Məhkəmə qərarları › İş №e-2-2(113)-838/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-838/2023

03.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-838/2023 03.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Təhsil Texnologiyaları Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firmasına qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit, mediasiya xərci) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh Təhsil Texnologiyaları Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firmasının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Təhsil Texnologiyaları Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firmasına qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış 30 iyun 2017-ci il tarixli, BKN-00003-00/17A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2022-ci il tarixə ödənilməmiş 1428952.81 manat əsas borc, 313597.5 manat faiz borcu və 440859.89 manat dəbbə pulu, ümumilikdə 2183410.2 manatın, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğin və iddianın qaldırılması üçün ödənilmiş 1481.71 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh Təhsil Texnologiyaları Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firmasına qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış 30 iyun 2017-ci il tarixli, BKN-00003-00/17A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2022-ci il tarixə ödənilməmiş 1428952.81 manat əsas borc, 313597.5 manat faiz borcu və 440859.89 manat dəbbə pulu, ümumilikdə 2183410.2 manatın, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğin və iddianın qaldırılması üçün ödənilmiş 1481.71 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 30 iyun 2017-ci il tarixli, BKN-00003-00/17A saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə 60 ay müddətinə illik 8 faiz ödəmək şərti ilə 2466949.18 manat məbləğində krediti Borcalanın mülkiyyətinə vermişdir. Borcalan isə həmin kreditdən dövriyyə vəsaitinin genişləndirilməsi məqsədilə istifadə etməyi və onu xx.xx.2022-ci il tarixinədək faizi ilə birlikdə Borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdehin xx.xx.2022-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 1428952.81 manat, faiz borcu 313597.5 manat, dəbbə pulu 440859.89 manat, cəmi 2183410.2 manat təşkil edir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. İddiaçı cavabdehlə arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan müqavilənin müvafiq olaraq 5.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

3. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçının tələb etdiyi məbləğ gerçəkliyi əks etdirmir. Əsas məbləğlərin və faiz məbləğlərinin hesablanmasında qeyri-müəyyənliklər vardır. Ödənişlərin böyük hissəsi faizə hesablanaraq, nəticədə əsas borc üzrə həqiqəti əks etdirməyən borc qalığının yarandığı iddia edilir. İddiaçı iddiasına əsasən, onunla cavabdeh arasında 30 iyun 2017-ci il tarixli, BKN-00003-00/17A saylı kredit müqaviləsi bağlanmış, bank tərəfindən cavabdehə 60 ay müddətinə illik 8 faiz ödəmək şərti ilə 2466949.18 manat məbləğində krediti Borcalanın mülkiyyətinə vermişdir. Bankın təqdim etdiyi ödəniş cədvəli və maliyyə arayışı üzrə təqdim etdiyi rəqəmlər də ciddi şübhələr yaradır. Ödənilmiş məbləğlərin böyük hissəsi faiz ödənişi üçün hesablanmış, nəticədə əsassız borc qalığı yaranmışdır. İddiaçı bank işin tərəfi olduğuna görə onun hesablaması obyektiv sayıla bilməz. Beləliklə, cavabdeh iddianın əsassız olduğunu hesab edir və onu qəbul etmir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

8. “Dövlət rüsumu haqqında” Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

9. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

10. İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında 30 iyun 2017-ci il tarixli, BKN-00003-00/17A saylı kredit müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə illik 8 faiz ödəmək şərti ilə 2466949.18 manat məbləğində kredit verilmişdir.

11. Müqavilə və ödəniş planı tərəflərin imzası və möhürləri ilə təsdiq olunmuşdur.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/1922 saylı ekspert rəyi ilə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ’’Borcalan” Təhsil Texnologiyaları Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firması tərəfindən Bank "xxxx" ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu xx.xx.2022-ci il tarixə (maliyyə arayışında tələb olunan tarixədək) əsas borc üzrə 1.428.952,81 manat, faiz borcu üzrə 314.218,66 manat müəyyən edilmişdir.

13. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

14. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

16. X3 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.

17. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.

18. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə olunmuş ödəniş qrafiki, maliyyə arayışı, hesabdan çıxarışın müqayisəli təhlilindən görünür ki, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

19. Belə ki, hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi imzalanmış, iddiaçı tərəfindən 2466949.18 manat məbləğində pul cavabdehin iddiaçıdakı hesabına köçürülmüşdür. Müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş, nəticədə borcu yaranmışdır.

20. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsas və faiz borcunun tələb edilməsi hissəsində əsaslıdır və əsas borc üzrə 1.428.952,81 manat, faiz borcu üzrə 313.597,5 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

21. Məhkəmə həmçinin hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində də, iddia əsaslıdır.

22. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 5.4-cü bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən borcalan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 (üç) təqvim günündən çox gecikdirdikdə, 4-cü günündən etibarən, kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli aylarda faiz borcu) məbləğinin 0.5%-i məbləğində gündəlik cərimə hesablanır.

23. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

24. Məhkəmə hesab edir ki, əsas məbləğə tənasübsüz surətdə yüksək məbləğ olduğundan cərimə azaldılmalı və 71.440 manat dəbbə pulu cavabdehdən tutulmalıdır.

25. Məhkəmə hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 400 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

26. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, iddiaçı tərəfindən 400 manat məbləğində pul Bakı 9 saylı Mediasiya təşkilatına ödənilmişdir.

27. Bundan başqa, iş materiallarında olan xx.xx.2022-ci il tarixli ********** saylı qəbzdən müəyyən olunur ki, iddiaçı tərəfindən 1481.7 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

28. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir.

29. İş üzrə dövlət rüsumu məbləğinin 1881,71 manat olmasını və iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 83,08 faizini təşkil etdiyini nəzərə aldıqda, dövlət rüsumu məbləğinin iddianın təmin edilmiş hissəsinə uyğun olaraq iddiaçıya aid edilməli məbləğ 318,38 manat təşkil edir. İddiaçı tərəfindən 400 manat mediasiya xərcindən əlavə 1481,71 manat dövlət rüsumu ödənilmişdir ki, iddiaçıya aid edilməli məbləğ həmin məbləğdən çıxılmaqla, qalan 1163,33 manat məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

30. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı ilə cavabdeh arasında bağlanmış 30 iyun 2017-ci il tarixli, BKN-00003-00/17A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2022-ci il tarixə ödənilməmiş 1.428.952,81 manat əsas borc, 313.597,5 manat faiz borcu və 71.440 manat dəbbə pulu, ümumilikdə 1.813.990,31 manat, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir.

31. Eyni zamanda iş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 145 manat məbləğində ekspertiza xərclərinin 120,47 manat məbləği cavabdehdən, qalan 24,53 manat məbləği iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

VI. Nəticə:

32. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Təhsil Texnologiyaları Mərkəzi Hüquq- Kommersiya "xxxx" LTD Firması arasında bağlanmış 30 iyun 2017-ci il tarixli, BKN-00003- 00/17A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2022-ci il tarixə ödənilməmiş 1.428.952,81 manat əsas borc, 313.597,5 manat faiz borcu və 71.440 manat dəbbə pulu, ümumilikdə 1.813.990,31 manat, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat Təhsil Texnologiyaları Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firmasından tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş 1481.71 manat dövlət rüsumunun 1163,33 manat məbləği Təhsil Texnologiyaları Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firmasından tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin, qalan 318,38 manat məbləği Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 145 manat məbləğində ekspertiza xərclərinin 120,47 manat məbləği Təhsil Texnologiyaları Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firmasından, qalan 24,53 manat məbləği Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar