Məhkəmə qərarları › İş №e-2-2(113)-8186/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8186/2024

24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8186/2024 24.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X3 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X3 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı “X3 Azərbaycan” QSC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 49443,57 manat əsas borc, əsas məbləğə hesablanmış faiz borcu 4177,56 manat, 1635,02 manat cərimə borcu, ümumilikdə 55256,15 manat məbləğində kredit borcunun, 255,77 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 21 iyul 2023-cü ildə “X3 Azərbaycan” QSC ilə Cavabdeh1 MMC arasında 232938/1 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, bank tərəfindən borcalan Cavabdeh1 MMC-yə digər öhdəliklərinin bağlanılması ilə bağlı 65000 (altmış beş min) manat məbləğində pul ayrılmışdır və о 24 (iyirmi dörd) ay müddətində kreditin əsas məbləği və оna illik 14 % (on dörd) faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. Bununla yanaşı bоrcalanın 21 iyul 2023-cü il tarixli, 232938/1 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin еdilməsi məqsədilə həmçinin cavabdeh Qanuni nümayəndə ilə 21 iyul 2023-cü il tarixli 2023/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi bоrcalanın öhdəliklərinin lazımınca icra еdilməsinə görə оnunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürmüşdür. "xxxx" QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra еtsə də Cavabdeh1 MMC krеdit müqaviləsinin şərtlərini pоzaraq, krеdit müqaviləsi üzrə ödənişləri mütəmadi оlaraq gеcikdirmişdir. Cavabdеhlərə dəfələrlə bu barədə sifahi və yazılı qaydada хəbərdarlıq еdilməsinə və həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair bildirişlərin (pretenziyaların) verilməsinə baхmayaraq, krеdit müqaviləsi üzrə öhdəliklərini icra еtməmişlər və bu günə kimi "xxxx" QSC-yə оlan bоrclarını ödəməmişlər. Borcalanın "xxxx" QSC-yə 232938/1 nömrəli 21 iyul 2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə оlan ümumi kredit bоrcu: krеditlər üzrə əsas məbləğ borcu – 49443,57 (qırx doqquz min dörd yüz qırx üç manat əlli yeddi qəpik) manat, əsas məbləğə hesablanmış faiz borcu – 4177,56 (dörd min yüz yetmiş yeddi manat əlli altı qəpik) manat, hər gеcikdirilmiş günə görə cərimə borcu – 1635,02 (bir min altı yüz otuz beş manat iki qəpik) manat, cəmi borc: 55256,15 manat təşkil edir.

İİ.Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi H.Quluzadə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə də məhkəməyə məlumat verməmişlər.

5. Sonuncu məhkəmə iclasının cavabdehlərin və onların nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

6. Əvvəlki məhkəmə iclasında cavabdehlərin nümayəndəsi M.Məmmədli iddia tələbini tam həcmdə qəbul etdiyini, iddiaçı tərəfindən imkanlar yaradılmasına baxmayaraq maddi vəziyyət ilə bağlı olaraq ödənişlərin edilməsinin mümkün olmadığını, 2025-ci ilin yanvar ayından etibarən iddiaçıya ödəniş edilməsinin mümkün olacağını bildirmişdir.

İİİ.Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin:

8. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

9. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

10. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

11. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

12. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

13. İddiaçı (kreditor) ilə Cavabdeh1 MMC (borcalan) arasında bağlanmış xx.xx.2023cü il tarixli, 232938/1 nömrəli kredit müqaviləsinin 1.1-ci bəndinə görə, borcverən borcalana bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə kredit verir, borcalan isə kredit üzrə almış olduğu bütün borc pul məbləğlərini bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və müddətlərdə borcverənə qaytarmasını öhdəsinə götürür.

14. Müqavilənin 1.2-ci bəndinə görə kreditin məbləği 65000 manat təşkil edir.

15. Müqavilənin 1.3-cü bəndinə görə kredit borclana 24 ay müddətinə və istifadəsinə görə illik 14% dərəcəsi ödəmək şərti ilə verilir.

16. Müqavilənin 5.1-ci bəndinə görə borcalan aldığı kreditin və ona hesablanmış faizlərin bu müqavilə ilə müəyyən edilmiş qaytarılması müddətlərini və ya şərtlərini pozduqda, gecikdirilmiş məbləğ üzrə illik 40% miqdarında cərimə ödəyir.

17. İddiaçı (kredior) ilə cavabdeh Qanuni nümayəndə arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2023/1 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə zamin “X3 Azərbaycan” QSC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 232938/1 nömrəli kredit müqaviləsi üzrə borcalanın bank qarşısında öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirilənədək onunla tam və birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.

18. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışına görə xx.xx.2023-cü il tarixli, 232938/1 nömrəli kredit müqaviləsi üzrə əsas borc 49443,57 manat, faiz borcu 4177,56 manat, cərimə borcu isə 1635,02 manat təşkil edir.

19. Cavabdeh Qanuni nümayəndə tərəfindən imzalanmış müştəri bəyan formasından görünür ki, cavabdeh 65000 manat məbləğində kredit vəsaitinin iddiaçı bankda olan hesaba mədaxil olunduğunu təsdiq etmişdir.

20. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

21. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-cu maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

23. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

24. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

25. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

26. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

27. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

28. Beləliklə, işin hallarından məlum olur ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 232938/1 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-yə 24 ay müddətinə, illik faiz dərəcəsi 14 % оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 65000 (altmış beş min) manat məbləğində krеdit verilmişdir. xx.xx.2023-cü il tarixli, 232938/1 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdeh Qanuni nümayəndə ilə xx.xx.2023-cü il tarixli, 2023/1 nömrəli zaminlik müqaviləsi imazalanmış və o, xx.xx.2023cü il tarixli, 232938/1 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 MMC ilə bank qarşısında birgə və tam həcmdə üzərinə məsuliyyət götürmüşdür. Cavabdeh1 MMC krеdit razılaşmasının tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri banka vaxtında qaytarmamışdır.

29. Həmçinin cavabdehlərin nümayəndəsi M.Məmmədli xx.xx.2024-cü il tarixli məhkəmə iclasında cavabdehlər tərəfindən iddia tələbinin tam həcmdə qəbul edildiyini bildirmişdir.

30. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlərdən (əsas borclu və zamin) birgə qaydada 49443,57 manat əsas borc, 4177,56 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.

31. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 1635,02 manat cərimənin cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

32. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

33. Məhkəmə hesab edir ki, borcun gecikdirilməsi faktı məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığı üçün iddia tələbi bu hissədə də əsaslıdır və təmin edilməlidir.

34. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə kredit müqaviləsi üzrə iddiaçıya borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən birgə qaydada 49443,57 manat əsas borc, 4177,56 manat faiz borcu və 1635,02 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 255,77 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə birgə qaydada 49443,57 manat əsas borc, 4177,56 manat faiz borcu, 1635,02 manat dəbbə pulu, 255,77 manat dövlət rüsumu, ümumilikdə 55511,92 (əlli beş min beş yüz on bir manat doxsan iki qəpik) manat məbləğində pul tutularaq iddiaçı “X3 Azərbaycan” QSC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar