Məhkəmə qərarları › İş №e-2-2(113)-8323/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-8323/2025

15.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-8323/2025 15.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə xx.xx.2025-ci il tarixə əsas borc üzrə 33669,79 manat, faiz borcu üzrə 833,79 manat, cərimə üzrə 103,41 manat olmaqla cəmi 34606,99 manat kredit borcunun və 194 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, xx.xx.2022-ci il tarixli 003/DƏİM/113/5233857/030822 saylı ipoteka müqaviləsinə əsasən iddiaçının ipoteka hüquqları ilə yüklü edilmiş Cavabdeh1 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsi olan daşınmaz əmlaka tutmanın yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan 34606,99 manat kredit borcunun və 194 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə görə, iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 150.1 və 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Məhkəmə müəyyən edir ki, iddia ərizəsi İmanov Xəqani tərəfindən imzalanmışdır. Lakin iddia ərizəsinə əlavə edilmiş sənədlərdən İmanov Xəqaninin iddiaçının qanunla, digər hüquqi aktla və ya hüquqi şəxsin təsis sənədi ilə müəyyən edilmiş səlahiyyətli şəxsi, yaxud əsas iş yeri həmin hüquqi şəxs olan işçisi və ya vəkili olduğu təsdiqlənmir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.2-ci maddəsindən də göründüyü kimi, hüquqi şəxsi məhkəmədə təmsil etmək səlahiyyətinə: 1) qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxslər; 2) müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçilər; 3) vəkillər malikdirlər. İmanov Xəqaninin yuxarıdakı üç kateqoriyadan hər hansı birinə aid subyekt olmasını təsdiq edən sənədlər isə iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.2-ci maddələrinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1 və 150.1.6-cı maddəsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) əlavə edilir. Tərəflər arasında bağlanmış 03 avqust 2022-ci il tarixli 003/KM/113/5233857/030822 nömrəli kredit müqaviləsinin 6.4-cü bəndinə əsasən, bu müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq aidiyyəti məhkəmələr vasitəsilə həll edilir. Məhkəmə müəyyən edir ki, tərəflər sözügedən müqavilələrdən irəli gələn mübahisələrin əvvəlcə məhkəməyə qədər (pretenziya) nizama salınması barədə razılığa gəlmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun (zamana görə qüvvədə olan) 39.2-ci maddəsinə əsasən ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin Qanunun 36.4.1-ci maddəsində isə təsbit olunmuşdur ki, tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə tutmanın yönəldilməsi proseduru davam edə bilməz. Qeyd olunan maddi hüquq normalarının birgə təfsirindən belə müəyyən olunur ki, ipoteka saxlayan əvvəlcə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi ipoteka qoyanın ünvanına poçt göndərişi (məktubu) və elektron üsulla göndərməlidir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin bildiriş qeyd olunan qaydada təqdim edildikdən sonra ipoteka qoyan 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilməlidir. Göründüyü kimi, qeyd olunan maddi hüquq normalarına əsasən ipoteka saxlayanın üzərinə qoyulan vəzifə əvvəlcə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi ipoteka qoyana göndərməkdən və həmin bildiriş təqdim edildikdən sonra isə 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim etməkdən ibarətdir. Lakin iddia ərizəsinə Cavabdeh2 ilə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd kimi pretenziya məktubu və poçt xəbərnaməsi əlavə edilməmişdir. Halbuki hazırkı iş üzrə həmin cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçdiyindən pretenziya məktubu ona “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə göndərilməli və bu göndərilməni təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməli idi. Bununla yanaşı, iş materiallarına ipoteka qoyan – Cavabdeh1 ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin göndərilməsi təsdiq edən hər hansı sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.6-cı maddəsinə əsasən hakim müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsini geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə hesab edir ki, iddia ərizəsi səlahiyyəti təsdiq olunmayan şəxs tərəfindən imzalandığından, iddia ərizəsinə cavabdehlərlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə olunmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması zamanı yol verilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər və bu zamanda hazırkı dövlət rüsumuna istinad edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar