Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-815/2025 04.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “Azər-Türk Bаnk” Açıq Səhmdаr Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı borc tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, zaminlik) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, iddiaçı “Azər-Türk Bаnk” Açıq Səhmdаr Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı borc tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı “Azər-Türk Bаnk” Açıq Səhmdаr Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 onun xeyrinə 25961,39 manat əsas, 1435,11 manat faiz, cəmi 27396,50 manat borcun, həmçinin ödənilmiş 172,59 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 30 ay müddətinə nağd şəkildə istifadə оlunmaqla 50000 manat məbləğində krеdit vеrilmiş və bununla bağlı "xxxx" ASC ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli saylı Krеdit Müqaviləsi bağlanmışdır. Krеdit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin еtmək məqsədilə xx.xx.2023-cü il tarixli saylı Zaminlik Müqaviləsinə əsasən Cavabdeh2 Bank qarşısında öhdəlikləri tam yеrinə yеtirilənədək Cavabdeh3, Cavabdeh1 ona zamin durmuşlar. Zaminlik Müqavilələrinin 1.1.ci bəndinə görə, Bоrcalan Bank qarşısında öz öhdəliklərini tam yеrinə yеtirənədək Zaminlər, Bоrcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Krеdit Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh2 xx.xx.2024-cü il tarixinə əsas borcu 25961,39 manat, faiz borcu 1435,11 manat, cəmi 27396,50 manat təşkil edir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət оlunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh2 götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya (хəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Bununlа dа cavabdehlər, Krеdit Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yеrinə yеtirməmiş və еyni zаmаndа hеsаblаrа, mühаsibаt uçоtunа dəqiq və düzgün əməl еtmədiyindən krеdit Müqaviləsi üzrə yаrаnmış bоrcun tələb еdilməsi zərurəti yаrаnmışdır. Hаl-hаzırdа cavabdehlərin, krеdit müqaviləsinə əsаsən əsаs və оnа hеsаblаnmış fаiz bоrcu 27396,50 manat təşkil еdir ki, bu bоrcun dа cavabdehlər tərəfindən ödənilməsi təmin еdilməlidir. İddiaçı iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 443, 445, 448.1, 448.2, 472.1, 739.1-ci maddələrinə istinad edilmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 borc məbləğini qəbul etmədiyini, borc məbləğinin iddia tələbi və ekspert rəyindən daha aşağı olduğunu bildirmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: Cavabdeh2 (Borcalan) ilə İddiaçı ASC (Kreditor) arasında bağlanmış xx.xx.2023-cü il tarixli KOB-KRM-025-2023 saylı Krеdit Müqаviləsinə əsasən Kreditor dövriyyə vəsaitinin alınması və kredit öhdəliyinin bağlanması məqsədi ilə Borcalana illik 17% ilə 30 ay müddətinə 50000 manat məbləğində krеdit vеrməyə, Borcalan isə ödəniş qrafikində nəzərdə tutulmuş qaydada kredit üzrə ödənişləri Kreditora ödəməyə razılaşmışlar. xx.xx.2023-cü il tarixli KOB-KRM-025-2023 saylı Krеdit Müqаviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2023-cü il tarixdə İddiaçı ASC Cavabdeh1 ilə KOB- KZM-025/2-2023 saylı, Cavabdeh3 ilə KOB-KZM-025/1-2023 saylı zaminlik müqavilələri bağlamışdır. Zaminlik müqavilələrinin 3.1-ci bəndinə əsasən, zamin borcalanın bank qarşısında 31 yanvar 2023-cü il tarixli, № KOB-KRM-025-2023 saylı müqavilə üzrə Banka olan kredit və ona hesablanmış faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanm öhdəliyi icra etməməsi və ya lazımı icra etməməsi nəticəsində Banka dəyən digər zərərin (komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s.) əvəzinin ödənilməsi də daxil olmaqla, yaranan və yarana biləcək hər cür zərər üçün Borcalan-ilə eyni həcmdə məsuliyyət daşıyır. Zaminlik Müqaviləsinin 4.2-ci bəndinə əsasən Borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, Zamin Bank qarşısında bu müqavilənin 3.1. bəndində göstərilən, 31 yanvar 2023-cü il tarixli, № KOB- KRM-025-2023 saylı kredit müqaviləsi üzrə yaranan və yarana biləcək hər - hansı məbləği Bankın ilk tələbində heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür və İddiaçı ASC-də və digər banklarda hesablarında olan vəsaitin Bank tərəfindən tutulmasına icazə verir. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh2 dövriyyə vəsaitinin alınması və kredit öhdəliyinin bağlanması məqsədi ilə İddiaçı ASC-dən 30 ay müddətinə 50000 manat məbləğində kredit verilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli KOB-KRM-025-2023 saylı Krеdit Müqаviləsi üzrə tərtib edilmiş ödəniş qrafikindən görünür ki, ümumi məbləği 50000 manat olan illik faiz dərəcəsi 17% olmaqla verilmiş kreditə görə Cavabdeh2 28 fevral 2023-cü il tarixdən 31 iyul 2025-ci il tarixinə qədər hər ayın 28-i (və ya 30,31) 2057,28 manat, sonuncu ay 2057,27 manat ödəməlidir. xx.xx.2023-cü il tarixli saylı kredit müqaviləsi üzrə İddiaçı ASC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə Cavabdeh2 25961,39 manat əsas borcu, 1435,11 manat faiz borcu, ümumilikdə 27396,50 manat borcu vardır. İddiaçı ASC -də olan Cavabdeh2 məxsus xx.xx.2024-cü il tarixli hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixində Cavabdeh2 hesabına 50000 manat kredit köçürülmüşdür. İddiaçı ASC tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2023-cü il tarixli KOB-KRM-025-2023 saylı Krеdit Müqаviləsinə əsasən hesablanmış 25961,39 manat əsas və 1250,04 manat faiz borc məbləğini 5 iş gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə, iddia tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Cavabdehlərin borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və 29 aprel 2025-ci il tarixli 9/10677 saylı rəyi ekspert rəyi ilə Cavabdeh2 İddiaçı ASC-yə maliyyə arayışında göstərilən xx.xx.2024cü il tarixə əsas borc üzrə 25963,66 manat, faiz borcu üzrə 1376,31 manat, ekspert rəyinin verildiyi tarixə xx.xx.2024-cü il tarixə əsas borc üzrə 25963,66 manat, faiz borcu 1879 manat müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı ASC tərəfindən 172,19 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır 739-cu maddəsinin xx.xx.2023-cü il tarixinə kimi qüvvədə olmuş əvvəlki tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli KOB-KRM-025-2023 saylı Krеdit müqаviləsinə əsasən sonuncuya 30 ay müddətinə 50000 manat məbləğində kredit verilmişdir. Öhdəliyin icrasının təmin edilməsi üçün xx.xx.2023-cü il tarixdə İddiaçı ASC Cavabdeh1 ilə KOB-KZM-025/2-2023 saylı, Cavabdeh3 ilə KOB-KZM-025/1-2023 saylı zaminlik müqavilələri bağlamış və zaminlər borclu ilə birgə məsuliyyəti öz üzərinə götürmüşlərr. Kreditor, yəni iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zaminlər, yəni cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öhdəlikləri tam icra etməmişlər, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır. Məhkəmə cavabdehlərdən tutulacaq əsas borcun məbləği ilə bağlı qeyd edir ki, iddiaçı iddia tələbində 25961,39 manat məbləğində əsas borcun tutulmasını tələb etsə də, keçirilmiş məhkəmə ekspertizası nəticəsində xx.xx.2024-cü il tarixə əsas borc məbləğinin 25963,66 manat olduğu qeyd edilmişdir. Lakin MPM-in 218.3-cü maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, əsas borcun məbləği iddia tələbində ekspert rəyinə nisbətdə daha az göstərildiyindən əsas borc iddia tələbinə uyğun olaraq 25961,39 manat müəyyən olunmalıdır. Həmçinin məhkəmə cavabdehlərdən tutulacaq faiz borcunun məbləği ilə bağlı qeyd edir ki, iddiaçı iddia tələbində 2653,65 manat məbləğində faiz borcunun tutulmasını tələb etsə də, keçirilmiş məhkəmə ekspertizası nəticəsində xx.xx.2024-cü il tarixə faiz borc məbləğinin 1376,31 manat olduğu məlum olmuşdur. Məhkəmə, ekspert rəyini mötəbər sübut kimi nəzərə alaraq hesab edir ki, faiz borcun məbləği ekspert rəyinə uyğun olaraq 1376,31 manat məbləğində müəyyən olunmalıdır. Eyni zamanda məhkəmə MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 172,19 manat dövlət rüsumunun 171 manatının əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaitinin 199 manat məbləğində hissəsi cavabdehlərdən müştərək qaydada, 1 manat məbləğində hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 25961,39 manat əsas, 1376,31 manat faiz, ümumilikdə 27337 (iyirmi yeddi min üç yüz otuz yeddi) manat 70 (yetmiş) qəpik və ödənilmiş dövlət rüsumunun 172 (yüz yetmiş iki) manatının əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaiti 199 (yüz doxsan doqquz) manatı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada, 1 (bir) manatı isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-815/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-815/2025
04.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver