Məhkəmə qərarları › İş №e-2-2(113)-812/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-812/2024

24.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Qarantiya
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-812/2024 24.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: bank qarantiyası, tenderdə iştirak, maddi zərər, təqsir) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X2, İddiaçının nümayəndəsi (qanuni təmsilçisi) X3, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MC) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra Cavabdeh ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya dəymiş zərərin əvəzi olaraq 61421,36 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. İddiaçının fəaliyyəti liftlərin quraşdırılması və “Lift servis” xidmətlərinin göstərilməsindən ibarətdir. İddiaçı bu fəaliyyətini həm özəl, həm də dövlət sektorunda göstərir. Dövlət sektorunda bu fəaliyyəti göstərmək üçün tenderlərdə iştirak edir və qalib çıxdığı təqdirdə həm liftin quraşdırılmasını, həm də servis xidmətini göstərir. Bu zaman da bank zəmanəti tələb edilir. Həmin bank zəmanəti etibarsız olduğu təqdirdə tenderdən qalib çıxmaq mümkün deyildir. Qalib çıxdığın zaman belə tender ikinci əlverişli təklif edən şirkətə verilir. 2.2. İddiaçı zəmanət məktubunu cavabdehdən alaraq tenderlərdə iştirak edirdi. Aylıq maaşla çalışan işçiləri olduğu üçün servis xidmətlərinin bütün məbləği şirkətin mənafeyi olur. Yəni artıq həmin işçilərə aylıq maaş ödəndiyi üçün servis zamanı ödənilən məbləğlər şirkətin mənafeyi olur. 2.3. “Tibbi Ərazi Bölmələrini X18” X12 tabeliyində olan “Yeni Klinika” X12 tenderə çıxardığı “liftlərə servis” layihəsi tenderində iddiaçı qalib olmuş və illik 61421,36 manat ödəməklə “liftlərə servis” haqqını almışdır. 2.4. 27 mart 2023-cü il tarixində “Tibbi Ərazi Bölmələrini X18” X12 tabeliyində olan “Yeni Klinika” X19 tərəfindən “Yük qaldırma qurğularının(liflərin) cari təmiri və illik servis xidmətinin” satınalınması ilə əlaqədar elan olunmuş elektron açıq tender proseduruna təqdim etdikləri X9 təminatı başqa tender proseduruna aid olduğundan “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası qanunun 36.5.3-cü maddəsinin tələblərinə əsasən tender təklifi formal tələblərə uyğun olmadığı üçün tenderdən kənarlaşdırılmışlar. 2.5. Belə ki, xx.xx.2023-cü il tarixində iddiaçı Cavabdeh ASC-yə müraciət edərək tenderdə iştirak etmək üçün bank tərəfindən “X9 Zəmanəti” verilməsini xahiş etmişdir. Cavabdeh ASC xx.xx.2023-cü il tarixdə “Tibbi Ərazi Bölmələrini X18” X12 tabeliyində olan “Yeni Klinika” X15 23 oktyabr 2023-cü il tarixinə qədər zəmanəti öz öhdəliyinə götürməsi ilə bağlı məktub ünvanlamışdır. Daha sonra bilmişlər ki, bankın verdiyi zəmanət məktubu etibarsız çıxmış, bank başqa tender üçün zəmanət verdiyi məktubu bu tender üçün göndərmişdir. Beləliklə, Cavabdeh ASC-nin səhvinə görə iddiaçıya külli miqdarda zərər dəymişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 404-1-ci maddəsi, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra “Dövlət satınalmaları haqqında” Qanun) göstərilmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X7 iddianın məzmununa uyğun izahat verdi və təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, qarantiya verilməsi üçün cavabdehə mütəmadi olaraq elektron qaydada müraciət etmiş, cavabdeh də bank qarantiyası vermişdir. Lakin “Yeni Klinika” X16 tərəfindən xx.xx.2023-cü il tarixdə elan olunmuş “Yük qaldırma qurğularının(liflərin) cari təmiri və illik servis xidmətinin” satınalınması ilə əlaqədar tender ilə bağlı cavabdehdə elektron qaydada müraciət olunaraq bank qarantiyası verilməsi tələb olunsa da, cavabdeh qarantiyanı yanlış verdiyi üçün tenderdən kənarlaşdırılmışlar. Belə ki, bank qarantiyası 700 manat üçün verilsə də, xidmətin adı səhv qeyd olunmuş, başqa tenderin zəmanət məktubu göndərilmişdir. Nəticədə əldə edə biləcəkləri mənfəətdən məhrum olmuşlar. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, bankın 700 manat qarantiya verdiyi tenderdə iddiaçı qalib olmuşdur. xx.xx.2023-cü il tarixli ərizələrdə və razılaşmada imza edən şəxs direktor müavini Bəşirov Bəşirdir. Sonuncu həmin vaxt şirkətdən müvəqqəti kənarlaşdırılmışdır. İddiaçının cavabdehə elektron müraciəti əsasında cavabdeh qarantiya verməli idi.

5. Məhkəmənin sonuncu iclasında iştirak edən iddiaçının nümayəndəsi (qanuni təmsilçisi) X8 iddianın məzmununa uyğun izahat verdi. Məhkəmənin sualına cavab olaraq bildirdi ki, onlara bank qarantiyasının verilməsi maraqlı olmuş, bununla bağlı cavabdehə elektron poçt vasitəsi ilə müraciət etmişlər. Cavabdeh sonradan kuryerlə sənədləri göndərmiş, onlar isə qarantiya razılaşmasını imzalamışlar. Bəşirov Bəşirə verilən bəzi etibarnamələr ləğv olunmuşdur. Lakin cavabdehin məhkəməyə təqdim etdiyi – Bəşirov Bəşirə verilən etibarnamənin ləğvi, bu barədə cavabdehə məlumat verilib-verilmədiyi barədə məhkəməyə dəqiq məlumat verə bilmir. Dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə bank qarantiyasının məzmunu ilə tanış olmamış, onlara “sənəd qəbul olundu” işarəsini görmələri kifayət etmişdir.

6. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddiaya etiraz etdi və bildirdi ki, tərəflər arasında bağlanmış “Kompleks bank xidməti müqaviləsi”nin şərtlərinə əsasən bank müştərinin müraciətinə əsasən bağlanmış müvafiq razılaşmaya əsasən zəmanət verir və zəmanətin müddəti, məbləği və s. həmin razılaşmada əks olunur. Tərəflər arasında münasibətlər də elə bu yöndə formalaşmışdır. Belə ki, iddiaçı zəmanətin verilməsi üçün banka müraciət etmiş, tərəflər arasında qarantiya razılaşması imzalanaraq müvafiq şərtlər razılaşdırılmış, bundan sonra iddiaçının ərizəsinə əsasən bank zəmanət vermişdir. İddiaçının istinad etdiyi hallar əsassızdır, bankın hər hansı təqsiri yoxdur. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, bankın sistemi Mərkəzi Bankın sisteminə inteqrasiya olunur və bank verdiyi zəmanəti öz sistemi vasitəsi ilə tenderlə bağlı dövlət satınalmalarının vahid internet portalına yerləşdirir. İddiaçı xx.xx.2023-cü il tarixdə “Yeni Klinika” X10 elan etdiyi tenderlərə görə 2 bank qarantiyası ilə bağlı müraciət etmiş, xx.xx.2023-cü il tarixdə 700 manatlıq qarantiya razılaşması bağlanmış və iddiaçı “Yeni Klinika” X10 elan etdiyi “İnzibati binada yerləşən konfrans zalının dam örtüyünün cari təmiri xidməti” üzrə keçirilən tenderdə iştirak məqsədi ilə qarantiyanın açılması ilə bağlı ərizə vermiş, bank da həmin ərizəyə uyğun zəmanət vermişdir. İddiaçı Bəşirov Bəşiri banka səlahiyyətli nümayəndəsi olaraq təqdim etmiş, etibarnamə vermişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

9. Məhkəmə iş materialları əsasında aşağıdakıları müəyyən edir: - İddiaçı (bank qismində) ilə cavabdeh (müştəri qismində) arasında xx.xx.2022-ci il tarixdə “Kompleks bank xidməti müqaviləsi”nin şərtlərinin qəbul edilməsinə dair ******* nömrəli “Qoşulma razılaşması” bağlanaraq tərəflərin bank xidmətlərinin göstərilməsinə dair hüquq və vəzifələri müəyyən edilmiş, müştərinin müraciətinə əsasən bankın təklif etdiyi xidmətlərdən istifadə edərkən bank və müştəri arasında olan münasibətlərin “Kompleks bank xidməti müqaviləsi” və müvafiq razılaşmalar ilə tənzimlənməsini razılaşdırmışlar. - İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə 3 məktubla müraciət edərək 1) xx.xx.2023-cü il tarixində “Yeni Klinika” X10 elan etdiyi 42416000-5 Liftlər, skip qaldırıcılar, qaldırıcılar, eskalatorlar və hərəkətli yollar, “Yük qaldırma qurğularının (liftlərin) cari təmiri və illik servis xidməti” üzrə keçirilən açıq tenderdə iştirak etmək üçün xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək 700 manat məbləğində (R/009 saylı məktub), 2) xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin elan etdiyi 45313000-4 Lift və eskalator quraşdırılması işləri, “X1 və “ASAN” xidmət mərkəzlərində liftlərə, eskalatorlara və fotosel qapılara 2023-cü il ərzində texniki xidmətlərinin satınalınması” üzrə keçirilən açıq tenderdə iştirak etmək üçün xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək (R/009 saylı məktub) 3000 manat məbləğində, 3) xx.xx.2023cü il tarixində “Yeni Klinika” X10 elan etdiyi 50712000-9 Mexaniki bina qurğularının təmiri və texniki xidməti, “İnzibati binada yerləşən konfrans zalının dam örtüyünün cari təmiri xidməti” üzrə keçirilən açıq tenderdə iştirak etmək üçün xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək 200 manat məbləğində (R/010 saylı məktub) bank təminatı verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. - xx.xx.2023-cü il tarixdə tərəflər arasında 2 qarantiya razılaşması bağlanaraq iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixədək 700 manat, xx.xx.2023-cü il tarixədək 3000 manat məbləğində qarantiyanın verilməsi razılaşdırılmış (hər iki hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur), iddiaçı həmin tarixdə 2 ərizə (möhürlə təsdiq olunmuşdur) ilə cavabdehə müraciət edərək xx.xx.2023-cü il tarixli razılaşmalara əsasən xx.xx.2023-cü il tarixədək 700 manat məbləğində “Yeni Klinika” X19 tərəfindən “İnzibati binada yerləşən konfrans zalının dam örtüyünün cari təmiri xidməti” üzrə və xx.xx.2023-cü il tarixədək 3000 manat məbləğində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “X1 və “ASAN” xidmət mərkəzlərində liftlərə, eskalatorlara və fotosel qapılara 2023-cü il ərzində texniki xidmətlərinin satınalınması” üzrə keçirilən tenderlərdə iştirak məqsədi ilə qarantiyanın açılmasına icazə verilməsini xahiş etmişdir. - xx.xx.2023-cü il tarixli “X9 zəmanəti”nə əsasən cavabdeh iddiaçının “İnzibati binada yerləşən konfrans zalının dam örtüyünün cari təmiri xidməti” üzrə keçirilən tenderdə iştirak etməsinə istinad edərək “Yeni Klinika” X11rşısında 700 manat məbləğində öhdəlik götürmüşdür. - “Yeni Klinika” X12 keçirdiyi “Yük qaldırma qurğularının (liftlərin) cari təmiri və illik servis xidməti” adlı müsabiqə üzrə xx.xx.2023-cü il tarixdə qiymət təkliflərinə baxılmış, iddiaçı 61421,36 manat qiymət təklif etmiş, xx.xx.2023-cü il tarixdə iddiaçının qalib seçildiyi, təklifin aksepti üçün təklif göndərildiyi qeyd olunmuş, “Yeni Klinika” X19 xx.xx.2023-cü il tarixdə iddiaçıya müraciət edərək “Yük qaldırma qurğularının (liftlərin) cari təmiri və illik servis xidməti”nin satınalması ilə əlaqədar xx.xx.2023-cü il tarixdə elan olunmuş elektron açıq tender proseduruna təqdim olunan X9 təminatı başqa tender proseduruna aid olduğundan “Dövlət satınalmaları haqqında” Qanunun 36.5.3-cü maddəsinin tələbinə əsasən tender təklifi formal tələblərə uyğun olmadığı üçün iddiaçının kənarlaşdırıldığını qeyd etmişdir.

10. İddiaçı bildirir ki, “Yeni Klinika” X16 tərəfindən xx.xx.2023-cü il tarixdə elan olunmuş “Yük qaldırma qurğularının (liflərin) cari təmiri və illik servis xidmətinin” satınalınması ilə əlaqədar tender ilə bağlı cavabdehdə elektron qaydada müraciət olunaraq zəmanət verilməsi tələb olunsa da, cavabdeh qarantiyanı yanlış verdiyi üçün tenderdən kənarlaşdırılmışlar. Belə ki, bank zəmanəti 700 manat üçün verilsə də, xidmətin adı səhv qeyd olunmuş, başqa tenderin zəmanət məktubu göndərilmişdir. Nəticədə iddiaçı mənfəət kimi əldə edəcəyi qiymət təklifi kimi verdiyi 61421,36 manat mənfəətdən məhrum olmuşdur. Həmin məbləğin cavabdehdən tutulmasını tələb edir.

11. Cavabdeh iddiaya etiraz edərək bildirir ki, tərəflər arasında bağlanmış “Kompleks bank xidməti müqaviləsi”nin şərtlərinə əsasən bank müştərinin müraciətinə əsasən bağlanmış müvafiq razılaşmaya əsasən zəmanət verir və zəmanətin müddəti, məbləği və s. həmin razılaşmada əks olunur. Tərəflər arasında münasibətlər də bu yöndə formalaşmışdır. Belə ki, iddiaçı zəmanətin verilməsi üçün banka müraciət etmiş, tərəflər arasında qarantiya razılaşması imzalanaraq müvafiq şərtlər razılaşdırılmış, bundan sonra iddiaçının ərizəsinə əsasən bank zəmanəti vermişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə 2 qarantiya ilə bağlı müraciət etmiş, xx.xx.2023-cü il tarixdə 700 manatlıq qarantiya razılaşması bağlanmış və iddiaçı “Yeni Klinika” X10 elan etdiyi “İnzibati binada yerləşən konfrans zalının dam örtüyünün cari təmiri xidməti” üzrə keçirilən tenderdə iştirak məqsədi ilə qarantiyanın açılması ilə bağlı ərizə vermiş, bank da həmin ərizəyə uyğun zəmanət vermişdir. Bankın hər hansı səhvi, təqsiri olmamışdır.

12. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia əsassızdır.

13. “Dövlət satınalmaları haqqında” Qanunun (tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan) tələblərinə əsasən iddiaçı - tender şərtlərinə əsasən təklif verən, tenderdə iştirak haqqını ödəyən hüquqi və ya fiziki şəxslər, yaxud hüquqi şəxslərin birliyi, tender təklifinin təminatı - iddiaçının tender təklifi üzrə satınalan təşkilat qarşısında götürdüyü öhdəliklərə verilən təminatdır. Bu təminat bank zəmanəti, akkreditiv, qiymətli kağızlar, nağd pul vəsaiti, depozitlər və digər maliyyə aktivləri ola bilər (2-ci maddə). Tenderin əsas şərtlər toplusunda tender təklifinin və satınalma müqaviləsinin yerinə yetirilməsi təminatlarının formaları, məbləği, emitenti, təsdiqləyici tərəf (əgər tələb olunursa) və digər şərtləri göstərilir (24.1 və 24.1.13-cü maddə). Satınalan təşkilat tender təklifinin təminatını tender təklifinin ümumi qiymətinin 1 faizi məbləğində müəyyənləşdirir. Təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır (33.1-ci maddə).

14. Göründüyü kimi tenderdə iştirak edən iddiaçı, yəni tender şərtlərinə əsasən təklif verən, tenderdə iştirak haqqını ödəyən hüquqi və ya fiziki şəxslər, yaxud hüquqi şəxslərin birliyi tenderin əsas şərtlər toplusunda göstərilən şərtlərə əsasən satınalan təşkilat qarşısında götürdüyü öhdəliklərə görə təminat verir. Bu təminat isə bank zəmanəti, akkreditiv, qiymətli kağızlar, nağd pul vəsaiti, depozitlər və digər maliyyə aktivləri formasında ola bilər. Hazırkı işin hallarından aydın olur ki, iddiaçının tenderdə iddiaçı qismində iştirakı üçün bank zəmanəti formasında təminat tələb olunmuşdur. Qeyd olunan zəmanət isə mülki qanunvericiliyin bank qarantiyası ilə bağlı normalarının tənzimləmə predmetinə aiddir.

15. Belə ki, Mülki Məcəllənin 478-ci maddəsinə əsasən qarantiyaya əsasən qarant (bank, digər kredit təşkilatı və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir.

16. Həmin Məcəllənin 479-cu maddəsinə əsasən qarantiya prinsipialın benefisiar qarşısında öhdəliyini (əsas öhdəliyi) lazımınca icra etməsini təmin edir, qarantiya verilməsinə görə prinsipial qaranta şərtləşdirilmiş muzd ödəyir.

17. Həmin Məcəllənin 480-ci maddəsinə əsasən qarantın benefisiar qarşısında qarantiya ilə nəzərdə tutulan öhdəliyi müstəqil öhdəlikdir və icrasının təminatı üçün verildiyi əsas öhdəlikdən, hətta qarantiyada bu öhdəliyə istinad edilsə belə, asılı deyildir.

18. Məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə qarantiya öhdəliklərin icrasının təminatı üsullarından biri kimi qeyd olunsa da, digər təminat üsullarından fərqli olaraq qarantın benefisiar qarşısında qarantiya ilə nəzərdə tutulan öhdəliyi icrasının təminatı üçün verildiyi əsas öhdəlikdən asılı olmayan müstəqil öhdəlik kimi təsbit olunmuşdur.

19. Hazırkı iş üzrə tərəflər arasında xx.xx.2022-ci il tarixdə “Kompleks bank xidməti müqaviləsi”nin şərtlərinin qəbul edilməsinə dair “Qoşulma razılaşması” bağlanaraq bank və müştəri arasında olan münasibətlərin “Kompleks bank xidməti müqaviləsi” ilə tənzimlənməsi razılaşdırılmışdır. “Kompleks bank xidməti müqaviləsi”nin 12-ci bəndində qarantiya ilə bağlı şərtlər tənzimlənmişdir. 12.1-ci bəndə əsasən bank müştərinin müraciətinə əsasən elektron sənəd mübadiləsi yolu ilə bağlanmış müvafiq razılaşmaya əsasən müştərinin benefisiarına təqdim edilən bank zəmanəti verir. Bank zəmanətinin müddəti, məbləği, illik faiz dərəcəsi, komisyon haqlar və s. spesifik şərtlər razılaşmada qeyd edilir. 12.9-cu bəndə əsasən bu müqavilənin qarantiyaya dair şərtləri müştəri ilə qarantiyaya dair müvafiq razılaşmanın bağlanması ilə qüvvəyə minəcəkdir.

20. Göründüyü kimi, “Kompleks bank xidməti müqaviləsi”ndə qanunvericiliyin tələbinə uyğun olaraq qarantiyanın müştərinin müraciəti əsasında bağlanmış razılaşmaya əsasən verilməsi qeyd olunmuşdur. Həmçinin elektron razılaşmanın elektron sənəd mübadiləsi yolu ilə bağlanması qeyd olunmuşdur. Müqavilədə elektron sənəd mübadiləsi yazılı informasiya sistemində elektron formada təqdim edilən elektron sənədin nizamlanmış hərəkəti ilə bağlı informasiya prosesi, elektron sənəd isə şəxsi imzanın analoqundan istifadə etməklə təsdiq olunmuş müqavilə, saziş, razılaşma, ərizə və s. kimi təsbit olunmuşdur.

21. Məhkəməyə təqdim olunan tərəflər arasında bağlanmış hazırkı mübahisənin predmeti olmayan qarantiya razılaşmalarından görünür ki, razılaşmalar elektron sənəd mübadiləsi yolu ilə deyil, adi yazılı qaydada bağlanmışdır.

22. İddiaçı əldən çıxmış fayda şəklində dəymiş zərəri tələb edərkən xx.xx.2023-cü il tarixdə edilmiş müraciəti əsasında “Yeni Klinika” X16 tərəfindən xx.xx.2023-cü il tarixdə elan olunmuş “Yük qaldırma qurğularının(liflərin) cari təmiri və illik servis xidmətinin” satınalınması ilə əlaqədar tenderə dair verilmiş zəmanətin bank tərəfindən yanlış verildiyinə, ona görə tenderdən uzaqlaşdırıldıqlarına, yəni cavabdehin öhdəliyini icra etməməsinə istinad edir.

23. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

25. Həmin Məcəllənin 21-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2).

26. Məhkəmə iş materiallarında olan sənədlər əsasında müəyyən edir ki, bank qarantiyası ilə bağlı tərəflər arasında işgüzar münasibətlər bu yöndə formalaşmışdır ki, iddiaçı (müştəri) əvvəlcə yazılı qaydada cavabdehə müraciət etmiş, tərəflər arasında qarantiya razılaşması bağlanmış, bundan sonra iddiaçı ərizə ilə müraciət edib bağlanmış həmin razılaşmaya istinad edərək qarantiyanın konkret nə ilə bağlı verilməsini istədiklərini göstərmişdir.

27. İş materiallarından aydın olur ki, iddiaçının xx.xx.2023-cü il tarixdə cavabdehə 3 müraciət məktubu olmuş, onlardan ikisi “Yeni Klinika” X10 elan etdiyi tenderlərlə, biri isə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin elan etdiyi tenderlə bağlı olmuşdur. Lakin tərəflər arasında xx.xx.2023-cü il tarixdə 2 qarantiya razılaşması bağlanmış, onlardan biri 700 manat, digəri 3000 manat qarantiyanın verilməsi ilə bağlı olmuşdur. Eyni gündə iddiaçı cavabdehə 2 ərizə ilə müraciət etmiş, xx.xx.2023-cü il tarixli razılaşmalara istinad edərək xx.xx.2023-cü il tarixədək 700 manat məbləğində “Yeni Klinika” X19 tərəfindən “İnzibati binada yerləşən konfrans zalının dam örtüyünün cari təmiri xidməti” üzrə və xx.xx.2023-cü il tarixədək 3000 manat məbləğində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “X1 və “ASAN” xidmət mərkəzlərində liftlərə, eskalatorlara və fotosel qapılara 2023-cü il ərzində texniki xidmətlərinin satınalınması” üzrə keçirilən tenderlərdə iştirak məqsədi ilə qarantiyanın açılmasına icazə verilməsini xahiş etmişdir.

28. Göründüyü kimi, iddiaçı “Yük qaldırma qurğularının (liftlərin) cari təmiri və illik servis xidməti” üzrə keçirilən tenderlə bağlı cavabdehin yanlış qarantiya verdiyinə istinad edərək məhkəməyə xx.xx.2023-cü il tarixli “X9 zəmanəti”ni təqdim etsə də, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, cavabdeh məhz iddiaçının ərizəsi əsasında xx.xx.2023-cü il tarixdə iddiaçının “İnzibati binada yerləşən konfrans zalının dam örtüyünün cari təmiri xidməti” üzrə keçirilən tenderdə iştirak etməsinə istinad edərək “Yeni Klinika” X11rşısında 700 manat məbləğində öhdəlik götürmüşdür. Üstəlik, iddiaçının özü də məhkəmə iclaslarında təsdiq etmişdir ki, qeyd olunan zəmanət məktubu əsasında “İnzibati binada yerləşən konfrans zalının dam örtüyünün cari təmiri xidməti” üzrə keçirilən tenderdə qalib olmuşlar. Bu isə bu qənaətə gəlməyə əsas verir ki, cavabdeh tərəfindən hər hansı yanlışlığa yol verilməmiş, bank zəmanətinin məzmunu iddiaçının istinad etdiyi kimi yanlış olmamış, istinad olunan zəmanət iddiaçının iştirak etdiyi digər tenderlə bağlı verilmişdir.

29. Beləliklə, iddiaçı eyni gündə cavabdehə 3 məktubla müraciət etsə də, tərəflər arasında 2 razılaşma imzalanmış, iddiaçı isə həmin razılaşmalara istinad edərək qarantiya verilməsi üçün 2 ərizə (ərizələrdən biri digər hüquqi şəxsin elan etdiyi tenderlə bağlı olmuşdur) ilə müraciət etmiş, mübahisə predmeti olan “Yeni Klinika” X10 elan etdiyi tenderlərdən yalnız biri – “İnzibati binada yerləşən konfrans zalının dam örtüyünün cari təmiri xidməti” üzrə qarantiyanın verilməsini tələb etmiş, bank tərəfindən də həmin tenderlə bağlı zəmanət (qarantiya) verilmiş, iddiaçı da həmin tenderdə qalib olmuşdur. İddiaçı etdiyi üç müraciətdən ikisi üzrə razılaşma bağladığı, kənarlaşdırıldığı tenderlə bağlı razılaşma bağlamadığı və iddianın əsası kimi istinad olunan zəmanət iddiaçının iştirak etdiyi digər tenderlə bağlı verildiyi halda, iddiaçının bankın öhdəliyini icra etməməsi və ya lazımi qaydada icra etməməsi ilə bağlı mövqeyi əsassızdır.

30. Məhkəmə həmçinin nəzərə alır ki, iddiaçı xx.xx.2023-cü il tarixli müraciət məktublarında “Yeni Klinika” X10 elan etdiyi tenderlərdən “Yük qaldırma qurğularının (liftlərin) cari təmiri və illik servis xidməti” üzrə keçirilən açıq tenderdə iştirak etmək üçün xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək 700 manat, “İnzibati binada yerləşən konfrans zalının dam örtüyünün cari təmiri xidməti” üzrə keçirilən açıq tenderdə iştirak etmək üçün xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək 200 manat məbləğində bank təminatı verilməsinə köməklik göstərilməsini xahiş etsə də, tərəflər arasında qarantiya razılaşması bağlandıqdan sonra ərizə ilə qarantiyanın verilmə müddəti və məbləğində dəqiqləşdirmə apararaq “İnzibati binada yerləşən konfrans zalının dam örtüyünün cari təmiri xidməti” üzrə xx.xx.2023-cü il tarixədək 700 manat məbləğində qarantiya verilməsini xahiş etmişdir. Bank da ona əsasən zəmanət vermişdir.

31. İddiaçının qanuni təmsilçisi qarantiya razılaşmalarının cavabdeh tərəfindən sonradan kuryer vasitəsi ilə göndərildiyinə və o zaman təsdiq edildiyinə istinad etsə, belə bir halın olduğunu cavabdeh tərəf qəbul etməmiş, iddiaçı tərəf isə buna dair hər hansı sübut təqdim etməmişdir. Bundan başqa, iddiaçının tenderdən kənarlaşdırılması ilə bağlı məktub xx.xx.2023-cü il tarixdə göndərilmişdir. Tərəflər arasında işgüzar münasibətlər iddiaçının qeyd etdiyi formada formalaşmış olsa belə, aprel ayından iyul ayınadək qarantiya razılaşmasının, ona müvafiq ərizənin rəsmiləşdirilməməsi ağlabatan deyildir.

32. Həmçinin iddiaçı tərəf məhkəmə iclaslarında xx.xx.2023-cü il tarixli qarantiya razılaşmaları və ərizələrin direktor müavini Bəşirov Bəşir tərəfindən imzalandığına, onun həmin vaxt işdən kənarlaşdırıldığına istinad edərək edilən hərəkətlərin hüquqi şəxsin adından edilən hərəkət kimi istisna edilməsinə istinad etmişdir.

33. Cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, qüvvədə olma müddəti xx.xx.2023-cü il tarixədək olan etibarnamə əsasında iddiaçı X5 digər səlahiyyətlərlə yanaşı bankda olan hesablar üzrə sərəncam vermək, adından ərizə ilə müraciət etmək, imza etmək və bütün irəli gələn digər tapşırıq və hərəkətləri yerinə yetirmək səlahiyyəti vermişdir.

34. Cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli əmrdən çıxarışdan görünür ki, iddiaçının direktorunun sənəd imzalama səlahiyyəti direktor müavini X5 verilmişdir.

35. Mülki Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

36. Həmin Məcəllənin 362.5-ci maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla verilir.

37. Məhkəmə əvvəla qeyd edir ki, həm qarantiya razılaşmaları, həm də ərizələr hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur. Bundan başqa, X4 işdən kənarlaşdırılması halının mövcud olduğunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Hətta belə bir hal mövcud olmuş olsa belə, iddiaçı həmin şəxsin etdiyi digər hərəkətləri mübahisələndirməmiş, eyni tarixdə verilən qarantiyalar ilə bağlı tenderə qalib olmuşdur. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsinin etdiyi bir qisim hərəkətlərin hüquqi nəticəsini qəbul etdiyi halda, hüquqi şəxs üçün mənfi nəticə doğuran digər hissəsini qəbul etməməsi hüquqdan sui-istifadə olmaqla yolverilməzdir. Həmçinin cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərdən də görünür ki, iddiaçı qanuni təmsilçisi X8 ilə birlikdə X6 cavabdehə iddiaçının adından müvafiq hərəkətləri etməyə səlahiyyətli şəxsi kimi təqdim etmiş, cavabdehə X5 verilmiş və xx.xx.2023-cü il tarixədək qüvvədə olan etibarnaməni, iddiaçının direktorunun sənəd imzalama səlahiyyətinin X5 verilməsinə dair əmrdən çıxarışı da təqdim etmişdir. Həmin etibarnamənin ləğv olunması, şəxsin işdən kənarlaşdırılması və bu barədə banka məlumat verilməsi faktı isə məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır. Belə ki, Mülki Məcəllənin 366.1-ci maddəsinə əsasən etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur.

38. Məhkəmə qeyd edir ki, kommersiya hüquqi şəxsləri təşkilati vahidlik, mülki dövriyyədə öz adından çıxış etmək, əmlak müstəqilliyi və s. ilə xarakterizə olunan, mülki dövriyyədə təşkilatlanmış formada iştirak edən sahibkarlıq fəaliyyəti subyektləridir və hüquqi şəxslər fiziki şəxslərdən fərqli olaraq insan varlığı olmayıb fiktiv şəxslər – personalardır. Onlar üçün hüquq və vəzifələr də məhz işçilərinin, xidmətlərindən istifadə edilən digər şəxslərin davranışları ilə yaranır (qui facit per alium facit per se – başqaları vasitəsilə hərəkət edən özü hərəkət etmiş hesab edilir).

39. Təsadüfi deyildir ki, Mülki Məcəllənin bəzi müddəalarında da öhdəliyin icra edilməməsi üçün məsuliyyətin həddi müəyyən edilərkən “respondeat superior” (sahibin – rəhbərin cavabdehliyi) prinsipi rəhbər tutulmuş və işçilərin və ya xidmət göstərənlərin hərəkətləri üçün borclunun məsuliyyəti müəyyənləşdirilmişdir. Qanunvericinin bu yanaşması belə bir əsasa söykənir ki, hüquqi şəxs ona görə işçinin və ya xidmətlərindən istifadə etdiyi şəxsin əməli üçün məsuliyyət daşıyır ki, sonuncuları seçərkən lazımi diqqət göstərməmişdir və ya onlara nəzarət etməyi bacarmamışdır. Bu mənada iddiaçı işçilərinin hərəkəti və ya hərəkətsizliyi üçün Mülki Məcəllənin 448.3 və 456-cı maddələrinə müvafiq olaraq məsuliyyət daşıyır.

40. “Dövlət satınalmaları haqqında” Qanuna (tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan) əsasən dövlət satınalmalarının vahid internet portalı-müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılan və fəaliyyəti təmin edilən, satınalma prosedurları haqqında dəvətlər və həmin prosedurların nəticələri dərc edilən, satınalma müqavilələrinin və etibarsız malgöndərənlərin (podratçıların) vahid reyestri aparılan, dövlət satınalmalarının elektron vasitələrlə həyata keçirilməsini təmin edən, dövlət satınalmalarını tənzimləyən qanunvericiliyi əks etdirən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə inteqrasiya olunan vahid internet portalıdır. Həmin Qanunun 50-2.1 və 50-2.1.8-ci maddəsinə əsasən dövlət satınalmalarının vahid internet portalı tender təklifinin təminatının verilməsini təmin etməlidir. 50-2.2-ci maddəsinə əsasən satınalan təşkilat tərəfindən tenderdə iştirakla bağlı bu Qanunla nəzərdə tutulan sənədlər barədə məlumatın əldə edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya ehtiyatları (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunan hədlərdə dövlət satınalmalarının vahid internet portalına inteqrasiya olunur. 50-5.2 və 50- 5.2.4-cü maddəsinə əsasən elektron satınalma aşağıdakılar əsas götürülməklə həyata keçirilir: satınalan təşkilat ilə elektron satınalmanın iştirakçıları və ya onların özü arasında yalnız dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əlaqə saxlanılır.

41. Qanunun tələbindən göründüyü kimi, satınalma prosedurları ilə bağlı həyata keçirilən hərəkətlər, sənəd mübadiləsi, həmçinin tender təklifinin təminatının verilməsi dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə həyata keçirilir, satınalan təşkilat ilə elektron satınalmanın iştirakçıları və ya onların özü arasında yalnız dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əlaqə saxlanılır. Bu mənada, iddiaçının iştirak etdiyi tenderlərlə bağlı qeyd olunan portal vasitəsi ilə tender təklifinin təminatı, hazırkı halda bank zəmanətləri ilə tanış olmaq imkanı olmuşdur. İddiaçının qanuni təmsilçisi bank qarantiyasının məzmunu ilə tanış olmadıqlarını, onlara “sənəd qəbul olundu” işarəsini görmələrinin kifayət etdiyini qeyd etmişdir. İddiaçının iştirak etdiyi hüquq münasibətində lazımi diqqət və sayıqlıq göstərməyərək iştirak etdiyi tender ilə bağlı portal vasitəsi ilə bank zəmanəti ilə tanış olmayıb bağlanmamış qarantiya razılaşması üzrə özünün güman və ehtimalına istinadla cavabdehin öhdəliyini icra etməməsində ifadə olunan təqsirinə istinad etməsini məhkəmə ağlabatan hesab etmir.

42. Mülki qanunvericiliyin normalarının müqayisəli təhlili onu deməyə əsas verir ki, öhdəliyin icra edilməməsi ilə vurulan “zərər”in əvəzinin ödənilməsi üçün 1) zərərin mövcud olması; 2) zərərin hüquqazidd hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; 3) zərərlə müvafiq hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqə; 4) zərər vuran şəxsin təqsiri müəyyən olunmalıdır. Həmçinin, müqavilədən irəli gələn öhdəliklər üzrə hüquqazidd hərəkət və yaxud hərəkətsizlik borclunun müqavilədən irəli gələn öhdəliyini icra etməməsində ifadə olunur.

43. Bu mənada hazırkı işin hallarının araşdırılması nəticəsində cavabdehin müqavilədən irəli gələn öhdəliyini icra etməməsi faktı müəyyən olunmamışdır. İddiaçının əldən çıxmış fayda şəklində dəymiş maddi zərərin yaranmasına əsas olan hal kimi istinad etdiyi əsas cavabdehin öhdəliyini icra etməməsi nəticəsində yox, iddiaçının cavabdehlə verilməsini istədiyi qarantiya ilə bağlı razılaşma bağlamaması, ərizə ilə müraciət etməməsi, portal üzərindən tenderlə bağlı sənədlərə nəzarət etməməsi nəticəsində yaranmışdır.

44. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı “dəymiş zərərə görə pulun tutulması” tələbinə dair iddiası rədd olunmalıdır.

45. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

46. İddia tələbi rədd edildiyindən məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc iddiaçıya aid edilməlidir.

V. Nəticə:

47. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar