Məhkəmə qərarları › İş №e-2-2(113)-829/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-829/2024

16.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-829/2024 16.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: subroqasiya qaydasında pulun tutulması) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azərişıq” ASC-dən 11.500 manat və 400 manat mediasiya xərci məbləğinin, ümumilikdə 11.900 manat məbləğində pul vəsaitinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən xx.xx.2011-ci il tarixində təsdiq edilmiş “Əmlakın yanğın və digər əlavə risklərdən sığortasının əsas qaydaları”na əsasən və Dibirova Həcər Əli qızının bu qaydalarla razı olması şərti ilə sığortaçı tərəfindən ona sığorta AZ/067404 saylı, xx.xx.2020-ci il tarixli sığorta şəhadətnaməsi blankı verilməsi yolu ilə könüllü sığorta müqaviləsi bağlanılmışdır. 2.2. xx.xx.2020-ci il tarixində ünvan 1i ünvanında yerləşən Dibirova Həcər Əli qızına məxsus ticarət obyektində yanğın hadisəsi baş vermişdir. Baş vermiş hadisə nəticəsində daşınar əmlaka 11.750 manat məbləğində real zərər dəymişdir. 2.3. AKT0441/Fİ-0042/2020 saylı sığorta aktına və AZ/067404 saylı sığorta müqaviləsinə (şəhadətnaməsinə) əsasən 11.500 manat məbləğində sığorta ödənişi sığortalı Dibirova Həcər Əli qızının bank hesabına köçürülmüşdür. 2.4. Sığortalı Dibirova Həcər Əli qızı sığorta ödənişini aldıqdan sonra hesablanılmış sığorta ödənişinin dəymiş zərər məbləğinə uyğun olduğunu və ödənilmiş məbləğ ilə hər hansı şikayətinin olmadığına dair xx.xx.2021-ci il tarixli, **********716 saylı notariat qaydasında təsdiq olunmuş ərizə vermişdir.

II. Tərəflərin mövqeləri:

3. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmirlər, lakin iddiaçı tərəf məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 1108.1-ci maddəsinə əassən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

9. İşin müyyən olunmuş halları ondan ibarətdir ki, xx.xx.2020-ci il tarixdə ünvan 1i ünvanında yerləşən Dibirova Həcər Əli qızına məxsus ticarət obyektində yanğın hadisəsi baş vermiş və nəticədə obyektə və obyektdə olan daşınar əmlaka zərər dəymişdir.

10. İş materiallarından görünür ki, "xxxx" ASC ilə Dibirova Həcər Əli qızı arasında siğorta riskinin qiymətləndirilməsi barədə AZ/067404 nömrəli, xx.xx.2020-ci il tarixli daşınar əmlak siğortası müqaviləsi bağlanılmış və sığortalı Dibirova Həcər Əli qızının sahibliyində olan ünvan 1i ünvanında yerləşən daşınar əmlaka xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi 12.500 manat məbləğində yanğın və digər risklərdən sığorta təminatı verilmişdir.

11. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli ödəniş sənədindən görünür ki, Azsiğorta ASC tərəfindən X1 11.5000 manat məbləğində siğorta ödənişi edilmişdir.

12. Bundan başqa Dibirova Həcər Əli qızı notariat qaydasında təsdiq edilmiş ərizəsi ilə xx.xx.2020-ci il tarixdə ona məxsus ünvan 1i ünvanında yerləşən ticarət kompleksində baş vermiş yanğına görə daşınar əmlak üçün 11.500 manat siğorta ödənişi ilə razı olduğunu bildirmişdir.

13. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından ilk növbədə müəyyən edilməli olan məqam ünvan 1i ünvanında yerləşən əmlaka dəymiş ziyanın "xxxx" ASC-nin təqsiri nəticəsində baş verib-vermədiyini müəyyən etməkdir.

14. iş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-193/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, ünvan 1ində Dibirova Həcər Əli qızına məxsus ticarət obyektini və həmin ərazidə yerləşən fərdi yaşayış evlərini elektrik enerjisi ilə təmin edən hava elektrik xəttlərinin düzgün istismarı, onların etibarlı işləməsi, eləcə də texniki xidmət aparılaraq qüsurların aradan qaldırılması təmin edilmədiyinə görə, “Elektrik stansiyaları və şəbəkələrinin texniki istismar qaydaları”nın 5.7.1, 5.7.5, 5.7.16, 5.7.18 və 5.7.19bəndlərinin tələbləri həmin ərazi üzrə elektrik hava xətlərinə texniki baxışların keçiirlməsini təşkil edib təmin etməli olan vəzifəli və digər əməkdaşları tərəfindən öz vəzifə və peşə təlimatları dairəsində pozulması müəyyən edilmişdir.

15. Göründüyü kimi, ünvan 1i ünvanında yerləşən Dibirova Həcər Əli qızına məxsus ticarət obyektinə "xxxx" ASC-nin təqsiri nəticəsində ziyan dəymişdir.

16. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli əmlak üzrə ekspert Zeynalov İlqar tərəfindən tərtib edilmiş hesabatdan görünür ki, dəymiş ziyanın məbləği 12.499 manat təşkil edir.

17. Yuxarıda qeyd edilmiş sənədlərdən də, göründüyü kimi, sığortaçı tərəfindən sığortalıya 11.500 manat məbləğində pul ödənilmişdir.

18. Cavabdeh tərəf də, dəymiş zərərin daha az olması ilə bağlı hər hansı bir sənəd təqdim etməməklə yanaşı, ümumiyyətlə son iki Məhkəmə iclasına gəlməmişdir.

19. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 11.500 manat məbləğində pul "xxxx" ASC-dən tutularaq iddiaçıya ödənməlidir.

20. Bundan başqa, işdə olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya xərcinin əvəzi olaraq 400 manat məbləğində pul Bakı 9 saylı mediasiya təşkilatına ödənmişdir.

21. Ona görə də, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 400 manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

22. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın təmin olunması barədə qətnamə qəbl edilməlidir.

VI. Nəticə:

23. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. 11.500 (on bir min beş yüz) manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar