Məhkəmə qərarları › İş №e-2-2(113)-8227/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8227/2025

18.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8227/2025 18.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh2 qarşı “kredit müqaviləsinə dair pul” tələbi üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlu, iddiaçı "xxxx" (Azərbaycan) ASC-nin Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pul tələbi” barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:

1. Tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 350527-CNS-46292 saylı Birdəfəlik Kreditinin əsas şərtlərinə dair Müştəri Ərizə-Razılaşması - kredit müqaviləsi ilə borc alana 36 ay müddətinə, illik faiz dərəcəsi 21% olmaqla, 10000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında imzalanmış Müştəri Ərizə-Razılaşmasında qeyd edilir ki, bu ərizə Bank xidmətlərinin göstərilməsi haqqında X1 tərkib hissəsidir və kredit üzrə ödəniş cədvəli bu ərizənin əlavəsi hesab edilir. Müqaviləyə görə gecikdirilmiş borc üzrə hər tam və ya natamam 10 manat üçün 0,02 manat məbləğində cərimə hesablanacaqdır.

2. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 350527-CNS-46292 saylı kredit müqvailəsinə 1 saylı Əlavə olan Ödəniş Cədvəlindən görünür ki, cavabdeh tərəfindən kredit borcu üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixədək aylıq 376,92 manat ödəniş edilməsi razılaşdırılmışdır.

MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

3. İddiaçı tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 350527-CNS-46292 saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə ödənilməli olan 4514,07 manat məbləğində əsas, 31,97 manat məbləğində faiz borcu, 19,62 manat məbləğində cərimə olmaqla, ümumilikdə 4565,66 manat məbləğində və 66,56 manat məbləğində pul və ödənilmiş 49,03 manat dövlət rüsumunun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2023-cü il tarixli 001 saylı “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olub (https://vtb.az/about-bank/documents/ saytı) həmin şərtləri qəbul edərək, xx.xx.2023-cü il tarixli 350527-CNS-46292 saylı “Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi ilə iddiaçıya müraciət etmiş və ona istehlak məqsədilə illik 21 faiz hesablanması şərti ilə 36 ay müddətinə 10000 manat məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, Bank isə aksept etmiş, yəni təklifi qəbul etmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmiş və kredit vəsaiti “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.3 və 7.26.3-cü bəndlərinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.3 və 7.26.3-cü bəndlərinə əsasən Bank krediti ümumi şərtlər rəsmiləşdirildikdən və komisyon haqqı ödənildikdən sonra müştərinin müvafiq ərizədə göstərdiyi cari hesabına köçürür. Bank kredit vəsaitini əldə etmək üçün müştəriyə ödəniş kartı təqdim edir və müştəri onun “cari hesabın”dan “kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2025-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə Banka 4514.07 manat məbləğində əsas borc, 31.97 manat məbləğində faiz borcu, 19.62 manat məbləğində cərimə borcu ümumilikdə isə 4565.66 manat məbləğində borcu qalmışdır.

b) İddiaya qarşı etirazın dəlilləri

5. Cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə bildiriş göndərilsə də, cavabdeh etirazını məhkəməyə təqdim etməmişdir.

MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

8. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

9. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

10. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

11. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

12. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

13. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (xx.xx.2023-cü il tarixədək olan redaksiya).

14. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (xx.xx.2023-cü il tarixədək olan redaksiya).

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

MƏHKƏMƏNİN MÖVQEYİ

19. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

20. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc predmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.

21. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 350527-CNS-46292 saylı kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı cavabdehə kredit müqaviləsində müəyyən edilmiş şərtlərlə 10 000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin cavabdeh kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır. Hazırda iddiaçı həmin kredit müqaviləsi üzrə yaranmış əsas borc, faiz borcu və dəbbə pulunun ödənilməsini cavabdehlərdən tələb edir.

22. İş materiallarına əlavə edilmiş maliyyə arayışından da görünür ki, cavabdehın xx.xx.2023-cü il tarixli, 350527-CNS-46292 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə iddiaçıya əsas borcu 4514,07 manat, faiz borcu 31,97 manat, 19,62 manat dəbbə pulu olmaqla, cəmi borcu 4565,66 manat təşkil edir.

23. Məhkəmə qeyd edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin kredit müqaviləsi əsasında kredit məbləğini və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmaqal bağlı öhdəliyə malik olmuşdur. Lakin, işin şərh edilən hallarından da görünür ki, cavabdeh kredit müqaviləsi üzrə kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır.

24. Tələbin 19,62 manat məbləğində dəbbə pulunun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, borc alanın kredit müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də dəbbə pulunun azaldılması üçün əsaslar olmadığından iddiaçı mübahisəli müqavilə üzrə yuxarıda göstərilən məbləğdə dəbbə pulunun tutulmasını tələb etməkdə də haqlıdır.

25. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Eyni zamanda, qanunvericilik də tələb edir ki, dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (MM-nin 462.1-ci maddəsi).

26. Məhkəmə həmçinin iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (Mülki Məcəllənin 443.1-ci maddəsi). Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsində nəzərdə tutulur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli 350527-CNS-46292 saylı kredit müqaviləsinə əsasən xx.xx.2025ci il tarixə ödənilməli olan 4514,07 manat məbləğində əsas borc, 31,97 manat məbləğində faiz borcu, 19,62 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 4565,66 manat məbləğində pul və ödənilmiş 66,56 manat dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar