Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8107/2024 23.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçıin qanuni nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı borcun ödənilməsi tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən 9.213,07 manat həcmində əsas borc, 561,99 manat həcmində faiz borcları, 250 manat həcmində ödənişli hüquqi xidmət xərcləri, 121 manat dövlət rüsumu olmaqla, ümumilikdə 10 146,06 manat həcmində pul məbləğinin tutularaq İddiaçıə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh QSC ilə İddiaçı MMC arasında 12 avqust 2022-ci il tarixdə 0**-KC-***2 №li icarə müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin 1.1-ci maddəsinə görə,İcarəyə verən həmin Müqavilənin tərkib hissəsi olan Razılaşma Protokolunda əks olunmuş Nəqliyyat vasitələrini, Texnika və/ və ya Avadanlıqları İcarəçiyə verir, İcarəçi isə onları təyinatı üzrə istifadə edib, İcarəyə verənə icarə haqqı ödəyir. Müqavilənin 12 avqust 2022-ci il tarixli, 01 №li Razılaşma Protokoluna əsasən, İcarəçi və İcarəyə verən avadanlığın aylıq icarə haqqının ümumi dəyərinin (ədv daxil) 5.900 manat təşkil etməsi ilə bağlı razılığa gəlmişlər. Müqavilənin 3.1-ci maddəsinə əsasən isə bu Müqavilə şərtlərinə uyğun verilmiş avadanlıqların icarə haqqının ödəniş şərtləri müəyyən edilir. Belə ki, həmin maddəyə əsasən icarəyə verilən hər bir avadanlıq üçün hər növbəti ayın ilk 3 (üç) günü ərzində göstərilmiş iş üçün tərəflər arasında “Çalışma saatlarının aktı” Forma 2 tərtib olunur, imzalanır və möhürlənir. Müqavilənin 3.3-cü maddəsində qeyd edilmişdir ki, bu Müqavilə üzrə icarə haqqı hər növbəti ayın ilk 10 (on) iş günü ərzində köçürmə yolu ilə həyata keçirilir. Lakin KC/EC-236 və KC/EC-226 saylı Təhvil-Təslim Aktlarına əsasən 9.213,07 manat icarə haqqının Tərəflərin imza və möhürü ilə təsdiq edilməsinə baxmayaraq Cavabdeh tərəfindən ödənilməmiş qalır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçıin qanuni nümayəndəsi X2 izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. - 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər(yeni redaksiya). (borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir. (əvvəlki redaksiya). - 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
10. İşin müəyyən olunmuş halı ondan ibarətdir ki, İddiaçı MMC (icarəyə verən) Cavabdeh QSC (icarəçi) arasında xx.xx.2022-ci il tarixli, 0**-KC-***2 nömrəli icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinə görə icarəyə verən bu müqavilənin tərkib hissəsi olan razılaşma protokolunda əks olunmuş nəqliyyat vasitələrini, texnika və ya avadanlıqları icarəçiyə icarəyə verir, icarəçi isə onları təyinatı üzrə istifadə edib icarəyə verənə icarə haqqı ödəyir.
11. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 6.1-ci bəndinə əsasən icarəçi bu müqavilənin Əlavə 1-də qeyd edilmiş icarə haqlarını icarəyəverən tərəfindən təqdim edilmiş və icarəçi tərəfindən təsdiqlənmiş Forma 2 (akt) əsasında ödəyəcək.
12. Tərəflər xx.xx.2022-ci il tarixli 01 nömrəli razılaşma protokolu ilə icarəyə verilən texnikanın markası, modeli, icarə haqqı barədə razılığa gəlmişlər.
13. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
14. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də, məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış icarə müqaviləsindən irəli gəlir.
15. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmədiyindən onun obyektdən istifadəyə görə icarə haqqı ödəmək vəzifəsi və iddiaçının da, müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır.
16. Belə ki, iş materiallarına əlavə edilmiş görülmüş işlərin təhvil-təslim aktlarına əsasən icarəverən tərəfindən X3 186 DD markalı hava kompressorunun fevral 2024-cü il tarixində ümumi dəyəri 5.900 manat məbləğində, mart 2024-cü il tarixində isə 3.313,07 manat məbləğində icarəyə verilməsini tərəflər öz imza və möhürü ilə təsdiq etmişlər.
17. Aktlar əsasında texnikanın icarəyə verilməsi nəticəsində ümumi icarə haqqı məbləği sadə riyazi hesablama ilə 9.213,07 manat təşkil edir.
18. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş və iddiaya etirazını bildirməmişdir.
19. Göründüyü kimi, icarəçi tərəf qeyd edilən icarə haqqı borcunun ödənilməsi ilə bağlı hər hansı bir sənədi Məhkəməyə təqdim etməmişdir.
20. Belə olan halda Məhkəmə hesab edir ki, 9.213,07 manat məbləğində icarə haqqı borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
21. Məhkəmə qeyd edir ki, iddiaçı tələb etdiyi 561,99 manat faiz borcu məbləğinin 230,32 manat hissəsini Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad edərək, 331,67 manat hissəsini isə 449.1-ci maddəsinə istinad edərək tələb etmişdir.
22. Məhkəmə əsas borca illik 5% hesablanmaqla 230,32 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
23. Məhkəmə qeyd edir ki, 2024-cü ilin aprel ayından xx.xx.2024-cü il tarixədək (iddia ərizəsi ilə məhkəməyə müraciət edilən tarixədək) hesabladıqda görünür ki, təxmini 6 ay keçmişdir.
24. Buna görə də, əsas borca illik 5 % hesablanmaqla 230,32 manat məbləğində pul (9.213,07x5/100=460,653 (bir il üçün), 460,653/12=38,387 (1 ay üçün), 38,387x6=230,32 (6 ay üçün) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
25. Digər hissədə isə, yəni Mülki Məcəllənin 449.1-ci maddəsinə istinad etməklə 331,67 manat pulun tələb edilməsi hissəsində iddia təmin edilə bilməz.
26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur.
27. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı sübut etməlidir ki, cavabdeh onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmişdir.
28. Hazırkı halda, isə iddiaçı tərəf cavabdehin qeyd edilmiş puldan faydalanması halını sübut edə bilməmişdir.
29. Məhkəmə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 121 manat məbləğində pulun tələb olunması ilə bağlı aşağıdakıları qeyd edir.
30. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 121 manat məbləğində pul iddiaçı tərəfindən dövlət büdcəsinə ödənmişdir.
31. Lakin, Məhkəmə qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənməli olan dövlət rüsumunun məbləği 114,43 manat təşkil edir.
32. Məhkəmə həmçinin hesab edir ki, hüquqi xidmətin göstərilməsi üçün çəkilmiş xərcin əvəzi olaraq 250 manat məbləğində pulun tələb edilməsi hissəsində əsassızdır.
33. Mülki Prossesual Məcəllənin 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
34. Hazırda isə görünür ki, iddiaçı tərəf vəkil və nümayəndə ilə təmsil edilməmiş, bütün sənədlər iddiaçının direktoru tərəfindən imzalanmış və məhkəmə iclaslarında iddiaçının direktoru iştirak etmişdir.
35. Beləliklə, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
36. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 9.213 (doqquz min iki yüz on üç) manat 07 (yeddi) qəpik, əsas borca illik 5 faiz hesablanmaqla 230 (iki yüz otuz) manat 32 (otuz iki) qəpik, ümumilikdə 9.443 (doqquz min dörd yüz qırx üç) manat 39 (otuz doqquz) qəpik məbləğində pul Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçıə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 114 (bir yüz on dörd) manat 43 (qırx üç) qəpik məbləğində pul Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçıə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov