Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-8296/2025 10.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X3, İddiaçı MTK-nın Cavabdeh MMC-yə qarşı cavabdeh tərəfindən hesabatın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı MTK iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən xx.xx.2025-ci il tarixli 45 nömrəli hesabatın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-94/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi əsasında Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin böyük icra məmuru X1 tərəfindən qəbul edilmiş qərarla tərəfindən borclu İddiaçı Mənzil Tikinti Kooperativinin mülkiyyətində olan “BMW XM Hibrid” minik markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı, “KİA RİO” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı, “JİUSHENG JS-HQCD25T056” xüsusi təyinatlı, **-JN-*** dövlət qeydiyyat nişanlı, “KİA Carnival” minik markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı, “KİA RİO” minik markalı, 90- PZ-880 dövlət qeydiyyat nişanlı, “X6 Plug-İn” hibrid minik markalı, **-YA-*** dövlət qeydiyyat nişanlı, “LEXUS LX600” minik markalı **-AA-*** dövlət qeydiyyat nişanlı, “Toyota Hilux” minik markalı, **-PZ-*** nömrəli və “X6 MY25 Plug-İn” hibrid minik markalı, **- PO-*** dövlət qeydiyyat nişanlı avtomobillər aşkar edilməklə üzərinə həbs qoyulmuşdur. Həbs qoyulmuş əmlaklardan olan KİA RİO markalı sedan tipli 2019-cu buraxılış ili olan avtomobil Nərimanov rayon İcra Şöbəsinin sifarişi əsasında Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən xx.xx.2025-ci il tarixdə qiymətləndirilmişdir. Həmin qiymətləndirmə hesabatında əmlakın qiymətləndirilməsi zamanı 3 əsas qiymətləndirmə metodundan istifadə edildiyi bildirilmişdir. (Hesabatın 6 səhifə İ abzas) · Uyğun satışların müqayisəli metodu · Xərc metodu · Gəlirin kapitallaşdırılması metodu Uyğun satışların müqayisəli metodu – alqısatqı və satış təkliflərini üzrə sövdələşmələrdən analoqların seçilməsi üzrə hər bir analoq üzrə satış qiymətinin, təklif olunma qiymətinin və sövdələşmə qiymətinin öyrənilməsi və yoxlanılmasından ibarətdir. Göründüyü kimi qiymətləndirici Cavabdeh MMC-nin X4 qiymətləndirmənin istinad etdiyi bu metoduna düzgün riayət etməmişdir. Belə ki ən azından hazırda avtomobil satışlarında işgüzar münasibət kimi formalaşmış təcrübəyə əsasən avtomobil bazarında internet üzərindən alqı-satqı əməliyyatları daha intensiv aarılan saytlardan müqayisəli qiymət təkliflərini əldə etmək olar. Həmin alqı-satqı saytları üzərindən qiymətləndirilən avtomobil ilə eyni xarakteristikaya malik olan digər analoqlarının qiymətlərinə baxdıqda qiymətləndirilmiş avtomobilin dəyəri həmin qiymətlərə nəinki bərabər ümumiyyətlə ondan qat qat aşağı qiymətləndirildiyinin şahidi oluruq. Digər xərc metodu – isə həmin əmlakın bərpa olunması zamanı çəkiləcək xərclərin hesablanması üzrə müəyyən edilməsidir bu halda da qiymətləndirmə hesabatı düzgün tərtib edilməmişdir. Belə ki, qiymətləndirilən avtomobilin həm istehsalili həm də sürüş məsafəsi az olduğundan onun amortizasiya dəyərinin digər analoqları ilə müqayisədə daha az istifadə edilməsi səbəbi ilə düzgün qiymətləndirilmədiyinin şahidi oluruq. Eyni zamanda qiymətləndirmə rəyinin 9-cu səhifəsində avtomobilin texniki xarakteristikasında avtomobilin ümumi vəziyyətinin istifadəyə yararlı vəziyyətdə olması qeyd edilmişdir. Digər Gəlirin kapitallaşdırılması metodu üzrə də əmlakın gəlir gətirmə qabiliyyəti və səmərəli istifadə imkanları düzgün təhlil edilməmişdir. Belə ki, avtomobil bazarında yanacaq sərfiyyatı aşağı, qəzalılıq vəziyyəti araşdırılmadan və az istismar olunmuş avtomobillərə olan təlabatın olması qiymətləndirici tərəfindən düzgün təhlil edilməmişdir. Bundan başqa əmlakın qiymətləndirilməsi üzrə əmlakın qiymətinə böyük təsir göstərən avtomobilin yanacaq növü yanlış qeyd edilmişdir ki, bu da nəticədə avtomobilin qiymətinə mühüm təsir gösətərn amillərdən ən əsasıdır. Belə ki hesabatın 8-ci səhifəsində avtomobilin texniki göstəriciləri səhifəsində avtomobilin yanacaq növü benzin əvəzinə dizel qeyd edilmişdir. Ümumiyyətlə qiymətləndirilmə hesabatında əmlakın qiymətləndirilməsi zamanı istifadə edilmiş hər 3 metod üzrə düzgün qiymətləndirilmə aparılmadığı müəyyən edilmişdir. Qeyd edilən qiymətləndirmə hesabatında olan yanlışlıqlar və qiymətləndirilən əmlakın (avtomobilin) texniki göstəricilərinin bilərəkdən düzgün qeyd edilməməsi həmin hesabatın mötəbərliyini şübhə altına alır. Göründüyü kimi, icra məmuru və qiymətləndirici şirkətin birgə fəaliyyəti nəticəsində borclunun əmlakının dəyərindən aşağı qiymətləndirməklə mülkiyyətindən məhrum etmək niyyəti açıq aşkar görsənmişdir. Bu səbəbdən həmin hesabat və onun nəticələri etibarsız hesab edilməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri və iş materiallarını tədqiq edərək aşağıda göstərilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, hazırkı iş üzrə iddia tələbinin faktiki əsasını Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-94/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası məqsədilə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin böyük icra məmuru X1 tərəfindən qəbul edilmiş qərarla üzərinə həbs qoyulmuş iddiaçıya məxsus KİA RİO markalı sedan tipli 2019-cu buraxılış ili olan avtomobilin Nərimanov rayon İcra Şöbəsinin icra məmurunun qiymətləndiricinin dəvət edilməsi barədə sifarişi əsasında xx.xx.2025-ci il tarixdə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən qiymətləndirilərkən sonuncu tərəfindən qanunvericiliyin tələblərinin pozulması və nəqliyyat vasitəsinin dəyərini real bazar qiymətlərinə uyğun qiymətləndirilməməsi təşkil edir. Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli Qərardadında göstərilmişdir ki, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir. Həmin Qərardadın 32-ci bəndində göstərilmişdir ki, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsində icra məmurunun müvafiq qiymətləndiricini dəvət etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Bu baxımdan dəvət edilmiş qiymətləndiricinin rəyindəki müvafiq (başlanğıc) qiymətlə əmlakın hərraca çıxarılmasına dair sifariş vermək hüququ da icra məmuruna aiddir. Belə olan halda, hərrac keçirilənədək həmin qiymət, onu öz sifarişində əsas götürən icra məmurunun hərəkətindən verilən şikayət qaydasında mübahisələndirilə bilər. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməlidir. Hazırkı iş üzrə KİA RİO markalı sedan tipli 2019-cu buraxılış ili olan avtomobil üzrə hərracın keçirilməsi hüquqi faktı mövcud deyildir. Hazırda mövcud olan hüquqi vəziyyət icra məmurunun dəvət edilmiş qiymətləndiricinin rəyindəki müvafiq (başlanğıc) qiymətlə əmlakın hərraca çıxarılmasına dair sifariş vermək kimi icra hərəkətidir. Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin şərh edilməsinə dair 4 aprel 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati-Prosessual Məcəllənin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Sonradan “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli Qanunu ilə 87.1-ci maddəyə dəyişiklik edilmiş, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclunun icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilməsi müəyyən edilmişdir. Bundan əlavə, Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respulikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Adıçəkilən qərarında Konstitusiya Məhkəməsi Plenumu bu nəticəyə gəlmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, İnzibati-İqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxılır. Konstitusiya Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli “İcra haqqında” Azsərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair qərarında isə göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlüklə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Həmin qərarda qeyd edilmişdir ki, “İcra Haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra Haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra Haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Yuxarıda adıçəkilən normalardan, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən müəyyən olunur ki, icra sənədinin düzgün icra olunmasının təşkili və bununla bağlı icra məmurunun hərəkətləri həmin kommersiya işinin bilavasitə davamıdır və icra məmurunun həmin hərəkətlərindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. 114.1.2-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə, hesab edirəm ki, iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından iddia ərizəsinin qəbulundan imtina edilməli və ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalı, eyni zamanda iddiaçıya izah edilməlidir ki, cavabdeh tərəfindən verilmiş hesabatın etibarsız hesab edilməsi tələbinə icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə baxıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152-156, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı MTK-nın Cavabdeh MMC-yə qarşı cavabdeh tərəfindən hesabatın etibarsız hesab edilməsi tələbinə dair iddiasının yolverilməzliyinə görə qəbulundan imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya rəsmi qaydada verilsin. İddiaçı MTK tərəfindən dövlət büdcəsinə xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbz üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah edilsin ki, cavabdeh tərəfindən verilmiş hesabatın etibarsız hesab edilməsi tələbinə icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə baxıla bilər. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-8296/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-8296/2025
10.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver