Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8274/2024 19.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-nin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" QSC (bundan sonra – iddiaçı) Cavabdeh2 (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2293,55 manat məbləğində icarə haqqı, 573,40 manat dəbbə pulu və 49 manat dövlət rüsumu olmaqla, cəmi 2915,95 manat vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (ADY), (“İcarəyəverən”/“Mülkiyyətçi”) adından xx.xx.2023-cü il tarixli 13-1/3-30-587/2023 nömrəli etibarnamə əsasında hərəkət edən "xxxx" MMC-nin direktoru ilə Cavabdeh2 (İcarəçi) arasında xx.xx.2023-cü il tarixli 13-1-2/2-17/2023 nömrəli icarə müqaviləsi imzalanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən icarəyəverən bu müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında, mülkiyyətçiyə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan stansiyasının ərazisində yerləşən ümumi sahəsi 120 kv.m təşkil edən İcarə sahəsini kafe kimi fəaliyyət göstərmək məqsədilə istifadə etmək üçün icarəçiyə müddətli icarəyə verir, icarəçi isə həmin əmlakı icarəyə götürür və bunun əvəzində bu müqaviləyə əsasən icarə haqqını icarəyəverənə ödəyir. Müqavilənin 3.1-ci bəndinə əsasən bu Müqavilə imzalandığı tarixdən qüvvəyə minir və həmin tarixdən 1 (bir) il müddətində qüvvədə qalır. Müqavilənin 7.2-ci bəndinə əsasən icarəçi bu müqaviləyə əlavə 1-in 1.2-ci bəndində müəyyən olunmuş aylıq İcarə haqqını ardıcıl olaraq 2 (iki) ay vaxtında ödəmədikdə icarəyəverən bu müqaviləyə dərhal birtərəfli qaydada xitam verə bilər. Müqaviləyə əlavə 1-in 1.1-ci bəndinə əsasən 01 yanvar 2023-cü il tarixdən icarə sahəsi üçün bir aylıq icarə haqqı 600 manat müəyyən edilir. Müqaviləyə Əlavə 1-in 1.4-cü bəndinə əsasən icarəçi icarə sahəsindən 01 yanvar 2023-cü il tarixdən istifadə edir və icarə sahəsi üçün həmin aydan bu müqavilədə müəyyən edilmiş qaydada icarə haqqı hesablanır. Müqaviləyə əlavə 1-in 1.5-ci bəndinə əsasən əgər icarəçi icarə haqqını vaxtında ödəməzsə, onun tərəfindən ödənilməli olan, ancaq ödənilməyən məbləğin üzərinə icarəyəverən tərəfindən hər ödənilməyən gün üçün 0.1% məbləğində dəbbə pulu əlavə olunacaqdır. Həmçinin, İcarəyəverən ilə İcarəçi arasında bağlanmış xx.xx.2023-cü il tarixli 13-1-2/2-542/2023 nömrəli razılaşmaya əsasən tərəflər xx.xx.2023-cü il tarixli 13-1- 2/2-17/2023 nömrəli icarə müqaviləsinə 11 oktyabr 2023-cü il tarixdən etibarən xitam verilməsi, icarə müqaviləsinə xitam verildiyi tarixdə icarə sahəsinin qeyd-şərtsiz boşaldılması, xitam verilmiş icarə müqaviləsi üzrə İcarəçinin 2293,55 (iki min iki yüz doxsan üç manat əlli beş qəpik) manat məbləğində ADY-yə ödənilməmiş icarə haqqı borcunun qalması, icarəçinin həmin borc məbləğini 01 noyabr 2023-cü il tarixinə kimi ödəməyi öhdəsinə götürməsi barədə razılaşmışlar. Beləliklə, Cavabdeh2 tərəfindən icarə müqaviləsi bağlanılan tarixdən 2293,55 (iki min iki yüz doxsan üç manat əlli beş qəpik) manat icarə haqqı ödənilməmiş, cavabdehə bu barədə xx.xx.2024-cü il tarixli 13-1-2/2- 564/2024 nömrəli pretenziya məktubu göndərilmiş, buna baxmayaraq onun tərəfindən öhdəlik icra edilməmişdir. Həmçinin, müqavilə üzrə ödənilməmiş məbləğ 2293,55 (iki min iki yüz doxsan üç manat əlli beş qəpik) manat təşkil etdiyi üçün həmin məbləğin 0,1%-i, yəni 573,40 (beş yüz yetmiş üç manat qırx qəpik) manat dəbbə pulu təşkil edir. II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi O.Rəhimova iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı (icarəyəverən) ilə cavabdeh (iddiaçı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 13-1-2/2-17/2023 nömrəli icarə müqaviləsi 2.1-ci bəndinə əsasən icarəyəverən bu müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında, mülkiyyətçiyə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan stansiyasının ərazisində yerləşən ümumi sahəsi 120 kv.m təşkil edən icarə sahəsini kafe kimi fəaliyyət göstərmək məqsədilə istifadə etmək üçün icarəçiyə müddətli icarəyə verir, icarəçi isə həmin əmlakı icarəyə götürür və bunun əvəzində bu müqaviləyə əlavəyə əsasən icarə haqqını icarəyəverənə ödəyir.
8. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və həmin tarixdən 1 (bir) il müddətində qüvvədə qalır.
9. xx.xx.2023-cü il tarixli 13-1-2/2-17/2023 nömrəli icarə müqaviləsimə əlavə 1-in 1.1ci bəndinə əsasən 01 yanvar 2023-cü il tarixdən icarə sahəsi üçün bir aylıq icarə haqqı 600 manat müəyyən edilir.
10. Əlavənin 1.4-cü bəndinə əsasən icarəçi icarə sahəsindən 01 yanvar 2023-cü il tarixdən istifadə edir və icarə sahəsi üçün həmin aydan əlavənin 1.2-ci bəndində müəyyən edilmiş qaydada icarə haqqı hesablanır.
11. Müqaviləyə əlavə 1-in 1.5-ci bəndinə əsasən əgər icarəçi icarə haqqını vaxtında ödəməzsə, onun tərəfindən ödənilməli olan, ancaq ödənilməyən məbləğin üzərinə icarəyəverən tərəfindən hər ödənilməyən gün üçün 0.1% məbləğində dəbbə pulu əlavə olunacaqdır.
12. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 13-1-2/2-17/2023 nömrəli icarə müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli razılaşma ilə göstərilən icarə müqaviləsinə xitam verilmiş, icarə müqaviləsinə xitam verildiyi tarixdə icarə sahəsinin qeyd-şərtsiz boşaldılması, xitam verilmiş icarə müqaviləsi üzrə icarəçinin 2293,55 (iki min iki yüz doxsan üç manat əlli beş qəpik) manat məbləğində ödənilməmiş icarə haqqı borcunun qalması və həmin borc məbləğinin 01 noyabr 2023-cü il tarixinə kimi ödəniləcəyi razılaşdırılmışdır.
13. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
15. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
16. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
17. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli 13-1-2/2-17/2023 nömrəli icarə müqaviləsi bağlanmış, həmin müqavilə üzrə icarə sahəsi iddiaçı tərəfindən cavabdehin istifadəsinə verilmiş, lakin cavabdeh tərəindən müqavilə ilə üzərinə düşən öhdəliklər lazımınca yerinə yetirilməmiş, yaranmış 2223,95 manat icarə haqqı borcu cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş, müqavilə xx.xx.2023-cü il tarixli razılaşma ilə xitam edilmiş, cavabdeh icarə haqqı borcunu 01 noyabr 2023-cü il tarixinə kimi ödəməyi öhdəsinə götürmüşdür.
18. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 13-1-2/2-17/2023 nömrəli icarə müqaviləsi üzrə 2293,55 manat icarə haqqı borcunu tələb etməkdə haqlıdır, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir.
19. Bundan əlavə iddiaçı tərəflər arasında bağlanmış icarə müqaviləsinə əlavənin 1.5-ci maddəsinə əsasən hesablanmış 573,40 manat dəbbə pulunun cavabdehdən tutulmasını xahiş etmişdir.
20. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
21. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
22. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
23. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 100 manat məbləğində müəyyən edilməlidir.
24. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 2293,55 manat əsas borc və 100 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 42,94 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 6,06 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 2293,55 manat əsas borc, 100 manat dəbbə pulu, 42,94 manat dövlət rüsumu, ümumilikdə 2436,49 (iki min dörd yüz otuz altı manat qırx doqquz qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 6,06 (altı manat altı qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" QSC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova