar cəmiyyətə qəsdən zərər vurması halı müəyyən olunmur.

40. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericilikdə məhkəmənin çəkişmə prinsipinin təmin edilməsi üzrə fəaliyyəti bir sıra normalarla tənzimlənir. Bunların sırasında sübutetmə vəzifəsini, sübutların təqdim edilməsi və tələb olunmasını xüsusilə qeyd etmək olar.

41. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88ci maddələri). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallarla mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

42. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

43. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbində iddia etdiyi hallar öz təsdiqini tapmadığından, həmin halların mövcudluğunu təsdiq edəcək mötəbər sübutlar məhkəməyə təqdim olunmadığından iddia rədd olunmalıdır.

44. iddia rədd olunduğundan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

45. Eləcə də, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar