Məhkəmə qərarları › İş №e-2-2(113)-836/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-836/2025

10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-836/2025 10.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi və dövlət rüsumu ) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borc” tələbinə dair kommersiya mübahisəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 30123,63 manat borcun və ödənilmiş 180,37 manat dövlət rüsumunun tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 010623 saylı, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən satıcı qismində İddiaçı müqavilə üzrə razılaşdırılmış qiymətlərlə alıcı Cavabdehnə beton məhsullarını e-qaimə-faktura əsasında verir, qarşılığında isə alıcı tərəfindən e-qaiməfaktura üzrə məbləğ satıcıya ödənilir. Beləliklə qeyd edilən müqavilə üzrə ƏDV daxil olmaqla cəmi 30123,63 (otuz min bir yüz iyirmi üç manat altmış üç qəpik) manat mal alıcıya e-qaimə-faktura əsasında təqdim edilmiş, lakin uzun müddət keçməsinə baxmayaraq alıcı tərəfindən malların haqqı ödənilməmişdir. Yaranmış borcun ödənilməsi üçün dəfələrlə şifahi və yazılı xəbərdalıqlar edilsə də cavabdeh tərəfindən borc ödənilməmişdir. Cavabdehlə İddiaçı alqı-satqı müqaviləsinin 8.6-cı bəndinə əsasən müqavilə üzrə mübahisələr danışıq yolu ilə həll edilir. Əgər mübahisə danışıq yolu ilə həll edilməzsə mübahisəyə mövcud qanunvericiliyə uyğun baxılır. Cavabdehin İddiaçınə 30123,63 (otuz min bir yüz iyirmi üç manat altmış üç qəpik) manat borclu olmasını elektron qaimələr təsdiq edir. Bunlara əsasən iddia əsaslı olduğundan təmin edilməli, cavabdehin Cavabdehndən 30123,63 manat pul tutularaq İddiaçınə ödənilməlidir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 01 iyun 2023-cü il tarixli, 010623 saylı alqı-satqı müqaviləsinə əsasən:

8. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı satır. Alıcı isə bu Müqavilə əsasında tərəflər arasında razılaşdırılmış tərkibdə, texniki göstəricilərə uyğun olan vəziyyətdə malları (bundan sonra "Mal" adlandırılacaq) Satıcıdan e-qaimə-faktura əsasında alır və Malın müqabilində Satıcıya həmın e-qaimə-fakturalarda nəzərdə tutulmuş məbləği (haqqı; ödəyir).

9. Müqavilənin 2.1-ci bəndinə əsasən malın qiyməti bu müqavilə əsasında tərəflər arasında tərtib edilən e-qaimə-fakturada öz əksini tapır. Daşınmaz məsafəsindən asılı olaraq qiymətlərdəki dəyişiklik e-qaimələrdəki qiymət (razılaşma protokolu olmadan qəbul edilir. Bu qiymətlərə pampa işi daxil edilmişdir.)

10. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilə üzrə e-qaimə-fakturalar əsasında satıcı tərəfindən alıcıya təhvil verilən malların məbləği alıcı tərəfindən 100% satıcının bank hesabına köçürmə yolu ilə ödənilir. Əgər bu mümkün olmadığı halda 10 bank günü müddətində ödəniş təmin edilir.

11. Müqavilənin 3.5-ci bəndinə əsasən malın təhvil-təslimi satıcının məkanında həyata keçirilir və bu barədə tərəflər arasında qaimə-faktura tərtib edilərək hər iki tərəfin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanaraq təsdiqlənir.

12. İddiaçı tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş malların satışına dair 13044,90 manatlıq məbləğ üzrə xx.xx.2023-cü i tarixli EBDU048972 saylı e-qaimə, 9281,29 manatlıq məbləğə dair xx.xx.2023-cü il tarixli EBDV339159 saylı e-qaimə, 3481 manatlıq məbləğə dair xx.xx.2023-cü il tarixli EBDV913979 saylı e-qaimə və 4316,44 manatlıq məbləğə dair isə xx.xx.2024-cü il tarixli EBDY101614 saylı e-qaimə tərtib edilmişdir. E-qaimələr sistem tərəfindən deyil, cavabdeh şirkət tərəfindən şəxsən təsdiqlənmişdir.

13. İddiaçı tərəfindən cavabdeh MMC-yə məhsul təsliminə dair xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixləri əhatə edən yol sənədi təqdim edilmişdir.

14. 06.01.2025-ci il tarixli hesabdan çıxarışa əsasən cavabdeh MMC tərəfindən xx.xx.2023-cü ildə 616 manat, xx.xx.2023-cü ildə 2452,5 manat, xx.xx.2023-cü ildə 8000 manat, xx.xx.2023-cü ildə 1590 manat, xx.xx.2023-cü ildə 7000 manat və xx.xx.2023-cü ildə 4571 manat məbləğində (təyinatı e-qaimələr göstərilməklə) iddiaçıya ödənişlər edilmişdir.

15. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

17. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

18. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

19. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

20. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

21. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

22. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər

23. Göründüyü kimi tərəflər arasında bağlanmış 01 iyun 2023-cü il tarixli, 010623 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı satır. Alıcı isə bu Müqavilə əsasında tərəflər arasında razılaşdırılmış tərkibdə, texniki göstəricilərə uyğun olan vəziyyətdə malları (bundan sonra "Mal" adlandırılacaq) Satıcıdan e-qaimə-faktura əsasında alır və Malın müqabilində Satıcıya həmın e-qaimə-fakturalarda nəzərdə tutulmuş məbləği ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etsə də, cavabdeh tərəfindən ödənilməmiş borcu qalmışdır.

24. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – elektron qaimə, qismi ödəniş və yol vərəqələri ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 30123,63 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.

25. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 30123,63 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 30123,63 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

26. Bundan başqa iddiaçı tərəfindən 180,40 manat dəyərində dövlət rüsumu xərcinin də cavabdehdən tutulması tələb olunmuşdur.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 180,40 manat dövlət rüsumu xərci cavabdehə aid edilməlidir.

V. Nəticə:

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli 010623 saylı alqı-satqı müqaviləsi üzrə 30123,63 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 180,40 manat tutlaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar