Məhkəmə qərarları › İş №e-2-2(113)-8285/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-8285/2025

30.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-8285/2025 30.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “protokolun nəticələrinin etibarsız hesab edilməsi və pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra-iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra-cavabdeh) qarşı “protokolun nəticələrinin etibarsız hesab edilməsi və pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin səhmdarlarının 15 avqust 2025-ci il tarixli növbəti yığıncağının 001/2025 saylı protokolunun və həmin protokolun nəticələrinin etibarsız hesab edilməsi və həmin protokol əsasında aparılmış bütün qeydlərin ləğv edilməsi, cavabdeh "Sabunçu İstehsalat Xidməti Bazası ASC-nin rəhbərliyinin yarıtmaz idarəçiliyi nəticəsində səhmdar İddiaçı dəymiş 10000 (on min) manat məbləğində maddi ziyanın, 18240 (on səkkiz min iki yüz qırx) manat həcmində əldən çıxmış faydanın və 50000 (əlli min) manat həcmində nüfuzuma mənəvi dəymiş zərərin ödənilməsi barədə, ümumilikdə 78240 (yetmiş səkkiz min iki yüz qırx) manatın cavabdeh tərəfindən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə yazılı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" ASC barəsində müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə verdiyi ərizə əsassızdır və təmin olunmamalıdır. Ərizədə göstərilən arqumentlər Mülki Prosessual Məcəllənin tələblərinə uyğun şəkildə əsaslandırılmamış, təqdim olunan dəlillər isə nə hüquqi, nə də faktiki baxımdan müvəqqəti təminat tədbirinin zəruriliyini sübuta yetirmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.5-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu göstərilməlidir. Halbuki, iddiaçı tərəfindən təqdim edilən materiallarda belə sübutlar yoxdur. Əksinə, iddia ərizəsində yalnız ümumi və subyektiv mülahizələr yer alır. Həmçinin, Məcəllənin 157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. İddiaçının tələbi bu prinsipləri pozur, çünki onun şəxsi və iqtisadi maraqları naminə digər səhmdarların, idarəetmə orqanlarının və kreditorların hüquqlarının məhdudlaşdırılması ədalətli və qanuni sayıla bilməz. İddiaçının "xxxx" ASC-də cəmi 2280 ədəd səhmi mövcuddur ki, bu da cəmiyyətin səhmlərinin çox kiçik bir hissəsini təşkil edir. Belə bir səhm payı ilə cəmiyyətin bütün idarəetmə və ləğv prosesini dayandırmaq tələbi, mülki hüquqların nisbətliliyi və balansı prinsiplərinə ziddir. Qeyd etmək lazımdır ki, ASC-nin ümumi yığıncaqlarında qəbul edilən qərarların təxminən 94 faizi səs çoxluğu ilə təsdiqlənmişdir. Bu isə onu göstərir ki, cəmiyyətin ümumi iradəsi iddiaçının fərdi mövqeyindən tam fərqlidir və onun iddiaları yalnız şəxsi maraqla səciyyələnir. Konstitusiya Məhkəməsi də göstərmişdir ki, səhmdar cəmiyyəti öz mahiyyətinə görə çoxşərikli kommersiya təşkilatı olduğundan və sırf sərmayə üzərində qurulduğundan, onun məhz bu prinsipə görə idarə edilməsi zəruridir. Mülki qanunvericilikdə əksəriyyət prinsipi “bir səsli səhm – bir səsdir” (Mülki Məcəllənin 107-3.5ci maddəsi) formasında öz əksini tapıb. Bu prinsipə əsasən, əksəriyyət səhmdarların say etibarı ilə çoxluğuna görə deyil, nizamnamə kapitalında iştirak payının həcminə görə müəyyən olunur. Başqa sözlə, səhmdar cəmiyyətində hüquqlar şəxsə görə deyil, qoyulan sərmayəyə görə müəyyən edilir. Əks hal, yəni hər bir səhmdarın onun mülkiyyətində olan səhmlərin sayından asılı olmayaraq veto səlahiyyətinin tanınması, faktiki olaraq səhmdar cəmiyyətinin idarə olunmasında yekdillik prinsipinin tətbiqi deməkdir. Bu da öz növbəsində belə hüquqi şəxsin idarə olunmasını iflic edə bilər. Bu isə bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradılmasını müəyyən edən Konstitusiyanın 15-ci maddəsinin İİ hissəsində və Mülki Məcəllənin 1-ci maddəsində nəzərdə tutulan sahibkarlıq fəaliyyətini dəstəkləmək və sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq kimi məqsəd və vəzifələrlə uzlaşmır. Digər tərəfdən əgər azlığın hüquqlarının müdafiəsi məqsədilə səhmdar cəmiyyətlərinin idarə olunmasında yekdillik prinsipi tanınarsa və hər bir səhmdara veto səlahiyyəti verilərsə, bu, əksəriyyəti təmsil edən səhm sahiblərinin öz səhmlərinin hüquqi müqəddəratını müəyyən edə bilməyəcəyindən onların hüquqlarının daha böyük həcmdə pozulmasına səbəb olar. Beləliklə, səhmdar cəmiyyətində sərmayənin azını təmsil edən və səhmdar cəmiyyətinin hüquqi-təşkilati formasının dəyişməsini istəməyənlərlə eyni səhmdar cəmiyyətində sərmayənin əksəriyyətini təmsil edən və bunun dəyişməsini istəyənlər qarşı-qarşıya gəldikdə, sərmayənin əksəriyyətini təmsil edənlərin iradəsinin üstün tutulması tarazlılıq prinsipi baxımından daha ədalətli və məqsədəuyğundur (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2011-ci il tarixli qərar). Hazırkı halda isə iddiaçı səhmdar kimi mübahisələndirdiyi ümumi yığıncaqda iştirak etmiş, onun iradəsinin formalaşmasına hər hansı kənar təsir və ya iradəsini ifadə etməsinə maneə yaradılmamışdır. Lakin “bir səsli səhm – bir səsdir” prinsipinə müvafiq olaraq azlıqda qaldığı üçün mübahisələndirdiyi qərarın qəbul edilməsinə təsir edə bilməmişdir. ASC-də səhmlərin 93,2369 faizinın mülkiyyətçisi X1 isə qəbul edilən bütün qərarların lehinə səs vermişdir. Bundan əlavə, iddiaçı ərizəsində qeyd edir ki, guya o, illik hesabatların və ümumi yığıncaq protokollarının surətlərinin verilməsi üçün dəfələrlə müraciət etmiş, lakin cavab almamışdır. Bu məlumat gerçəkliyi əks etdirmir. Cəmiyyətə iddiaçının heç bir yazılı müraciəti daxil olmamış, sonuncu dəfə iddiaçı yalnız Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət etmişdir. Həmin müraciətə əsasən Mərkəzi Bankın müraciəti üzrə ASC tərəfindən iddiaçıya zəruri sənədlərin surətləri təqdim edilmiş, bu barədə rəsmi cavab məktubu və çatdırılma qəbzi də mövcuddur. Beləliklə, iddiaçının guya sənədlərin təqdim edilməməsi ilə bağlı gətirdiyi arqumentlər həqiqətə uyğun deyil və müvəqqəti təminat tədbirinin tətbiqi üçün hüquqi əsas yarada bilməz. Bununla yanaşı, qeyd edilməlidir ki, "xxxx" ASC təxminən 15 ildir fəaliyyətsiz vəziyyətdədir. Bu dövr ərzində nə maliyyə hesabatları tərtib olunmuş, nə də səhmdarların ümumi yığıncaqları keçirilmişdir. Fəaliyyətsizliyə görə cəmiyyət barəsində müxtəlif inzibati tədbirlər də görülmüşdür. Hazırda ASC-nin 2021–2024-cü illərə dair maliyyə hesabatları və ümumi yığıncaq protokolları mövcud deyil. İddiaçının isə bu müddət ərzində cəmiyyətin fəaliyyətinin bərpası və ya hesabatların hazırlanması istiqamətində heç bir təşəbbüs göstərmədiyi məlumdur. Əksinə, onun son dövrlərdəki davranış və müraciətləri göstərir ki, məqsəd ASC-nin faktiki vəziyyəti ilə maraqlanmaq deyil, səhmlərini süni şəkildə şişirdilmiş qiymətlərlə satılmasından şəxsi maddi fayda əldə etməkdir. İddiaçı eyni zamanda ümumi yığıncağın guya “saxtakarlıqla keçirildiyini” iddia edir. Lakin bu iddianı təsdiqləyən heç bir sübut təqdim edilməmişdir. Əksinə, həmin iclas zamanı videoçəkiliş aparılmış və bu çəkilişlər lazım gələrsə, məhkəməyə təqdim edilə bilər. Qeyd edilən faktlar bir daha göstərir ki, ASC-nin ümumi yığıncaqları şəffaf şəkildə, qanunvericiliyin tələblərinə uyğun olaraq keçirilmişdir. Bundan əlavə, ASC-nin ləğv prosesi qanuni qaydada həyata keçirilir. Mülki Məcəllənin müvafiq müddəalarına əsasən, ləğv müddəti bir il müəyyən edilmişdir. Ləğv prosesinə başlamazdan əvvəl qanuna uyğun olaraq elan dərc olunmuş, kreditorların və maraqlı şəxslərin tələblərinin təqdim edilməsi üçün zəruri vaxt ayrılmışdır. Bu müddət ərzində hər hansı əsaslı və qanuni tələb daxil olarsa, ləğv prosesi dayandırıla bilər. Buna görə də, iddiaçının müvəqqəti təminat tədbiri vasitəsilə ləğv prosesinin qarşısını almaq istəyi hüquqi baxımdan əsassız və prosessual məqsədəuyğunluqdan kənardır. Göstərilən bütün bu halları nəzərə alaraq belə qənaətə gəlmək olar ki, iddiaçının təqdim etdiyi müvəqqəti təminat tədbiri ərizəsi nə hüquqi, nə də faktiki əsaslara söykənir. Ərizənin təmin olunması cəmiyyətin digər səhmdarlarının, kreditorlarının və idarəetmə orqanlarının qanuni hüquqlarını əsassız şəkildə məhdudlaşdıracaq, mütənasiblik və hüquqların balansı prinsiplərini pozacaqdır Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib təmin edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, hazırkı kommersiya mübahisəsi üzrə işin onunla əlaqəli olan İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sənədlərin verilməsi” tələbinə dair kommersiya işi ilə bir icraatda birləşdirilməsinə etiraz etmir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə etiraz edib təmin edilməməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, hazırkı kommersiya mübahisəsi üzrə işin onunla əlaqəli olan İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sənədlərin verilməsi” tələbinə dair kommersiya işi ilə bir icraatda birləşdirilməsinə etiraz etmir. Məhkəmə hesab edir ki, hazırkı iş onunla əlaqəli olan İddiaçı cavabdeh "xxxx" ASCyə qarşı “sənədlərin verilməsi” tələbinə dair iddiası üzrə e-2-2(113)-8238/2025 saylı işlə bir icraatda baxılması üçün birləşdirilməlidir. Belə ki, işə baxılarkən məlum olmuşdur ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sənədlərin verilməsi” tələbinə dair iddiası üzrə e-2-2(113)-8238/2025 saylı iş xx.xx.2025-il il tarixdən Bakı Kommersiya Məhkəməsinin (Hakim Ülkər Həsənova) icraatındadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim (məhkəmə) həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, həmin mülki işləri birlikdə baxmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2, 169, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “protokolun nəticələrinin etibarsız hesab edilməsi və pulun tutulması” tələbinə dair e-2-2(113)-8285/2025 saylı iş, onunla əlaqəli olan İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sənədlərin verilməsi” tələbinə dair iddiası üzrə e-2-2(113)-8238/2025 saylı işlə bir icraatda baxılması üçün birləşdirilsin və birləşdirilmiş işə e-2-2(113)-8238/2025 saylı nömrə verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar