Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-823/2021 03.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsi üzrə pulun ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsi üzrə pulun ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında 15.01.2020-ci il tarixində bağlanmış müqaviləyə əsasən cavabdehdən 8,524.32 manat icarə haqqı borcu, 86.91 manat elektrik borcu, 6,330 manat gecikdirilmiş günlər üçün cərimə borcu olmaqla cəmi 14,941.23 manat və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 15.01.2020-ci il tarixində ofis icarəsinə dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC Bakı ş., Xocalı prospekti 37 ünvanında yerləşən “ Demirçi Tower”-də Əlavə 1-də göstərilən sahəni icarə haqqı qarşılığında Cavabdeh MMC-yə vermişdir. Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə 1-in 1.1-ci maddəsinə əsasən icarəyə verən binanın 6-cı mərtəbəsində yerləşən sahəni icarəçiyə icarəyə verir. Əlavə 1-in 2.1-ci maddəsinə əsasən, icarəçi 15.01.2020-ci ildən 15.01.2021-ci ilədək aylıq icarə ödəməyi öz öhdəsinə götürür. Ödəniş hər ay 1,431 manat + 18 % ƏDV olmaq şərti ilə, aylıq hesab faktura təqdim olunan gündən 10 gün ərzində nağd və ya köçürmə yolu ilə ödənilməlidir. Hazırki müqavilə üzrə cavabdehin aprel, may, iyun, iyul və avqust ayları üçün ödənilməmiş, cəmi 8,524.32 manat (ƏDV daxil) icarə haqqı borcu, 86.91 manat elektrik borcu və 6,330 manat gecikdirilmiş günlər üçün cərimə borcu yaranmışdır. Bununla bağlı cavabdehlə dəfələrlə görüşlər, şifahi və telefon danışıqları olsa da, heç bir nəticəsi olmayıb. Eyni zamanda 08 dekabr 2020-ci il tarixində iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilmiş və 3 gün müddətində müqavilə öhdəliklərinin icra olunması tələb edilmişdir. Lakin həmin müddət ərzində Cavabdeh MMC tərəfindən edilməmiş və müraciətlərə cavab verilməmişdir. Müqavilənin 4.2-ci maddəsinin (b) bəndinə əsasən icarəçi kommunal xidmətlə üçün ödənişlər icarə haqqı xaricində göstərilibsə, ödənişləri vaxtında həyata keçirməlidir. Hazırki müqavilə üzrə cavabdehin 86.91 manat ödənilməmiş elektrik borcu yaranmışdır. İcarə müqaviləsinin 5.1-ci maddəsinə əsasən, icarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə hər gecikdirilmiş gün üçün icarə haqqının 2,5 %-nı ödəməlidir. Müqavilə üzrə gecikdirilmiş günlər üzrə cərimə məbləği 1 gün üçün 42.2 manat təşkil edir. Cavabdeh tərəfindən gecikdirilmiş günlər üçün hesablanan cərimə məbləği isə 150 gün üçün 6,330 manat təşkil edir. Cavabdeh "xxxx" MMC-nin direktoru X2 tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, 15.01.2020-ci il tarixdə bağlanmış müqavilə 59 kv.m gösdərilmişdir, lakin icarəyə götürdüyü ofisi ölçdükdə məlum oldu ki 49 kv metrdir.Buna baxmayaraq yenidən müqaviləyə dəyişiklik edilmiş və 53 kv metr qeyd edilərək bizə təqdim olundu.Müqavilədə qeyd olunan 53 kv metr sahə üçün 1431 azn + 18 % ədv qeyd olunsa da, 1512 azn +18 % ədv ödəniş alınmışdır.Hər aya görə müqavilədə göstərilmiş məbləğdən əlavə olaraq 96 manat əlavə ödəniş alınmışdır.Əslində ofisin ərazisi 49 kv metr olduğundan o icarə haqqı olaraq 1323+18 % ödəniş ödəməli idi. Burada yaranan fərq 223 azn təşkil edir. Hazirda məhkəməyə təqdim olunan icarə müqaviləsi sonradan dəyişdirilib məhkəməyə təqdim olunmuşdur. Bunu da müqavilənin 7-ci bəndində olan vərəqlərlə sübuta yetirmək mümkündür.Müqavilədə yazılmış şiriflərdən açıq aydın görünür. İddia ərizəsində elektrik borcu kimi gösdərilən 86.91 manat məbləğin harda götürülməsi şüphə doğurur. Ofisi icrayə götürən zaman hec bir elektrik sayğacı ilə onu hec kim tanış etməyib, sayğacın üzərində olan rəqəmlər barədə məlumatı olmayıb və sayğacın harda yerləşməsi barədə məlumatı yoxdur. 4 ay icarədə olduğu müddətdə hec vaxt elektrik pulu ödəməmişdir və hec kim ondan elektrik isdifadə etdiyinə görə pul tələb etməyib. Müqavilənin 7.1-ci maddəsində qeyd olunur ki,icarəçi hec bir səbəb gösdərmədən 3 ay öncədən, icarəyə verən isə hec bir səbəb göstərmədən 1 ay öncədən qarşı tərəfə yazılı bildiriş göndərməklə müqaviləyə xitam verə bilər. Burdan göründüyü kimi İddiaçı MMC-nin özünün tərtib ediyi müqavilənin 7.1-ci maddəsində qeyd etdiyi kimi 1 ay öncədən qarşı tərəfə yazılı bildiriş göndərilməklə müqaviləyə xitam verə bilərdi. Sözü gedən ofisin qapisinin qıfılı, iyul ayının əvvəlində dəyişdirilib ofisə giriş məhdulaşdırıldığından bizim onların ofisə girişi mümkün olmamışdır. Necə ola bilər ki ofisə girişi qadağan olunduğu halda və ofisdən isdtifadə etmədiyi halda 5 aylıq icarə haqqı tələb olunur.Bununla bağlı hec bir yazılı bildiriş təqdim olunmamışdır. Bu səbəbdən iddiaçının tələb etdiyi 5 ay icarə haqqı tam əsasızdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 məhkəməyə təqdim edilmiş yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak edən "xxxx" MMC-nin direktoru X2 verdiyi izahatda bildirdi ki, onun direktor olduğu hüquqi şəxs strateji fəaliyyət göstərən agentlikdir. Demək olar ki, bütün sahələr üzrə fəaliyyət göstərirlər. Əsasən fəaliyyətləri müvafiq sahələr üzrə layihələrin hazırlanaraq təhvil verilməsindən ibarətdir. Eyni zamanda virtual formada turlar və s. təşkil edirlər. Ofis sahəsini icarəyə götürdükdən sonra 3 ay, yəni yanvar, fevral, mart ayları ərzində fəaliyyət göstərmiş və icarə haqqı ödənişini həyata keçirmişdir. Lakin ölkə ərazisində olan xüsusi karantin rejimi ilə bağlı olaraq aprel ayından etibarən fəaliyyət göstərməyib. Cəmi 5 nəfər işçisi olmuş və işçilərin 30 %-a endirildiyini nəzərə alaraq, aprel, may və iyun ayları ərzində ara-sıra özü ofisə gedib-gəlmişdir. Bu müddət ərzində isə iki dəfə Türkiyə Cumhuriyyətinə getmişdir. İyul ayında isə onun ümumiyyətlə ofisə girişinə qadağa qoyulmuşdur. Bu səbəbdən də həmin vaxtdan ofisə daxil ola bilmir. Hətta onun avadanlıqları da orada qalmışdır.Onun niyyəti mübahisə etmək deyildir. Sadəcə istəyir ki, ofis sahəsi yenidən onun istifadəsinə verilsin. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: -icarəyə verən qismində İddiaçı MMC ilə icarəçi qismində Cavabdeh MMC arasında bağlanmış ofis icarəsinə dair 15 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən icarəyə verən Bakı ş., Xocalı prospekti 37 ünvanında yerləşən “Demirçi Tower”-də Əlavə 1-də göstərilmiş ofis sahəsini, icarə haqqı qarşılığında icarəçiyə verir. Müqavilənin 9-cu maddəsinə əsasən icarəçi Əlavə 1-in maddə 2.1-də göstərilən məbləği, bu maddədə göstərilən qaydada icarəyə verənə ödəməyi öz öhdəsinə götürür. - 15.01.2020-ci il tarixli müqaviləyə edilmiş 1 nömrəli Əlavənin 1.1-ci bəndinə əsasən icarəyə verən binanın 6-cı mərtəbəsində yerləşən 53 kv.m sahəni icarəçiyə icarəyə verir. 2.1. İcarəçi 15.01.2020-ci ildən 15.01.2021-ci ilədək aylıq icarə ödəməyi öz öhdəsinə götürür. Ödəniş hər ay 1431 manat +18% ƏDV olmaq şərti ilə aylıq elektron hesab faktura təqdim olunan gündən 10 gün ərzində nəğd və ya köçürmə yolu ilə ödənilməlidir. 2.2. İcarə müqaviləsi növbəti illər üçün uzadılarsa, hər il icarə haqqına əlavə 10% artım ediləcəkdir. 2.3. İcarəçi icarə haqqından əlavə olaraq 1431 manat (1 aylıq icarə haqqı qədər) depozit ödəməyi öz öhdəsinə götürür). 2.4. İcarə haqqına sahədən tam istifadə, texniki xidmət xərcləri, kommunal xidmətlər (elektrik enerjisindən istifadə haqqı, telefon nömrələrinin alınması, aylıq abunə, beynəlxalq danışıq və internetdən istifadə haqqının ödənməsi, ofis daxilində internet şəbəkəsinin çəkilməsi istisna olmaqla ) daxil olacaqdır. Sonda əlavə hər iki MMC tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. - Cavabdeh MMC-nin nizamnaməsinin 3-cü bəndindən görünür ki, cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xüsusi icazə alınması tələb edilən fəaliyyət növlər ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər. -İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə təqdim edilmiş 211.01 nömrəli hesabdan görünür ki, "xxxx" MMC tərəfindən yanvar-2020-noyabr 2020-ci il dövrlərdə ödənilməli olan məbləğ 27.02.2020-ci il tarixdə 5,065.74 manat, 28.02.2020-ci il tarixdə 3,281.58 manat, 01.05.2020-ci il tarixdə 4,970.16 manat, 02.06.2020-ci il tarixdə 6,658.74 manat və 8,347.32 manat, 03.07.2020-ci il tarixdə 10,035.90 manat, 03.08.2020-ci il tarixdə 11,724.48 manat, 05.11.2020-ci il tarixdə 10,412.48 manat, 05.11.2020-ci il tarixdə 10,212.48 manat, 05.11.2020-ci tarixdə 8,524.48 manat təşkil etmişdir. -İddiaçı MMC tərəfindən 08.12.2020-ci il tarixdə Cavabdeh MMC-yə pretenziya qaydasında məktub ünvanlanaraq tərəflər arasında bağlanmış 15.01.2020-ci il tarixli müqavilə üzrə Cavabdeh MMC-nin aprel, may, iyun, iyul və avqust ayları üçün ödənilməmiş cəmi 8,524.32 manat məbləğində icarə haqqının və 86.91 manat elektrik borcunun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Beləliklə işin hallarından məlum olur ki, tərəflər arasında 15.01.2020-ci il tarixli icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etdiyi halda cavabdeh həmin müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. MM-nin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. İcarə müqaviləsi konselsualdır (tərəflər razılığa qəldiyi andan müqavilə bağlanmış hesab edilir), ikitərəflidir və əvəzlidir. İcarə müqaviləsinin məqsədi - əmlakın müvəqqəti istifadəyə verilməsini təmin etməkdir. İcarə müqaviləsinin mühüm şərtləri-müqavilənin predmetidir. Hazırkı iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış 15.01.2020-ci il tarixli müqavilə və həmin müqaviləyə edilmiş 1 saylı əlavəyə əsasən iddiaçı Bakı ş., Xocalı prospekti 37 ünvanında “Demirçi Tower” də yerləşən ofis sahəsini cavabdehə hər ay 1431 manat +18% ƏDV olmaqla 1 il müddətinə icarəyə vermişdir. Cavabdeh tərəfindən ilk üç ay (yanvar, fevral, mart) ayları üzrə icarə haqqı ödənilmiş, lakin aprel, may, iyun, iyul və avqust ayları üzrə ödənişlər həyata keçirilməmişdir. Hazırda iddiaçı həmin aylar üzrə icarə haqqının ödənilməsini tələb edir. Məlum olduğu kimi “Koronavirus (COVİD 19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Nazirlər Kabinetinin 30 mart 2020-ci il tarixli 120 nömrəli qərarına əsasən insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 31 may 2020-ci il saat 00:00dək dayandırılmışdır. Sonradan AR Nazirlər Kabinetinin 29 may 2020-ci il tarixli, 190 nömrəli Qərarı ilə xüsusi karantin rejiminin müddəti 15 iyun 2020-ci il tarixədək, 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərara əsasən 05 iyul 2020-ci il tarixədək 17 iyul 2020-ci il tarixli, 255 nömrəli Qərara əsasən 31 avqust 2020-ci il saat 00:00-dək uzadılmışdır. Cavabdeh hüquqi şəxsin direktoru məhkəmədə verdiyi izahatda aprel-iyun ayları ərzində özünün ara-sıra ofisə getdiyini, xüsusi karantin rejimi ilə əlaqədar olaraq işçilərin fəaliyyət göstərmədiyini bildirmişdir. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sistemdən çıxarışdan məlum olur ki, Cavabdeh MMC-nin direktoru, eyni zamanda həmin MMC-də fəaliyyət göstərən bir sıra işçilərin aprel, may və iyun ayları ərzində İddiaçı MMCdə yerləşən ofis sahəsinə kifayət qədər giriş-çıxışları olmuşdur. Bu isə cavabdehin həmin aylar üzrə icarəyə verilmiş ofis sahəsindən istifadə etməsi faktını təsdiq edir. Cavabdeh hüquqi şəxsin direktoru məhkəmədə verdiyi izahatda vurtual turizm, hüquq, tibb və s. sahələrdə strateji agentlik olaraq fəaliyyət göstərdiklərini, virtual şəkildə turlar təşkil etdiklərini bildirmişdir. 2020-ci ilin iyul və avqust aylarına münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı həmin aylarla bağlı icarə haqqı ödənişini tələb etsə də, cavabdehin həmin müddətdə icarəyə verilmiş qeyri-yaşayış sahəsindən istifadə etməsinə dair hər hansı bir sənəd təqdim edə bilməmişdir. Cavabdeh isə məhkəməyə verdiyi izahatda iyul ayından etibarən onun girişinə qadağa qoyulduğunu bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki halda iddiaçı 2020-ci ilin iyul və avqust ayları üzrə qeyri-yaşayış sahəsindən istifadə olunması barədə heç bir sənəd təqdim edə bilmədiyindən məhkəmə bu hissədə iddia tələbini əsassız hesab edir. Cavabdeh MMC müqavilədən irəli gələn vəzifəsini lazımi şəkildə icra etməmişdir, yəni icarə haqqını ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bununla da məhkəmə hesab edir ki, 2020-ci ilin aprel, may və iyun ayları üzrə iddiaçı tərəfindən sürülmüş iddia tələbi sübutlarla təsdiq olunduğundan, həmin aylar üzrə cavabdehdən hər ay 1431 manat icarə haqqı və 18% ƏDV olmaqla 1688.58 manat, üç aya görə isə ümumilikdə 5,065.74 manat tutularaq iddiaçıya ödənilməli, icarə haqqı ilə bağlı qalan hissədə iddia təmin edilməməlidir. Eyni zamanda iddiaçı iddia tələbində ödənişin gecikdirilməsinə görə 6330 manat məbləğində cərimənin ödənilməsini də tələb edir. Məlum olduğu kimi, MM dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, MM-in 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2021-ci il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, lizinq verənin həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, İddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq Cavabdehdən İddiaçının xeyrinə 200 (iki yüz) manat məbləğində dəbbə pulu tutulmalıdır. Bundan əlavə iddiaçı tərəflər arasında bağlanmış 15.01.2020-ci il tarixli icarə müqaviləsinin 4.2-ci bəndinə istinad edərək 86.91 manat miqdarında elektrik borcunun ödənilməsini tələb edir. Belə ki, müqavilənin 4.2-ci maddəsinin (b) bəndinə əsasən icarəçi kommunal xidmətlər üçün ödənişlər icarə haqqı xaricində göstərilibsə, ödənişləri vaxtında həyata keçirməlidir. İddiaçı elektrik borcunun hesablanması barədə də heç bir sənəd təqdim edə bilməmiş, sayğacın ümumi olması səbəbindən bununla bağlı hər hansı bir sübut gətirə bilməyəcəyini qeyd etmişdir. Qeyd edilən səbəbdən də məhkəmə iddia tələbini bu hissədə əsassız hesab edir. Beləliklə yuxarıda sadalanan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 15.01.2020-ci il tarixli müqaviləyə əsasən 2020-ci ilin aprel, may və iyun ayları üzrə (bir ay üçün 1431 manat+ 257.57 (18 % ƏDV)=1688.58x3) 5065.74 manat icarə haqqı və 200 manat cərimə tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 15.01.2020-ci il tarixli müqaviləyə əsasən 2020-ci ilin aprel, may və iyun ayları üzrə 5065.74 manat icarə haqqı, 200 manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla, cəmi 5295.74( beş min iki yüz doxsan beş manat yetmiş dörd qəpik) tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlham Əhmədov
Məhkəmə qərarları › İş №e-2-2(113)-823/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-823/2021
03.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver