Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-812/2025 17.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh «İri şəhərlərin X3 Xidməti» PHŞ-nə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: su borcunun silinməsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Vəliyeva Nigar Rauf qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh «İri şəhərlərin X3 Xidməti» PHŞ-nə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” tərəfindən fiziki şəxs kimi fəaliyyət göstərdiyim Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən obyektə hesablanmış 4104 manat borcun ləğv olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının Qaradağ rayonu Lökbatan qəsəbəsində VÖEN əsasında obyekti vardır. Həmin obyektdən sudan istifadə edilməsi üçün cavabdeh təşkilatla müqavilə bağlayaraq sudan istifadə etmiş və sudan istifadəyə görə su sayğacı quraşdırılmışdır. Həmin obyektdə heç bir əlavə xətdən istifadə etmədiyi halda cavabdeh təşkilat guya onun əlavə xətdən istifadə etməyinə dair 30 may 2024-cü il tarixdə ******* saylı akt tərtib etmişlər. Həmin aktda qeyd edilmişdi ki, tərəflərindən obyektə baxış keçirilərkən su sayğacın giriş xəttindən əvvəl diamenti 20 mm boru vasitəsil ilə sayğacdan kənar xətt qoşulmuşdur. Əsassız olaraq “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” tərəfindən 4104 manat məbləğində borc hesablanmışdır. Həmin su xəttinin ona heç bir aidiyyəti yoxdur, aşkarlanmış xətt obyektdən kənarda yerləşir. Tərtib edilmiş akt əsassız olduğuna görə həmin akta imza etməkdən imtina etmişdir. Hesab edir ki, həmin akt əsassız və qanunsuz olmaqla ona hesablanmış borc hesabından silinməlidir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin müzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, əlavə su xətinin çəkilməsini sübut edən foto şəkil və video görüntü yoxdur. Sudan qanunsuz istifadəyə görə akt tərtib edilmişdir, yoxlama Ədliyyə Nazirliyində qeydiyyata alınmamışdır. Qarşı tərəfin içməli suya görə 2052 manat, çirkab suya görə 2052 manat borcu yaranmışdır.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Qaradağ rayon Su kanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 600072 saylı aktına əsasən idarənin əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən obyektə baxış keçirildiyi və baxış zamanı sayğacın giriş xəttindən əvvəl d=20 mm boru vasitəsi ilə sayğacdan kənar xətt qoşuldğu, qeyri-qauni xəttin şəkil və video görüntüsü tərəflərindən çəkildiyi qeyd edilmişdir.
7. Qaradağ rayon Su kanal İdarəsi tərəfindən qanunsuz istifadə fakturasına əsasən xx.xx.2024-cü il tarixli, 601775 saylı akta əsasən su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadəyə görə fiziki şəxsə 4104 manat məbləğində borc hesablanmışdır.
8. İddiaçıya məxsus abonent məlumatlarına əsasən may 2024-cü il tarixinə sudan qanunsuz istifadəyə görə 2052 manat və çirkab suların axıdılmasına görə isə 2052 manat məbləğində borc hesablanmışdır.
9. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
10. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
11. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2024-cü il tarixli 600072 saylı akta əsasən iddiaçı su xəttinə qeyri-qanuni qoşulmuş d=20 mm-lik borunun su buraxma qabiliyyəti bir saatda 1.14 m3 təşkil etdiyini, obyektdə qeyri-qanuni birləşmə ilə sudan orta hesabla sutkada 5 saat istifadə edilməklə 12 ay ərzində 2052 m3 miqdarında su itkisinə yol verilmişdir. İddiaçıya məxsus abonent kartına əsasən cəmi borcunun 2052 manat olması qeyd olunmuşdur. İddiaçı hal-hazırda 2052 manat məbləğində hesablanmış borcun silinməsini məhkəmə qaydasında mübahisələndirmişdir. Cavabdeh isə həmin aktın qanuni olduğunu və iddiaçı tərəfindən qeyri-qanuni qoşulma edərək qanunsuz sudan istifadə etdiyi üçün həmin 2052 manat borcun əsaslı yazıldığını bildirərək iddianın rədd edilməsini xahiş edir.
12. Məhkəmə əvvəla qeyd edir ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61.1-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.
13. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi mövcud qanunvericiliyə müvafiq olaraq faktiki göstərilən xidmətə görə ödənişi, obyektdən istifadənin dayandırılması haqqında istehlakçının azı dörd iş günündən gec olmayaraq su təchizatı və kanalizasiya müəssisəsinə məlumat verməsi halı istisna olmaqla, istehlakçı tərəfindən obyektdən istifadə dayandırıldıqdan sonra da alına bilər.
14. İşin hallarından göründüyü kimi cavabdeh mübahisəli borcun hesablanmasını iddiaçı tərəfindən sayğacdan kənar su xəttindən istifadə edilməsi və bunun nəticəsində cavabdehə ziyan vurulması ilə əsaslandırsa da, iddiaçıya məxsus obyektdə kənar su xəttindən (qanunsuz qoşulma) istifadə edilməsini təsdiq edən mötəbər sübutları (video və foto çəkilişləri və s.) məhkəməyə təqdim edə bilməmişdir.
15. Belə ki, məhkəməyə sadəcə xx.xx.2024-cü il tarixli 600072 saylı akt təqdim olunmuş və buna görə də kənar xətdən istifadə edilməsi faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli sübut deyildir.
16. Bundan əlavə cavabdeh tərəfindən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən təqdim edilmiş çıxarış iddia tələbinin imtinası üçün əsaslı sübut hesab edilə bilməz. Belə ki, adıkeçən çıxarışda sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halı müəyyən edildiyi qeyd edilsə də, cavabdeh tərəfindən də sübuta yetirilməmişdir.
17. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Digər tərəfdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun:
20. 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.
21. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.
22. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
23. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin:
24. 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
25. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.
26. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.
27. Göründüyü kimi cavabdeh PHŞ su ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.
28. Hazırkı işin hallarından isə görünür ki, yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır.
29. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır.
30. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya 4104 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir.
31. Göründüyü kimi cavabdeh qurum qanunsuz yoxlama aparmaqla iddiaçıya 4104 manat məbləğində su borcu hesablamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən hesablanmış borc əsassız olduğundan silinməlidir.
32. Məhkəmə qeyd edir ki, MPM-də çəkişmə prinsipi və bir başa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən, məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən edilir.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
35. Məhkəm xərclərinə gəldikdə isə iş materiallarından görünür ki, iddiaçı tərəfindən 61 manat dövlət rüsumu ödənilmişdir.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
37. Məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün iş üzrə ödənilmiş 61 manat dövlət rüsumu xərci cavabdehə aid edilməlidir.
V. Nəticə:
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh «İri şəhərlərin X3 Xidməti» PHŞ tərəfindən hesablanmış 4104 manat məbləğində borc 110381 saylı abunə hesabından silinsin. Dövlət rüsumunun əvəzi olaraq 61 manat məbləğində pul vəsaiti cavabdeh «İri şəhərlərin X3 Xidməti» PHŞ-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova