Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8246/2025 23.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yükdaşıma müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə AR GROUP COMPANY arasında xidmətin göstərilməsinə dair xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən olan əsas borc 20.825 manat, 5.000 dəbbə pulu ödənişi ümumilikdə 25.825 manat borcun və 170 manat dövlət rüsumun, alınaraq "AR GROUP COMPANY ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə iddiaçı AR GROUP COMPANY (VÖEN-**********) arasında olan müqaviləyə əsasən xidmətinin göstərilməsinə dair 05 dekabr 2024 -cü il tarixində müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC-nin verdiyi sifarişlər əsasında AR GROUP COMPANY həmin müqavilədə qeyd edilən xidmətin yerinə yetirilməsini təşkil edir və bu xidmət müqabilində sifarişçi "xxxx" MMC malın dəyərini ödəyir. Lakin Sifarişçi "xxxx" MMC hazırki vaxtadək üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və AR GROUP COMPANY olan əsas borc 20.825 ödənilməyən günlər üçün hesablanmış 5.000 dəbbə pulunun ödənişi bu günədək həyata keçirməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 850.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında xx.xx.2024-cü il tarixində Vasitəçilik xidmətinin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icraçı sifarişçiyə sonuncunun fəaliyyət göstərdiyi sahəyə uyğun olaraq yüklərin daşınması üzrə vasitəçilik göstərməyi, sifarişçi isə göstərdiyi xidmətlərə görə icraçıya müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə və qaydada xidmət haqqı ödəməyi öhdəsinə götürür.
10. Müqavilənin 3.1-ci bəndinə əsasən razılaşdırılmış xidmət haqqı icraçı tərəfindən təqdim edilən elektron qaimə faktura əsasında sifarişçi tərəfindən icraçıya ödənilir.
11. Müqavilə hər iki hüquqi şəxsin imzası və möhürü ilə təsdiq edilmişdir.
12. Məhkəmə qeyd edir ki, müqavilənin məzmununa və tərəflər arasında formalaşmış olan işgüzar münasibətlərə nəzər yetirildiyində aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə Yükdaşıma müqaviləsidir. Belə ki, iddiaçı tərəfi cavabdehin sifarişinə əsasən yüklərin daşınmasını, cavabdeh tərəf isə, həyata keçirilmiş daşıma üzrə, onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
13. Hazırda iddiaçı tərəf, cavabdehə 26.435 manat dəyərində logistika (yükdaşıma) xidmətlərinin göstərildiyini, 5.610 manat hissənin ödənildiyini, 20.825 manat məbləğində borcun qaldığını bildirərək, iddiaçının xeyrinə tutulmasını xahiş edir.
14. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə MT2412 seriyalı 10588042 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 26.435 manat məbləğində olan elektron qaimə göndərilmişdir.
15. Tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndindən görünür ki, tərəflər xidmət haqqının icraçı tərəfindən təqdim edilən elektron qaimə faktura əsasında ödənilməsi barədə razılığa gəlmişlər.
16. Cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya münasibət (etiraz) bildirməmiş, xidmətin dəyərinin ödənildiyini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir, yalnız xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etməklə kifayətlənmişdir.
17. Belə olan halda, Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə xidmətlər göstərilmiş, cavabdehin də göstərilmiş xidmətin əvəzini ödəmək vəzifəsi yaranmışdır.
18. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində təmin edilməli, 20.825 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
19. Məhkəmə 5.000 manat məbləğində dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
20. Məhkəmə qeyd edir ki, cərimə məbləği yuxarıda da, qeyd edildiyi kimi ya müqavilədən ya qanundan irəli gəlməlidir.
21. Hazırda tərəflər arasında müqavilədə, və qanunda (tapşırıq və yükdaşıma ilə bağlı normalarda) öhdəliyin icra edilməməsi ilə bağlı cərimənin tətbiq edilməsinin mümkünlüyü barədə bənd olmadığından iddia, 5.000 manat cərimənin tələb edilməsi hissəsində təmin edilə bilməz.
22. Həmçinin məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 152,48 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
23. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
24. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borc üzrə 20.825 (iyirmi min səkkiz yüz iyirmi beş) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 152 (bir yüz əlli iki) manat 48 (qırx səkkiz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov