Məhkəmə qərarları › İş №e-2-2(113)-8193/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8193/2025

28.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8193/2025 28.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Makro 2000 X1 X4 Diş Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Fililalına qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə və yük daşıma, qarışıq müqavilə, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh “Makro 2000 X1 X4 Diş Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Fililalına qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh “Makro 2000 X1 X4 Diş Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Fililalından borclu olduğu əsas borc üzrə 10 000 manat və ilk gecikdirilən gündən, yəni 2024-cü ilin dekabr ayından nəzərə alınmaqla hər gecikdirilən gün üçün 1%-i olmaqla, 44964,49 manat faiz məbləğinin, ümumilikdə isə 54964,49 manat ödənilməli olan pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh “Makro 2000 X1 X4 Diş Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Fililalı arasında bağlanmış ML- 30 nömrəli 25 may 2024-cü il tarixli “Nəqliyyat xidməti müqaviləsi”nə əsasən etibarnamə üzrə (xx.xx.2025-ci il tarixdən isə öz mülkiyyətindədir) ona məxsus olan **-DA-*** dövlət qeydiyyat nişanlı “Shacman” özü boşaldan yük maşını ilə sifarişçinin sifarişi əsasında xidməti göstərməyi öz öhdəsinə götürmüşdür. Müqavilə bir il müddətinə bağlanmış və həmin müqaviləyə əsasən o həmin avtomobili 2024-cü ilin may ayında şirkətə təhvil vermişdir. Müqaviləyə əsasən, şirkət hər ay icarə haqqı kimi ona xidmət haqqı ödəməli idi. 2024-cü ilin may ayından noyabr ayına kimi nəzərdə tutulmuş icarə haqqı gecikdirmələr olsa da ona ödənilmişdir. Lakin 2024-cü ilin dekabr ayı 7423 manat, 2025-ci ilin yanvar ayı 7397 manat və fevral ayı isə 1748 manat xidmət haqqı olmaqla, ümumilikdə 16.568 manat icarə haqqından 14 iyul tarixində cəmi 6568 manat icarə haqqı ödəniş etsə də yerdə qalan 10.000 (on min) manat icarə haqqını (xidmət haqqını) bu günə qədər ödəməmişlər. Cavabdeh şirkətə həmin məbləğlərə dair müvafiq qaimələr də onun tərəfindən vaxtlıvaxtında göndərilmişdir. Lakin aradan 10 aydan da çox vaxt keçməsinə baxmayaraq həmin məbləğlər ona ödənilməmişdir. Bu səbəbdən də pretenziya və digər rəsmi məktub formasında 10 aydır ki, müraciət edib öz pulunu tələb etməyinə baxmayaraq şirkətin səlahiyyətli şəxsləri və direktoru hər dəfə müxtəlif bəhanlərə gətirərək borcunu ödəməkdən yayınır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 152.1, 157.2, 425.1, 425.2, 442.1, 449.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd edilənləri müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmiş, məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, Forma-2 ləri vatsap tətbiqi vasitəsi ilə qarşı tərəf ona göndərmişdir. Sənədləri cavabdeh tərəf ona göndərirdi və bunun əsasında o qaimələri cavabdehə təqdim edirdi. Ümumilikdə, təxminən 6 e-qaimə göndərilmişdir. Onlardan bir qismi üzrə ödəniş edilmişdir. Təhvil-təslim onlayn qaydada aparılırdı. Tərtib olunan cədvəl ayın sonunda vatsap tətbiqi vasitəsi ilə ona göndərilirdi. Həmin rəqəmləri e-qaimədə qeyd edib onlara göndərirdi. Hesab-fakturalar cavabdehin vatsap vasitəsi ilə ona göndərdikləri Forma-2-lərdir. Onların sifarişi əsasında daşıma xidməti həyata keçirirdi. Görülən işə görə günün sonunda sürücü aktlara imza çəkirdi, lakin həmin sənədlər qarşı tərəfdədir. Cərimə məbləği tərəflər arasında bağlanmış müqavilədə qeyd edilməmişdir. Onlara verilən yanacağın dəyəri çıxılmışdır. İddia tələbi üzrə qeyd etdiyi 10000 manat məhz ƏDV xaric məbləğdir. E-sistemə əlavə edilən e-qaimələr ödəniş edilməyən e-qaimələrdir. E-qaimələr üzrə ümumi məbləğ 16000 manat məbləğdir. Borc üzrə 6000 manat cavabdeh tərəfindən gecikmələrlə ödənilmişdir. Onlarda qarışıq müqavilə olmuşdur. Belə ki, xidmət göstərən nəqliyyat vasitəsi üzrə aylıq 6000 manat icarə haqqı ödənilməsi barədə razılığa gəlinmişdir. Daşıdığı yüklər onların tikintiyə istifadə etdikləri mişar daşlarıdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsi gəlməmiş və gəlməməyinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı (icraçı) ilə “Makro 2000 X1 X4 Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Fililalı (sifarişçi) arasında imzalanmış ML-30 nömrəli 25 may 2024-cü il tarixli “Nəqliyyat xidməti müqaviləsi”nin 1.1-ci bəndinə əsasən “Sifarişçi” nəqliyyat kiralama xidmətlərinin göstərilməsini sifariş verib “İcraçı”ya razılaşdırılmış xidmət haqqı ödəməyi, “İcraçı” isə “Sifarişçi”nin müəyyən etdiyi qaydada “nəqliyyat kiralama” xidmətləri göstərməyi öhdəsinə götürür. 2.2-ci bəndinə əsasən “İcraçı” “Sifarişçi”nin sifariş verdiyi nəqliyyat kiralama həyata keçirir (işi icra edir). 2.4-cü bəndinə əsasən “İcraçı”nın yerinə yetirdiyi işlər işlərin icra olunma aktı imzalanmaqla “Sifarişçi” tərəfindən təhvil alınır. 3.2.1ci bəndinə əsasən müqavilədə nəzərdə tutulan qaydada “Sifarişçi”nin müəyyən etdiyi yükdaşıma xidmətlərini həyata keçirmək icraçının vəzifələrindən biridir. 4.1-ci Göstərilən xidmətlərin həcmi Tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı Müqavilənin tərkib hissəsi olan Razılaşma Protokolu-01 qeyd olunan qiymətlərlə həftəlik hesabat olunacaq. Hesabat təhvil-təslim aktı tam təqdim edildiyi halda hesab-fakturaya görə ödəniş həyata keçiriləcəkdir. 5.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tam yerinə yetirdikdən sonra qüvvəsini itirir. 5.2-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulan xidmət 1 (bir) il müddətində həyata keçirilməlidir. Çap tarixi xx.xx.2025-ci il olan etibarnaməyə əsasən X2 (təmsil edilən) tərəfindən İddiaçı (etibar edilən) **-DA-*** dövlət qeydiyyat nişanlı “Shacman” markalı nəqliyyat vasitəsi üzrə (sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək) səlahiyyətlər etibar edilmişdir. “Makro 2000 X1 X4 Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Fililalı tərəfindən İddiaçı xx-xx-2025-ci il tarixli, F-28022025-2390 nömrəli Ağdam rayonundan Kəlbəcər rayonunun Yansaq kəndinə xx.xx.2025/ xx.xx.2025 tarixlərdə kubik daşınması üzrə dəyəri 1040 manat, xx-xx-2025-ci il tarixli, F-28022025-2392 nömrəli 01 ədəd samasfalt kiralama xidməti üzrə dəyəri 1.153,8 manat, xx-xx-2025-ci il tarixli, F- 09012025-2261 nömrəli xx.xx.2024- xx.xx.2024 tarixləri arasında 01 ədəd samasfalt kiralama xidməti üzrə dəyəri 3.230,64 manat, xx-xx-2025-ci il tarixli, F-02022025-2337 nömrəli xx.xx.2025/xx.xx.2025 tarixlərdə 01 ədəd samasfalt kiralama xidməti üzrə dəyəri 3.115.26 manat, xx-xx-2025-ci il tarixli, F-02022025-2339 nömrəli xx-xx-2024/xx.xx.2025 tarixlərdə Ağdam rayonundan Kəlbəcər rayonunun Yansaq kəndinə 15 100 ədəd kubik daşınması (1858 litr benzin verilmiş, onun 100 litri 1 reys quma görə çıxılacaq, ümumi 1758 litr benzin hesablanacaq) xidməti üzrə dəyəri 6 040 manat, xx-xx-2025-ci il tarixli, F- 17012025-2284 nömrəli, xx.xx.2024-xx.xx.2024 tarixlərdə Ağdam rayonundan Kəlbəcər rayonunun Yansaq kəndinə 12 reys kubik daşınması xidməti üzrə dəyəri 6.400 manat olan Forma 2-lər (hesab-fakturalar) göndərilmişdir. İddiaçı tərəfindən “Makro 2000 X1 X4 Diş Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Fililalına yükdaşıma xidməti üzrə ödəniş edilməsi üçün MT2503 seriyalı, 10000586 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 1153.8 manat, MT2501 seriyalı, 10487610 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 3230.64 manat, MT2501 seriyalı, 12323040 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 4193 manat, MT2503 seriyalı, 10000590 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 595 manat, MT2502 seriyalı, 10019220 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 4282 manat, MT2502 seriyalı, 10019176 nömrəli, xx.xx.2025ci il tarixli, dəyəri 3115.26 manat olan elektron qaimə-fakturalar göndərilmişdir. İddiaçı tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, müqavilə şərtlərinin pozulması nəticəsində cavabdeh tərəfindən 2024-cü ilin dekabr ayı üzrə-7423 manat, 2025-ci ilin yanvar ayı üzrə-7397 manat, 2025-ci ilin fevral ayı üzrə 1748 manat icarə haqqı borcu yaranmış, borc məbləğinin 6568 manat hissəsi 14 iyul 2025-ci il tarixində ödənilmiş, qalan 10 000 manat isə hazırkı tarixədək ödənilməmişdir. “Makro 2000 X1 X4 Diş Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Fililalı tərəfindən İddiaçı xx.xx.2025-ci il tarixli, 005XOH********** nömrəli ödəniş tapşırığına əsasən MT2501 seriyalı, 10487610 nömrəli e-qaimə üzrə 3230,64 manat, xx.xx.2024-cü il tarixli, 005XOH********** nömrəli sənədə əsasən MT2412 seriyalı, 11511064 nömrəli eqaimə üzrə 3230,64 manat, xx.xx.2024-cü il tarixli, 005XOH********** nömrəli sənədə əsasən MT2411 seriyalı, 12249065 nömrəli e-qaimə üzrə 4033 manat, xx.xx.2024-cü il tarixli, 005XOH********** nömrəli sənədə əsasən MT2410 seriyalı, ********* nömrəli eqaimə üzrə 1021 manat, xx.xx.2024-cü il tarixli, 005XOH********** nömrəli sənədə əsasən MT2410 seriyalı, 11549915l nömrəli e-qaimə üzrə 1153,8 manat, xx.xx.2024-cü il tarixli, 005XOH********** nömrəli sənədə əsasən MT2411 seriyalı, 12290015 nömrəli e-qaimə üzrə 692,28 manat, xx.xx.2025-ci il tarixli, 005XOH********** nömrəli sənədə əsasən MT2501 seriyalı, 12323040 nömrəli e-qaimə üzrə 3339,06 manat ödənmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 850-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə ilk növbədə qeyd edir ki, iddia tələbi iki hissədən: 1) ML-30 nömrəli 25 may 2024-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 10 000 manat pulun tələb edilməsi; 2) ilk gecikdirilən gündən, yəni 2024-cü ilin dekabr ayından nəzərə alınmaqla hər gecikdirilən gün üçün 1%-i olmaqla, 44964,49 manat cərimə məbləğinin tələb edilməsi. İddia tələbinin birinci hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh “Makro 2000 X1 X4 Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Fililalı arasında qarışıq müqavilə (yükdaşıma və icarə müqaviləsinin ünsürlərini əhatə edən) üzrə öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Hazırda iddiaçı həmin müqavilənin yük daşıma hissəsi ilə bağlı ödənilməli vəsaiti tələb edir. Buna görə də iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin yük daşıma ilə bağlı normaları nəzərə alınmalıdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında imzalanmış ML-30 nömrəli 25 may 2024-cü il tarixli müqaviləyə əsasən müqavilədə nəzərdə tutulan qaydada cavabdehin müəyyən etdiyi yükdaşıma xidmətlərini həyata keçirmək iddiaçının vəzifələrindən biridir. İddiaçı cavabdehin sifarişləri əsasında müvafiq daşınma xidmətlərini həyata keçirsə də, cavabdeh daşınmanın haqqını iddiaçıya tam ödəməmişdir. İddiaçının cavabdehə göndərdiyi elektron qaimələrdə də xidmət olaraq yük daşıma qeyd edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəflər arasında təhvil-təslimin onlayn qaydada həyata keçirildiyini, qarşı tərəfin Forma-2 ləri vatsap tətbiqi vasitəsi ilə ona göndərdiyini, iddiaçının da oradakı rəqəmlər əsasında qaimələri cavabdehə təqdim etdiyini, cavabdehin e-qaimələr üzrə müəyyən ödənişlər etdiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, müqavilənin 4.1-ci bəndi ilə hesabatın təhvil-təslim aktı tam təqdim edildiyi halda hesab-fakturaya görə ödənişin həyata keçiriləcəyi razılaşdırılsa da, tərəflər arasında işgüzar münasibətlər belə formalaşmışdır ki, iddiaçı cavabdehin xidmətlərin dəyəri barədə göndərdiyi hesab-fakturalardakı məbləğlər (Forma 2) əsasında cavabdehə elektron qaimələr göndərmiş, cavabdeh də həmin elektron qaimələr üzrə müəyyən ödənişlər həyata keçirmişdir. Bu isə tərəflər arasında daşınma xidmətinin təhvil verilməsinin elektron qaimələr əsasında tənzimləndiyi təsdiq edir. Cavabdehin iddiaçıya daşınmaya görə borcunun olması iş materiallarına əlavə edilmiş müqavilə, Forma 2-lər, (hesab-fakturalar), elektron qaimələr, ödəniş tapşırıqları ilə öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə qeyd edir ki, daşınma həyata keçirilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edə və ya ən azı bununla bağlı keçən müddət ərzində öz etirazlarını bildirə bilərdi. Lakin cavabdeh göndərilən elektron qaimələr üzrə ödənişlər etmişdir. Bu bir daha təsdiq edir ki, iddiaçı tərəfindən cavabdehin sirafişi ilə daşınma həyata keçirilmişdir, ona görə ki, mübahisə yaranan dövr və ondan əvvəlki müddət ərzində tərəflərin qarşılıqlı münasibətlərində bu cür işgüzar adət, praktika və ya öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu formalaşmışdır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya münasibət (etiraz, etiraf) bildirməmiş, borcun tam ödənilməsinə dair hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Buna görə də, iddiaçının Mülki Məcəllənin 850-ci maddəsinə əsasən daşıdığı yükün müqabilində cavabdehdən yük daşıma haqqının ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə qanunvericilik normalarını, cavabdehin müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etmədiyini, göstərilən daşınma xidmətlərinə görə qalıq 10000 manat məbləğində pul vəsaitini ödəmədiyini, iddiaçının daşınmanın haqqının ödənilməsini tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 10000 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı iddia tələbinin ikinci hissəsində hər gecikdirilən gün üçün 1%i olmaqla, 44964 manat məbləğində cərimə borcunun cavabdehdən tutulmasını tələb etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişi gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edilmişdir. Lakin tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulmamışdır və cərimə barədə ayrıca yazılı razılaşma yoxdur. Odur ki, məhkəmə Mülki Məcəllənin 463-cü maddəsinin tələbini nəzərə alaraq bu qənaətə gəlir ki, tərəflər arasında dəbbə pulu barədə razılaşmanın olmaması cərimə barədə razılaşmanın etibarsızlığına səbəb olduğundan 44964 manat cərimə tələbinə dair hissədə iddia təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən (AR “Dövlət rüsumu haqqında” Qanunun 9.1.20-ci bəndinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər) və iddia qismən təmin edildiyindən, iddia qiymətinə (10000 manat) uyğun ödənilməli olan 120 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh “Makro 2000 X1 X4 Diş Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Fililalından ML-30 nömrəli, 25 may 2024-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 10000 (on min) manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 120 (bir yüz) manat məbləğində pul cavabdeh “Makro 2000 X1 X4 Diş Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Fililalından tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar