Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-811/2025 30.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) nümayəndəsi X1, Cavabdeh3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti (ləğv prosesindədir) cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 81.587,93 (səksən bir min beş yüz səksən yeddi manat 93 qəpik) manat borc olmaqla – bundan 47.011,36 (qırx yeddi min on bir manat 36 qəpik) manat əsas, 30.456,14 (otuz min dörd yüz əlli altı manat 14 qəpik) manat faiz, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 4.120,43 (dörd min bir yüz iyirmi manat 43 qəpik) manat faiz borcu, iş üzrə ödənilmiş 334.76 (üç yüz otuz dörd manat 76 qəpik) manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat rüsumun cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulması, - tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 230A- 233, mənzil 103, Yeni qaydalarla: AZ1012, Bakı şəhəri, Yasamal rayonu, Xıdır Mustafayev küçəsi, 314, M18 nömrəli, ümumi sahəsi 99,70 kv.m olan mənzilə yönəlməsi, - yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli 10/0171/KBK saylı Kredit müqaviləsinə əsasən borcalana 36 (otuz altı) ay müddətinə illik 23 (iyirmi üç) faiz dərəcəsi ilə 50.000 (əlli min) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli, **********13-05301-093050 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 230A-233, mənzil 103, Yeni qaydalarla: AZ1012, Bakı şəhəri, Yasamal rayonu, Xıdır Mustafayev küçəsi, 314, M18 nömrəli, ümumi sahəsi 99,70 kv.m olan mənzil ipotekaya qoyulmuş və bu barədə Bank ilə ipoteka qoyan arasında 18 dekabr 2019-cu il tarixli İpoteka müqaviləsi bağlanmışdır. Bundan əlavə borcalan Cavabdeh3 kredit verilərkən Cavabdeh2 və Cavabdeh1 ilə Bank arasında 18 dekabr 2019-cu il tarixli üç tərəfli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) nümayəndəsi X3 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 əsas borcla razı olduğunu, faiz borcuna etiraz etdiyini bildirərək, borcun ödənilməsi üçün vaxt verilməsini məhkəmədən xahiş etdi.
5. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
7. Məhkəmə belə qənaətə gəlir ki, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclasında iştirak etməmişlər və belə olan halda, cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 oğlu arasında 18 dekabr 2019-cu il tarixli 10/0171/KBK nömrəli kredit müqaviləsi imzalanmış, həmin kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 25,28 faiz dərəcəsi ilə 50.000 manat məbləğində kredit verilmişdir.
11. Daha sonra, 18 dekabr 2019-cu il tarixli 10/0171/KBK saylı kredit müqaviləsi üzrə Cavabdeh3 oğlunun öhdəliklərinin təminatı olaraq Cavabdeh1 və Cavabdeh2 ilə xx.xx.2019cu il tarixli 10/0171/KBK saylı zaminlik müqaviləsi bağlanmışdır.
12. Bundan başqa 18 dekabr 2019-cu il tarixli 10/0171/KBK saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi bankla Cavabdeh3 (borc alan, ipoteka qoyan) arasında xx.xx.2019-cu il tarixli 10/0171/KBK nömrəli ipotеka müqaviləsi bağlanaraq Cavabdeh3 mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi,, 230A-233, mənzil 103, yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Xıdır Mustafayev küçəsi, 314, M18, m5 ünvanında yerləşən ümumi sahəsi 99,70 kv.m-dən ibarət mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir
13. Kredit müqaviləsi, zaminlik müqaviləsi və ipoteka müqaviləsi tərəflərin imzaları və hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir.
14. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
15. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
17. X2 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.
18. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.
19. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış borc müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
20. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2024-cü il tarixə banka əsas borc üzrə 47.011,36 manat, faiz borcu üzrə 30.456,14 manat və əsas borca illik 5 faiz hesablanmaqla 4.120,43 manat borcu vardır.
21. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-8137/2024 saylı qərardadı ilə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasına Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/10672 nömrəli rəyinə əsasən Cavabdeh3 kredit müqaviləsinin müddətinin bitdiyi tarixə, yəni xx.xx.2022-ci il tarixinə hesablanmış borc məbləği əsas borc üzrə 47.001,95 manat, faiz borcu üzrə 29.728,73 manat, xx.xx.2022-ci il tarixdən (müqavilənin müddətinin bitdiyi tarixdən) xx.xx.2024-cü il tarixə (maliyyə arayışında borcun hesablandığı tarix) yalnız əsas borca illik 5% hesablanmaqla borc 4.053,92 manat təşkil edir.
22. Məhkəmənin iclasında iştirak edən Cavabdeh3 kredit müqaviləsi imzaladığını, borcun ödənilməsi üçün vaxta ehtiyac olduğunu, əsas borcla razı olduğunu, faiz borcu ilə isə razı olmadığını bildirmişdir.
23. Digər cavabdehlərə məhkəmə baxış iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iclasa gəlməmiş, qeyd edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişlər.
24. Məhkəmə iş materiallarına əlavə edilmiş sübutları müqayisəli şəkildə təhlil edərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 47.001,95 manat, faiz borcu üzrə 29.728,73 manat, 5% ilə gecikdirilmiş vaxt üçün hesablanmış 4.053,92 manat məbləğində pul Cavabdeh3 oğlundan iddiaçının xeyrinə tutulmalıdır.
25. Bundan başqa, məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə iddia rədd edilməlidir.
26. Belə ki, kredit müqaviləsində müqavilənin qüvvədə olma müddəti 3 il (36 ay) (xx.xx.2022) müəyyən edilmiş, iddiaçı isə iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Göründüyü kimi, Bank əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində ona qarşı heç bir tələb irəli sürməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminlərə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir.
27. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
28. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-8137/2024 saylı qərardadı ilə ipoteka ilə təmin edilmiş əmlakın likvid və bazar dəyərini nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir.
29. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəyə əsasən ipoteka predmeti olan Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi,, 230A-233, mənzil 103 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzilin likvid dəyəri 260.000 manat, bazar dəyəri 275.000 manat müəyyən edilmişdir.
30. Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti məhz "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəyə əsasən 260.000 manat müəyyən edilməlidir.
31. Ona görə də, məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə tutma Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Xıdır Mustafayev küçəsi, 314, M18, m5 ünvanında yerləşən ümumi sahəsi 99,70 kv.m olan mənzilə ilkin satış qiyməti 260.000 (iki yüz altmış min) manat müəyyən edilməklə yönəldilərək açıq hərracda satılmalı, satışdan əldə olunan məbləğ kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilməlidir.
32. Məhkəmə həmçinin hesab edir ki, qətnamə ilə pulun tutulması qət edildiyindən, ipoteka predmeti satıldıqdan sonra vəsait kifayət etməszə pulun tutulması ümumi qaydada həyata keçiriləcəyindən iddianın “ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi” hissəsi təmin edilə bilməz.
33. Bundan başqa məhkəmə 334,76 manat məbləğində dövlət rüsumunun tutulması ilə bağlı aşağıdakıları qeyd edir.
34. İşə əlavə olunmuş **********42 nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 334,76 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
35. Lakin məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 332,38 manat məbləğində pul Cavabdeh3 oğlundan iddiaçının xeyrinə tutulmalıdır.
36. Bundan başqa ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması üçün dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 51 manat məbləğində pul da Cavabdeh3 iddiaçının xeyrinə tutulmalıdır.
37. Məhkəmə həmçinin qeyd edir ki, işdən də göründüyü kimi, məhkəməmühasibatlıq ekspertizasının keçirilməsi xərci 145 manat təşkil edir. Ona görə də, 145 manat məbləğində pul Cavabdeh3 oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənməlidir.
38. Beləliklə iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
39. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 47.001 (qırx yeddi min bir) manat 95 (doxsan beş) qəpik, faiz borcu üzrə 29.728 (iyirmi doqquz min yeddi yüz iyirmi səkkiz) manat 73 (yetmiş üç) qəpik olmaqla, cəmi 76.730 (yetmiş altı min yeddi yüz otuz) manat, 68 (altmış səkkiz) qəpik məbləğində pul Cavabdeh3 tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (ləğv prosesindədir) ödənilsin. Əsas borca illik 5 % hesablanmaqla 4.053 (dörd min əlli üç) manat 92 (doxsan iki) qəpik məbləğində pul Cavabdeh3 tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (ləğv prosesindədir) ödənilsin. xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə tutma Cavabdeh3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 99,70 kv.m olan mənzilə ilkin satış qiyməti 260.000 (iki yüz altmış min) manat müəyyən edilməklə yönəldilsin və açıq hərracda satılsın, satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 332,38 (üç yüz otuz iki manat otuz səkkiz qəpik) manat məbləğində pul Cavabdeh3 tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (ləğv prosesindədir) ödənilsin. İpoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 51 (əlli bir) manat məbləğində pul Cavabdeh3 tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (ləğv prosesindədir) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza xərcinin əvəzi olaraq 145 (bir yüz qırx beş) manat məbləğində pul Cavabdeh3 tutularaq AZ41NABZ******************** hesabı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov