Məhkəmə qərarları › İş №e-2-2(113)-824/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-824/2023

04.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-824/2023 04.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh Nümayəndə2 iştirakları ilə, İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MTK (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə “Azərişıq" ASC-nin "xxxx" RETSİ arasında bağlanmış 051874 nömrəli, xx.xx.2019-cu il tarixlienerji təchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai-iaşə, digər xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi üzrə **********80194 abonent koduna xx.xx.2020-ci ildən xx.xx.2020-ci tarixlərədək hesablanmış 10.080 AZN məbləğində borc məbləğinin 7698.96 manat hissəsinin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanı olan iddiaçı ********** VÖEN-lə xx.xx.2004-cu il tarixdə AR Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X1 Qeydiyyat İdarəsində qeydiyyata alınmış, həmin tarixdən də etibarən fəaliyyət göstərir. Qeyd edilməlidir ki, cavabdeh tərəfindən Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən iddiaçıya binaya məxsus **********80194 saylı abonent kodu verilmişdir. Belə ki, cavabdehin "xxxx" RETSİ ilə MTK arasında 051874 nömrəli, xx.xx.2019-cu il tarixli enerji təchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai-iaşə, digər xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi imzalanmışdır. Həmin müqavilə əsasında **********80194 abonent kodu MMCnin adına qeydiyyata alınmışdır. Cavabdehin "xxxx" RETSİ-nin abonent saldosuna əsasən, **********80194 kod üzrə xx.xx.2020-ci ildən xx.xx.2020-ci tarixlərədək yazılmış ümumi borcun cəmi 10.080 manat təşkil edir. Belə ki, MTK -ya 1 il ərzində yəni, xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarix illər üzrə faktiki sərfiyyat məbləği 17.040 manat təşkil etmişdir. Buradan da aydın görünür ki, iddiaçının 2019-cu il üçün günə orta hesabla normal sərfiyyatı 46.68 manat civarında olduğu halda, onlara təqdim olunan abonent saldosunda 2 ay üzrə faktiki sərfiyyat məbləği bir neçə dəfə üstələnmişdir. Bunun nəticəsi olaraq yaranmış 10.080 manat borcdan 7698.96 manat məbləğində əsassız borc məbləği yazılmışdır. Hal-hazırda MTK fəaliyyət göstərir, yaşayış binalarında yaşayış var. Belə ki, elektrik enerjisinin xüsusi əhəmiyyəti var, belə ki, işıqlandırma ilə yanaşı, istiliyin təmin olunması məqsədilə elektrik enerjisindən istifadə olunur. Həmçinin MTK tərəfindən hər ay ödənilən aylıq ödəniş qəbzlərindən də görünür ki, aylıq ödənişlər 1500-1700 manat məbləği arasında dəyişir. Ona görə cavabdeh təşkilat tərəfindən şişirdilmiş məbləği qanunsuz və əsassız hesab edirlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən iddiaçıya mübahisə yaranmamışdan əvvəl hər ay iddiaçının təqdim etdiyi hesab-fakturalar üzrə ödənişlər edilmişdir. Lakin xx.xx.2020-ci il tarixli hesab-faktura üzrə onlardan 6750 manat, xx.xx.2020-ci il tarixli hesab-faktura üzrə 3330 manat borcun ödənilməsi tələb edilmiş, həmin aylar üzrə onlardan əvvəlki aylarla müqayisədə daha artıq, yəni şişirdilmiş borc tələb edilmişdir. Bu səbəbdən tərəflərindən həmin dövrdən daha əvvəl edilmiş ödənişlər üzrə aylıq orta sərfiyyat müəyyən edilmiş, bu səbəbdən onlardan həmin iki ay üzrə tələb edilən 10.080 manat borcdan 7698.96 manat məbləğində borcun silinməsi xahiş edilir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbinə etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, sayğac iddiaçının balandındadır, hər ay cavabdeh tərəfindən iddiaçıya sayğacın göstəriciləri əsasında borc hesablanmaqla hesab-fakturalar təqdim edilir, iddiaçının silinməsini xahiş etdiyi borc həmin aylar üzrə cavabdeh tərəfindən istehlak edilmiş elektrik enerjisinə görə hesablanmış sərfiyyat borcudur. Tərəflərindən iddiaçıya hər hansı bir akt tərtib edilməmişdir. Həmin aylar üzrə iddiaçıya digər aylar üzrə hesablanmış borcdan bir qədər artıq borcun hesablanmasının səbəbi həmin ay üzrə sərfiyyatın yuxarı olmasıdır. Lakin hazırda həmin borcun silinməsi üçün əsaslar yoxdur. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 25 dekabr 2019-cu il tarixli 051874 nömrəli enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsinə əsasən tərəflər elektrik enerjisinin alqı-satqısı və istehlakı ilə əlaqədar qarşılıqlı münasibətlərdə “Elektrik enerjisindən istifadə qaydaları”nı rəhbər tuturlar. Müqavilənin 9-cu bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar yalnız tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə görə aparılır. Müqavilənin 11-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. Enerjitəchizatı müəssisəsi hesablaşma dövründə abonentə buraxılmış elektrik enerjisinə görə ödəniş sənədini növbəti hesabat dövrünün 5-dək abonentə təqdim edir, sonrakı bir ay müddətində hesablaşma dövründəki elektrik enerjisinin haqqı abonent tərəfindən ödənilir. İddiaçı tərəfindən verilmiş **********7 nömrəli abunə haqqında saldodan görünür ki, iddiaçının cavabdehə xx.xx.2020-ci il tarixə 6750 manat, xx.xx.2020-ci il tarixə isə 3330 manat borcu yaranmışdır. Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, iddiaçının elektrik enerjisindən istifadəsi etməsi nəticəsində 2019-cu il tarixdən hazırki günədək 5725,73 manat məbləğində cəmiyyət qarşısında borcu var. Cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli hesab ödəniş vərəqinə əsasən abonent kodu **********7 olan İddiaçı MTK-nın xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər olan borcu 1549,71 manat təşkil edir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli hesab ödəniş vərəqinə əsasən abonent kodu **********7 olan İddiaçı MTK-nın xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər olan borcu 513,36 manat təşkil edir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli hesab ödəniş vərəqinə əsasən abonent kodu **********7 olan İddiaçı MTK-nın xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər olan borcu 6750 manat təşkil edir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli hesab ödəniş vərəqinə əsasən abonent kodu **********7 olan İddiaçı MTK-nın xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər olan borcu 3330 manat təşkil edir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli hesab ödəniş vərəqinə əsasən abonent kodu **********7 olan İddiaçı MTK-nın xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər olan borcu 1890 manat təşkil edir. Hüquqi dəyərləndirmə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, “Elektrik enerjisindən istifadə Qaydalarının: 8.1-ci maddəsinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. 8.2-ci maddəsinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). 8.5-ci maddəsinə əsasən abonent elektrik enerjisi sərfinə görə subabonentdən aldığı ödənişi elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən olunmuş müddətdə enerjitəchizatı müəssisəsinin hesabına köçürməlidir. 8.13-cü maddəsinə əsasən elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. 8.14-cü maddəsinə əsasən istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi bağlanmış, həmin müqavilə əsasında sərf edilmiş elektrik enerjisinin qeydə alınması məqsədilə sayğac quraşdırılmış, həmin sayğac iddiaçının balansındadır. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında verdiyi izahatında iddiaçının silinməsini tələb etdiyi borcun elektrik enerjisindən istifadəyə görə hesablanmış sərfiyyat borcu olduğunu, həmin abonent barədə elektrik xəttinə qanunsuz qoşulma ilə bağlı hər hansı akt tərtib edilmədiyini və əlavə borc hesablanmadığını bildirmişdir. Materiallardan müəyyən olunur ki, iddiaçının silinməsini tələb etdiyi borc məbləği müəssisəyə quraşdırılmış sayğacın göstəriciləri əsasında hesablanmış borcdur. Belə ki, cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2020-ci il tarixli hesab fakturaya əsasən iddiaçının xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər olan borcu 6750 manat, xx.xx.2020-ci il tarixli hesab fakturaya əsasən xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər olan borcu 3330 manat təşkil edir. Göründüyü kimi, cavabdeh “Elektrik enerjisindən istifadə Qaydalarının 8.2-ci bəndinə və tərəflər arasında bağlanmış müqavilənin tələblərinə əsasən istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini sayğacın göstəricilərinə əsasən hesablamaqla, istehlakçıya (iddiaçı) məlumat (hesab) təqdim etmişdir. İddiaçı həmin aylar üzrə sərfiyyatın əsassız olduğunu, sayğacın göstərilən borcu düzgün qeydə almadığını bildirsə də, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Nəticə: Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı 50 manat mediasiya xərci ödəmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş mediasiya xərci iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı Mənzil Tikinti Kooperativinin özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar