Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-810/2025 30.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işinə məhkəmənin açıq baxış iclasında baxıldı. İşin halları:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilədən irəli öhdəliklərə görə yaranmış 40000 manat pulun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 03 mart 2022-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən iddiaçının mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, bina 14, ümumi sahəsi 41,5 kv.m. q/y sahəsi icarəyə verilmiş, icarə müddəti 03 mart 2032-ci ilədək göstərilmiş, aylıq icarə ilk il üçün ayda 1000 manat, növbəti illər üçün 1200 manat müəyyən edilmişdir. Lakin 2022-ci ilin sentyabr ayında cavabdeh obyektdən xəbər vermədən çıxmış, bu zaman iddiaçıya məxsus əşyaları da aparmışdır. Cavabdeh müqaviləni pozacağı təqdirdə 6 ay əvvəldən xəbərdar etməli idi. O, bunu etməmişdir. Müqavilə şərtlərinə əsasən cavabdeh qarşılıqlı razılıq olmadan birtərəfli qaydada müqaviləni pozduğu halda aylıq icarə haqqının 40 misli miqdarında cərimə ödəməli idi. Bundan başqa, cavabdeh obyektdən iddiaçıya məxsus 150 manat dəyərində unitaz, 175 manat dəyərində plastik qapı, 200 manat dəyərində Ariston, 30 manat dəyərində kran, 25 manat dəyərində moydadır kranı, 55 manat dəyərində moydadır, hər biri 295 manat dəyərində 2 ədəd qapını da aparmışdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1, 390.1, 399.1, 1096.1, 1097.1-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilə xx.xx.2022-ci il tarixdə icarə müqaviləsi bağlanılmışdır. Sözügedən icarə müqaviləsi əsasında iddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 41,5 kv.m olan qeyri-yaşayış sahəsini Cavabdeh icarəsinə vermişdir. İcarəyə verilən əmlak 10 il müddətinə, yəni 2032-ci ilədək verilmişdir. İcarə müqaviləsinə əsasən, icarə haqqı ilk bir il üçün 1000 manat, növbəti illər üzrə 1200 manat olmaqla hər növbəti ayın 1-də ödənilməlidir. Qeyd edilmişdir ki, icarəyə verilən əmlak cavabdehin icarə məqsədlərinə uyğun olmadığına görə cavabdeh tərəfindən 25-30 min manat arası xərc çəkilməklə təmir edilərək, eyni zamanda icarə obyektinə əlavə avadanlıqlar alınmışdır. Əmlak icarəyə götürüldükdən ilk 3 aya yaxın müddətdə təmir işləri həyata keçirilmişdir. Növbəti 3 ayda icarədarın işlərə və işçilərə yersiz müdaxiləsi və işlərin ümumiyyətlə getməməsi səbəbindən artıq icarə obyektində işin davam edə bilməyəcəyi qənaətinə gəlinmişdir. Bu səbəbdən icarə obyektinə kifayət qədər əlavə vəsait qoyulmağına baxmayaraq, əmlakı icarədara qaytarmaq istəyi bildirilmişdir. Lakin iş üzrə iddiaçı buna etiraz edərək, əmlakın uzun müddətə icarəyə götürüldüyünü, qaytarıldığı təqdirdə əlavə cərimələrin ödənilməli olduğunu bildirmişdir. 2022-ci ilin sentyabr ayında Cavabdeh tərəfindən obyektdə olan və cavabdehə məxsus əşyalar götürülərək, icarə obyekti boşaldılmışdır. Eyni zamanda icarə obyektini icarəyə verənə təhvil vermək istədikdə bildirilmişdir ki, böyük məbləğdə təzminat tələbi ilə məhkəməyə müraciət ediləcək. İddiaçı tələbində 40000 manat təzminat tələb etməklə bildirmişdir ki, guya onların arasında bağlanılmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin 7-ci bəndində qeyd edilmişdir ki, müqavilənin ləğv edilməsi tərəflərin altı ay qabaqdan yazılı ərizəsinə əsasən müvafiq olaraq həyata keçirilməli, əlavə olaraq qarşılıqlı razılığa gəlinmədiyi təqdirdə etiraz edən tərəf qarşı tərəfə aylıq ödəmənin 40 misli dəyərində təzminat ödəməlidir, bu barədə olan şərt 10 illik icarə haqqının cəmindən ibarətdir. Qeyd edilmişdir ki, icarə müqaviləsinin bu bəndi üzrə şərti müqavilə bağladığı zaman cavabdeh əsla belə anlamamış və iddiaçının anlamış olduğu şəkildə qəbul etməmişdir. Belə ki, icarə müqaviləsinin həmin şərtinə nəzər etdiyimiz zaman ilk öncə həmin şərtdə 10 illik icarə haqqının cəminin 40 misli cərimə veriləcəyi qeyd edilməmişdir. Əksinə həmin şərtin önündə gələn müqavilənin ləğvi barədə şərt üzrə altı aylıq xəbərdarlıq müddəti təyin edilir və ondan sonra gələn cümlənin başlanğıcında əlavə olaraq qarşılıqlı razılığa gəlinmədiyi, yəni altı ay öncədən bildirişin verilməsi icra edilmədikdə bu müddəti icra etməyən tərəf həmin müddətin icarə haqqının 40 misli həddində cərimə ödəyəcəyi kimi anlaşılmışdır. Lakin iddiaçı məhkəmədə qaldırılan iddia tələbində yuxarıda qeyd edilən xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin 7ci maddəsində qeyd edilən şərtin 10 illik icarə haqqının cəmindən ibarət olması qeyd edilmişdir. Etirazda əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının cavabdehdən icarə müqaviləsinin mübahisə predmeti olan bu şərti üzrə belə bir əsasla bu həcmdə təzminat tələb etməsi onun hüquqlarını açıqca pozmaqdadır. Halbuki, 3 aylıq fəaliyyət üçün artıq onun tərəfindən həmin obyektə 25000 manata yaxın vəsait qoyulmuşdur. Bundan əlavə, iddiaçı ilə xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin bağlanması zamanı müqaviləni heç kim ona izah etməmiş, eyni zamanda özü şəxsən müqaviləni oxuduğu zaman müqavilənin 7-ci maddəsində qeyd edilmiş “müqavilənin ləğv edilməsi tərəflərin altı ay qabaqdan yazılı ərizəsinə əsasən müvafiq olaraq həyata keçirilməli, əlavə olaraq qarşılıqlı razılığa gəlinmədiyi təqdirdə etiraz edən tərəf qarşı tərəfə aylıq ödəmənin 40 misli dəyərində təzminat ödəməlidir” şərtini 6 aylıq xəbərdarlıq müddəti üzrə həmin müddətin icarə haqqının 40 misli həddində anlamaqla, bu şərti belə qəbul etmişdir. Əgər icarə müqaviləsinin 7-ci bəndi 6 aylıq öncədən xəbərdarlıq müddətinin pozulmaqla ləğv edilməsi şərtinin pozulması halında 10 illik icarə haqqının 40 misli kimi təzminatının tələbi olması anlaşılırsa, belə olduğu təqdirdə bu onun bağlamağı arzuladığı əqdin məzmunu barədə səhv etməyi nəticəsində hüquqlarının birtərəfli şəkildə pozulması ilə nəticələnməsin dəlalət etməsindədir. Hesab edir ki, icarə müqaviləsinin 7-ci bəndində nəzərdə tutulmuş cərimə tətbiqi 10 illik icarə haqqının cəmindən deyil, 6 aylıq xəbərdarlıq müddətinin pozulması səbəbindən həmin müddətə aylıq icarə haqqının cəminin 40 misli həddinə müəyyən edilmişdir. Bu səbəbdən də iddiaçının cavabdehdən bu bənddə müəyyən edilmiş şərt üzrə 40000 min manat təzminat tələb etməsi əsassızdır və absurddur. Bundan əlavə, iddiaçı bir neçə əşyanın da cavabdeh tərəfindən icarə obyektindən aparılmasını iddia etsə də, həmin əşyaların obyekt icarəyə verilən zaman cavabdehə təhvil verilməsinə dair sübut təqdim etməmiş, eyni zamanda sözügedən əşyaların cavabdeh tərəfindən aparılması sübut edilməmişdir. Göztərilənləri nəzərə alaraq, iddiaçının cavabdehdən 40000 manat pul vəsaitinin tutulmaqla ona verilməsinə dair iddia əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tədqiq olunan sübutlar:
5. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı izahatında bildirmişdir ki, obyekt onun tərəfindən təmir edilmişdir və əvvəlcədən işlədilmişdir. Lakin sonradan işləmədiyi üçün icarəyə verilmişdir.
6. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
7. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın 4000 manat hissəsində qəbul etdiklərini bildirdi və iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi.
8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ilə Cavabdeh arasında notarial qaydada xx.xx.2022-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2-ci bəndinə əsasən ƏMDK-nın yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı verilmiş ünvan 2 ünvanında 41,5 kv.m sahədə yerləşən, **********89-05101-083005 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə qeyri-yaşayış sahəsi Cavabdeh icarəyə verilmişdir. Həmin müqavilənin 3-cü bəndinə əsasən müqavilənin müddəti xx.xx.2032-ci ilə qədər müəyyən edilir. Həmin müqavilənin 4cü bəndinə əsasən icarəyə götürən Cavabdeh İddiaçı ilk bir il üçün aylıq 1000 manat, növbəti illər üçün isə aylıq 1200 manatı hər ayın 1-də icarə haqqı ödəyir. Həmin müqavilənin 6-cı bəndinə əsasən icarəçi icarəyə götürdüyü əmlakı ikinci əldən icarəyə verə bilməz. Həmin müqavilənin 7-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin altı ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Əlavə olaraq qarşılıqlı razılığa gəlinmədiyi təqdirdə etiraz edən tərəf qarşı tərəfə aylıq ödəmənin 40 misli dəyərində təzminat ödəyəcək. Əmlak dövlət tərəfindən və ya hansısa bir şirkət tərəfindən sökülərsə, bu qayda tətbiq edilmir. Həmin müqavilənin 8-ci bəndinə əsasən icarəçi icarəyə verənin razılığı olmadan icarəyə götürülən sahədə tikinti-təmir işləri apara bilər. Həmin müqavilənin 9-cu bəndinə əsasən tərəflərin razılığına əsasən icarəçi hər ay aylıq icarə haqqından qanunla müəyyən edilmiş məbləğdə vergi ödəyir. Həmin müqavilənin 11-ci bəndinə əsasən kommunal xidmətlərdən istifadə edilməsinə görə haqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqları icarəçi tərəfindən ödənilir.
9. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubunun məzmunundan görünür ki, 40000 manat məbləğində pulun 3 (üç) gün ərzində ödənilməsi tələb edilmişdir. Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə borcun ödənilməsi (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu borcun ödənilməsi məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə borcun ödənilməsiunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müntənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi
12. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli icarə müqaviləsi (bundan sonra “Müqavilə”) bağlanmış və tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı, yəni icarəyə verən icarə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, icarəçi, yəni cavabdeh öhdəliklərini lazımınca icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur.
13. Beləliklə, tərəflər arasında müqavilənin bağlanması, icarə obyektinin cavabdehə təhvil verilməsi, icarə obyektinin bir neçə ay cavabdehin istifadəsində olması, müqavilənin 10 illik müddətə bağlanmasına baxmayaq, cavabdehin icarə obyektindən çıxması və icarə münasibətlərinə birtərəfli qaydada xitam verməsi işin mübahisəsiz hallarını təşkil edir.
14. İşin mübahisəli halı icarə müqaviləsinin 7-ci bəndi ilə bağlıdır. Belə ki, həmin bəndə əsasən müqavilənin ləğv edilməsi tərəflərin altı ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Əlavə olaraq qarşılıqlı razılığa gəlinmədiyi təqdirdə etiraz edən tərəf qarşı tərəfə aylıq ödəmənin 40 misli dəyərində təzminat ödəyəcək .
15. Göründüyü kimi, müqavilədə müqavilənin ləğv edilməsi qaydası nəzərdə tutulmuşdur. Belə ki, müqaviləni ləğv etmək istəyən tərəf digər tərəfi altı ay qabaqcadan yazılı şəkildə xəbərdar etməlidir. Lakin cavabdeh tərəfindən müqavilənin həmin şərtinə əməl edilməmiş və cavabeh iddiaçını qabaqcadan xəbərdar etmədən icarə obyektindən çıxmış, birtərəfli qaydada müqavilə münasibətlərinə xitam vermişdir. Əksini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdehin nümayəndəsi də icarə münasibətlərinə onlar tərəfindən xitam verildiyini təsdiqləmiş, lakin şifahi qaydada iddiaçını məlumatlandırdığını bildirmişdir.
16. Müəyyən olunur ki, cavabdeh tərəfindən müqavilənin 7-ci bəndinin şərti pozulmuş, cavabdeh həmin bənd üzrə üzərinə götürdüyü öhdəliyə əməl etməmişdir, ona görə də iddiaçının cavabdehdən icarə haqqının 40 misli miqdarında cərimə (kompensasiya qeyd olunsa da, cərimə olaraq qəbul olunur, iddiaçı özü də ərizədə cərimə kimi qeyd etmişdir) tələb etmək hüququ yaranmışdır.
17. O cümlədən nəzərə alınmalıdır ki, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməli, təkcə müqavilədəki söz və ifadələrin hərfi mənası deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənası, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsi nəzərə alınmalıdır.
18. Cavabdehin nümayəndəsi etirazında 40000 manat pulun 10 illik icarə haqqının 40 mislini təşkil etdiyini göstərsə də, qeyd olunmalıdır ki, 40000 manat məbləğ 10 illik icarə haqqının 40 misli yox, 1000 manat məbləğin 40 mislini təşkil edir.
19. Eyni zamanda etirazda cavadehin 7-ci bənddəki “aylıq ödəmənin 40 misli dəyərində təzminat ödəməlidir” şərtini 6 aylıq xəbərdarlıq müddəti üzrə həmin müddətin icarə haqqının 40 misli həddində anladığı qeyd edilmişdir.
20. Məhkəmə qeyd edir ki, sahibkar olan tərəflər azad surətdə müqavilələr bağlamış və müqavilənin məzmununu müəyyənləşdirmişlər. 7-ci bənddə aydın şəkildə aylıq ödəmənin 40 misli dəyərində təzminatdan bəhs edilir. İddiaçı aylıq ödəməni 1000 manatdan götürərək, 40 mislini hesablamış (1000X40=40000) və həmin məbləği cavabdehdən tələb etmişdir.
21. Məhkəmənin qənaətinə əsasən həmin məbləğin tam şəkildə cavabdehdən tutulması ədalətli olmazdı və işin halları nəzərə alınaraq, tənasübsüz surətdə yüksək cərimə məbləği azaldılmalı, iddia qismən təmin edilməli, Cavabdeh 7200 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Həmin qənaətə gələrkən həmçinin nəzərə alınmışdır ki, 6 aylıq müddət ərzində iddiaçıya ən azı 6000 manat icarə haqqı ödənilməli idi (müqaviləyə əsasən ilk bir il üçün aylıq 1000 manat, növbəti illər üçün isə aylıq 1200 manat) və həmin vaxtdan 2 ildən artıq müddət keçmişdir.
22. Tələb olmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 7200 (yeddi min iki yüz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova