Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-83/2021 22.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X2, ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ilkin iddia üzrə cavabdeh, qarşılıqı iddia üzrə iddiaçı “xxxx” QSC-yə qarşı borcun ödənilməsi tələbinə dair ilkin iddiası və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” QSC-nin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “xxxx” ASC-yə (ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna) qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh “xxxx” QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış xx xxxxxx 2015-ci il tarixli, № KXM HŞ 001 saylı kredit xətti müqaviləsinə əsasən 6.786,131,78 ABŞ dolları məbləğində əsas borcun, 4.763.864,70 ABŞ dolları məbləğində faiz borcunun, ümumilikdə isə 11.549.996,50 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun “xxxx” QSC–dən tutularaq ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bank fəaliyyəti göstərdiyi dövrdə “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə “xxxx” QSC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, №KXM HŞ 001 saylı kredit xətti müqaviləsinə əsasən “xxxx” QSC - nə 36 müddətinə, illik 12 faiz dərəcəsi olmaqla, 12.000.000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Borclu, hazırkı iş üzrə cavabdeh “xxxx” QSC xx xxxxxx 2015-ci il tarixli, KXM HŞ 001 saylı kredit xətti müqaviləsinə əsasən öz üzərinə götürdüyü kredit xətti öhdəliklərini tam icra etməmiş və bunun nəticəsində də cavabdehin banka əsas borc üzrə 6.786.131,78 ABŞ dolları, faiz borcu üzrə 4.763.864.70 ABŞ dolları, ümumilikdə isə 11.549.996,50 ABŞ dolları məbləğində borcu qalmışdır. xx xxxxxx 2015-ci il tarixli, №KXM HŞ 001 saylı kredit xətti müqaviləsinin 3.1.10. bəndinin tələbinə görə kreditorun borc alan tərəfindən müqavilə şərtləri pozulduqda müqaviləyə xitam vermək və borc alanın hesabından krediti, ona hesablanılmış faizləri və digər ödənişləri borc alanın sərəncamı olmadan silmək hüququ vardır. Sonradan cavabdehin nümayəndəsi və vəkili qarşılıqlı iddia ərizəsini təqdim edərək, “xxxx” QSC ilə “xxxx” ASC arasında imzalanmış xx.xx.2008-ci il tarixli, xx.xx.2009-cu il tarixli, xx.xx.2009-cu il tarixli, xx.xx.2009-cu il tarixli, xx.xx.2010-cu il tarixli, xx.xx.2015-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehdən xx.xx.2015-ci il tarixli kredit xətti müqaviləsinə əsasən əsas borcu və faizi tələb edir. Lakin həmin müqavilə əhəmiyyətsizdir və etibarsızdır, mülki qaninvericiliyin tələblərini pozmaqla imzalanmışdır. Hesab edir ki, müqavilə və tərəflər arasında imzalanmış digər kredit müqavilələri etibarsız hesab edilməlidir. Qeyd edir ki, tərəflər arasında bir müqavilə deyil, 6 kredit müqaviləsi imzalanmışdır.Tərəflər arasında ilk olaraq xx.xx.2008-ci il tarixli müqavilə imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən bank “xxxx” QSC-yə illik 17% dərəcəsi ilə 8 il müddətinə 500.000 ABŞ dolları məbləğində kredit vermişdir. Lakin həmin kredit müqaviləsi üzrə QSC tərəfindən ödənişlər edilmədiyinə görə tərəflər arasında yeni xx.xx.2008-ci il tarixli müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən bank “xxxx” QSC-yə illik 17% ilə 6 il müddətinə 500.000 ABŞ dolları məbləğində kredit vermişdir. Həmin müqavilə üzrə əsas borc “xxxx” QSC tərəfindən ödənilməmiş, borcun ödənilməsi məqsədilə tərəflər arasında növbəti müqavilə olan xx.xx.2009-cu il tarixli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən bank “xxxx” QSC-yə illik 17% dərəcəsi ilə 7 il müddətinə 400.000 ABŞ dolları məbləğində kredit vermişdir. Həmin müqavilə üzrə əsas borc da “xxxx” QSC tərəfindən ödənilməmiş, bu məqsədlə tərəflər arasında xx.xx.2009-cu il tarixli müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən bank “xxxx” QSC-yə illik 17% dərəcəsi ilə 7 il müddətinə 500.000 ABŞ dolları məbləğində kredit vermişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyinə görə tərəflər arasında növbəti müqavilə olan xx.xx.2009-cu il tarixli müqavilə inzalanmışdır. Qeyd olunan müqaviləyə əsasən bank “xxxx” QSC-yə illik 17% dərəcəsi ilə 7 il müddətinə 500.000 ABŞ dolları məbləğində kredit vermişdir. Müqavilə üzrə ödənilməli 500.000 ABŞ dolları “xxxx” QSC tərəfindən ödənilmədiyindən tərəflər arasında növbəti müqavilə olan xx.xx.2010-cu il tarixli müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən QSC-yə illik 17% dərəcəsi ilə 5 il müddətinə 950.300 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə “xxxx” QSC tərəfindən ödənişlər edilmədiyinə görə tərəflər arasında son olaraq xx.xx.2015-ci il tarixli müqavilə imzalanmışdır. Müqavilənin əsasən bank “xxxx” QSC-yə 3 il müddətinə 12% dərəcəsi ilə 12.000.000 ABŞ məbləğində kredit vermişdir. Tərəflər arasında 7 kredit müqaviləsi imzalanmışdır ki, onlardan yalnız birinci müqavilə ona uyğun hüquqi nəticələr yaradan müqavilədir, yəni həmin müqavilə əsasında xxxx” QSC-yə bank tərəfindən kredit ayrılmışdır, yəni kredit vəsaiti “xxxx” QSC-nin hesabına köçürülmüşdür. Lakin digər müqavilələr ona uyğun hüquqi nəticələr, başqa əqdi pərdələmək üçün imzalanmış müqavilələrdir. Belə ki, birinci müqavilədən başqa “xxxx” QSC-nin digər müqavilələr üzrə yaranmış borcunun bağlanması üçün imzalanmış, yəni formal olaraq bağlanmış, başqa əqdi pərdələnmişdir. Həmin müqavilə üzrə “xxxx” QSC-yə nə nağd qaydada, nə də “xxxx” QSC-nin hesabına pul vəsaiti bank tərəfindən ödənilməmişdir. Belə olan halda həmin müqavilələr əhəmiyyətsizdir və etibarsızdır. Bundan əlavə, qeyd olunan kredit müqavilələri qanunvericiliyin və “xxxx” QSC-nin nizamnaməsinin tələblərini pozmaqla imzalanmışdır. Belə ki, kredit müqavilələri “xxxx” QSC-nin baş direktoru V.İ.Korotkov tərəfindən imzalanmışdır. Halbuki Korotkovun həmin kredit müqavilələri imzalamağa səlahiyyəti olmamışdır. Belə ki, QSC-nin Nizamnaməsinin 11.5-ci bəndinə görə məbləği 100.000 ABŞ dollarından çox olan müqavilələr imzalanarkən cəmiyyətin səhmdarlarının ümumi yığıncağının razılığı tələb olunur. Mübahisəli müqavilələr bağlanarkən isə “xxxx” QSC-nin səhmdarlarının ümumi yığıncağının razılığı alınmamış, onların məlumatı və razılığı olmadan kredit müqavilələri bağlanmışdır. xx.xx.2020-ci il tarixdə cavabdehin nümayəndəsi və vəkili qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “xxxx” QSC ilə “xxxx” ASC arasında imzalanmış xx.xx.2008-ci il tarixli, xx.xx.2009-cu il tarixli, xx.xx.2009-cu il tarixli, xx.xx.2009-cu il tarixli, xx.xx.2010-cu il tarixli, xx.xx.2015-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi qarşılıqlı iddia ərizəsinə yazılı etirazı məhkəməyə təqdim edərək, qarşılıqlı iddia ərizəsinin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə “xxxx” QSC arasında bağlanılmış xx.xx.2015-ci il tarixili kredit müqaviləsinə əsasən “xxxx” QSC -nə 12.000.000 (on iki milyon) ABŞ dolları miqdarında kredit xətti açılmışdır və bu kredit xətti müqaviləsi üzrə öhdəliklər “xxxx” CSC tərəfindən icra olunmadığı üçün tərəflərindən məhkəməyə müraciət olunmuşdur. Göründüyü kimi kredit xətti müqaviləsinin bağlanılmasından uzun müddət keçmişdir. Cavabdehin qarşılıqlı iddia ərizəsində bir xüsusat da vuqğulanır ki, guya mübahisələndirilən kredit müqaviləsini “xxxx” QSC-nin İdarə Heyətinin sədri X5 səhmdarların razılığı olmadan imzaladığı üçün “xxxx” QSC-nin səhmdarlarının ümumi yığıncağının xx.xx.2020-ci il tarixli qərarı ilə onun səlahiyyətlərinə xitam verilmiş, cəmiyyətin İdarə heyətinin sədri vəzifəsinə X7 təyin olunmuşdur. Səhmdarların ümumi yığıncağının razılığı olmadan X3 sözugedən kredit müqaviləsini imzaladığı üçün işdən azad olunması şübhə doğurur. Belə ki, sözügedən müqavilə xx.xx.2015-ci il tarixində imzalanmış və guya 5 il keçdikdən sonra V.l.Korotkov bu işlə əlaqədar vəzifəsindən azad olunmuşdur. Hesab edir ki, kredit xətti müqaviləsinin bağlanılmasından uzun müddət keçdiyindən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia irəli sürülə bilməz. Belə ki, cavabdeh əqdin etibarsız sayılmasına əsas verən halları hələ 2015-ci ilin əvvələrində bilirdi və ya bilməli idi. Digər tərəfdən də, səhmdarların ümumi yığıncağın qərarı olmadan külli miqdarda kreditin alınması üçün kredit müqaviləsinin idarə heyətinin sədrinin imzalaması da inandırıcı görünmür. xx.xx.2021-ci il tarixdə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh cavabdeh “xxxx” QSC-nin xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə “xxxx” ASC-yə ödənilməmiş 6.786.131,78 ABŞ dolları əsas borcun, 6.976.143,75 ABŞ dolları faiz borcunun, 1.017.919,77 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanan illik 5% məbləği olmaqla kredit borcunun, ümumilikdə 14.780.195,30 ABŞ dolları məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi dəqiqləşdirilmiş ilkin iddia tələbini müdafiə edib ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddianın təmin, ilkin iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: “xxxx” QSC-nin “xxxx” ASC-nin X6 ünvanlanmış məktubu ilə müəyyən edilir ki, “xxxx” QSC Moskva vilayətində çoxmərtəbəli evlərin layihələndirilməsi və tikintisi, eləcə də əvvəlki borclarının ödənilməsi məqsədilə 3 il müddətinə, illik 12 faiz dərəcəsi ilə 12.000.000 ABŞ dolları məbləğində kredit xəttinin ayrılması üçün banka müraciət etmişdir. “xxxx” ASC-nin X4 xx.xx.2015-ci il tarixli 2 saylı Qərarına əsasən “xxxx” QSC-yə borc ödənişi üçün 18 ay möhlət müddəti verilməsi şərtilə, 36 ay müddətinə, illik 12 faiz dərəcəsi ilə, 12.000.000 ABŞ dolları məbləğində bərpa olunmayan kredit xətti ayrılmışdır. “xxxx” ASC (kreditor) ilə “xxxx” QSC (borc alan) arasında bağlanılmış xx xxxxxx 2015-ci il tarixli, № KXM HŞ 001 saylı kredit xətti müqaviləsindən müəyyən edilir ki, həmin müqaviləyə əsasən kreditor borc alana 12.000.000 ABŞ dolları məbləğində bərpa olunmayan kredit xətti açmışdır. Həmin müqavilənin: 1.2-ci bəndinə əsasən borc alan bu müqavilə ilə müəyyən edilmiş məbləğdə verilən krediti qəbul edir, kreditin əsas məbləğini və ona hesablanan faizləri ödəyir. 1.3-cü bəndinə əsasən kredit xətti 3 il müddətinə açılır. Kreditin ödənilməli olduğu son tarix xx xxxxxx 2018-ci ildir. 2.2-ci bəndinə görə kredit məbləği müqavilə qüvvəyə mindikdən sonra bu müqavilə ilə müəyyən edilmiş müddətdə borc alanın yaızılı müraciətinə əsasən bilavasitə ödəniş vasitəsinə yönəldilə bilər. 2.3-cü bəndinə əsasən borc alan bu müqaviləyə əsasən almış olduğu kreditə görə illik 12% məbləğində faiz ödəyir. 4.2-ci bəndinə əsasən borc alan bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, o o cümlədən icranı gecikdirdiyi halda əsas borc məbləğindən və faizlərdən əlavə ödənişin gecikdirildiyi üçün kreditora vaxtında qaytarılmayan məbləğin illik 2%-i miqdarında cərimə ödəyir. Müqavilə hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə “xxxx” ASC-nin məcburi ləğv edilməsi qərara alınmışdır. LPO “xxxx” ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, “xxxx” QSC-nin xx.xx.2020-ci il tarixə ödənilməmiş əsas borcun məbləği 6.786.131,78 ABŞ dolları təşkil etmişdir. xx.xx.2015-ci il tarixli müddətli öhdəlikdən müəyyən edilir ki, “xxxx” QSC 6.447.048,25 ABŞ dolları məbləğində borc öhdəliyini üzərinə götürmüş və tam şəkildə bağlanma vaxtı çatdıqda həmin öhdəliyin şirkətin bank hesablarındakı vəsaitlər hesabına aksepsiz qaydada silinməsinə razılıq vermişdir. xx.xx.2015-ci il tarixli müddətli öhdəlikdən müəyyən edilir ki, “xxxx” QSC 10.000 ABŞ dolları məbləğində borc öhdəliyini üzərinə götürmüş və tam şəkildə bağlanma vaxtı çatdıqda həmin öhdəliyin şirkətin bank hesablarındakı vəsaitlər hesabına aksepsiz qaydada silinməsinə razılıq vermişdir. xx.xx.2015-ci il tarixli müddətli öhdəlikdən müəyyən edilir ki, “xxxx” QSC 64.570,79 ABŞ dolları məbləğində borc öhdəliyini üzərinə götürmüş və tam şəkildə bağlanma vaxtı çatdıqda həmin öhdəliyin şirkətin bank hesablarındakı vəsaitlər hesabına aksepsiz qaydada silinməsinə razılıq vermişdir. xx.xx.2015-ci il tarixli müddətli öhdəlikdən müəyyən edilir ki, “xxxx” QSC 65.096,98 ABŞ dolları məbləğində borc öhdəliyini üzərinə götürmüş və tam şəkildə bağlanma vaxtı çatdıqda həmin öhdəliyin şirkətin bank hesablarındakı vəsaitlər hesabına aksepsiz qaydada silinməsinə razılıq vermişdir. xx.xx.2015-ci il tarixli müddətli öhdəlikdən müəyyən edilir ki, “xxxx” QSC 65.672,16 ABŞ dolları məbləğində borc öhdəliyini üzərinə götürmüş və tam şəkildə bağlanma vaxtı çatdıqda həmin öhdəliyin şirkətin bank hesablarındakı vəsaitlər hesabına aksepsiz qaydada silinməsinə razılıq vermişdir. xx.xx.2015-ci il tarixli müddətli öhdəlikdən müəyyən edilir ki, “xxxx” QSC 66.524,18 ABŞ dolları məbləğində borc öhdəliyini üzərinə götürmüş və tam şəkildə bağlanma vaxtı çatdıqda həmin öhdəliyin şirkətin bank hesablarındakı vəsaitlər hesabına aksepsiz qaydada silinməsinə razılıq vermişdir. xx.xx.2015-ci il tarixli müddətli öhdəlikdən müəyyən edilir ki, “xxxx” QSC 67.189,42 ABŞ dolları məbləğində borc öhdəliyini üzərinə götürmüş və tam şəkildə bağlanma vaxtı çatdıqda həmin öhdəliyin şirkətin bank hesablarındakı vəsaitlər hesabına aksepsiz qaydada silinməsinə razılıq vermişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 9/4020 saylı ekspert rəyindən görünür ki, “xxxx” QSC-nin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2015-ci il tarixli, KXM HŞ 001 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla “xxxx” QSC-nin xx.xx.2018-ci il tarixə banka olan faiz borcu 3.442.764,38 ABŞ dolları məbləğində və xx.xx.2019-cu il tarixə banka olan əsas borcu 6.786.131,78 ABŞ dolları məbləğində olmaqla ümumilikdə xx.xx.2019-cu il tarixə 10.228.896,16 ABŞ dolları məbləğində borc müəyyən edilmişdir. - Məcburi ləğv prosesində olan “xxxx” ASC-də saxlama müddəti başa çatmış sənədlərin ləğvedici tərəfindən məhv edilmək üçün seçilib ayrılması barədə xx.xx.2018-ci il tarixli aktla müəyyən edilir ki, 2006-2012-ci illər üçün kredit dosyesinə aid sənədlər: kredit və təminat müqavilələri, qarantiyalar, borc alanın ödəmə və maliyyə vəziyyəti barədə məlumat, təlimatın qiymətləndirilməsinə dair sənədlər, kredit istifadəsinə nəzarətin nəticələri, kredit ödənilməsi barədə bank sənədləri və digər sənədlərin (cəmi 207 saylda işin) saxlanma müddəti bitdiyindən məhv edilmək üçün ayrılmışdır. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ləğv prosesində olan “xxxx” ASC (kredit verən) ilə “xxxx” QSC (kredit alan) arasında xx xxxxxx 2015-ci il tarixli, № KXM HŞ 001 saylı kredit xətti müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Hazırda ilkin iddia üzrə iddiaçı LPO “xxxx” ASC ilkin iddia üzrə cavabdeh “xxxx” QSC-nin sözügedən kredit müqaviləsi üzrə banka əsas, faiz və cərimə borclarının olmasını iddia edir və həmin borcların tutulmasını tələb edir. Qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” QSC isə xx xxxxxx 2015-ci il tarixli, № KXM HŞ 001 saylı kredit xətti müqaviləsinin, eləcə də həmin müqavilədən əvvəl tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixli, xx.xx.2009-cu il tarixli, xx.xx.2009-cu il tarixli, xx.xx.2009cu il tarixli, xx.xx.2010-cu il tarixli kredit müqavilələrinin etibarsız hesab edilməsini tələb edir. Məhkəmə ilkin iddiaya baxılması nəticəsinin qarşılıqlı iddiaya baxılması nəticəsindən asılı olduğunu nəzərə alaraq ilk növbədə qarşılıqlı iddia ərizəsinə münasibət bildirməyi zəruri hesab edir. Məhkəmə ilk növbədə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixli, xx.xx.2009-cu il tarixli, xx.xx.2009-cu il tarixli, xx.xx.2009-cu il tarixli, xx.xx.2010-cu il tarixli kredit müqavilələrinin mövcud olması hər iki tərəfin qəbul etdiyi işin mübahisə edilməyən halıdır. Lakin məhkəmə tərəfindən təklif edilməsinə baxmayaraq sözügedən müqavilələr işdə iştirak edən şəxslər tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclaslarında iştirak edən qarşılıqlı iddia üzrə cavabdeh “xxxx” ASC-nin nümayəndəsi həmin müqavilələrin saxlama müddəti bitdiyindən onların məhv edildiyini və göstərilən səbəbdən müqavilələrin məhkəməyə təqdim edilməsinin mümkün olmadığını bildirmişdir. Göründüyü kimi xx.xx.2008-ci il tarixli, xx.xx.2009-cu il tarixli, xx.xx.2009-cu il tarixli, xx.xx.2009-cu il tarixli, xx.xx.2010-cu il tarixli kredit müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair hissədə qarşılıqlı iddia tələblərinin əsaslı olub-olmamasının məhkəmə tərəfindən qiymətləndirilməsi üçün zəruri olan sübutlar– mübahisəli kredit müqavilələri qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” QSC tərəfindən məhkəməyə təqdim edilməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Digər tərəfdən qarşılıqlı iddia ərizəsindən görünür ki, “xxxx” QSC müqavilələrin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələblərini əsaslandırmaq üçün iki hala istinad etmişdir.
1. Tərəflər arasında 7 kredit müqaviləsi bağlansa da, onlardan yalnız birinci müqavilə hüquqi nəticələr yaradan müqavilə olmuşdur, belə ki, həmin müqavilə əsasında həqiqətən də “xxxx” QSC-yə bank tərəfindən kredit verilmiş, yəni kredit vəsaiti QSC-nin bank hesabına köçürülmüşdür. Qalan müqavilələr, o cümlədən sonuncu müqavilə olan xx xxxxxx 2015-ci il tarixli, № KXM HŞ 001 saylı kredit xətti müqaviləsi üzrə ayrılmış kredit məbləğləri isə kredit alana verilməmiş, kredit alanın əvvəlki kredit borclarının ödənilməsinə yönəldilmişdir. Buna görə həmin müqavilələr uydurma və yalan əqdlər olduğundan əhəmiyyətsizdirlər. Həmin dəlilə münasibətdə məhkəmə əvvəla qeyd edir ki, Mülki Məcəllənin: 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Göstərilən maddələrin məzmunundan da göründüyü kimi uydurma əqd hüquqi nəticələr yaratmaq niyyəti olmadan bağlanmış əqd, yalan əqd isə başqa əqdi pərdələmək üçün bağlanmış əqddir. Göründüyü kimi yalan əqd və uydurma əqd anlayışları fərqli anlayışlar olmaqla hər hansı əqdin uydurma əqd olması həmin əqdin yalan əqd olmasını və əksinə yalan əqd olması eyni əqdin uydurma əqd olmasını istisna edir. Qarşılıqlı iddia üzrə iddiaçı isə iddia tələbinə əsas kimi mübahisəli əqdlərin həm uydurma, həm də yalan əqd olmasına istinad etmiş, yəni iddia tələbinin əsasını konkret göstərməmişdir. İkincisi, qarşılıqlı iddia üzrə iddiaçı xx xxxxxx 2015-ci il tarixli, № KXM HŞ 001 saylı kredit xətti müqaviləsinin yalan və ya uydurma əqd olmasını sübuta yetirə bilməmişdir. Əksinə, iş materiallarına əlavə edilmiş müddətli öhdəliklərdən və “xxxx” QSC-nin banka ünvanladığı məktublardan da göründüyü kimi xx.xx.2015-ci il tarixli kredit xətti müqaviləsinə əsasən ayrılmış kredit məbləğindən 6.786.131,78 ABŞ dolları məbləğində vəsait “xxxx” QSC-nin sərəncamları əsasında onun əvvəlki kredit borclarının, eləcə də sonuncu kredit xətti müqaviləsi üzrə faiz borcların ödənilməsinə yönəldilmişdir. Göstərilən hal isə kredit məbləğinin onun sərəncamına verilməməsi barədə “xxxx” QSC-nin dəlillərinin əsassız olmasına dəlalət edir.
2. Qarşılıqlı iddia üzrə iddiaçının müqavilələrin etibarsız hesab edilməsinin əsası kimi istinad etdiyi ikinci hal mübahisəli kredit müqavilələri bağlanarkən QSC-nin səhmdarlarının ümumi yığıncağının razılığı alınmasından və belə olan halda həmin əqdlərin səlahiyyətsiz şəxs tərəfindən imzalanmasından ibarətdir. Əqd bağlamaq səlahiyyətlərinin məhdudlaşdırılmasının nəticələrini müəyyən edən Mülki Məcəllənin 350-ci maddəsinə görə əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər. Hazırkı işdə qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” QSC baş direktorunun əqdi imzalaması səlahiyyətinin QSC-nin nizamnaməsində səhmdarların ümumi yığıncağının razılığının olması ilə şərtləndirilməsi, yəni hüquqi şəxsin orqanının səlahiyyətlərinin aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılması barədə digər tərəfin məlumatlı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda isə qarşılıqlı iddia üzrə iddiaçının istinad etdiyi dəlillər mübahisəli müqavilələrin Mülki Məcəllənin 350-ci maddəsinin tələbləri baxımından etibarsız hesab edilməsi üçün əsas vermir. Bundan əlavə məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, AR Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Həmin maddənin məzmunundan göründüyü kimi qanunverici əqdin etibarsız hesab edilməsi tələbinin irəli sürülməsi üçün bir illik kəsici müddət müəyyən etmişdir. Göstərilən müddəa onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsızlığına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən hesablanan həmin müddət keçdikdən sonra əqdin etibarlılığını mübahisələndirmə hüququnu itirir. İddia müddətindən fərqli olaraq kəsici müddətin məhkəmə tərəfindən tətbiq edilməsi üçün cavabdeh tərəfindən müddətin tətbiqi barədə ərizənin verilməsi tələb edilmir. Beləliklə, məhkəmə qarşılıqlı iddia üzrə iddiaçının hazırkı qarşılıqlı iddianı 2020-ci ildə, yəni sonuncu müqavilənin etibarsız sayılmasına əsas verən halları bilməli olduğu vaxtdan 5 ilə yaxın müddət keçdikdən sonra qaldırdığını nəzərə alaraq hesab edir ki, hazırkı iddia Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş kəsici müddət buraxılmaqla, yəni iddiaçı əqdləri mübahisələndirmək hüququnu itirdikdən sonra verilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, kredit müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia əsassız olduğundan rədd edilməlidir. İlkin iddiaya gəldikdə məhkəmə qeyd edir ki, ilkin iddia tələbi "xxxx” ASC ilə “xxxx” QSC arasında bağlanılmış xx xxxxxx 2015-ci il tarixli, № KXM HŞ 001 saylı kredit xətti müqaviləsi üzrə “xxxx” QSC-nin 6.786.131,78 ABŞ dolları məbləğində əsas borcunun, 6.976.143,75 ABŞ dolları məbləğində faiz borcunun, 1.017.919,77 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün illik 5% məbləği olmaqla hesablanmış faiz borcunun, ümumilikdə 14.780.195,30 ABŞ dolları məbləğində kredit borcunun cavabdehdən iddiaçının xeyrinə tutulmasından ibarətdir. Mübahisəli kredit xətti müqaviləsi üzrə cavabdehin borcunun müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və ekspert rəyi ilə “xxxx” QSC-nin kredit xətti müqaviləsi üzrə müqavilə müddətinin bitdiyi tarixə - xx.xx.2018-ci il tarixə banka olan faiz borcunun 3.442.764,38 ABŞ dolları məbləğində və maliyyə arayışının verildiyi tarixə - xx.xx.2019-cu il tarixə banka olan əsas borcunun 6.786.131,78 ABŞ dolları məbləğində olmaqla, ümumilikdə xx.xx.2019-cu il tarixə borcunun 10.228.896,16 ABŞ dolları məbləğində olması müəyyən edilmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda göstərilən qərarının məzmunundan göründüyü kimi, kreditor əsas borcla yanaşı kreditin verilmə müddəti bitənədək olan dövr üçün müqavilənin şərtlərinə əsasən hesablanmış faiz borcunun, eləcə də müqavilə müddəti bitdikdən sonrakı müddət üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş əsas borcun illik 5%-i olmaqla ilə hesablanmış faizlərin ödənilməsini tələb etmək hüququna malikdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı ləğv prosesində olan “xxxx” ASC cavabdeh “xxxx” QSC-dən xx xxxxxx 2015-ci il tarixli, № KXM HŞ 001 saylı kredit xətti müqaviləsi üzrə 6.786.131,78 ABŞ dolları məbləğində əsas borcun və müqavilə müddətinin bitdiyi vaxt üçün banka olan 3.442.764,38 ABŞ dolları məbləğində faiz borcunun, eləcə də iddianın müqavilə müddəti bitdikdən sonrakı müddət üçün illik 5 % olmaqla hesablanmış 1.017.919,77 ABŞ dolları (6.786.131,78x5%x3il) məbləğində faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə ilkin iddianın qismən təmin edildiyini, qarşılıqlı iddianın isə rədd edildiyini nəzərə alaraq hesab edir ki, ilkin iddia verilərkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul vəsaiti ilkin iddia üzrə cavabdehdən tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməli, dövlət rüsumunun 10 manat hissəsi ilkin iddia üzrə iddiaçıya aid edilməli, qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumu isə qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat pul məbləğinin 70 manat hissəsi ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehdən, qalan 130 hissəsi isə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə cavabdeh “xxxx” QSC-dən 6.786.131,78 (altı milyon yeddi yüz səksən altı min yüz otuz bir ABŞ dolları yetmiş səkkiz sent) ABŞ dolları məbləğində əsas borc, 3.442.764,38 (üç milyon dörd yüz qırx iki min yeddi yüz altmış dörd ABŞ dolları otuz səkkiz sent) ABŞ dolları məbləğində faiz borcu, müqavilə müddətinin bitdiyi vaxtdan sonrakı müddət üçün illik 5% olmaqla hesablanmış 1.017.919,77 (bir milyon on yeddi min doqquz yüz on doqquz ABŞ dolları yetmiş yeddi sent) məbləğində faizlər, cəmi 11.246.815,9 (on bir milyon iki yüz qırx altı min səkkiz yüz on beş ABŞ dolları doxsan sent) məbləğində pul vəsaiti ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla və ilkin iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul vəsaiti tutularaq ilkin iddia üzrə iddiaçı “xxxx” ASC-yə ödənilsin. Qalan hissədə ilkin iddia rədd edilsin. İlkin iddia verilərkən ödənilmiş dövlət rüsumunun 10 (on) manat hissəsi iddiaçıya aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” QSC-nin qarşılıqlı iddia üzrə cavabdeh “xxxx” ASC-yə (ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna) qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat pul məbləğinin 70 manat hissəsi ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehdən, qalan 130 hissəsi isə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva