Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-827/2025 21.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, kompensasiya) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3500 manat məbləğində dəymiş zərərin, məhkəmə xərcləri qismində 155 manat dövlət rüsumunun, 500 manat hüquqi xidmət haqqının, cəmi 4155 manat pul vəsaitinin tutulub iddiaçıya ödənilməsi və xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən icarəyə götürülmüş qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən tam boşaldılaraq ilkin vəziyyətində iddiaçıya təhvil verilməsi öhdəliyinin icra edilməsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 97 kv.m qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli icarə müqaviləsi bağlanıb. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən icarəçi icarəyəverənə xx.xx.2024-cü il tarixdən həy ay 1500 manat icarə haqqı, habelə icarəyə götürülən hər 1 kv.m sahə üçün ilk 3 ay ayda 2 manat, növbəti aylarda 4 manat kommunal və istismar xərcləri ödəməyi öhdəsinə götürüb carəçi icarə haqqının vaxtlı-vaxtında ödənilməsi ilə bağlı müqavilə şərtini dəfələrlə pozub və icarə haqlarının ödənilməsini gecikdirib. Buna görə də icarəyəverən müqavilənin 3.1.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən birtərəfli qaydada həmin icarə müqaviləsini ləğv edib. İcarəçi müqavilə ləğv olunduqdan sonra həmin sahədə fəaliyyətini dayandırsa da özünə məxsus əşyaları icarəyə götürlmüş sahədən çıxarmayıb və həmin sahəni boşaldaraq icarəçiyə təhvil verməyib. Buna görə də icarəyə verən həmin sahəni başqa şəxslərə icarəyə verə bilmir, buna müvafiq olaraq da icarə gəlirlərindən məhrum olur və ona maddi ziyan dəyir. Ötən müddət ərzində sahənin başqa şəxslərə icarəyə verilməsinin mümkün olmaması nəticəsində ona 3500 manat maddi ziyan dəyib. Bununla bağlı cavabdeh dəfələrlə şifahi və yazılı qaydada xəbərdar edilsə də o, sahəni boşaldıb təhvil verməklə bağlı öhdəliyini yerinə yetirməyib. Buna görə də mübahisənin məhkəmə yolu ilə həll edilməsi zərurəti yaranıb və cavabdehə həm elektron formada, həm də kağız daşıyıcılarda pretenziya məktubu göndərilib.
3. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək cavabdehdən 4456 manat məbləğində dəymiş zərərin, məhkəmə xərcləri qismində 164,56 manat dövlət rüsumunun, 500 manat hüquqi xidmət haqqının, cəmi 5121 manat pul vəsaitinin tutulub iddiaçıya ödənilməsi və iddiaçıya məxsus 141 kv.m qeyriyaşayış sahəsindən cavabdehə məxsus əşyaların götürülməsi öhdəliyinin icra edilməsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh icarə müqaviləsi üzrə icarə haqlarını uzun müddət gecikdirdiyi üçün iddiaçı müqaviləyə birtərəfli qaydada xitam vermiş, bu barədə cavabdehə xəbərdarlıq göndərilsə də, sahə lazımi qaydada boşaldılaraq iddiaçıya təhvil verilməmişdir. Hazırda cavabdehə məxsus əşyalar iddiaçəya məxsus ərazidə qalmış, həmin əşyaların götürülməsi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə tərəfindən əşyaların götürülməsi ilə bağlı cavabdehə edilmiş təklifə etirazları olmasa da, cavabdeh tərəfindən buna ümumiyyətlə cəhd edilməmişdir.
5. Məhkəmə iclasında cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə iddia ərizəsinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, icarə müqaviləsinə xitam veriləcəyi ilə bağlı ona 2024-cü ilin avqust ayında məlumat verilmiş, lakin tərəfindən buna etiraz edilmiş, o, habelə cavabdehin digər işçiləri 2024-cü ilin 3 sentyabr tarixində icarə sahəsinə buraxılmamış, icarə obyektinin açarları iddiaçı tərəfindən dəyişdirilmiş, sahə artıq təmir edilməyə başlanmışdır. İcarə sahəsində ona məxsus əşyalar qalmış, lakin həmin əşyaları qoymaq üçün yeni sahə tərəfindən icarəyə götürülmədiyi və həmin əşyaların götürülüb saxlanması üçün münasib yer olmadığına görə həmin əşyaları sahədən çıxara bilməmişdir. Tərəfindən 2024-cü ilin sentyabr ayına qədər olan bütün icarə haqqı borcları tam şəkildə ödənilmiş, icarə haqlarının gecikdirilməklə ödənilməsinin səbəbi cavabdehin maliyyə çətinliklərinin olması olmuşdur. İcarə sahəsindən əsassız olaraq çıxarıldığı üçün ondan hər hansı vəsait tələb edilməsi əsassızdır.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı (icarəyəverən) və cavabdeh (icarəçi) arasında xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə görə iddiaçı tərəfindən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən Nərgiz Mall-un 3-cü mərtəbəsində 97 kv.m yeri icarəyə verilir.
8. Müqavilənin 2.1-ci bəndinə əsasən icarəçi icarəyəverənə aylıq icarə haqqı kimi xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə qədər həy ay 1500 manat icarə haqqı, habelə icarə sahəsinin hər 1 kv.m sahə üçün ilk 3 ay ayda 2 manat, növbəti aylarda 4 manat kommunal və istismar xərcləri və ƏDV ödəyir. İcarə haqqı hər ayın əvvəlində (7 gün ərzində) alınan fakturalara əsasən aparılır.
9. Müqavilənin 3.1.3-cü bəndinə əsasən icarə haqqı icarəçi tərəfindən əvvəlcədən ödənilmədiyi təqdirdə icarəyə verən hazırkı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malik olmuş olur.
10. Müqavilənin 4.1-ci bəndinə görə icarə predmeti üzrə mülkiyyətçi dəyişdikdə bu müqavilə üzrə münasibətlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada tənzimlənəcək.
11. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktub ilə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə xx.xx.2024-cü il tarixdən birtərəfli qaydada xitam veriləcəyi bildirilmişdir.
12. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktub ilə xx.xx.2024-cü il tarixə qədər icarə sahəsininin boşaldılması tələb edilmişdir.
13. 27.12.2024-cü il tarixli təhvil-təslim aktına görə Nərgiz Mall-un 3-cü mərtəbəsində yerləşən 97 kv.m ofis icarə sahəsinin açarlarının nüsxəsi cavabdehin nümayəndəsinə təhvil verilmişdir.
14. xx.xx.2024-cü il tarixli hesabdan çıxarışa görə cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə 1688 manat ödəniş edilmişdir.
15. xx.xx.2024-cü il tarixli hesabdan çıxarışa görə cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə 2309,84 manat ödəniş edilmişdir.
16. xx.xx.2024-cü il tarixli hesabdan çıxarışa görə cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə 1694 manat ödəniş edilmişdir.
17. xx.xx.2024-cü il tarixli hesabdan çıxarışa görə cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə 1694 manat ödəniş edilmişdir.
18. xx.xx.2024-cü il tarixli hesabdan çıxarışa görə cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə 5082 manat ödəniş edilmişdir.
19. xx.xx.2024-cü il tarixli 564266 nömrəli ödəniş tapşırığına görə 5082 manat məbləğində pul iddiaçı tərəfindən cavabdehə məxsus bank hesına köçürülmüşdür.
20. İddiaçıya məxsus sub-uçot hesabdan çıxarışa görə xx.xx.2024, xx.xx.2024 tarixlərində 1 dəfə və xx.xx.2024-cü il tarixdə 3 dəfə olmaqla cavabdeh tərəfindən iddiaçıya məxsus sub-uçot hesaba 304,92 manat məbləğində köçürmə edilmişdir.
21. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli, MT2407 12108541 nömrəli 10614,96 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2408 10367046 nömrəli 1998,92 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2406 10284741 nömrəli 1998,92 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2405 10030681 nörməli 1998,92 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT 2404 00229127 nömrəli 1998,92 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2401 00458914 1998,92 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2407 10128629 nömrəli 1998,92 manat məbləğində, xx.xx.2024cü il tarixli EBEA 444218 nömrəli 1998,92 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.
22. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
23. Belə ki, iddia ərizəsi iki hissədən ibarətdir: İ. iddiaçıya məxsus 141 kv.m qeyriyaşayış sahəsindən cavabdehə məxsus əşyaların götürülməsi öhdəliyinin icra edilməsinin cavabdehin üzərinə qoyulması; İİ. cavabdehdən 4456 manat məbləğində kompensasiyanın tutulması.
24. Məhkəmə iddia ərizəsini birinci hissədə əsaslı hesab edir.
25. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
26. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
27. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
28. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə icarə müqaviləsi bağlanmış, iddiaçı tərəfindən mülkiyyətində olan qeyri-yaşayış sahəsi cavabdehə icarəyə verilmiş, cavabdeh tərəfindən 2024-cü ilin may ayından etibarən icarə haqlarının ödənilməsi ilə bağlı gecikmələrə yol verildiyi, öhdəliklər lazımınca icra edilmədiyi üçün iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə müvafiq xəbərdarlıqlar göndərilmiş, icarə müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verildiyi bildirilmiş, xx.xx.2024-cü il tarixə qədər sahənin boşaldılması tələb edilmişdir.
29. İşin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, cavabdeh xx.xx.2024-cü il tarixdən icarə sahəsindən çıxarılsa da, icarə sahəsi iddiaçının tələblərinə baxmayaraq cavabdeh tərəfindən boşaldılmamışdır.
30. Halbuki, Mülki Məcəllənin 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər.
31. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsi həmin müqavilənin 3.1.3-cü bəndinə əsasən iddiaçı tərəfindən birtərəfli qaydada ləğv edildiyi üçün iddiaçının ona məxsus 141 kv.m qeyri-yaşayış sahəsindən cavabdehə məxsus əşyaların götürülməsi öhdəliyinin icra edilməsinin cavabdehin üzərinə qoyulması barədə tələbi əsaslıdır və təmin edilməlidir.
32. Məhkəmə cavabdehin icarə müqaviləsinin ləğv edilməsi, habelə sahənin boşaldılması barədə əvvəlcədən ona hər hansı pretenziyanın verilməməsi barədə dəlilini əsassız hesab edir.
33. Belə ki, cavabdehin özü tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli xəbərdarlıqlardan görünür ki, cavabdeh həmin xəbərdarlıqları almış, lakin müqavilənin ləğv edilməsi ilə razı olmadığını iddiaçıya bildirmişdir.
34. Bundan əlavə, cavabdeh tərəfindən təqdim edilmiş polis idarəsinə yazılmış şikayət və izahatdan görünür ki, həmin ərizələr xx.xx.2024-cü il tarixdə (iddia ərizəsi veriləndən 1 ay sonra) yazılmış, həmin ərizələrdə də əşyaların iddiaçıya məxsus sahədə qaldığı göstərilmişdir.
35. Belə ki, məhkəmə tərəfindən bir neçə dəfə cavabdehə həmin əşyaların iddiaçıya məxsus sahədən götürülməsi təklif edilsə də, cavabdeh tərəfindən əşyalar götürülməmiş, məhkəmənin bunun səbəbi barədə sualına cavab olaraq qanuni təmsilçi izahatında həmin əşyaların yerləşdirilməsi üçün yeni icarə sahəsinin tapılmasının lazım olduğu və əşyaları yerləşdirmək üçün cavabdehin münasib yeri olmadığını bildirmişdir.
36. Məhkəmə cavabdehin həmin dəlilini iddianın bu hissədə rədd edilməsi üçün yetərli arqument hesab etmir, bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir.
37. Məhkəmə iddianı ikinci hissədə də əsaslı hesab edir.
38. Belə ki, Mülki Məcəllənin 705-ci maddəsinə əsasən əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir.
39. İşdən görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdən icarə müqaviləsi ilə bağlı hüquq münasibətlərinə xitam veriləcəyi barədə cavabdehə bildiriş göndərsə də, cavabdeh icarəyə götürülmüş sahədən öz əmlaklarını götürərək sahəni boş vəziyyətdə icarəyəverənə qaytarmadığından icarəyəverən sahəni başqa şəxsə icarəyə vermək imkanından məhrum olduğundan onun həmin müddət üçün icarəçidən aylıq icarə haqqı məbləğində kompensasiya tutulması Mülki Məcəllənin 705-ci maddəsinin tələbinə uyğundur.
40. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən xx.xx.2024-cü il tarixədək 4456 manat məbləğində kompensasiya ödənilməsini tələb etməklə haqlıdır, iddia ərizəsi həmin hissədə də təmin edilməlidir.
41. Bundan başqa iddia ərizəsində 500 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən həmin xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
42. Belə ki, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən Union Vəkil Bürosunun hesabına 500 manat hüquqi xidmət haqqı köçürülmüşdür.
43. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. Məhkəmə hesab edir ki, iddia təmin təmin edildiyindən iddia ərizəsi verilərkən ödənilmiş 164,56 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
19. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 4456 manat məbləğində pul, 500 manat hüquqi yardıma görə xərc, 164,56 manat dövlət rüsumu, ümumilikdə 5120,56 (beş min bir yüz iyirmi manat əlli altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddiaçı MMC-yə məxsus 141 kv.m qeyri-yaşayış sahəsindən Cavabdeh MMC-yə məxsus əşyaların götürülməsi öhdəliyi Cavabdeh MMC-yə həvalə edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova